Yasemin QARAGÖZ
Kastamonu Universiteti Sosial Elmlər İnstitutunun əməkdaşı
Azərbaycan ədəbiyyatı əsrlər boyu inkişaf etmiş zəngin bir ədəbiyyatdır. Bu ədəbiyyatın əsasını Azərbaycan xalqının milli və mənəvi dəyərləri, adət-ənənələri, idealları və mübarizələri təşkil edir. Ədəbiyyat tarixən təkcə fərdi təcrübələri deyil, həm də ictimai fəlakətləri əks etdirmək üçün mühüm bir vasitə olmuşdur. Yazıçılar öz əsərlərində təbii fəlakətləri, müharibələri, iqtisadi böhranları və cəmiyyətdəki sosial transformasiyaları dolğun əks etdirməklə həm fərdi əzabları, həm də sosial travmaları çatdırırlar. Türkiyədəki zəlzələlərin ədəbiyyatda əks olunmasının bariz nümunələri bu kontekstdə diqqəti çəkir.
Dost, qonşu Azərbaycanı təmsil edən tanınmış yazıçı Zemfira Məhərrəmlinin "Nöqtə boyda həyat işığı" hekayəsində 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələyə diqqət yetirilir və bu təbii fəlakət zamanı dağıntılar altında qalmış gənc ana ilə körpəsinin yaşamaq uğrunda mübarizəsindən bəhs edilir. Bu araşdırma yazımın məqsədi psixoanalitik tənqid, struktur təhlili və tematik təhlil metodlarından istifadə edərək, adıçəkilən hekayədə fərdi travmaların və insan ruhunun fəlakət qarşısında müqavimətinin ədəbiyyat vasitəsilə necə çatdırıldığını ortaya qoymaqdır.

Müstəqillik dövrünün bu qəbildən olan hekayələri Azərbaycan ədəbiyyatının müasir inkişafında təkcə janr çevikliyi ilə deyil, həm də sosial problemlərə estetik reaksiyaları ilə seçilir. Hekayənin süjetini xronoloji axın izləsə də, zəlzələ zamanı şüur axını, ətraflı təsvirlər və personajların psixoloji dərinliyi dramatik gərginliyi artırır. Yazıçının önə çəkdiyi əsas mövzular ana-uşaq bağı, həyat və ölüm arasındakı mübarizə, ümid, inam, sosial həmrəylik və humanitar yardımdır. Hekayənin baş qəhrəmanı Ayşə həm fiziki, həm də zehni yaşam uğrunda mübarizə aparır, onun körpəsinə olan sevgisi və qoruyucu instinkti isə hekayənin mərkəzindədir. Fəlakətin xaotik mühiti, itirilmiş zaman və məkan hissi, həmçinin xilasetmə qruplarının həmrəyliyi inandırıcı təsvirlərlə nəzərə çatdırılır.
"Nöqtə boyda həyat işığı" insanların üzləşdiyi fərdi travmaların və sosial fəlakətin güclü ədəbi əksi, inikasıdır. Hekayə insan iradəsi, ana sevgisi və həmrəylik mövzularını bir araya gətirərək, ədəbiyyatın həm estetik, həm də etik funksiyaları yerinə yetirdiyini nümayiş etdirir.
Azərbaycan ədəbiyyatında zəlzələ mövzulu əsərlər əvvəllər də diqqəti çəkib. Bu kontekstdə yazılmış əsərlər arasında Əli bəy Hüseynzadənin "Zəlzələ", Bəxtiyar Vahabzadənin "Deprem", Rafael Hüseynovun "Can Türkiyəm" şeirləri və Afaq Məsudun "Acın acımızdır, Türkiyə" essesini qeyd etmək olar.
Tanınmış şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi üzrə hazırladığı "Səninləyik, Türkiyə!" poetik antologiyası 6 fevral 2023-cü ildə Türkiyədə baş verən və 50.000-dən çox insanın həyatına son qoyan dağıdıcı zəlzələyə həsr olunub. Bu antologiya böyük türk dünyası şairlərinin şeirlərini bir araya gətirərək, fəlakətin yaratdığı kollektiv ağrı və həmrəylik ruhunu əks etdirir.
Müasir Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri olan Zemfira Məhərrəmli Kahramanmaraş zəlzələsini qələmə almaqla həm bu üzüntülü hadisənin fiziki nəticələrini çatdırmağı, həm də insan psixologiyasını, sosial həmrəyliyi və mədəni reaksiyaları ön plana çəkir. "Nöqtə boyda həyat işığı" hekayəsi Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra ana və yeni doğulmuş körpəsinin yaşam mübarizəsini göz önündə canlandırır. Müəllif insanın daxili aləminin fövqəladə bir fəlakət qarşısında sınandığı anları təsirli təsvirlərlə oxucuya nəql edir. Hekayədə ananın fiziki və mənəvi əzabları Ayşə obrazı vasitəsilə vurğulanır. Ananın uşağını qorumaq instinkti, fəlakət zamanı yaşadığı qorxu və çarəsizlik, ümidi qorumaq səyləri psixoanalitik oxu üçün zəngin bir zəmin yaradır. Zaman və məkan qavrayışının itirilməsi, şüuraltı qorxuların davranışda əks olunması və yaşam mübarizəsi personajın daxili aləminin dramatik əksi baxımından qiymətləndirilə bilər.
