Arqumentativ mətn mövzusunun Azərbaycan dili dərsliklərində tədrisi: uyğunsuzluqlar və akademik əsasları - Könül Aydın NƏHMƏTOVA

 

Azərbaycan dili fənn kurikulumunun təkmilləşdirilməsi ilə fənnin məzmununa bir sıra yeni elmi-nəzəri mövzular daxil olmuşdur ki, bunlardan biri də yazı növu kimi təqdim edilən arqumentativ mətndir. Təkmilləşdirilmiş Azərbaycan dili kurikulumu Massaçusets İngilis dili kurikulumu (English Language Arts and Literacy) əsasında yazılmışdır və kurikulum çərçivə sənədində mətnin növləri məhz bu proqrama əsasən təsnif edilmişdir və bu təsnifata arqumentativ mətn də daxildir. (Sənədin yazılmasında müəyyən müddət iştirak etdiyim üçün şahid olaraq, qeyd edirəm - K.N.) Sənədləri qarşılaşdırdıqda və Azərbaycan dili dərsliklərində mövzunun izahını nəzərdən keçirdikdə anlayışın təhrifi və standartlar arasında uyğunsuzluqlar açıq şəkildə özünü göstərir. Nümunə olaraq istifadə olunmuş sənəddə mövzu ilə bağlı standartların tərcümə zamanı dəqiq ifadəsini tapmaması Azərbaycan dilində anlayışın yanlış qavranılmasına səbəb olmuşdur.

Arqumentativ mətn anlayışı həm milli, həm də beynəlxalq təhsil sistemlərində mühüm yer tutsa da, onların təqdimat forması və nəzəri dərinliyi fərqlənir. Azərbaycan təhsil sistemində bu anlayış daha çox ilkin yazı bacarıqlarının formalaşdırılmasına yönəlmişdir, halbuki beynəlxalq kurikulumlarda o, tənqidi düşünmə və dialektik analiz bacarığının inkişafı kimi daha geniş kontekstdə nəzərdən keçirilir. Arqumentativ mətn anlayışının Azərbaycan dili dərsliklərində təqdimatını təhlil etmək və onu beynəlxalq kurikulum yanaşmaları ilə müqayisə etmək onun elmi-nəzəri əsaslarını müəyyənləşdirmək üçün zəruridir. Bu istiqamətdə tədqiqat həm tədris prosesinin keyfiyyətinin qiymətləndirilməsi, həm də yazı bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Arqumentativ yazı müasir təhsil sistemində şagirdlərin tənqidi düşünmə, məntiqi əsaslandırma və akademik ünsiyyət bacarıqlarını formalaşdıran əsas yazı formalarından biri kimi qəbul olunur. Massachusetts Department of Elementary and Secondary Education tərəfindən hazırlanmış 2017-ci il İngilis dili kurikulum çərçivəsində arqumentativ yazı sadəcə fikir ifadəsi kimi deyil, sübutlara əsaslanan, strukturlaşdırılmış və analitik düşüncə tələb edən akademik fəaliyyət kimi təqdim edilir. Bu yanaşma yazını sadə kommunikativ aktdan çıxararaq onu biliklərin əsaslandırılması və qiymətləndirilməsi prosesinə çevirir.

Bu kontekstdə arqumentativ mətnin mahiyyəti müəllifin müəyyən bir iddia irəli sürməsi və həmin iddianı məntiqi əsaslandırma və empirik sübutlar vasitəsilə müdafiə etməsi ilə müəyyən olunur. İddia mətnin semantik mərkəzi kimi çıxış edir və bütün arqumentativ strukturu istiqamətləndirir. Lakin kurikulumun yanaşmasında iddia təkbaşına kifayət etmir; onun elmi və akademik dəyəri yalnız sübutlarla dəstəkləndiyi halda formalaşır. Bu sübutlar faktlar, mənbələr, statistik göstəricilər və mətn əsaslı məlumatlardan ibarət ola bilər və onların əsas funksiyası iddianın obyektiv əsasını qurmaqdır.

Arqumentativ mətnin mühüm xüsusiyyətlərindən biri də əks arqumentlərin nəzərə alınmasıdır. Bu yanaşma arqumentativ yazını monoloji strukturdan çıxararaq onu dialoji və çoxperspektivli düşüncə mühitinə daxil edir. Şagirdlər yalnız öz mövqelərini deyil, eyni zamanda alternativ baxışları da təqdim etməli və onların məntiqi əsaslarını analiz etməlidirlər. Bu, yazının epistemoloji balansını gücləndirir.

Massaçusets kurikulum modelinin ilkin mərhələlərində (5-ci sinfə qədər) şagirdlərin yazı fəaliyyəti "Fikir yazıları" (Opinion pieces) kimi qruplaşdırılır. Bu səviyyədə təhsilin məqsədi uşağa öz şəxsi mövqeyini və seçimlərini sərbəst ifadə etməyi, həmçinin "çünki" bağlayıcısından istifadə edərək bu mövqeyi şəxsi səbəblərlə dəstəkləməyi öyrətməkdir.

