Qardaş Qazaxıstan Respublikasının dövlət başçısı Kasım-Jomart Tokayevin "Atam haqqında düşüncələr" əsəri bir ailənin xronikası və ya oğulun ata haqqında xatirələri, övlad məhəbbətinin ifadəsi olmaqdan daha böyük fəlsəfi-mədəni mənaya və miqyasa malikdir. Bu əsər qazax ədəbiyyatında detektiv janrının banisi kimi tanınan, görkəmli yazıçı Kemel Tokayevin timsalında bütöv bir xalqın keçdiyi ildırımlı və dolanbac yollara işıq tutur, zamanlar arasında körpü salır. Belə bir körpünün mövcudluğu və davamlılığı mədəni yaddaş (Yan Assman) anlayışı ilə sıx bağlıdır. Mədəni yaddaş keçmişin təcrübəsini müasir şüurla dialoqda yenidən mənalandıran və bu yolla ədəbi-mədəni varisliyi təmin edən kollektiv təcrübə və dəyərlər sistemidir. Məhz bu yaddaş mexanizmi vasitəsilə ədəbi mətnlər bir epoxadan digərinə keçərək yeni semantik məna qatları qazanır.
Tarixin imtahanı
Müəyyən bir tarixi epoxanın mənəvi-ideoloji iqlimində yetişmiş yaradıcı şəxsiyyətlərin bədii irsi yaşadıqları ictimai-siyasi-mədəni sistem dəyişəndən sonra tarixin ciddi sınağı ilə üz-üzə qalır. Heç də hər sənətkara bir epoxadan digərinə keçmək müyəssər olmur: obrazlı desək, çoxları "sinifdə qalır", köhnə zamanın "cazibə sahəsindən" çıxa bilmir. Köhnə zamansa onlara qarşı amansız davranır, onları öz qaranlığında qalmağa məhkum edir.
Tarixin sınağından çıxan böyük sənətkarların, o cümlədən, Kemel Tokayevin sovet dövründə yazdıqları əsərlər, onların şəxsiyyət kimi fərdi nümunəsi bu gün müstəqil dövlətin mənəvi dayaqlarının möhkəmlənməsində, dünya birliyində öz yerini tutmasında ideologiyanın bünövrəsinə mənəvi təməl kimi qoyulur. Yeni tarixi epoxa onların bədii irsini mədəni yaddaş abidəsi kimi tanıyır və yaşadır.
Kemel Tokayev lap körpəlikdən sovet quruluşunun ağlagəlməz "cəmiyyət mühəndisliyi" eksperimentləri ilə qarşılaşmışdır. Qazax millətinə qarşı tarixin ən amansız cinayəti olan, millətin yarısının qanı bahasına başa gələn kollektvləşmə illərində o, ailəsi ilə isti yuvasından didərgin düşmüş, doğmalarını, əzizlərini itirmiş, kimsəsiz qalmış, uşaqlığı yetimxanada keçmişdir. İlk gənclik onu romantika ilə deyil, qanlı müharibə ilə qarşılamışdır. İkinci Dünya müharibəsində vuruşmuş, ağır yaralar almışdır. Bununla belə, əlini zamanın yaxasından üzmədən zamanla əlbəyaxa böyüyən Kemel müharibədən Vətənə qayıdandan sonra ali təhsil almış, ailə qurmuş, jurnalistika və ədəbiyyat aləmində böyük nüfuz sahibi olmuşdur. O, şərəfli həyatını və yaradıcılığını insanpərvərlik, mənəvi dözümlülük və tarixi yaddaşın, milli kimliyin qorunması ideyalarına həsr etmişdir.
Gərgin keçən fiziki ömrü onu Qazaxıstanın müstəqillik tarixinin astanasına qədər gətirə bilmişdir.
