Xeyirxahlıq simvolu - İbrahim Kəbirli - Abuzər BAĞIROV

 

Tanınmış şairimiz İbrahim Kəbirli ilə ilk dəfə 1979-cu ilin iyun ayının 15-də Azərbaycan Yazıçılar İttifaqının Səməd Vurğun adına Şüvəlan Yaradıcılıq Evində tanış olmuşdum. O, böyük şairimiz Hüseyn Ariflə (1924-1992) gəlmişdi. İbrahim Kəbirli bəstəboy, çatmaqaş, səliqə-sahmanlı, salğar yerişli, qıvraq duruşlu, qaynar gözlü, iti baxışlı, nazik bığlı, mülayim səsli, xoşqılıq bir kişiydi. Düz bir həftə Yaradıcılıq Evində qaldı, "Yazıçı" nəşriyyatında çıxacaq "Ürəyimlə görürəm" adlı kitabının son işlərini görürdü. Onda mən Yaradıcılıq Evinin direktoru vəzifəsində işləyirdim. Təbii ki, onun adını Moskvaya gediş-gəlişi olan qələm dostlarımdan dəfələrlə eşitmişdim, imzasına yaxından bələd idim, şeirlərini oxumuşdum, hətta 1970-ci ildə "Azərnəşr"də çapdan çıxmış "Açıq ürək" adlı 300 səhifəlik şeirlər kitabı da vardı məndə. Üstəlik, onun Moskvada "Aeroport" metrosunun lap yaxınlığında yaşadığını da bilirdim. Bütün bunları söyləyəndə İbrahim müəllimə çox xoş gəldi, mehribançılığımız artdı və gələcəkdə güvəncli, şirin ünsiyyətimizin baş tutmasında əhəmiyyətli rol oynadı. O, münasibətlərdə hər şeyə diqqətlə yanaşan adam idi. Şairi yaxından tanıyanların əksəriyyəti onun son dərəcə xeyirxah olduğunu dilə gətirirdi. Sonralar özüm Moskvaya köçəndən sonra illərlə onun ürək genişliyinin, tanıdığı, tanımadığı soydaşlarımıza təmənnasız xeyirxahlığının dönə-dönə şahidi oldum...

İbrahim İsmayıl oğlu İbrahimov - İbrahim Kəbirli 28 dekabr 1918-ci ildə Ağcabədi rayonunun Kəbirli kəndində anadan olmuşdur. O, natamam orta təhsilini doğma kəndində almış, 1933-1937-ci illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunda aqronomluq fakültəsində oxuyaraq, aqronom-mühəndis ixtisasına yiyələnmişdir. Bir il öz rayonlarındakı MTS-də (Maşın texnika stansiyası) aqronom-mühəndis kimi işləmiş, 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin tarıx fakültəsinə daxil olmuş, birinci kursu uğurla başa vurmuş və 1939-cu ildə ordu sıralarına çağırılmışdır. İbrahim İbrahimov Ali Hərbi məktəbdə birillik sürətli kurs keçərək, 1940-cı ildə zabit rütbəsi almış və 1947-ci ilin yayına qədər sovet ordusunda əks-kəşfiyyat sahəsində qulluq etmişdir. Böyük Vətən müharibəsində müxtəlif cəbhələrdə fəaliyyət göstərmiş, ağır döyüşlərdə iştirak etmiş, müharibə veteranı kimi mayor rütbəsində ordudan tərxis olunmuşdur. Zabit və veteran imtiyazından istifadə edərək, daimi yaşayış yeri kimi Moskva şəhərini seçmiş və ömrünün sonuna qədər burada yaşamışdır. İbrahim Kəbirli 1947-1950-ci illərdə SSRİ Baş mətbuat idarəsində şöbə rəisi işləmiş, 1950-1954-cü illərdə SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali filoloji təhsil almışdır. SSRİ Yazıçılar İttifaqının üzvü (1950) olan şair bir müddət (1954-1965) həmin institutda tərcümə fakültəsində seminar müəllimi olaraq fəaliyyət göstərmişdir. O, 1957-1962-ci illərdə "Sovet yazıçısı" ("Sovetskiy pisatel") nəşriyyatında redaktor işləmişdir. Ömrünün çox qismini isə sırf yaradıcılıq işinə və doğma ədəbiyyatımızın Rusiya ədəbi mühitində nəşrinə, təbliğinə sərf etmişdir...