Bu mərhələdə şagirddən obyektivlik, elmi neytrallıq və ya fərqli baxış bucaqlarının təhlili tələb olunmur. Burada aparılan fəaliyyət tam mənası ilə "fikrin birtərəfli isbatı" prosesidir. Şagird yalnız öz seçdiyi tərəfi haqlı çıxarmaq üçün mətn daxilindən ilkin faktlar gətirir. Bu mərhələ gələcəkdə akademik yazı növlərinə keçid üçün zəruri olan təməl prinsipləri formalaşdırır.

Şagird ibtidai sinif mərhələsindən yuxarı siniflərə doğru irəlilədikcə, kurikulumda nəqledici (hekayə) və subyektiv xarakterli mətnlərin çəkisi azaldılır, analitik və sübuta əsaslanan yazıların payı artır (12-ci sinifdə bu nisbət rəsmən 40% təşkil edir). Orta məktəb səviyyəsində son hədəf şagirdin müstəqil olaraq arqumentlər qurmaq və yazmaq (Write arguments) bacarığına yiyələnməsidir.

Həqiqi arqumentasiya birtərəfli təbliğat və ya sadəcə, inandırma texnikası deyil, elmi-fəlsəfi təfəkkürə əsaslanan bir düşüncə formasıdır. 7 və 8-ci siniflərin standartlarında aydın şəkildə təsbit olunduğu kimi, əsl arqumentativ yazı yalnız o zaman aparılır ki, şagird:

Mövzuya çoxaspektli yanaşmağı bacarsın;

Mətndə alternativ və ya qarşı tərəfin iddialarını (counterclaims) qəbul edib öz mövqeyindən fərqləndirsin;

Həmin qarşı iddiaları etibarlı mənbələrdən gələn yetərli sübutlarla analiz edərək məntiqi şəkildə təkzib etsin.

Bununla da orta təhsilin sonunda formalaşan arqumentasiya bacarığı şagirdi subyektiv mülahizəçi səviyyəsindən çıxarıb, akademik neytrallığı qoruyan tədqiqatçı səviyyəsinə qaldırır.

Azərbaycan dili fənninin məzmunu çərçivəsində arqumentativ mətn anlayışı "Təkmilləşdirilmiş Azərbaycan dili fənn kurikulumu" və 6 və 7-ci sinif "Azərbaycan dili" dərslikləri və həmin siniflər üzrə müəllimlər üçün hazırlanmış metodik vəsaitlər vasitəsilə təqdim olunur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş bu tədris materiallarında arqumentativ mətn "müəllifin müəyyən bir mövqeyi müdafiə etdiyi və bu mövqeyin arqument və sübutlarla əsaslandırdığı mətn növü" kimi izah edilir (Azərbaycan dili, 6-cı sinif, s. 118-120; 7-ci sinif, s. 132-134). Kurikulum sənədində isə yazılır: "Arqumentativ mətn oxucunu hər hansı fikrə inandırmaq məqsədi daşıyan və bu fikri arqumentlərlə əsaslandıran mətndir". Bu təriflərdən aydın görünür ki, Azərbaycan dili fənninin tədrisində arqumentativ mətnin əsas funksiyası inandırmaq üçün əsaslandırma üzərində qurulmuşdur. Dərsliklərdə arqumentativ mətnin strukturu sadə şəkildə təqdim olunur. Adətən, bu struktur üç əsas hissədən ibarət təqdim edilir: giriş, əsas hissə və nəticə. Girişdə mövzu təqdim edilir və tezis ifadə olunur, əsas hissədə arqumentlər və onlara dair sübutlar verilir, nəticə hissəsində isə ümumi fikir yekunlaşdırılır və mövqe bir daha təsdiqlənir (6-cı sinif metodik vəsait, s. 85-87). Bu yanaşma şagirdlər üçün ilkin yazı bacarıqlarının formalaşdırılması baxımından əlverişli hesab olunsa da, strukturun sadələşdirilmiş forması bəzi akademik komponentlərin kifayət qədər inkişaf etdirilməməsinə səbəb olur.

Azərbaycan dili fənn kurikulumunda bu yazı növünə verilən "oxucunu hər hansı fikrə inandırmaq məqsədi daşıyan mətn" tərifi, əslində, arqumentativ mətni deyil, daha çox inandırıcı (persuasive) yazını xarakterizə edir. Bu fundamental fərqin gözardı edilməsi şagirdlərdə tənqidi təfəkkürün deyil, təsdiqləmə qərəzinin formalaşmasına şərait yaradır.