1986-cı ildə Almatıda baş vermiş dekabr hadisələrindən sonra sovet gerçəkliyinin də iflası başladı, tarix özünün yeni mərhələsinə qədəm qoydu. Bu gün filoloji, eləcə də kulturoloji baxımdan maraq doğuran ciddi məsələlərdən biri sovet dövründə yaranmış populyar əsərlərin tarixin növbəti mərhələsinə adlaya bilmək, müstəqillik epoxasının mənəvi strukturunda özünə yer tutmaq potensialı ilə bağlıdır. Başqa sözlə, məsələ yazıçının sovet dövründə yaratdığı mətnlə bugünkü oxucunun düşüncə dünyası arasında mənəvi körpünün yaranıb-yaranmadığı sualına cavab axtarmaqdan ibarətdir. Düşünürəm ki, "Atam haqqında düşüncələr"in yazılmasının başlıca səbəblərindən biri də elə budur.
Böyük yazıçının və əsl sənət əsərinin bir epoxadan növbəti epoxaya, "Böyük zaman"a (Mixail Baxtin) keçidində həlledici rolu yeni zəmanə ilə yazıçı arasındakı dialoq oynayır. Yeni zəmanə sənətkarın üzünə qapı açmaq üçün onu özünün qoyduğu sorğu-sualdan, yenə obrazlı ifadə ilə desək, "müsahibədən" keçirir. Bu prosesdə alman filosofu Hans-Georq Qadamerin irəli sürdüyü nəzəri anlayış - "tarixi təsirin yaratdığı şüur" hakimlik edir. H.Qadamer insanın və ya dövrün tarixi təcrübə, mədəni yaddaş və mənəvi dəyərlərlə formalaşan anlama çevrəsini "üfüq" anlayışı ilə ifadə edir. Onun fikrincə, yazıçının bədii irsinin bir epoxadan növbəti epoxaya keçməsi üçün keçmişin üfüqü ilə müasirliyin üfüqü arasında təmas yaranmalı, onlar bir-birini tanımalı, tamamlamalıdır. Yeni dövrün oxucusunun müasir üfüqü ilə tarixi üfüqün qarşılaşması, bir araya gəlməsi və qovuşması olduqca mürəkkəb dialektik prosesdir: müəyyən ilkin görüşlərə malik oxucu öz anlama üfüqünü yazıçının üfüqü ilə qarşılaşdırır, onları qarşılıqlı şəkildə sınağa çəkir və nəticədə hər ikisini əhatə edən, tamamilə yeni, daha geniş bir üfüq formalaşır. Beləliklə, yaşamağa qadir olan əsərin mənası yalnız onun yazıldığı tarixi dövrə - müəllifin epoxasına qapanıb qalmır. Zaman keçdikcə əsər özünün yaratdığı tarixi təsirlə birlikdə yeni mənalar qazanır və sonrakı nəsillərin şüuru ilə qarşılaşdıqda yenidən dünyaya gəlir. Başqa sözlə desək, hər yeni nəsil üçün ədəbiyyatın yeni həyatı başlayır.

Varislik
Üfüqlərin qovuşması öz-özünə, stixiya halında baş vermir. Bu prosesdə milli-etnik yaddaşın davamlılığı, cəmiyyətin intellektual immuniteti, eləcə də mədəni və hətta bioloji varislik mühüm rol oynayır. Çünki yeni dövr köhnə mətni yad bir oxucu kimi deyil, müəllifin mənəvi yaddaşını daşıyan yeni nəsil vasitəsilə yenidən oxuyur. Bu yeni nəslin nümayəndəsi müəllifin öz övladı da ola bilər. Bunun Azərbaycan ədəbiyyatında uğurlu nümunələrinin olduğunu görürük. 1960-cı illərin sonlarında Yusif Səmədoğlu atası Səməd Vurğunun 1930-cu illərdə qələmə aldığı "Komsomol poeması"nı kinossenariyə çevirdi və rejissor Tofiq Tağızadənin həmin ssenari əsasında çəkdiyi "Yeddi oğul istərəm" filmi XX əsr Azərbaycan mədəniyyətinin ciddi hadisəsi kimi qarşılandı. Yaradıcılıq yolu 1960-cı illərin tarixi şərtləri daxilində püxtələşmiş Yusif Səmədoğlu poemadakı milli faciə qatını ssenaridə önə gətirmiş və mətnə acı ironiya əlavə etmişdi. Filmdə komsomolçu Bəxtiyarla əksinqilabçı Gəray bəyin qarşıdurması "sinfi mübarizə" hüdudlarından çıxarılaraq eyni millətin övladlarının bir-birinə qənim kəsilməsi - gəncin də, yaşlının da qan tökməsi milli faciə kimi təqdim olundu. Poemadan filmə sirayət edən lirik hüzn, sonrakı repressiyalar və itkilər fonunda ata mirasının oğul şüurunda yenidən canlanması Qadamerin dediyi "üfüqlərin qovuşması"nın əyani illüstrasiyası kimi başa düşülə bilər.