 

İbrahim Kəbirlinin "Rəhbərə" adlı ilk şeiri 1937-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilmişdir. "Mənim gəncliyim" adlı ilk poetik toplusu isə 1946-cı ildə "Azərnəşr"də çap olunmuşdur. Şair Azərbaycan və rus dillərində 30-dan artıq orijinal və bədii tərcümə kitablarının müəllifidir. Şairin zamanın sınağında itib-batmayan bir çox kitabları indi də mənəvi dəyərini, mövzu aktuallığını, bədii sənətkarlığını qoruyub saxlamış, təravətli poeziya nümunələri təsiri bağışlayır, oxucularda dərin maraq oyada biləcəyinə şübhə yaratmır: "Səhralar çiçəklənir", şeirlər. Bakı, "Azərnəşr", 1953. 80 s.; "Özümə dost gəzdim", şeirlər. "Azərnəşr", 1960. 92 s.; "Ürəyimə düşən izlər", şeirlər və poemalar. "Azərnəşr", 1965. 148 s.; "Ürək pünhan sevinmir", şeirlər. "Azərnəşr", 1967. 247 s.; "Açıq ürək",  şeirlər. "Azərnəşr", 1970. 236 s.; "Sevmək üçün yaşayıram", şeirlər. Bakı, "Gənclik", 1974. 138 s.; "Mənim qismətim", şeirlər. Bakı, "Gənclik", 1979. 140 s.; "Ürəyimlə görürəm", şeirlər. Bakı, "Yazıçı", 1981. 144 s.; "Sənə arxayınam", şeirlər. Bakı, "Yazıçı", 1984. 304 s. və digər kitabları.

İbrahim Kəbirlinin əsərləri onun bütün bədii yaradıcılığının leytmotivini təşkil edən vətənpərvərlik duyğularının kəskinliyi və milli qürur dolu pafosu ilə seçilir:

 

"Hər kəsin öz ocağı,

Hər kəsin öz yuvası...

Məni toxdada bilər

Azərbaycan torpağı,

Azərbaycan havası!"

(İbrahim Kəbirli. Açıq ürək. Şeirlər.

Bakı, "Azərnəşr", 1970. S. 135.  296 s.).

 

Şairin şeirlərində doğma yurdun az-çox gözə görünən uğurları səmimi sevinc hisslərilə dilə gətirilir, xalqımızın milli-mental müdrikliyi oxucuya yüksək poetik səxavətlə təqdim edilir. Onun şeirlərinin əksəriyyəti yad etno-mədəni ədəbi mühitdə milli şair tərəfindən yaradılmış ən parlaq nümunələr olaraq indinin özündə də aktual səslənirlər. "Nə gözəldir Azərbaycan" şerindən bir bəndə diqqət yetirək:

 

"Hara getsən göz sevindir,

Könüllər aç, ürək dindir,

Elə tərpən, elə davran,

Görən desin: nə gözəldir

Azərbaycan! Azərbaycan!"

