"Meduzanın saçları": teatr və reallıq arasındakı ölümcül rəqs - İntiqam SARIYEV

 

Heç kəsə sirr deyil ki, bu gün ədəbiyyatımızda publisistik dillə yazılmış, oxucunu yalnız bəsit bir hadisə (süjet) arxasınca qaçıran mətnlər çoxluq təşkil edir. Bunu burada hansısa bir nöqsan və ya çatışmazlıq kimi qabartmaq niyyətində deyiləm, çünki başqa ədəbiyyatlarda da aşağı-yuxarı, mənzərə eynidir. 

Çağdaş Azərbaycan nəsrinin çox zaman eyni ritmlə vuran, şablon mövzular və bəsit süjetlərlə yüklənmiş mühitində qəfildən tamam fərqli bir nəfəs hiss etmək, heç kəsə oxşamayan, öz bədii çəkisi olan bir imza görmək adamda qəribə, xoş hisslər yaradır.

Yazıçı Xaqanın yaradıcılığı məhz belə bir tapıntıdır; o, oxucuya hazır həqiqətlər sırımaqdan qaçır, mətni intellektual bütövlük və dərin psixologizm üzərində qurmağı bacarır. Xaqan oxucuya sadəcə bir hekayə danışmır, sözün bədii plastikası ilə yeni bir reallıq estetikası yaradır. Hörmətli Musa Qaraxanlının bu yaxınlarda mətbuatda çap olunmuş "Yuvasız qaratoyuq və digər mətləblər" başlıqlı yazısı məhz bu məsələlərə həsr olunub.

Mən Xaqanın "Meduzanın saçları" hekayəsi haqqında fikirlərimi bölüşmək istərdim.

Bu hekayə, sənətin saf duyğularla deyil, kor-koranə iddialar və şəxsi intiqam hissi ilə idarə olunduqda, necə ölümcül bir alətə çevrilə biləcəyini göstərən uğurlu bir ədəbi nümunədir. Maraqlıdır ki, hekayə "teatr içində teatr və ya metateatr" prinsipi üzərində qurulub və bu məqam müəyyən mənada müəllifin bəsit təhkiyə qəliblərindən imtina etməsini şərtləndirir.

O, bədii mətni çoxqatlı bir səhnəyə çevirir və oxucunu illüziya ilə gerçəkliyin kəsişdiyi fəlsəfi bir oyunun içinə çəkir. Qeyd etməliyik ki, bu üsul Şekspirdən Pirandelloya qədər, böyük ustadların istifadə etdiyi, insan mövcudluğunun şərtiliyini və cəmiyyətin bizə sırıdığı rolları ifşa edən klassik bədii manipulyasiya kimi də maraqlıdır. Eyni zamanda bu, Xaqanın hekayəsindəki hadisələrin sadəcə bir teatr dedi-qodusu və ya məişət dramı olmadığını, arxasında böyük bir ədəbi gələnəyin dayandığını göstərən mühüm məqamdır.

Hekayənin mərkəzində dayanan Rejissor (Şəmistan) (baxmayaraq ki, real personaj olan yeniyetmə qız Meduzanın adı başlığa çıxarılıb) obrazı sadəcə qısqanc bir kişi deyil. O, öz sənətinin çərçivələrini aşa bilməyən, yaradıcılıq kompleksi yaşayan neqativ bir eqonun daşıyıcısıdır. Şəmistan hər ay Kral Liri öldürdüyü, Qorio ataya can çəkdirdiyi üçün özünü tamaşaçıların lənətinə gəlmiş bir "yarımçıq yaradıcı" gözündə görür.

Əslində, "hekayənin mərkəzində dayanan" təkcə Şəmistan deyil. Əsərin bədii strukturunu incələdikdə görünür ki, Xaqan müasir nəsr mühitindəki təkölçülü qəhrəman modelindən tamamilə imtina edib. Zahirən hadisələrin gedişatını idarə edən, qisas planı quran Rejissor mərkəzdə dayansa da, hər bir personaj - Aktrisa, Fədai, Meduza... - öz dramatik çəkisi ilə müstəqil bir mərkəz formalaşdırır. Odur ki, "Meduzanın saçları" hekayəsindəki personajlar Şəmistanın ətrafında fırlanan peyklər deyil. Onlar sözügedən ənənədə olduğu kimi, hər biri öz daxili reallığı ilə mətnin ümumi fəlsəfi mərkəzini saxlayan, bu ölümcül rəqsdə öz müstəqil rolunu oynayan bərabərhüquqlu sənət və həyat fədailəridir. Müəllif, personajların psixoloji portretini ssenari daxilində ustalıqla gizlədir, teatrın səhnə arxasındakı qaranlıq dəhlizlərini insan ruhunun qaranlıq tərəfləri ilə eyniləşdirir. "Qanlı səhnə ssenarisi" həm də rəqibini Aktrisanın əlilə zəhərləmək planı quran sənətkarın öz yaratdığı illüziyanın qurbanına çevrilməsinin fəlsəfi hekayəsidir. Şəmistanın Aktrisaya olan münasibəti sevgidən daha çox güc nümayişidir. Rejissor üçün qadın seviləcək bir varlıq deyil, fəth edilməli, ələ keçirilməli bir "gözətçi qalası"dır. Evlilikdən sonra işlətdiyi "Ən əzəmətli qalalar belə, satqınların əlilə də olsa, bir gün fəth edilir" ifadəsi, onun münasibətləri sənət ssenarisi və strateji müharibə kimi qəbul etdiyini sübut edir.

Aktrisa obrazı hekayədə sadəcə bir qurban kimi çıxış etmir; o, intellektual, səbirli və öz azadlığını qorumağı bacaran güclü bir xarakterdir. Rejissorun evdə və teatrda qurduğu diktaturaya o, uzun müddət "körpə qızı üçün" dözür. Lakin onun əsl üsyanı Şekspirin məlum tamaşasının premyerasında baş verir.

Rejissor öz mühafizəkar və qısqanc təbiətinə uyğun olaraq, əsərdəki qucaqlaşma və öpüşmə səhnələrini ixtisar edib, onları sadəcə əl-ələ tutmaqla əvəzləyir. Lakin Aktrisa premyerada bu qadağaları qəsdən darmadağın edərək, Otelloya sarılır və onu dəfələrlə öpür. Bu addımla o, Şəmistanın həm rekvizitor, həm də ssenari üzərindəki mütləq nəzarətini (hakimiyyətini) tamaşaçıların gözü önündə əlindən alır. Rejissorun həmin an benuardakı kresloya "daş kimi yapışıb qalması" (unutmayaq ki, Aktrisanın qızına Meduza adı verməsi yunan mifologiyasına birbaşa istinaddır) onun keçirdiyi psixoloji iflicin və acizliyin bədii təsviridir.

Xaqanın dilində təsadüfi, boş və ya bəzək xatirinə işlədilmiş heç bir cümlə, detal və ya ad yoxdur. O, hər bir detalı, sözü və adı finalda gurlayacaq mexanizm kimi mətnin strukturuna yerləşdirir. Xaqanın üslubunun ən güclü tərəfi "Çexov tüfəngi" prinsipinə sadiqliyidir.

Ümumilikdə, istər "Yuvasız qaratoyuq", istərsə də "Meduzanın saçları" hekayələrinin təhlili müəllifin çağdaş Azərbaycan nəsrində şablon süjetlərdən qaçaraq, mətni dərin psixologizm üzərində quran fərqli bir imza olduğunu nümayiş etdirir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!