Yaxud 1980-ci illərin əvvəllərində Anarın öz valideynləri - Azərbaycan sovet ədəbiyyatının görkəmli nümayəndələri Rəsul Rza və Nigar Rəfibəyli haqqında yazdığı "Sizsiz" sənədli povesti yeni dövrün oxucusunun təsəvvüründə bu şairlərin yaşadıqları epoxanın fövqündə dayanan obrazlarını yaratmağa xidmət edirdi.
Azərbaycan ədəbi mühitinin yetişdirdiyi bir oxucu kimi, mən Prezident Kasım-Jomart Tokayevin "Ata haqqında düşüncələr"ini də bu silsilənin davamı kimi oxudum. Bu davamlılıq kökü bir olan qardaş mədəniyyətlərin dialoqunda, yeni bir üfüqün qovşağında daha əyani nəzərə çarpır. "Düşüncələr"də görkəmli qazax yazıçısı Kemel Tokayevin bugünkü müstəqil Qazaxıstanın mənəvi dəyərləri kontekstində təqdim edilməsi siyasi və milli ideologiyanın üfüqlərinin milli-mənəvi irslə qovuşmasını əks etdirir.
Kasım-Jomart Tokayev ixtisasca ədəbiyyatçı olmasa da, dərin və geniş erudisiyalı bir ziyalı olaraq vaxtilə "sosializmin nəğməkarları" kimi göylərə qaldırılan ayrı-ayrı ədiblərin bu gün, demək olar ki, yaddan çıxdığının və niyə unudulduğunun fərqindədir. Onun qənaətinə görə, həmin müəlliflərin qaldırdıqları problemlər zamanın sınağına tab gətirməmiş, mənəvi baxımdan köhnəlmişdir. Kemel Tokayevi sovet dövrünün unudulmuş yazıçılarından fərqləndirən və onu mədəni yaddaş abidəsi kimi zamanın yeni üfüqləri ilə qovuşduran əsas keyfiyyət isə əsərlərinin ideoloji konyukturaya deyil, zamana tabe olmayan ümumbəşəri və milli dövlətçilik prinsiplərinə söykənməsidir.
"Düşüncələr"in ayrıca bir ana xətti var: Kemel Tokayev bütün yaradıcılığı boyunca dövlətin və xalqın mənafeləri ilə ayrı-ayrı fərdlərin naqis ehtirasları arasındakı barışmaz münaqişəni bədii sözün "sirat körpüsündən" keçirmişdir. Dövlətin mənafeyi ilə heç bir əxlaqi və hüquqi norma tanımayan rəzil ehtiraslar arasındakı qarşıdurma isə bəşəriyyətin şüurunda əbədi bir konflikt olaraq qalmaqdadır. Hər cür naqisliyin üstünü pərdələməyə çalışan, "zibili palazın altına süpürməyə" üstünlük verən totalitar sovet idarəetmə sistemi bu konfliktin yaranması və dərinləşməsi üçün daha əlverişli zəmin hazırlayırdı. Kemel Tokayevin ictimai və fəlsəfi yanaşması sübut edir ki, cəmiyyət bu cür fərdi ehtiraslara müqavimət göstərmədikdə fərdlərin tamahı dövlətin maraqlarına zərbə vuran təhlükəli siyasi xəstəliyə çevrilir, bu isə həm ictimai münasibətlərdə, həm də mənəvi cəbhədə daxili tarazlığı pozur. Bu kəskin ictimai problemin ağrısını bəzən bütün xalq çəkməli olur.
