Qədim zamanlardan başlamış, doğma Azərbaycanımızın bu tayının müxtəlif bölgələri bir-birindən özünəməxsus əlamətdar cəhətlərilə fərqlənmişlər. Ya ecazkar təbiəti, heyrətamiz iqlimi, nadir barı-bəhrəsi, yaxud insanlarının əldə etdiyi qürurverici uğurları ilə sayılıb, seçilib, ad-san, şan-şöhrət qazanıb, ayrı-ayrı şenlik, el-oba, mahal. Külli Qarabağ məlahətli səs sahibləri olan xanəndələrilə, Aran elləri ünlü sazəndələrilə, Göyçə mahalı ustad aşıqları ilə, Naxçıvan, Gədəbəy ulusları saysız-hesabsız dərin alimlərilə, Gəncə, Şirvan, Qazax, Ağstafa söz ustadları, şairlərilə məşhurlaşmış, milli mədəniyyət tariximizdə silinməz izlər qoymuşlar. Qazax-Ağstafa basalağından pərvazlanan qələm sahiblərinin, söz sənətkarlarının adlarını sadalamaqla nə bitər, nə tükənər: Molla Pənah Vaqif (1717-1797), Osman Sarıvəlli (1905-1990), Səməd Vurğun (1906-1956), Mehdi Hüseyn (1909-1965), Mirvarid Dilbazi (1912-2001), İsmayıl Şıxlı (1919-1995), Vidadi Babanlı (1927-2025), İsa Hüseynov (1928-2014), Nəriman Həsənzadə (1931), Yusif Səmədoğlu (1935-1998), Vaqif Səmədoğlu (1939-2015), Vaqif Nəsib (1939), Davud Nəsib (1942-2003), Nüsrət Kəsəmənli (1945-2003), Eldar Nəsib (1952-2010), Vəli Xramçaylı (1955), Akif Səməd (1959-2004), İbrahim İlyaslı (1963), Afaq Şıxlı (1969)...
Şair, nasir, publisist, tərcüməçi, həkim Afaq Şıxlı - Abdullayeva Afaq Sabir qızı 25 iyun 1969-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur, əsli-kökü Qazax rayonunun məşhur Şıxlılar soyundandır. O, 1974-1984-cü illərdə Bakı şəhəri 12 saylı orta məktəbdə təhsil almışdır. Məktəbə iki il erkən gedən Afaq 15 yaşında orta təhsilini qızıl medalla başa vurmuşdur. Eyni zamanda 15 saylı musiqi məktəbini fortepiano ixtisası üzrə əla qiymətlərlə bitirmişdir. Həmin il Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1990-cı ildə fərqlənmə diplomu ilə "həkim-terapevt" ixtisasına yiyələnmiş, Bakı şəhərindəki 8 saylı şəhər xəstəxanasında həkim-terapevt kimi fəaliyyətə başlamışdır. Afaq Şıxlı 1999-cu ildən etibarən ailə vəziyyəti ilə əlaqədar olaraq Moskva şəhərində yaşamağa başlamış, sevimli həkimlik peşəsindən ayrılmaq məcburiyyətində qalmış, ömrünü ədəbiyyata, şeirə, sənətə həsr etmişdir.
Filoloji təhsil almaq ehtiyacı duyan şairə 2016-cı ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunun Ali Ədəbiyyat kurslarına daxil olmuş, iki ilə tanınmış rus şairi, publisisti, "Novıy mir" jurnalının baş redaktoru Andrey Vitalyeviç Vasilyevskinin (1955) rəhbərlik etdiyi "Poetik ustalıq seminarı"nı əla qiymətlərlə bitirmişdir. O, Rusiya Yazıçılar İttifaqının (2012), Azərbaycan Yazıçılar Birliyinin (2014) və Azərbaycan Jurnalistlər Birliyinin (2013) üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir (2015).