(Yenə orada. S. 131)

 

Bütövlükdə Azərbaycan bədii söz sənətində olduğu kimi, moskvalı azərbaycanlı ədiblərin də yaradıcılığında milli xarakterlər yaradılmış və yaradılır. Milli xarakterin yaradılma üsulları bir neçə komponentdən ibarətdir:  həm xalqın dünyagörüşü mənzərəsinin təcəssüm olunduğu milli psixologiya, həm milli adət-ənənələr, həm də xalq məişətinin elementləri. Lakin bədii əsərlərdə milli xarakter yalnız göz qabağında olan qəhrəman obrazlarında deyil, həm də hekayətçinin, yəni müəllifin obrazında açıq və ya gizli şəkildə də öz  ifadəsini tapa bilir. Hər halda Azərbaycan yazıçıları özlərini Moskvada ilk öncə öz xalqının nümayəndəsi, vətəninin bir parçası, milli mentalitetin daşıyıcısı və təmsilçisi kimi hiss edirlər. Hər bir ədib Moskva mədəni mühitində bütün Azərbaycan ədəbiyyatı üçün məsul olmağı, cavabbəndəlik etməyi özünün qeyrət borcu bilir və ona görə də təkcə ədəbiyyatın deyil, həm də bütövlükdə doğma mədəniyyətinin təbliğatçısı olmaq və onu intişar etdirmək funksiyasını yerinə yetirir. Moskvalı Azərbaycan yazıçılarının ilk yaşlı nəsli bunun ən parlaq nümunəsini göstərmişlər. Unudulmaz Əziz Şərif, Qəzənfər Əliyev, Əkbər Babayev, Əjdər İbrahimov, Xalıq Koroğlu, Hüseyn Nəcəfov və İbrahim Kəbirli özlərinin əsas yaradıcılıq fəaliyyətlərindən başqa, həm də tərcümə və redaktə işi ilə, şərh və resenziyalar yazmaqla, nəşr işlərinə və ədəbiyyat aləmində əlavə iş kimi görünə bilən bir çox başqa məsələlərlə də məşğul olurdular. Əslində isə bu işlərin hamısı elə bu günün özündə də Moskva ədəbi mühitində Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təmsilində mühüm və vacibdən də vacibdir.

Məlum olduğu kimi, İbrahim Kəbirli yalnız Azərbaycan dilində yazmış, əsasən, Azərbaycanda və altı tərcümə kitabı Moskvada  nəşr olunmuşdur. Yorulmaz şairimiz, həmçinin Rimma Kazakova (1932-2008), Lev Ozerov (1914-1996), Yuri Vronski (1927-2008), Aleksandr Oyslender (1908-1996), Vladimir Tsıbin (1932-2001), Aleksandr Mejirov (1923-2009), Yuri Levitanski (1922-1996), İnna Lisyanskaya (1928-2014), Muza Pavlova (1917-2006) və başqa məşhur tərcüməçi-şairlərlə fəal işləyirdi. Adlarını sayğı ilə andığımız bu moskvalı sənətkarlar azərbaycanlı şairlə insani dostluqla yanaşı, həm də səmərəli və qarşılıqlı zənginlik gətirən yaradıcılıq əməkdaşlığı edirdilər. Vaxtaşırı onlar bu xeyirxah dostun tövsiyəsilə və təqdim etdiyi sətri tərcümələr əsasında digər Azərbaycan şairlərinin də çoxlu sayda layiqli əsərlərini rus dilində səsləndirir və bu tərcümələrin sonralar Moskvanın müxtəlif qəzet, jurnal və nəşriyyatlarında işıq üzü görməsinə nail olurdular. Osman Sarıvəlli (1905-1990), Nəbi Xəzri (1924-2007), Hüseyn Arif (1924-1992), Bəxtiyar Vahabzadə (1925-2009), Qabil (1926-2007), Hikmət Ziya (1929-1995), Nəriman Həsənzadə (1931), Xəlil Rza Ulutürk (1932-1994) və digər böyük söz ustadlarımızın şeirlərinin tərcümə işinə İbrahim Kəbirlinin xeyirxah dost köməyi az olmayıb. Onun qəhvəyi rəngli, süni dəridən yekə bir çantası vardı. Həmin çanta heç vaxt İbiş qağanın (ən yaxın dostların ona sevimli xitab forması) qoltuğundan əskik olmazdı. Orda yaxın qələm dostlarının ürəyinə yatan şeirlərinin ayrı-ayrı qovluqlara yığılmış sətri tərcümələrini ərinmədən özüylə gəzdirər, redaksiyalara, nəşriyyatlara paylayar, onlarda ədəbiyyatımıza maraq oyadar, məqamı gələndə müəllifi şəxsən tanış edər və müsbət nəticə əldə olunana qədər çalışardı. İbrahim Kəbirli son dərəcə mehriban, mülayim, xoşqılıq xarakterli olduğundan həmişə məqsədinə nail ola bilirdi. Xeyirxahlığının həddi-hüdudu tükənməyən moskvalı şairimizin imkanı və əlacı olsaydı, Azərbaycan ədəbiyyatını küll halında tərcümə etdirər, Moskvanın bütün qəzet-jurnallarında, nəşriyyatlarında işıq üzü görməsinə vəsilə olar və doyunca həzz alardı... Ədalət naminə qeyd edək ki, bu sahədə zamanında çox gərəkli işlərin xeyirxahı olub  şair İbrahim Kəbirli!

