Bir igid var idi... Elə indi də var... Və Azərbaycan var olduqca o da (bütün Vətən şəhidləri kimi) var olacaq.
Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan təyyarəçi, baş leytenant Yusif Yaqub oğlundan danışan "Bir igid var idi" kitabını - poemanı oxuyandan sonra ilk gəldiyim qənaət bu oldu. Əvvəla, torpaqlarımızın müqəddəsliyi uğrunda canından keçənlərə əbədi yaşam haqqını Tanrı verib. Hər dəfə Zəfərdən danışanda, hər dəfə Qarabağın dirçəldiyini görəndə, şübhəsiz ki, ilk yada düşən onlardı, bu öz yerində. Amma şəhid təyyarəçi, baş leytenant Yusif Yaqub oğlu Vəliyevi həmişə yaddaşlarda var edən bir gerçək də var. Otuz üç ildir onu sözlərində yaşadan, haqqında yüzlərlə şeir, neçə-neçə hekayə qələmə alan Arzu Nehrəmli gerçəyi... Yusifdən qalan yadigarı - qız balası Zübeydəni mərdanə böyüdən, Yusifdən sonra qalan bütün ağrı-acını təkbaşına, əzizləyə-əzizləyə çəkən, Yusifli günlərini əsərlərində yaşadan Arzu Nehrəmli... Bu da "Bir igid var idi" poeması...
Bir igid var idi, bir də göy səma,
Uçardı buluddan, buluddan uca.
Qartal qanadıyla yarıb səmanı,
Süzərdi, doymazdı göylər boyunca.
Poema xəyalən otuz il əvvəl Yusif-Arzu dastanının başlandığı xatirələrlə açılır. Xəyalların gücü bir də ondadır ki, nə vaxtsa yaşanmışları, yaşaya bilməyib arzu olunanları bir anda geri qaytara bilir. Xoş günlərin, sevdalı günlərin ömrünün nə qədər olacağını Yaradan bilər. Bu şərəfli, ağrılı, qürurlu ömrün bir tərəfində hər şeydən ucada dayanan Vətən eşqi, o biri tərəfində Yusif-Arzu eşqi var:
İndi başlayacam bir acı dastan,
Hədən başlayacam, demək çətindi.
Dastanın bu başı Vətən sevdası,
O başı ilahi məhəbbətindi.
1985-1990-cı illərdə Riqa Ali Hərbi Aviasiya Akademiyasında təhsil alan qəhrəmanımız, təhsinin başa vuran kimi doğma Naxçıvana, Nehrəm kəndinə qayıtdı, Naxçıvanda xidmət eləməyə başladı. Heç kimə sirr deyil ki, o vaxtlar ölkəmizdə ali təhsilli hərbi mütəxəssislərə böyük ehtiyac vardı və Yusif bu ehtiyacın cüzi bir hissəsini ödəyə biləcəyindən əminiydi. Ona görə də Vətən səmasından pərvaz eləməyə başladı.
Gəlirdin Vətənə quş qanadında,
Sən elə özün də odsan, ocaqsan.
Bir hikmət varıydı bu inadında,
Vətəni göylərdə qoruyacaqsan.
Gəlirdi elə Vətəni göylərdən qorumağa, Vətən səmasını düşməndən qorumağa. Qorudu və yaşadığı dastana dönmüş ömrü ilə qürur yerimiz oldu. Bütün bunları Arzu Nehrəmlinin qələmi ustalıqla təsvir edir. O, yaxşı bilir və oxucunu da bu gerçəyə inandırmaq istəyir ki, həqiqətən də, dünyada hər şey "Biri var idi"dən başlayır... Biri var idi və sonra taleyin ağılagəlməz işləkləri:
Hər ömür beləcə dönməz dastana,
Hər ömür cənnətə apara bilmir.
Ömür "Biri var"dan başlayır, amma...
Ömür "biri yox"la qurtara bilmir.
Zülmətin canından söküləmməz dan,
Bu dünya başıma dardı, - deyəcəm.
Hər dəfə bir ARZU öldü əzabdan,
Hər dəfə BİR İGİD VARDI, - deyəcəm.
Canından mətbəə qoxusu getməyən bu kitabı müəllifin əlində görüb almışam ondan, oxumuşam və hisslərimi vərəqlərə bölüşmək zərurəti duymuşam. Niyə "canından mətbəə qoxusu getməyən" deyirəm... Mən, bəlkə də Arzu Nehrəmlinin oxucuları arasında bu kitabı oxuyan birinci adamam. Çünki müəllif kitabın siqnal nüsxəsini alan günü bir təsadüfdən rastlaşdıq və əlindəki ilk nüsxəni görəndə "canından mətbəə qoxusu getməyən" kitabı oxumaq istədiyimi bildirdim. O da böyük sevgi ilə avtoqraf yazıb mənə bağışladı... Beləcə, birinci oxucusu oldum bu kitabın. Baxmayaraq ki, illərdir Arzu Nehrəmli bu taleyi yazır və biz oxucular şəhid təyyarəçi, baş leytenant Yusif Yaqub oğlu Vəliyevə, onun igidliklərinə bələdik. Buna baxmayaraq mən "Bir igid var idi" kitabında şəhid təyyarəçinin, eləcə də kitab müəllifi olan şəhidin həyat yoldaşı Arzu Nehrəmlinin hələ bizə məlum olmayan tərəfləri ilə tanış olacağıma inamlı idim.

Poemada təsvir olunan bu balaca cəmiyyətin (əslində böyük) - Yusif-Arzu - Zibeydə-Yaqub baba cəmiyyətinin böyüklüyünə bax. Bu balaca cəmiyyəti dünən də yaşadan, bu gün də var edən Vətən eşqinə bax:
Uca dağlarının başı qarlıdır,
Səntək igidləri dağ vüqarlıdır.