Afaq şeir yazmağa kiçik yaşlarından başlamışdır. Oxuduğu orta məktəbin nəzdində fəaliyyət göstərən gənc şairlər dərnəyinin sədri olmuşdur. Moskva ədəbi mühitinin tanınmış simalarından olan Afaq Şıxlı Azərbaycan ədəbiyyatında yetkin qələm sahibi kimi imzası oturuşmuş, peşəkar poetik mövqeyi təsdiqlənmiş, zəhmətkeşliyi sayəsində istedadının barını-bəhrəsini araya-ərsəyə çıxarıb, oxuculara təqdim edə bilmiş püxtə şairdir. O, hazırda çoxsaylı şeir, hekayə və publisistik yazıların müəllifidir. Azərbaycan, türk, tatar, tuva, yapon dillərində işıq üzü görmüş 12 orijinal kitabı vardır: "Qəlbimin dedikləri", "Araz", Bakı, 2003. 108 s.; "Sevərsənmi?", "Xəzər", Bakı, 2005. 100 s.; "Məndən uzaqda" , "Xəzər", Bakı, 2008. 108 s.; "Səni düşünürəm...", "Adiloğlu", Bakı, 2012. 132 s.; "Ömrümün beşinci fəsli" , "Şirvan", Bakı, 2013. 180 s.; "Sənə demədiklərim", "Vektor", Bakı, 2015. 200 s.; "Bəzən olur", "AYBKitab", Bakı, 2020. 156 s.; "Dostlarım, bana da bahar gönderin!" Türk dilində. Tərcümə edəni: İmdat Avşar. "Şiir vakfı yayınları", Kayseri, 2013. 208 s.; "Duet of Sakura" - ("Sakura dueti"). Yapon dilində. Tərcümə edəni: yapon şairəsi Mariko Sumikura. "Junpa books", Yaponiya, 2017. 160 s.; "Gurbet rüzgarları" - ("Qürbət rüzgarları"). Türk dilində. Tərcümə edəni: müəllif. "Akıl-Fikir Yayınları", İstanbul, 2019. 144 s.; "Kaspiy dalay çalqıı-bile" - ("Xəzərin dalğalarında"). Şeirlər. Tuva dilində. Tərcümə edəni: Saylıkmaa Kombu. Tuva Respublikası, RF. "Kızıl", 2019. 68 s.; "Bəxet yıldızı" - ("Bəxt ulduzu"). Şeirlər. Tatar dilində. Tərcümə edəni: Asiya Rəhimova. Redaktor və Ön sözün müəllifi: Tatarıstanın xalq yazıçısı Rkail Zaydulla. "Yazıçı", Kazan, 2025. 124 s. Bundan əlavə, Afaq Şıxlı müxtəlif kollektiv toplularda, almanaxlarda, qəzet və jurnallarda dərc olunan çoxsaylı şeir və hekayələrin müəllifidir.
Şairə həm də rus, macar, vyetnam, yapon, ukrayna, özbək, qazax, tatar, yakut, tuva, başqırd və digər xalqların ədəbiyyatından doğma dilimizə çoxsaylı bədii tərcümələrin zəhmətini çəkib. Onun tərcümə etdiyi şairlər fərqli poetik məktəblərin, ədəbi cərəyanların, zaman və məkanların fərqli talelərə məxsus tanınmış nümayəndələridir. Belə olan halda tərcüməçidən parlaq istedad, zəngin poetik bilgi, dərin intellektual yanaşma, yüksək şair peşəkarlığı və gərgin yaradıcı zəhmət tələb olunur. Moskvalı azərbaycanlı şairəmiz bütün bu tələblərə məharətlə cavab verərək, dünyanın bir çox şairlərinin seçmə poetik örnəklərini əsl sənətkarlıqla, orijinala tam adekvat şəkildə dilimizə tərcümə edib oxucularını barındıra bilmişdir. Onun tərcümə etdiyi şairlərin adlarına diqqət edək: rus klassik ədəbiyyatının məşhurları - Qavriil Derjavin (1743-1816), Fyodor Tütçev (1803-1873), Osip Mandelştam (1891-1938), Sergey Yesenin (1895-1925), Anna Axmatova (1889-1966), Marina Svetayeva (1892-1941), Lev Qumilyov (1912-1992), İosif Brodski (1940-1996); müasir rus şairləri - Aleksandr Ananiçev (1970), Andrey Vasilyevski (1955), Yevgeni Çiqrin (1961), Yelena Kuzmina (1956); türk şairləri İmdat Avşar (1967) və Yakup Öməroğlu (1966-2024); Macarıstan şairi Attila F. Balaj (1954); vyetnamlı May Van Fan (1955); özbək şairəsi Xasiyyət Rüstəm; yakut Natalya Xarlampiyeva (1952); tuvalı Saylıkmaa Kombu (1960); qazax şairləri Janat Əskərbəy (1966) və Makpal Mısa (1983); tatar şairləri Rıfat Saleh (1987) və Fənil Qıyləjev (1987); başqırd şairəsi Gülnaz Kutuyeva (1974) və başqaları.