Sovet dövründə moskvalı azərbaycanlı şairlər arasında İbrahim Kəbirli ən tanınmış, tez-tez qəzet və jurnallarda şeirləri dərc olunan, vaxtaşırı paytaxtın müxtəlif nəşriyyatlarında kitabları çap edilən, Moskva ədəbi-mədəni mühitində sayılıb-seçilən, mühüm mövqe sahibi, qürur doğuran, başımızı ucaldan, layiqli, xeyirxah söz sənətkarımız idi. Onun  Böyük Vətən müharibəsinə həsr edilmiş "Müharibənin ilk günü" ("Pervıy denğ voynı"), "Köhnə səngər" ("Starıy okop"), "Polad əsgər, dəmir əsgər" ("Soldat stalğnoy, soldat jeleznıy") şeirləri uzun illər Sovet İttifaqının usta qiraətçiləri tərəfindən ən ali rəsmi dövlət məclislərində səsləndirdikləri poetik nümunələrdən olmuşdur. "Köhnə səngər" şeirinə bəstələnmiş hərbi mahnı isə uzun illər ünlü rus müğənnilərinin hərbi-vətənpərvərlik repertuarlarının bəzəyi olmuş, 1985-ci ildə SSRİ Müdafiə Nazirliyinin xüsusi mükafatına layiq görülmüşdür. Azərbaycanda şairin "Nə gözəldir Azərbaycan", "Gözəldir" və digər mahnı mətnləri adlı-sanlı bəstəkarları, müğənniləri cəlb etmiş, dillər əzbəri olmuşdur. Zənnimcə, Azərbaycan SSR Xalq artisti Emin Sabitoğlu (1937-2000) və SSRİ Xalq artisti, əfsanəvi Zeynəb Xanlarovanın (1936) adlarını xatırlatmaq kifayət edər.

Sovetlər zamanında İbrahim Kəbirli Moskvada yaşayan Azərbaycan ədiblərindən ədəbiyyatımızın təbliği naminə ən fəal çalışanlardan biri olmaqla bərabər, öz kitabını ən çox nəşr etdirən müəllif kimi də ad çıxarmışdı. Sağlığında şairin Moskvanın olduqca nüfuzlu nəşriyyatlarında 6 kitabı nəşr olunmuşdur: "Açıq ürək", şeirlər ("Otkrıtoe serdüe", stixi. Moskva, "Xudojestvennaə literatura", 1974.); "Ürək pünhan sevinmir", şeirlər ("Serdüe odno ne raduetsə", stixi. Moskva, seriə "Oqonёk", "Pravda", 1974.); "Alovlu tale", şeirlər ("Oqnennaə sudğba", stixi. Moskva, "Voenizdat", 1976.); "Bəzgək quşu", şeirlər ("Strepet", stixi. Moskva, "Sovetskiy pisatelğ", 1980.); "İnamla, alov kimi", şeirlər ("S veroy, kak oqonğ", stixi. Moskva, "Sovetskaə Rossiə", 1980.); "Ürəyimcədi?", şeirlər ("Po serdüu lğ?", stixi. Moskva, "Molodaə qvardiə", 1985).  