Yeri də, göyü də etibarlıdır,
Göylərdə sən varsan, yerdə biz varıq.
Poemanın strukturu da maraqlı qurulub. Bəzən bir xəyalın fonunda otuz il öncənin yaşantıları canlanır, bəzən sonradan olacaqları sanki əvvəlcədən duymaq kimi bir xətdən keçirsən.
Hər şey son gətirir elə bil indi,
Bu görüş də sondu, bu gediş də son.
Təklikmi düşünüb ürəyim dindi,
Görən, tez deyilmi bu gərdişdə son?!.
"Bir igid var idi" poemasında bir neçə yerdə nəsrlə kiçik hissələr də var. Oxuduqca viran olursan: "Hərbi zabit libasını geyinmiş Göylər Oğlu öz işində idi. Uçarkən geyindiyi döyüş paltarlarını götürüb, çantasını hazırlayırdı. Bu geyimdə Yusif gözümdə daha fərqli - qürurlu, ağayana, bir sözlə, "qabağından yeməyən" məğrur igid kimi görünürdü. Özümü saxlaya bilmədim: "Bu paltar sənə çox yaraşır, igidim!" - dedim. Elə bu anda çantadan bir şəkil çıxardıb, mənə uzatdı: "Al, qoy evə - igidinin şəklidir. Dünən çəkdirmişəm, lazım olacaq", - dedi.
Mən artıq şokda idim. Onun hərbi geyimdə, zabit paltarında çəkdirdiyi bu şəkli gözüm yuxuya dalanda İrəvanda, izdihamlı bir küçədə əsgərlərimizin əlində görmüşdüm. Deyəsən, onlar hansısa bir qəhrəmanı əbədiyyətə yola salırdılar. Çox qarışıq yuxu idi. Şəkil şəhid şəklinə bənzəyirdi, baxa bilmirdim".
Həmin şəkil qorundu, göz-bəbəyi kimi bu gün də qorunur:
Nələri andırır şəkil, nələri,
İstəsən köksünə qoy, danışacaq...
Mən hardan biləydim o gündən bəri
Yusifin yerinə o danışacaq?!
Bu da ayrılıq məqamı... Ömürlük ayrılığa, şəhidlik zirvəsinə aparan yolun başlanğıcı. Hər kəsin içində bir intizar var. Nədir bu intizarı yaradan... Olacaqlar xəbərdarlıqmı edir... Hamısı cavabsız (əslində cavablı) suallar... Yolun o başında şəhid olmaq da var. Sanki istəməyərəkdən hər kəs ayrılığı gözləyir:
Tələsmə, bir azdan açılır sabah,
Ayrılıqmı gəlir, eh, nə gündəyik...
Elə gözləyirik səhəri, Allah,
Elə bil ayrılıq həsrətindəyik.
O sabah açıldı. İgid təyyarəçini sevənləri yola salır. Gözlər dolsa da, hamı onu qürur hissi ilə yola salır. Bu səhər adi səhərlərə bənzəmir. Səhərin canında sanki bir əzəmət, bir şahanəlik var. Poemada şüuraltı qəbul olunası məqamlar çoxdur. Onu yola salanlar arasında hələ dil açmayan, doqquzaylıq körpəsi Zübeydənin dil açacağına içində bir inamı var Yusifin. Yola düşmək istəyəndə körpə ata deyə dil açdı. Bu, ancaq Yaradanın hökmü idi:
Səni yola salan eşqin səsiydi,
Elə bil gəlmişdi dolan gözüylə.
Bəlkə də Allahın möcüzəsiydi,
Qızımız dil açdı ata sözüylə.
...Və ondan sonra... Ondan sonra təyyarəçi Yusifin göylərdəki igidliyi başlayır. Yusif kimi qəhrəmanlarımızın var olduğu müddətdə Vətən səması etibarla qorunur və qorunacaq...
1992-ci il 12 may... O günün havası da, rəngi də bir başqa idi. Sanki alatoranlıq bütün günü səmadan çəkilmədi. Vətən səmasında düşmən hücumunun qarşısını alan igid təyyarəçi elə göylərdə şəhidlik zirvəsinə ucaldı...
Məşhur sosioloq, tarixçi, İslam tədqiqatçısı Əli Şəriəti deyib ki, "Dərd, rahatlıq üçün çalışan insanla kamillik üçün yaşayan insan arasındakı sərhədi müəyyənləşdirir". Nədənsə, onun bu fikri ilə Arzu Nehrəmlinin yaşadıqları arasında bir yaxınlıq görürəm həmişə. Arzu sanki həmin sərhədə gəlib çatıb, amma hələ də o rahatlığı tapa bilməyib. Kamillik məqamına gəlib çatsa da, rahat deyil. Çalın-çarpaz dolayların labirintində keçən illəri yaşamaq necə məşəqqətlidirsə, yazmaq ondan da yüklüdür. Bu labirintin hər xanasında, hər dolayında sanki suallar dayanıb, müəllifdən, bu ömrün yaşanmayan hissəsinin sahibindən cavablar gözləyir:
Ayrılıq öldürdü, bu necə örnək,
Sən necə qıyırsan məntək nigara?!.
Səni xatirədə, xəyalda görmək
...Nə qədər ağırmış, Pərvərdigara!
Bir yazıda böyük ağrıları təsvir edən bir bölmənin haqqında geniş məlumat vermək, bir kitabı tam əhatə etmək sadəcə olaraq mümkün deyil. Bunun üçün kitabın oxucusu olmaq lazımdır. Bu, eyni zamanda oxucuların haqqıdır, Arzu Nehrəmlinin oxucularının haqqı... Haqqınıza sahib durun...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