Rus dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən rus dilinə çevrilmiş bir neçə irili-xırdalı bədii tərcümə kitabı da Afaq Şıxlının yaradıcı əməyinin məhsuludur. Onun öz əsərləri isə rus, türk, tatar, özbək, qazax, latış, vyetnam, yapon və alman dillərinə tərcümə olunaraq Rusiyada, Türkiyədə, Tatarıstanda, Özbəkistanda, Qazaxıstanda, Latviyada, Vyetnamda, Yaponiyada, Almaniyada dərc edilmişdir. Şairə, əsasən, Azərbaycan dilində yazır, fəal və davamlı şəkildə rus dilindən Azərbaycan dilinə, ara-sıra Azərbaycan dilindən rus dilinə şeirlər tərcümə edir, eyni zamanda son vaxtlar qələmini rus dilində də uğurlu orijinal şeirlər yazmaqla sınaqdan keçirir.
Afaq Şıxlı qibtə ediləcək qədər səfər, səyahət sevən insandır. Müxtəlif ölkələrdə, yaxın-uzaq şəhərlərdə keçirilən konfranslarda, festivallarda, simpoziumlarda, qurultaylarda iştirak etməkdən, ədəbiyyatımızı layiqincə təmsil və təbliğ etməkdən nə yorulur, nə usanır, nə ərinir. Onun həvəslə qoşulduğu ədəbi tədbirlərin coğrafiyası olduqca genişdir: "Voloşin sentyabrı" simpoziumu (Koktebel, 2012); "Uluslararası Çanakkale Şiir Akşamları" (Türkiyə, Çanaqqala, 2013, 2014); "Çan Belediyesi Şiir Şöleni" (Türkiyə, 2013); "Şairlər Günü" beynəlxalq festivalı (Azərbaycan, 2010-2016); "Uluslararası Eskişehir Yunus Emre Kültür ve Şiir Haftası" (Eskişehir, Türkiyə, 2013); Dünya Gənc Türk Yazarlar Birliyinin Qurultayı (Bakı, 2013); DGTYB Beynəlxalq Ədəbi Konfransı (Bakı, 2013); Azərbaycan Yazıçılar Birliyinin XII Qurultayı (Bakı, 2014); "Poeziyanın dili - dostluğun dilidir", Rus-Azərbaycan Poeziya Festivalı (Moskva, 2015); "Poeziya sərhəd tanımır", Poeziya Festivalı (Moskva, 2016); "Qabdulla Tukay və türk dünyası" Beynəlxalq Elmi-Praktik Konfransı (Kazan, 2016); "Fizika və lirika" Beynəlxalq Konfransı (Dubna, 2018); "Ulu qarın lütfü" V Beynəlxalq Konfransı (Saxa-Yakutiya, 2019)); AYB XIII Qurultayı (Bakı, 2022) və s.
Moskvadakı Azərbaycan ədəbi-mədəni mühitinin ən fəal, ən yorulmaz qələm sahiblərindən olan Afaq Şıxlının doğma dilimizdə yazıb-yaratdığı şeirləri dünya gözəlliyinin geniş mənzərəsini canlandıran yüksək bədii siqlətli poetik örnəklərdir. Bu əsərlər mövzu və məzmun baxımından birbaşa mədəniyyətlərin dialoquna xidmət edən layiqli nümunələrdir.
Uzun müddət Moskvada yaşayan şairə ədəbiyyatların qarşılıqlı əlaqəsindən, SSRİ paytaxtının daimi sakinləri olan həmvətənlərimizin o zamankı durumundan danışanda Moskvanın və rus dilinin müsbət rolunu obyektiv şəkildə, ehtiramla xatırlayır, lakin hazırkı dövrün anlaşılmazlıqlarını təəssüflə qeyd edir: "Sovet dövründə Moskva azərbaycanlılar üçün elə də yad şəhər deyildi... O vaxtlar bu şəhər bizim ikinci paytaxtımız, rus dili isə ikinci ana dilimiz sayılırdı. Fəqət adam indiki zamanda baş verən bəzi milli ayrı-seçkiçiliyi anlamaqda çətinlik çəkir..." (Afaq Şıxlı: "Mı - gto malenğkiy Azerbaydjan posredi Moskvı" [Glektronnıy resurs]. Rejim dostupa: http://azj.rus4all.ru/city_msk/20130117/723752474.html)