Maksim Qorki adına Ədəbiyyat İnstitutunda İbrahim Kəbirlinin bədii seminar rəhbəri olmuş məşhur rus şairi Aleksandr Jarov (1904-1984) 20 il sonra öz tələbəsi haqqında yüksək fikirlər söyləyərək yazırdı: "Mən çox böyük bir həvəslə İbrahim Kəbirlinin poetik istedadının inkişafını izləyir və sevinirəm ki, bu inkişaf doğma xalq həyatından ayrılmazdır və buna görə də müasirdir. Şairin yaradıcılığının getdikcə yetkinləşdiyini göstərən yeni-yeni əlamətlər, dilinin və obrazlar sisteminin özünəməxsusluğu məni çox məmnun edirdi. Şadam ki, onun əsas əsərlərinə verdiyim qiymət Azərbaycan ədəbiyyatının Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, Osman Sarıvəlli, İsmayıl Şıxlı kimi nüfuzlu sənətkarlarının qiyməti ilə çox yerdə üst-üstə düşmüşdür" (İbraqim Kebirli. "Otkrıtoe serdüe". Stixi. Avtorizovannıy perevod s azerbaydjanskoqo əzıka. Moskva, "Xudojestvennaə literatura", 1974. S. 5-6. 192 s.).

İbrahim Kəbirli zamanında Azərbaycan ədəbi mühitində də ad-san qazanmış, sayılıb-seçilən şairlərlə bir sırada dayanırdı. Moskvada bədii ədəbiyyat sahəsində ən nüfuzlu nəşriyyat hesab olunan "Xudojestvennaə literatura" 1960-cı ildə üçcildlik "Azərbaycan poeziya antologiyası"nı çap eləmişdi. Üçüncü cildə "Sovet poeziyası" adlı yeganə fəsil daxil idi və Azərbaycanın ən ünlü şairləri sırasında İbrahim Kəbirlinin də şeirləri həmin cilddə dərc edilmişdi: Səməd Vurğun (1906-1956), Süleyman Rüstəm (1906-1989), Mikayıl Müşfiq (1908-1939), Məmməd Rahim (1907-1977), Abdulla Faruq (1907-1944), Mikayıl Rzaquluzadə (1905-1984), Mikayıl Rəfili (1905-1958), Rəsul Rza (1910-1981), Əhməd Cəmil (1913-1977), Mirvarid Dilbazi (1912-2001), Osman Sarıvəlli (1905-1990), Mehdi Seyidzadə (1907-1976), Nigar Rəfibəyli (1913-1981), Zeynal Xəlil (1914-1973), Böyükağa Qasımzadə (1916-1957), İsmayıl Soltan (1910-1963), Əli Tudə (1924-1996), Ənvər Əlibəyli (1916-1968), Zeynal Cabbarzadə (1920-1977), Ələkbər Ziyatay (1913-1982), Tələt Əyyubov (1916-1977), İslam Səfərli (1923-1974), Adil Babayev (1925-1977), Bəxtiyar Vahabzadə (1925-2009), Balaş Azəroğlu (1921-2011), Hökumə Billuri (1926-2000), Hüseyn Abbaszadə (1922-2007), İbrahim Kəbirli (1918-2001), Nəbi Babayev (Xəzri) (1924-2007), Mədinə Gülgün (1926-1991), Qabil İmamverdiyev (1926-2007), Qasım Qasımzadə (1923-1993), Əli Kərim (1931-1969) və Cabir Novruz (1933-2002).

