"Uğursuz" Ceyn Ostin - Cahanxanım Seyidzadə - Cahan SEYİDZADƏ

Cahan SEYİDZADƏ

"Obrazlarım kiçik sıxıntılardan sonra arzuladıqları hər şeyə sahib olacaqlar." Ceyn Ostin

Minimalizmlə bağlı araşdırma apararkən çox maraqlı bir cümlə diqqətimi çəkmişdi: "Həyatda ən böyük xoşbəxtlik itirməkdir, yəni məğlub olmaq". Bu cümləyə daha gənc yaşlarımda rast gəlmiş olsam, mahiyyətini anlamaz, inkar edər və əksini sübuta yetirmək üçün çoxlu dəlillər (əsassız) gətirərdim. Lakin indi az da olsa, anlayıram, itirmək, doğrudan da, bəzən tapmaqdır. Və ya məğlub olmaq, əslində, qalib gəlməkdir. Çünki istənilən halda məğlubiyyət və itki bizə yenidən ayağa qalxmaq, qalib gəlmək üçün təcrübə və vasitələri də gətirir. Sənin məğlubiyyətin böyük bir qələbəyə çevrilə bilər, əgər anlaya bilsən...

Hər zamankı melanxolikliyimə, eləcə də sufi ədəbiyyatına olan sevgimə sadiq qalaraq Şəms Təbrizidən misal gətirməyi özümə borc bilirəm: "Üzülmə, bu gün olmadı deyə ağladığın bir şeyə, gün gələr olmadı deyə sevinərsən".

Haqqında danışacağım müəllifin eynilə Şəms Təbrizinin dediyi kimi gənc yaşında yaşadığı uğursuz sevgi hekayəsinə nə vaxtsa - daha yetkin vaxtlarında sevinib-sevinmədiyini dəqiq deyə bilmərəm, lakin həmin uğursuzluğun ona sonradan böyük uğurlar qazandırması, şübhəsiz ki, gerçəkdir. Təbii ki, Ceyn Ostinin yaşadığı talesizliyi sufizmə və Şəms Təbriziyə gətirib çıxarmağım absurd görünə bilər. Nə qədər absurd görünsə də, müdafiə etməyə çalışdığım fikrin fərqli forması bu güclü qadının həyatından da yan keçməyib. Bəli, söhbət 20 yaşında yaşadığı uğursuz sevgi hekayəsindən sonra bir-birindən maraqlı və uğurlu əsərlər yazan məşhur ingilis yazıçısı Ceyn Ostindən gedir. Ceyn Ostinin bioqrafiyasını yazıb mövzunu uzatmaq istəmirəm, çünki vikipedik materialları istənilən yerdə tapmaq olur.

Ceyn Ostini, adətən, yaşadığı uğursuz sevgiyə rəğmən bütün əsərlərini xoşbəxt sonluqla bitirən yazıçı kimi tanıyır və təqdim edirlər. Bu hər zaman belədir. Yazıçı və ya şair nə qədər uğur qazanırsa-qazansın, insanların maraq dairəsində həmin adamın şəxsi həyatı, yaşayış tərzi, hər hansı qeyri-adi davranışı, faciəli taleyi daha çox dayanır. Yazdığı əsərlərdən daha çox müəmmalı həyatı ilə daim diqqət mərkəzində olan Tomas Pinçonu buna nümunə gətirmək olar.

Ceyn Ostin də taleyi əsərlərinə olduğu kimi, oxucularına və onların münasibətinə təsir edən yazıçılardandır. Oxucuları da onu belə xatırlamağı və barəsində danışarkən bu cümləni mütləq qeyd etməyi özlərinə borc bilirlər: "Özü sevdiyi adama qovuşa bilməsə də, bütün əsərlərində bir-birini sevən gənclər qovuşur və əsər xoşbəxt sonluqla bitir".

Əminliklə deyə bilərəm ki, dünyanın hansı yerində Ceyn Ostin barədə maraqlansaq, bu məlumatı mütləq eşidə bilərik. Elədir ki var, Ceyn sevdiyi adamdan ayrıldıqdan sonra qələm-dəftərini götürüb otağının bir küncünə çəkilir və bir-birindən maraqlı 6 roman yazır. Zamanının bəzi məhrumiyyətlərinə baxmayaraq, təhsil aldığı üçün çox şanslıydı. Bu ona öz daxili dünyasını və bu dünyanın qəhrəmanlarını təsvir etməsinə, eləcə də yaşadığı duyğusal təlatümlərin ifadəsinə imkan yaradırdı.

Bəs görəsən, Ceyn Ostinin sevdiyi adam kim idi, onların sevgisi niyə baş tutmamışdı?!