İnsanlıq dramının kəskin süjetləri
Yaradıcılığının bir qolunu jurnalistika və publisistika təşkil edən, janrından asılı olmayaraq bütün yazılarında həyat həqiqətinə sədaqəti qızıl qaydaya çevirən Kemel Tokayevin detektiv əsərlər yazması, ilk növbədə, oxucu auditoriyasının marağına həssas yanaşmasından irəli gəlmişdir. Mükəmməl filoloji təhsil alaraq dünya ədəbi təcrübəsinə yaxından bələd olan gənc Kemel Tokayev qazax ədəbiyyatında bu sahədə boşluq olduğunu görürdü. Ancaq bu da bir həqiqətdir ki, dünyanın hər yerində kütləvi oxucusu olan detektiv sovet gerçəkliyində fərqli funksiyalar da daşıyırdı. Bu fərqliliyi bir neçə səbəblə izah edirlər. Burada həyatı standart qəlibə salan sosializm realizminə alternativ axtarmaq meyli axtaranlar var. Kiməsə görə sovet ədəbiyyatında detektiv ideologiyanın gizli marağına cavab verirdi: hakim rejim bu janrdan milisin, asayiş keşikçilərinin müsbət obrazını yaratmaq, "cinayət cəzasız qalmır" təbliğatı aparmaq üçün istifadə edirdi. Bəzi mülahizələrə əsasən, detektivin insanlara ictimai-siyasi hadisələri sərbəst şəkildə təhlil edə bilmək azadlığı verməsi ona oxucu rəğbətini artırırdı...
Kemel Tokayevin Azərbaycanda nəşr edilmiş "Gecə açılan atəş" kitabındakı üç əsərdə - "Damğalı qızıl", "Gecə açılan atəş" və "Sirli iz" povestlərində hər üç mülahizəni təmin edə biləcək məqamlar tapıb göstərə bilərik. Ancaq müxtəlif mövzulara və dərin ictimai problemlərə həsr olunmuş, fərqli zamanları və ictimai mühitləri, fərqli insan xarakterlərini əhatə edən bu əsərlərdə yazıçının xalqın maraqlarını, insanın dəyərini bütün arqumentlərdən, hər cür ideoloji tələblərdən yüksək tutduğunu görürük. Bu əsərlərdə oxucu mətndəki "milis-cinayətkar" xəttinin uclarının bağlı olduğu insan dramını, insanların qadağan olunmuş həyat tərzinə meyil etməsinə yol açan, onları buna təşviq edən şərtləri, sosial təzadları oxuyur. Bu gün XXI əsrin mənəvi tələbatları kontekstində Kemel Tokayevin əsərlərində insanın varlıq dramı daha qabarıq görünür.
Ən dəyərli sərvətin sorağında
"Damğalı qızıl" povestində cinayətkar dəstənin ara adamının təsadüfi səhvi nəticəsində üzərində xüsusi damğa olan qızıl külçəsi Ləşkərov adında bir çilingərə çatdırılır. Müəllif sadə fəhlə olan və ailəsinin ən zəruri ehtiyaclarını təmin etməyə aciz qalan Ləşkərovun timsalında ideoloji qəhrəman yox, adi, sadə və daxilən təzadlı bir insanın portretini təqdim edir. Ləşkərovun "damğalı qızılı" dövlətə təhvil verməsi fonunda ailə daxilində yaşanan mənəvi tərəddüdlər onu sovet ədəbiyyatının sxematik qəhrəman şablonundan uzaqlaşdırır. Oxucu öz qarşısında real, canlı-qanlı, duyan, düşünən, həyatda zəiflikləri olan insan görür. Onun içindəki insanlıq isə damğalı və damğasız hər cür qızıldan qiymətlidir.