Dosta sədaqət, mehribançılıq, xeyirxahlıq, canıyananlıq, qayğıkeşlik İbrahim Kəbirlinin canında, qanında olub. Sözümün söykəyi üçün sadiq gənclik dostum, şöhrətli alim, akademik Rafael Hüseynovdan halallıq alıb, onun qocaman xalq şairimiz Nəriman Həsənzadə ilə söhbətinin "Ona salam vermək şərəfi" adlı məqaləsindən bəhrələnmək istəyirəm: "Üç cavan şair və tələbə dost - Nəriman Həsənzadə, İbrahim Kəbirli və Xəlil Rza qatarla Moskvadan Bakıya gəlirlərmiş. Eşidirlər ki, Nazim (Hikmət - A.B.) də bu qatardadır. Gedib Nazimin kupesini tapırlar, görürlər ki, tək deyil, Əziz Şərif də onunla birgədir… Nazim Hikmət özü bir neçə şeir oxuyandan sonra gənc şairlərə üzünü tutub deyir ki, indi siz şeirlərinizdən oxuyun, kimin şeiri xoşuma gəlsə, Bakıda onlara qonaq gedəcəyəm.

Cavanlar şeirlərini oxuyurlar, nədirsə, Nərimanın misraları Nazimin ürəyinə daha çox yatır. Nazim deyir ki, söz verdiyim kimi, Bakıda bir axşamı Nərimangilə qonaq gələcəyəm. İbrahim Kəbirli də dillənir ki, Ustad, Nərimanın Bakıda evi yoxdur ki..." (Rafael Hüseynov. "ona salam vermək şərəfi". Bakı, "525-ci qəzet", 03.11.2023)

Nəriman Həsənzadənin bəxti gətiribmiş, Əziz Şərif Bakı Şəhər İcraiyyə Komitəsi sədrinin qonşu kupedə getdiyini bilirmiş. Bu xəbəri eşidən kimi Nazim Hikmət dərhal onun yanına gedir və istedadlı gənc şairə mənzil verməsini xahiş edir. Böyük şairin sözünü yerə salmayan məmur Bakıda qısa bir zamanda Nəriman Həsənzadəyə ikiotaqlı mənzil verir və Nazim Hikmət də həmin evdə qonaq olur...

İbrahim Kəbirli dillənməyə bilərdi, lakin onda olan anadangəlmə zirəklik lazımı məqamda İbrahimin dadına çatır, onu dilləndirir və dostuna çox böyük yaxşılığın səbəbkarı olur.

Şairin qayğıkeşliyi ilə bağlı baməzə bir olayı da xatırlatmaqla, sözümüzün əl-ətəyini yığışdıraq. İbrahim Kəbirli böyük şairimiz Hüseyn Ariflə canbir dost idilər. Ötən əsrin 80-ci illərinin əvvəlində, sərt bir qış gecəsi Hüseyn qağa kefi ala buludda bir dost məclisindən evə qayıdır. Qəlbi qubarlanan kövrək şairin yadına qəfildən İbrahim Kəbirli düşür, telefonu götürüb dostuna zəng vurur. Handan-hana dəstəkdən yarıyuxulu, kal bir səs eşidilir:

- Əlo! İbrahim Kəbirli eşidir sizi.

- Ay İbiş qağa, ayə mənəm, Hüseyndi, Hüseyn. Moskvadan zəng vururam, "Moskva" mehmanxanasından, 515 nömrəli lüksdə yer almışam. Qarda-çovğunda güc-bəla gəlib çıxmışam, hər cür naz-nemətnən masanın üstü doludu, yüz-yüz tut arağının tamına baxmağa ürəyəyatan bir adam çatışmır. Deyəsən, soyuq vurdu məni, tumoy olana oxşayır, gələndə bir azca kəklikotu da gətir, çay dəmləyək. Gözləyirəm səni, qağalar qağası...

- Ey gözəl insan, çox gecdi, saat 2-dir. Yat, dincəl, səhər saat 10-da yanındayam.

