TEAS Press tərəfindən təşkil olunan Gənclərin III Roman Müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Libraff mağazalar şəbəkəsinin “Park Akademiya” filialında baş tutan tədbirdə ədəbiyyatsevərlər, müəlliflər, media nümayəndələri və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə aparıcı Aysel Zahidqızı açaraq iştirakçıları salamlayıb, müsabiqənin məqsədi və gənc müəlliflərin yaradıcılığının dəstəklənməsində oynadığı rol barədə məlumat verib.
Daha sonra müsabiqənin münsifləri - ədəbiyyatşünas, tərcüməçi, redaktor Seyfəddin Hüseynli, filologiya üzrə fəlsəfə doktoru, dosent Əminə İbrahimova və ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid çıxış edərək müsabiqəyə təqdim olunan əsərlər, seçim prosesi və gənc yazarların Azərbaycan ədəbiyyatına gətirdiyi yeni baxışlar haqqında fikirlərini bölüşüblər.
Mərasim çərçivəsində əvvəlki illərin qalibləri olan Xan Həsən və Əşrəf Əşrəfov da çıxış edərək müsabiqənin onların yaradıcılıq fəaliyyətinə təsirindən danışıb, yeni iştirakçılarla öz təcrübələrini bölüşüblər.
Daha sonra müsabiqənin qalibləri elan olunub, qaliblərə mükafatları münsiflər təqdim edib. Müsabiqənin qalibləri aşağıdakı kimi müəyyənləşib:
I Yer – Vasif Zahidov – “Qaracağların köklərindəki pıçıltı” romanı
II Yer – Seymur Həmzəyev, “Gələn dəfə kral sənsən” romanı
III Yer – Zamiq Cəfərli, “Əncir ağacı” romanı
Artıq üçüncü dəfə keçirilən Gənclərin Roman Müsabiqəsi yeni müəlliflərin üzə çıxarılması, müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfə verilməsi və gənclərin yaradıcılıq potensialının təşviq olunması istiqamətində mühüm platforma kimi fəaliyyətini davam etdirir. Qeyd edək ki, birinci yerin qalibinə 3000 AZN və kitabın çap edilməsi, ikinci yerin qalibinə 2000 AZN, üçüncü yerə isə 1500 AZN pul mükafatı təqdim edilib.
Tədbir furşet, musiqi proqramı və iştirakçıların qeyri-rəsmi ünsiyyəti ilə başa çatıb.

.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