Bu obraz böyük maarifçi yazıçı Soltanməcid Qənizadənin Azərbaycan oxucusunun yaddaşında ayrıca yeri olan "Allah xofu" povestinin qəhrəmanı, maddi ehtiyac içində boğulsa belə, əlinə keçmiş böyük sərvəti dövlətə qaytaran Məşədi Əsgər obrazı ilə əks-səda verir. Bu obrazları müqayisə edərkən, fərqli dövrlərin və dünyagörüşlərinin dialoquna, fərqli zamanların və mədəniyyətlərin üfüqlərinin qovuşmasına şahidlik edirik. XX əsrin əvvəllərində Məşədi Əsgəri mənəvi təmizliyə səsləyən, onu haramdan qoruyan qüvvə "Allah xofu" - metafizik bir məsuliyyət hissi idi, onilliklər sonra, tamamilə fərqli bir ideoloji sistemin tərbiyəsini görmüş Ləşkərovu eyni fədakarlığa sövq edən qüvvə isə qanun qorxusundan daha çox onun daxili bütövlüyü itirməməsi, insanı və insanlığı son ayaqda heç də həmişə tərk etməyən təmiz vicdandır. Paradiqmalar və zamanlar dəyişsə də, insanlığın daxili əxlaq qanunu ölmür.
Məşədi Əsgərin qəlbindəki Allah xofu ilə Ləşkərovun içindəki məsuliyyət eyni mənəvi mənbədən qaynaqlanır: bu duyğu onları, hər şeydən öncə, əbədi cəzadan - daxili vicdan əzabından xilas edir. Onların hər ikisi öz dövrlərinin yaratdığı sosioloji sədləri aşaraq ümumbəşəri dəyərlər sistemində bir araya gəlirlər. Bu mənada, personajların içindəki sarsılmaz əxlaqi təməl onları zamanların və mədəniyyətlərin gələcəkdə qovuşan vahid üfüqlərinə yönəldir. O üfüqə doğru gedən yol isə sonsuzluğa qədər uzanır.
Xeyir ilə Şər eyni qatarda
"Gecə açılan atəş" povesti də yeni zamanda və dəyişən ictimai-siyasi münasibətlər sistemində özünə vətəndaşlıq haqqı qazanan dəyərli əsərlərdəndir. Sovet dövrünün konkret siyasi-ideoloji tələbləri kəşfiyyat əməliyyatları və DTK mövzusunda yazan yazıçıların qarşısında sərt məhdudiyyətlər qoymuşdu. Buna baxmayaraq, Kemel Tokayev əsərdə sxematizmdən uzaqlaşmağı və böyük ədəbiyyatın estetik prinsiplərini qorumağı bacarmışdır. Ona görə də əsərdəki qatar metaforası yeni zamanın üfüqləri ilə təmasa girdikdə XXI əsrin oxucusuna yeni mənalar çatdırmaqdadır.
Bu əsərdəki qatar sərnişinləri ilə birlikdə yol gedir. Əsərin personajlarının birlikdə yol getdikləri ümumi vaqon, əslində, sovet cəmiyyətinin, xüsusən də çoxmillətli Qazaxıstan Respublikasının kiçildilmiş maketi kimi başa düşülə bilər. Ümumi vaqonda qazax qarı ilə rus qadının eyni bankadan xiyar turşusunun suyuna batırıb çörək yedikləri bu qatar həm də cəmiyyətin ilk baxışda gözə görünməyən incə laylarını dilə gətirib danışdırır. Yazıçı göstərir ki, rəsmi ideologiyanın yuxarıdan aşağıya təlqin etməyə çalışdığı süni, plakat xarakterli "sovet xalqı"ndan fərqli olaraq, reallıqda bambaşqa, bir-birinə daxildən bağlanan, acılı-şirinli eyni taleyi paylaşan real və canlı insan mühiti var. Bu mürəkkəb mühitdə fərqli mədəniyyətlər, dillər və insanlar məcburi şəkildə deyil, həyatın təbii axarı ilə yeni üfüqə doğru yol gedir.
Mətndəki qatar dayanmadan, daim hərəkətdə olan zamanın və ömür yolunun metaforası kimi qavranılır. Vaqonun içindəki cansıxıcı, boğanaq hava, mürgülü sərnişinlər, məişət qayğıları əsərin gənc mühəndis personajlarının şikayət etdiyi həyat tərzinin - fasiləsiz yığıncaqlarla, mənasız iclaslarla dolu "boz həyatın" əyani təzahürüdür.