- Ey bivəfa İbiş, gəlmirsən, gəlmə, özün bilərsən. Bu qürbət eldə o tut nemətini təkcənə vuracam başın haqqı... - Hüseyn Arif dəstəyi yerinə asıb, Bakıda, halalca evində qütəbbər qış yuxusuna gedir. Bu söhbətdən sonra ürəyi yuxa İbrahim Kəbirlinin yuxusu ərşə çəkilir, tez qalxıb geyinir, mətbəxdən bir xışma kəklikotunu da cibinə qoyub, özünü yetirir "Moskva" mehmanxanasına. Mehmanxananın gecə növbətçilərilə çox uzun çək-çevirdən, qeylü-qaldan, hərzə-mərzə sözgüləşdirməsindən sonra moskvalı şairimiz sevimli Hüseyn qağasını tapa bilmir və kor-peşman qayıdır evə. Telefonu götürüb Hüseyn Arifin ev nömrəsini yığır ki, evdəkilərdən soruşsun, bəlkə qağası nəyisə dolaşıq salıb. Amma İbrahim Kəbirli Hüseyn qağasının aladəmkeş səsini eşidir dəstəkdən:

- Ayə, bu xoruz banından kimdi belə bizim şirin yuxumuza haram qatır? - İbrahim qağa minir cin atına, ağzını açıb, gözünü yumur, dişinin dibindən gələn qatı açılmamış, biri bir batman balla udulası mümkün olmayan, yağlı-zağlı sözlərdən istəkli qağasına bolluca ərməğan göndərəndən sonra, ürəyini soyutmaq üçün son qərarını söyləyir: - Başıma açdığın bu oyuna görə biryolluq səninlə haqq-salamı kəsdim, mənim adımı çəkmə daha...

Yalnız bu əhvalatdan üç il keçəndən sonra, 1986-cı ilin Novruz bayramı ərəfəsində, koloritli insan, gözəl şair və maraqlı alim dostumuz Əhməd Elbrusun (1944-2006), xalq şairimiz Osman Sarıvəllinin (1905-1990) oğlu filosof, professor Rafiq Qurbanovun (1937-2004) və mənim uzun xahiş-minnət, yalvar-yaxarımızın nəticəsində Moskvanın Qorki küçəsində yerləşən "Bakı" restoranında Hüseyn qağanın hesabına açılmış bol nemətli süfrə ətrafında sevimli dostların şirin, məzəli barışıq məclisi baş tutdu. Hüseyn Ariflə İbrahim Kəbirlinin duzlu, atmacalı söhbətləri, incə zarafatları, deyib-gülmələri məclisdə xoş ovqat yaradır, son dərəcə unudulmaz anlar yaşadırdı hamımıza. Həmin məclisin ən yaddaqalan anı rəhmətliklərin qol-boyun qucaqlaşıb öpüşərkən aralarındakı qısa mükalimə oldu. Hüseyn Arif dedi:

- Ay İbiş, dərdin alım, məndən incimə. O vaxt mənə evdən zəng gəldi ki, uşaqların anası qəfil naxoşlayıb, durma, gəl. Məcbur qaldım, yemək-içməyi də yığışdırıb növbətçi qadının yanında qoydum, dedim ki, sən gələndə sənə versin. Özümü taksiynən aeroporta yetirib, Bakıya uçan son təyyarəynən geri qayıtdım. - Hüseyn qağanın ağ yalanına İbrahim Kəbirlinin əlini əlinə vurub şaqqanaqla gülməyi bütün umu-küsülərin qeybə çəkildiyinin möhürbəndi oldu. İbrahim Kəbirli azacıq toxtayıb, qağasına cavab verdi:

- Əyə Hüseyn, saqqalı doğranmış, əziz başına and olsun, sənin şəxsi təyyarən olduğunu indiyəcən bilmirdim...

Rəhmətliklərin münasibəti ayrı bir aləm idi. Allah ikisinə də qəni-qəni rəhmət eləsin...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!