Hekayənin struktur xüsusiyyətləri diqqətəlayiqdir. Süjet xronoloji axınla inkişaf etsə də, fəlakət anında baş verən fasilələr, şüurun təsvir axını və ətraf mühit təsvirləri hekayəyə dramatik gərginlik qatır. Bütün bunlar personajların psixoloji dərinliyi ilə birlikdə hekayənin ümumi təsir gücünü artırır. Zemfira Məhərrəmlinin "Nöqtə boyda həyat işığı" hekayəsi psixoanalitik baxımdan qiymətləndirildikdə, travma və şüuraltı prosesləri dramatik şəkildə əks etdirən bir mətn kimi önə çıxır. Zəlzələ anı personajların daxili münaqişələrini və iç dünyasındakı gizli qorxularını ortaya qoyan katalizator rolunu oynayır. Əsas personaj Ayşənin dağıntılar altında yaşadığı anlar, onun əhval-ruhiyyəsi, fəlakətin yaratdığı xaos, zaman və məkan anlayışının itirilməsi, şüuraltında yığılan narahatlıq, qorxu və çarəsizlik hisslərinin üzə çıxmasına səbəb olur. Adıçəkilən nəsr nümunəsinin psixoanalitik təhlili bir neçə istiqamət üzrə nəzərdən keçirilə bilər. Birincisi, həyat və ölüm arasındakı münaqişə hekayənin mərkəzindədir. Ayşə dağıntılar altında ölümün qaçılmazlığı ilə üzləşsə də, körpəsini qorumaq üçün həyat instinktini aktivləşdirir; bu, Ziqmund Freydin nəzəriyyəsində müəyyən edildiyi kimi, ölüm istəyi ilə həyat istəyi arasındakı gərginliyin konkret əksidir. Ananın öz aclığını və susuzluğunu unudub tüpürcəyini körpəsi ilə bölüşməsi, uşağın varlığını davam etdirmək istəyinin şüuraltı təzahürüdür.
Ayşənin daim dua etməsi və xilas olmağı ümidlə gözləməsi psixoloji müdafiə mexanizmləri hesab edilə bilər. Hekayədə ayrılıq narahatlığı və bağlılıq mövzuları da yer alıb. Ananın körpəsini daim yoxlaması, onu heç vaxt qucağından buraxmaması, uşağı itirmək qorxusu inandırıcı bədii lövhələrlə əks etdirilmişdir. Nəhayət, yazıçı hekayədə təsvir etdiyi xilasetmə anını yalnız fiziki çıxış kimi deyil, həm də travmatik qaranlıqdan qurtulmaq, yenidən doğulmaq üçün bir metafora kimi düşünüb. Bu kontekstdə hekayə, şüuraltı həyat hərəkətlərinin, ana instinktinin və müdafiə mexanizmlərinin güclü ədəbi ifadəsi hesab edilə bilər. Üç günlük aclıq və susuzluq dövründə Ayşənin ümid və qurtuluş xəyallarının hələ də görünməsi psixoanalitik olaraq "ümid və arzuyönümlü şüur" kimi şərh edilə bilər.
Sosial həmrəylik mövzusu və xilasetmə qruplarının qəhrəmanlığı hekayəyə xoş ovqat qatır. Hekayə üçüncü şəxsin dili ilə nəql olunur. Zəlzələ kimi ağır fəlakətin təsirlərini real şəkildə çatdıran hekayə, insan duyğularını və dayanıqlığını əks etdirir, dramatik nəql bu nəsr əsərinin təsir gücünü artırır və oxucunu cəlb edir. Əsərin dili sadə və rəvandır. Təsviri üslubdan istifadə edən müəllif hadisələrin ciddiliyinə və emosional intensivliyinə uyğun olaraq təsirli bir hekayə yaratmışdır.