Qatar öz sərnişinlərini eyni sürətlə eyni istiqamətə aparır. Lakin sovet cəmiyyətinin gələcəyi olan gənclər bu vaqonun pəncərəsindən o yanı görmək istəyir, qatarın marşrutundan kənardakı dünya ilə maraqlanırlar. Zaurun və Larisanın timsalında gənclər dörd divardan, vaqonun darısqal, boğanaq aləmindən kənara çıxmaq istəyirlər. Burada qatarın marşrutunu həm də insanların ruhunu dar çərçivəyə salan ictimai-siyasi sistemin simvolik hərəkət trayektoriyası kimi də mənalandırmaq mümkündür.
Qatar metaforası həyatın və cəmiyyətin ziddiyyətlərlə dolu təzadlarını eyni məkanda bir araya gətirir. Səma ağ rəngə boyanır, sərnişinlər mürgü vurur, körpəsinə süd verən ana daxili bir sevinclə gülümsəyir. Enişli-yoxuşlu, ağlı-qaralı insan həyatı öz axarı ilə irəliləyir. Amma elə həmin vaqonda, həmin sərnişinlərin arasında gecə gözünə yuxu getməyən, cilddən-cildə girən anadangəlmə cəllad Çernonosov da yol gedir. Qazaxıstana xüsusi tapşırıqla atılan, xarici kəşfiyyat casusu Çernonosov (əsərdə onun bir neçə şərti adı var) təbiətin bir parçası olan qoca meşəbəyi Mirzaşı ildırımlar çaxan gecənin qaranlığında güllələyib aradan çıxmışdır.
Bədii ədəbiyyatın əbədi mövzusu olan Xeyir ilə Şər eyni qatarda, eyni relslər üzərində, eyni marşrutla gedir. Yazıçı bunu göstərməklə bəşəri bir həqiqəti bizim yadımıza salır, bizə xəbərdarlıq edir: qorxduğumuz Şər heç də mücərrəd uzaqlarda deyil, gündəlik həyatımızın, məişətimizin, sərnişini olduğumuz eyni qatarın içindədir və daxili müqaviməti zəif olan hər kəsi özünə tabe edə bilər.
Qatar həm də keçmişlə gələcəyin, fərqli mentalitetlərin qarşılaşdığı hərəkətli bir məkandır. Qatar dayanmır, fərqli milli köklərə, siyasi maraqlara bağlı insanları götürüb özü ilə aparır. DTK əməkdaşlarının vaqonda qurduğu "oğurluq" ssenarisinə hamının eyni insani reaksiyanı verməsi isə sovet rejimi qorxusunun deyil, siyasi, milli və etnik mənsubiyyətindən asılı olmayaraq insanların Şərə qarşı daxili müqavimətinin və yadlaşmaya boyun əyməyən, sarsılmaz əxlaqi köklərə sadiqliyinin göstəricisidir.
Kemel Tokayevin "Gecə açılan atəş" povestində yaratdığı qatar zahirən N. şəhərinə gedən bir nəqliyyat vasitəsidir. Ancaq qaranlığın içi ilə şütüyən bu qatara üfüqlərin qovuşduğu məkandan baxanda, onun bədii sözün əbədiyyətdən gəlib əbədiyyətə gedən relsləri üzərində hərəkətdə olduğunu görürük.
Müharibənin gerçək üzü
Mövzusu İkinci Dünya müharibəsindən götürülmüş "Sirli iz" povestində oxucu ilə mətn arasında "oyun" klassik detektivlərdəki kimi "qatilin kimliyini gizlətmək" üzərində qurulmayıb. Təcrübəli oxucu cinayətkarın kim olduğunu əvvəlcədən hiss edir. Buna baxmayaraq əsər sonadək maraqla oxunur ki, bunun bir neçə mühüm səbəbinin olduğunu deyə bilərik. Burada oxucu ilə mətn arasındakı ünsiyyətin fəallığı ilk növbədə təsvir olunan müharibə mühitinin inandırıcı olması ilə bağlıdır. Kemel Tokayev İkinci Dünya müharibəsinin ön cəbhələrində vuruşmuş, Stalinqrad, Belarus, Polşa uğrunda döyüşlərdə iştirak etmiş və döyüş meydanında ağır yara almışdır. "Atam haqqında düşüncələr"də onun müharibədən bəhs edən əsərlərində səngər həyatının gerçək üzünün təhrif olunmasından narazı qaldığı göstərilir. Bədii əsər müəllif təxəyyülünün məhsulu olsa da, Kemel Tokayevin qələmindən çıxan əsərdə müharibənin stixiyası, əsgər psixologiyası, cəbhənin içindəki və arxasındakı gözəgörünməz əməliyyatlar, xüsusi xidmət orqanlarının fəaliyyəti yazıçının kabinet fantaziyaları deyil, bilavasitə özünün gördükləri və yaşadıqlarıdır. Ona görə də mətni təhkiyə boyunca müşayiət edən müəllif obrazı oxucuya mətndəki "səngər həqiqəti"ni hiss etdirə və yaşada bilir. Detektiv süjet burada müharibə haqqında həqiqəti çatdırmaq üçün bir vasitə rolunu oynayır. Diqqəti çəkən əsas mövzu müharibənin dəhşətləri, insan xarakterlərinin ekstremal şəraitdə üzə çıxması və tarixi reallığın özüdür.