Əslində, bu hər kəs tərəfindən bilinən əhvalatdır: Zəngin oğlan, kasıb qız. Bu hekayənin əvvəli də, sonu da bəllidir. Atası olmadığına görə Lord olan əmisinin himayəsində böyüyən Tom Lefroy Londonda hüquq təhsili alırdı. O, bir neçə müddətliyinə Ceynin yaşadığı şəhərə gəlir. Burada onların sevgisi başlayır. Lakin tezliklə aralarında olan təbəqə fərqi ayrılmalarına səbəb olur. Daha sonralar Tom Lefroy əmisinin basqısı ilə zəngin və əsilzadə bir qadınla ailə həyatı qurur. Ceyn isə həyatının sonuna kimi evlənmir. Onlar ayrılsalar da, Tom Lefroy 1802-ci ildə doğulan qızına Ceyn adını verir. Daha yaşlı vaxtlarında bu münasibət barədə danışan Tom Lefroy "uşaqcasına bir sevgi idi" desə də, Ceynin ölümü zamanı onun dəfninə getməyi özünə borc bilir. Ceyn Ostin də əzablı sevgisinə qarşı soyuqqanlı olmağa çalışır, bacısına yazdığı məktubunda Tomu "kişilərin ən dözülməzi, özünübəyənmişi və ədəbsizi" kimi təsvir edirdi. Lakin yenə də bacısına etirafında onu "sahib ola biləcəyim hər şey" adlandırırdı.

Ceyn Ostin bütün əsərlərində İngiltərədə orta sinif insanının yaşantılarını və sevgisini ən dərin müşahidə və psixoloq gözüylə təsvir edirdi. Təsadüfi deyil ki, onu zamanının ən yaxşı psixoloqu adlandırırlar.  Bu əsərlərdə qadın obrazları daha çox diqqət çəkir. Lakin eyniyyətdən daim qaçan Ceyn bir-birini təkrarlayan qadın obrazları əvəzinə bir-birinin əksi olan məğrur, qürurlu Elizabet obrazı ilə yanaşı zarafatcıl, uşaq təbiəti ilə seçilən Emma obrazını da yaratmışdı. "Sense and Sensibility" ("Ağıl və duyğu") əsərini isə sevimli bacısı Kassandra Austen və onun uğursuz sevgisi haqqında yazmışdı. Austen ailəsi qadınlarının sevgi cəhətdən bəxti gətirməmişdi və Kassandra da bacısı kimi ömrünün sonuna qədər ailə qurmamışdı. Lakin Ceyn yaşadığı uğursuzluğu yüzillərlə davam edəcək uğura çevirə bildi.

Şübhəsiz ki, Ceyn Ostini daha çox "Qürur və qərəz" romanına görə tanıyırlar. Çünki o, burada, sevgilisi Tom Lefroyun obrazını yaratmışdı. Əsər məğrur, sevgiyə inanmayan Elizabet (Liza) ilə ən az onun qədər qürurlu və əsilzadə olan cənab Darsinin sevgisindən bəhs edir. Təbii ki, əsərdə əsilzadə və yüksək təbəqəyə aid olan Darsi Tomu təmsil edirdi. Yəqin ki, Tom Lefroy cənab Darsi qədər ideal deyildi, görünür, Ceyn sevgilisini öz gözündən gördüyü kimi təsvir etmişdi. Necə deyərlər, "Leyliyə Məcnunun gözü ilə baxmışdı". Sadə bir ailənin qızı olan Elizabet də cənab Darsinin önündə qürurlu olmağa, nə olursa-olsun, sevgidən qaçmağa çalışır. Lakin əsərin sonunda hər iki qəhrəman öz qürurlarından vaz keçərək bir-birlərinə olan sevgilərini etiraf edirlər. Və əsər Ceynin həyatından fərqli olaraq xoşbəxt sonluqla bitir.

42 illik həyatına altı roman və bir neçə əfsanəvi hekayələr sığdıran Ceyn Ostin müasir zamanın insanında melanxolik və nostalji duyğular yaratmağı hələ də ustalıqla bacarır. Ceyn Ostinin sevgi romanları tipik sevgi romanlarından fərqlənir. Çünki burada təkcə sevgi münasibətləri deyil, sadə insanların gündəlik həyat tərzləri, yaşamları içdən bir səmimiyyətlə, açıqlıqla ifadə olunur. Bu səbəbdəndir ki, Vircinia Vulf onun haqqında deyirdi: "Ceyn Ostin böyüklüyü anlaşıla bilən ən çətin yazarlardandır". Yəni, onun əsərlərinə bəsit sevgi romanı damğası vuraraq səthi yanaşmaq və Ceyn Ostin yaradıcılığının ciddiyyətinə vara bilməmək günah olar.

Ceyn Ostin haqqında çəkilmiş "Becoming Ceyn" ("Ceyn Olmaq") filmində Tom Lefroy Ceyni yaşamadıqlarını yazmaqda və buna görə də əsərlərinin süni olmasında günahlandırır. Əsl sevgini dadmadan sevgi romanı yazmağın absurd olduğunu bildirir. Ceyn əvvəldə Tomla razılaşmasa da, onu sevəndən və ayrıldıqdan sonra sevgilisinin nə deməyə çalışdığını anlayır. Bundan sonra yaşadığı duyğuları əsərlərində daha aydın, anlaşıla bilən səmimiyyətlə ifadə etməyə başlayır. Demək ki, Ceynə böyük bir xəyal qırıqlığı yaşadan, əzab çəkdirən Tom Lefroy həm də ona həyatının ən böyük mükafatını vermişdi:  İstedadlı yazıçı olmaq və əsrlərlə sevilərək xatırlanmaq! Yəni, itirərək qazanmaq!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!