Hekayənin əvvəlində oxucu Ayşənin hamiləliyi, hələ dünyaya göz açmayan uşağı ilə bağlı sevinci və gözləntiləri ilə tanış olur: "Gənc Ayşə Aykutun ana olmasına bircə ay qalmışdı. Bətnində gəzdirdiyi, canından bir can olan kiçicik varlığın dünyaya göz açacağı günü səbirsizliklə gözləyirdi". Bu parçada analıq hissi qabarıq göstərilməklə yanaşı, zəlzələdən əvvəlki həyatın normal axını da təsvir edilir. Hekayədəki dramatik dönüş anı Ayşənin və körpəsi Ahunun təhlükəsizliyi qəfildən təhdid altında qalarkən baş verir: "Uşaq qucağında ikən birdən ayaqları altından yer qaçdı. Körpəsini köksünə sıxıb qapıya tərəf getmək istədi. Yeraltı təkanlar fasiləsiz davam etdikcə güclü zəlzələ baş verdiyini anladı". Bu gözlənilməz fəlakət hekayədəki dramatizmi kulminasiya nöqtəsinə çatdırır və personaj həm fiziki, həm də psixoloji mübarizəsinə başlayır. Zemfira Məhərrəmli öz hekayəsində psixoloji dərinlik və ətraflı təsvirlərdən istifadə edərək oxucunu personajın daxili dünyasına aparır. "Artıq üç gün idi ki, ac-susuz qalmışdı, ana südünü artıran heç nə yox idi. Bəs vəziyyətdən necə çıxsın, körpəsini necə ovutsun?" Ayşə birdən danışıq səsləri və itlərin hürüşməsini eşitdi. Arxaya qanrılanda isə... nöqtə boyda bir boşluqdan işıq süzüldüyünü gördü. Bu həyat işığı uşağın çöhrəsini də aydınlatdı. Artıq nicat yolu tapılmışdı.
Ayşə və Ahunun sağ qalması insan iradəsinin, ana sevgisinin və sosial həmrəyliyin simvolu kimi təqdim edilir. Hekayədə xilasetmə qruplarının fədakarlığı və beynəlxalq həmrəylik mövzusu da diqqətəlayiqdir. Sonda xilasetmə qrupları Ayşə və körpəsini dağıntılar altından çıxarır. Ayşənin xilas edilərkən: "Nə böyük xoşbəxtlik! Uca Tanrım, sənə minnətdaram!" sözləri xəbər gözləyənləri sevindirdi. Ətrafdakı hər kəs onları görməyə can atırdı. Müəllifin bu keçidi fərdi azadlığı kollektiv insan həmrəyliyi ilə birləşdirir.
Hekayədə həyat və doğuş mövzusu insan varlığının kövrəkliyini və möhkəmliyini simvollaşdırır. Fəlakətin ortasında doğulan yeni həyat məhv və çarəsizlik qarşısında ümidi təmsil edir, bir tərəfdən ağrını, digər tərəfdən isə həyatı yenidən başlamağın və davam etdirməyin gücünü göstərir. Ədəbiyyatşünaslıqda ana-uşaq bağı insan duyğularının ən fundamental və universal ifadələrindən biri hesab olunur. Bu mövzu təkcə bioloji əlaqəni deyil, həm də şəfqət, fədakarlıq, qoruma və qeyd-şərtsiz sevgi kimi psixoloji və emosional ölçüləri əhatə edir. Z.Məhərrəmlinin bu bədii mətnində ana-uşaq münasibətləri personajların daxili dünyasını və qərarlarını formalaşdıran güclü bir bağ kimi araşdırılır, fərdin yaşamaq və ümid hisslərini üzə çıxarır.
Yaşanan dəhşət içərisində Ayşənin ümidi və inamı hekayənin əsas məğzini təşkil edir: "İtirilməyən isə təkcə Ümid idi. Axıradək çarpışan, sonadək duruş gətirən Ümid!" Burada ümid fəlakətin yaratdığı qaranlıq mühiti işıqlandıran metaforik bir işıq kimi təqdim olunur. "Nöqtə boyda həyat işığı" müasir Azərbaycan nəsrində fərdi və sosial fəlakətlərin ədəbi əksini araşdırmaq üçün mühüm bir nümunədir. Kahramanmaraşda baş verən zəlzələ kontekstində yazılmış hekayədə, fəlakət qarşısında fərdlərin psixoloji dayanıqlığı, ana-uşaq bağının dramatik gücü və sosial həmrəyliyin ədəbiyyat vasitəsilə ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Bu hekayə ədəbiyyatın insanların ən çətin şərtlər altında belə, ümid və həyat işığını qorumaq qabiliyyətini təcəssüm etdirir. "Nöqtə boyda həyat işığı" psixoloji dərinlik, tematik intensivlik və sosial məsuliyyət baxımından müasir Azərbaycan qısa hekayəçiliyində fəlakət mövzulu əsərlərin gözəl nümunəsi, ədəbiyyata unikal bir töhfədir.
"Turkuaz" dərgisi,
2025, say 2., Ankara
Dilimizə uyğunlaşdırdı:
Lütviyyə Əsgərzadə,
filologiya elmləri doktoru
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