Kəşfiyyatçılar qrupunun komandiri Süleymenov kimi Vətən uğrunda canından keçən igid əsgərin müharibə vaxtı xəyanətlə vurulması və atəş fəaliyyətinin sxemi əks olunan xəritənin yoxa çıxması oxucuda emosional gərginlik yaradır. Təhkiyənin davamında oxucu qatilin kim olduğunu təxmin etsə də, onun cəzalandırılmasını və ədalətin bərqərar olmasını görmək üçün hadisələri maraqla izləyir, təhkiyənin fəal müşayiətçisinə çevrilir. Müəllifin ustalıqla qurduğu təhkiyə sübut edir ki, ciddi detektiv əsər heç də oxucu ilə "tapmaca oyunu" deyil. "Sirli iz" əsərinin süjet xətti müharibənin real mənzərəsini, insanlıq dramını və Vətən idealı uğrunda fədakarlığı göstərmək üçün mükəmməl bir tablodur. Yazıçının daim düşüncələrində gəzdirdiyi cəbhə mənzərələri bu tablonun rənglərinə kəskin parlaqlıq və çılğın hüzn gətirir. Bu tabloda müəllifin sözlə demədiyi, ancaq oxucunun gördüyü bir detal var: faşizmə qarşı müharibədə qazax xalqının Süleymenov kimi neçə-neçə adsız qəhrəmanları öz canlarından keçiblər!
Post-travmatik böyümə, katarsis və sonsuz üfüqlərə gedən yol
Qazaxıstan kimi qüdrətli və dinamik inkişaf yolunda olan müstəqil dövlətin başçısının mənəvi irsdə qazax xalqının ruhunu, milli mənafeyi və Şərə qarşı daxili müqaviməti ön plana çıxarmasına sadəcə subyektiv mülahizələrin ifadəsi kimi baxa bilmərik. Bu yanaşma müasirliyin gözü ilə keçmişin yenidən, dövlət düşüncəsi səviyyəsində mənalandırılmasıdır.
"Atam haqqında düşüncələr"də göstərildiyi kimi, Kemel Tokayevin xarakterinin formalaşmasına həyatın acı və sərt təcrübələrinin güclü təsiri olmuşdur. Yazıçının prinsipial dövlətçilik və ədalət duyğusunun qaynağını onun bioqrafiyasında, körpəlikdən ata himayəsindən və ana sevgisindən məhrum qalmasında, insanların qəddarlığı ilə üz-üzə gəlməsində görmək ciddi elmi əsaslara söykənir. Uşaqlıqdan yaşadığı sarsıntılar onda kin və qəddarlıq doğurmamış, əksinə, insan ağrısına qarşı həssaslıq, şəfqət və humanizm duyğusu yaratmışdır. Bu hal müasir psixologiyada "post-travmatik böyümə" kimi izah olunur: güclü iradəyə, sarsılmaz xarakterə malik fərdlər yaşadıqları ağrıları, keçirdikləri böhranları qisasçılığa yox, empatiyaya, mənəvi dəyərlərə bağlılığa yönəldirlər. Tale ilə döyüşlərdə formalaşan güclü xarakterlər Şərin böyüməsinə imkan verməmək üçün şüurlu şəkildə xeyirxahlığı seçir, bunu hər şeydən öncə özlərini qorumaq naminə daxili sipərə çevirirlər.