Beynəlxalq akademik standartlarda arqumentativ mətnin nüvəsini ziddiyyətli bir məsələnin elmi-məntiqi həlli təşkil edir. Burada əsas məqsəd yalnız öz mövqeyini sübut etmək deyil, həm də alternativ baxış bucaqlarını (counter-arguments) nəzərə almaq, onları rasional süzgəcdən keçirmək və lazım gəldikdə təkzib etməkdir. Azərbaycan dili fənn kurikulumuna görə isə, əks arqumentlərin gətirilməsi ilə yazılan mətn arqumentativ mətnin növudur: belə mətnlərin daha mürəkkəb növlərindən biri də müəyyən bir problemlə bağlı müxtəlif baxış bucaqlarının əks olunduğu polemik mətnlərdir. Belə mətnlər üzrə iş apararkən şagirdlər rasional arqumentləri 3 emosional arqumentlərdən fərqləndirməyi və problemlə bağlı düzgün nəticə çıxarmağı bacarmalıdırlar.

6-cı sinif Azərbaycan dili dərsliyində yer alan "Danışan ilmələr" mətni və ona verilmiş metodik tapşırıqlar bu problemin bariz nümunəsidir. Metodik vəsaitdə şagirdlərin müzakirə yolu ilə bu mətnin arqumentativ olduğu qənaətinə gəlməsi tələb olunur. Müəlliflər bunu müəllifin xalçanın türk xalçası olduğu fikrini dəstəkləməsi və arqumentlərlə əsaslandırması ilə izah edirlər. Lakin burada incə bir məqam qaçırılır: əgər bir mətn yalnız bir həqiqəti təbliğ edirsə və alternativləri elmi mübahisə predmetinə çevirmirsə, o, arqumentativ mətndən fərqli olaraq, inandırıcı publisistik mətn xarakteri daşıyır. Şagirdə "bu xalça türklərindir, gəl, bunu sübut edək" demək, onu araşdırmaçıdan çox, verilmiş bir hökmü müdafiə edən vəkilə çevirməkdir. Halbuki "Danışan ilmələr" mətni daxili strukturu etibarilə müəyyən səviyyədə bir arqumentativ silsilə qurmaq üçün material təqdim edirdi. Mətndə Pazırıq xalçasının mənsubiyyəti ilə bağlı İran, Çin və erməni iddialarının mövcudluğu qeyd olunur. Bu nöqtə arqumentativ mətnin başlanğıc nöqtəsi - yəni mübahisəli problemin təqdimatı olmalı idi. Şagirdə bu fərqli baxış bucaqlarını analiz etmək, hər bir tərəfin istinad etdiyi mənbələri müqayisə etmək və nəticədə elmi təhlillərin (ilmə texnikası, naxış kompozisiyası və s.) niyə məhz türk variantını daha etibarlı hesab etdiyini sübut etmək tapşırılsaydı, o zaman biz həqiqi arqumentativ yazı bacarığının formalaşmasından danışa bilərdik.

7-ci sinif metodik vəsaitində "Yeni dünyanın adı" mövzusunda verilən tapşırıq isə bu konseptual yanlışlığın daha mürəkkəb formasını nümayiş etdirir. Şagirdə "Sübut etmək istəyirsiniz ki, Amerikanın adlandırılması tarixi ədalətsizlikdir" şərtinin qoyulması, arqumentativ mətnin ruhuna zidd olan imperativ bir yanaşmadır. Arqumentativ yazı tapşırığı şagirdə əvvəlcədən tərəfi müəyyən edilmiş bir hökm diktə etməməli, əksinə, onu "Bu adlandırma ədalətlidirmi?" sualı ətrafında həm tərəfdar, həm də əleyhdar arqumentləri tərəziyə qoymağa sövq etməlidir. Mövcud tövsiyələr isə şagirdi yalnız "ədalətsizlik" hökmünə xidmət edən faktları seçib yığmağa məcbur etməklə, təfəkkürün azad inkişafını məhdudlaşdırır.

Nəticə etibarilə, kurikulum və dərsliklərdə arqumentativ mətn üçün təklif olunan metodik yol xəritəsi müasir təhsilin tənqidi düşüncə standartları ilə uyğunluq təşkil etmir. Struktur olaraq yalnız "giriş - əsas hissə - nəticə" silsiləsini təqdim edən, lakin bu zəncirə "əks arqument" və "təkzib" mərhələlərini daxil etməyən yanaşma şagirdi intellektual müstəqillikdən uzaqlaşdırır. Şagirdlərin beynəlxalq qiymətləndirmələrdə analitik mətnlərlə işləyərkən çətinlik çəkməsinin kökündə məhz bu metodik "birtərəflilik" dayanır. Arqumentativ mətnin tədrisi "inandırma" fokusundan çıxarılaraq, müxtəlif iddiaları rasional süzgəcdən keçirmək və elmi həqiqəti ziddiyyətlər içindən tapmaq bacarığı kimi yenidən formalaşdırılmalıdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!