Afaq Şıxlının yaradıcılığında məhəbbət və vətənpərvərlik mövzusu qırmızı xətlə keçir, xüsusi yer tutur. Şairənin bütün yaradıcılığı əsasən iki poetik çeşmədən qaynaqlanır, iki poetik mifdən rişələnir: "sevgi" və "qürbət". Bu mövzular poeziya aləmində əsrlərin sınağından çıxmış, oxucu tərəfindən asanlıqla, inamla qarşılanan, qeyd-şərtsiz təqdir olunan poetik atributlardır. Afaq Şıxlı hər iki mövzunu son dərəcə səmimi hisslərlə, tam real cizgilərlə, şübhə yeri qalmayan inandırıcılıqla və aludəçiliklə işləyib, zərgər dəqiqliyi və səbrilə cilalayıb, əlçatmaz mif zirvəsinə qaldırıb, oxucularını da yaratdığı bu poetik miflərin süzgəcindən keçə-keçə araya-ərsəyə gələn, boy verib pərvazlanan mükəmməl şeirlərindəki məğzə, mahiyyətə uğurla inandıra bilib. Şairə poetik yaradıcılığında əbədi sevgi-məhəbbət və qərib-qürbət mövzusunun bütün nüanslarını ən xırda detallarına qədər incələyir və nəticədə poetik möcüzəyə nail ola bilir. Onun lirik qəhrəmanı öz aşiqinə sədaqət haqqında yüksək əxlaqi tələbini son dərəcə aydın şəkildə çatdırır. O, inanır ki, sevgidə sadiqlik hər bir insan üçün ən mükəmməl mənəvi zirvədir. Aşiqlər yorulmadan bu zirvəyə can atmalıdırlar, çünki tam xoşbəxtlik və qəlblərin harmoniyası məhz bu yüksəklikdədir. Məhəbbət - ən zərif çiçək və ən kövrək ilahi yaradılışdır. Ehtiyatsızlıq, xəyanət onu məhv edə bilər və o zaman bu ilahi duyğunu heç nə ilə sağaltmaq, heç cür yenidən oyatmaq mümkün olmaz. Beləliklə də, bütün yerdə qalan ömür mənəvi iztirablarda və ruhi əzablarda keçər. Psixoloji cəhətdən əsaslandırılmış belə poetik xəbərdarlıqlar tamamilə inandırıcı səslənir və öz oxucularını dərindən düşünməyə çağırır:
Unutma, mən səni sevirəm hələ,
Bu sevgi azalmır, artır günbəgün.
Qayıdıb bir daha dönməsən belə,
Ruhum qovuşacaq ruhuna bir gün.
Sən yağış ətirli, Günəş nəfəsli,
Qəlbimdə ötəri naxış deyilsən!
Sən mənim ömrümün beşinci fəsli,
Nə bahar deyilsən, nə qış deyilsən...
(Afaq Şıxlı: "Mı - gto malenğkiy Azerbaydjan posredi Moskvı" [Glektronnıy resurs]. Rejim dostupa: http://azj.rus4all.ru/city_msk/20130117/723752474.html)
Afaqın vətən mövzulu şeirlərinin əksəriyyəti qərib-qürbət ellərdə doğma diyarın, doğma ocağın, bütövlükdə Vətənin həsrətindən yaranıb və belə şeirlərin ovqatı dominant xarakter daşıyır, qürbətin şairə tərəfindən ucaldılmış mifik zirvə səviyyəsinə qalxır, könülləri riqqətə gətirir, beləliklə, söz sahibinin sözünə yəqinlik hasil olur, sonsuz inam yaranır. Nəticədə çəkilən poetik zəhmət öz bəhrəsini vermiş olur, şairə istəyinə çatır, xiffətini oxucusu ilə bölüşə bilir:
Vətən, qayıtmışam qoynuna yenə,
Qurbanlar kəsərəm bu gözəl günə.
Öpüm torpağını mən dönə-dönə,
Saflığım, paklığım, iffətim, salam!
...Sübh çağı dağları bürüsün duman,
Yatmayım gecəni, itməsin zaman.
Yaman darıxmışam, mən sənsiz, yaman...
Mənim Vətən adlı sərvətim, salam!
(Afaq Şıxlı. Səni düşünürəm...
Bakı, "Adiloğlu", 2012. S.9. 132 s.)
Afaq Şıxlının bütün şeirləri kamil sənətkar qələmindən çıxan yetkin və dolğun poetik nümunələrdir. Şairənin dilində, zərrəbinlə aransa belə, kələ-kötür, cilalanmamış, yerinə düşməyən çıxdaş bir sözə, ifadəyə rast gəlmək müşkül məsələdir. Sözümə söykək üçün onun "Ömrümün beşinci fəsli" kitabının Ön sözündən ustad şairimiz, unudulmaz Məmməd İsmayılın (1939-2025) bir deyimini tutalqac etmək istərdim: "Ədəbiyyat dil hadisəsidir. Hər şeydən əvvəl Afaqın əsərlərində mükəmməl, coşqulu və axıcı bir dilin varlığı razılıq doğurur. Onun misralarındakı hər söz canlı, yerində və dipdiridir." (Afaq Şıxlı. Ömrümün beşinci fəsli. Bakı, "Adiloğlu", 2013. S.4. 180 s.)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