Yazıçı üçün yaradıcılıq həm də yaşadığı sarsıntıları, uşaqlıq travmalarını mənəvi təmizlənməyə, Aristotelin ifadəsi ilə desək, katarsisə çevirmək imkanı yaradır. Kemel Tokayevin həyat təcrübəsinin, insani keyfiyyətlərinin bədii irsinə birbaşa sirayət etməsi yazıçının həyatda nizam və harmoniya axtarmaq idealının ifadəsidir. Mənəvi katarsis üçün zəruri şərt olan harmoniyanın tükənməz qaynağı isə xalqın yaddaşının dərinliklərindən gəlir.
"Bax, o türbədə Jolbars ata uyuyur. O, bütün cəlayirlər üçün müqəddəs şəxsdir. Xalqın müflisləşdiyi, qıtlıq olduğu ağır illərdə köç zamanı vəfat eləyib. Ölüm ərəfəsində xalqına deyib ki, nəşimi qara dəvənin belinə qoyub, başını buraxsınlar, özləri də qara nərin dayandığı yerdə yurd salsınlar. Öz qurtuluşlarını həmin yerdə tapacaqlar. Dəvə bütün günü, o təpəyə çatanacan gedib. Həmin vaxt bura qumluq səhraymış. Ağsaqqallar yığışıb məşvərət eləyib, o qədər camaatın burda yaşaya biləcəyinə inanmayıblar. Səhər açılandasa yaxınlıqda göz yaşı kimi, dumduru suyu olan göl əmələ gəldiyini görüblər".
Kəskin süjetli "Gecə açılan atəş" povestində obrazlardan birinin - Jandıbayın dilindən verilmiş bu ibrətamiz mətn ucsuz-bucaqsız qazax çölündə dolaşan əfsanələrdən biridir...
Bu əfsanə təsəvvürümdə "Atam haqqında düşüncələr"in ayrı-ayrı epizodlarını yenidən canlandırıb hərəkətə gətirir.
Bərəkətli Qazaxıstan torpağının üzərinə çökmüş qaranlıq fəlakət - "Böyük aclıq" zamanı 10 yaşlı Kemel qardaşı Qasımla birlikdə bir qismət çörək tapmaq ümidilə evdən çıxıb şəhərə tərəf yollanır. Aclıqdan baş götürüb şəhərə gedən uşaqları yolda milis patrulu saxlayır. Yoldakı sahibsiz uşaqları toplayan milislər cındır paltarlı bu iki oğlanı zorla arabaya oturdurlar. Çarəsiz tifillər ağlayıb yetim olmadıqlarını deyəndə milislərdən biri onları hədələyir: "o yan-bu yan eləsəniz, sizi quyuya atacağıq!"
Əslində, uşaqları quyuya atırlar: valideynlərindən xəbərsiz yetimxanaya qoyurlar.
...Uşaqlar o quyudan salamat çıxır.
Onlardan biri sonra daha dərin quyuya düşür - böyük qardaş Qasımın İkinci Dünya müharibəsindən Qazaxıstana "qara kağızı" gəlir.
O biri qardaşın isə ömür yolu ağır döyüşlərdən keçir, müharibədən Vətənə yaralı qayıdır. Həm mənəvi, həm də fiziki yaralarını yenir; ali təhsil alır, ailə qurur. Qazaxıstanın nüfuzlu yazıçılarından biri olur. Gələcəkdə öz xalqının və müstəqil dövlətinin taleyinə cavabdeh olacaq, əslinə-kökünə bağlı övladlar böyüdür.
Kemel Tokayevin taleyində qazax xalqının yüzillər boyu yaddaşda yaşatdığı "Jolbars ata" əfsanəsinin hikmətini görürəm. Quru səhranın ortasında dumduru göl əmələ gətirən, səhranı xalqın bərəkətli yurd yerinə döndərən fövqəlbəşər qüvvə seçdiyi insanı quyunun dibindən çıxarıb, əbədiyyətin sonsuz üfüqlərinə doğru yola salır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
