Ötən əsrin 80-ci illərində Sabir Abdulla (Sabir Məmmədov) artıq özünü peşəkar şair hesab edir, bir az ədalı, bir az da təkəbbürlü davranışı ilə moskvalı azərbaycanlıların qələm adamları arasında seçilirdi. Tədbirlərin birində o, mənə yaxınlaşıb, ala-cantıraq bir qovluğu uzadaraq xüsusi ədayla dedi:
- Qardaş, al, mənim şeirlərimlə yaxından tanış ol. Hər dəfə mən şeir oxuyandan sonra qəmiş qoyursan, nöqsanlar deyirsən, mənə şairlik öyrətməyə can atırsan. - Hiss etdim ki, mənim xoşməramlı qeydlərimə Sabir düzgün yanaşmır, onun şeirlərindəki kələ-kötürlüyə, qafiyə, heca pozuntularına, bəzi-para fikir dolaşıqlığına diqqətini yönəltmək istəyimi qısqanclıqla qarşılayır. Müxtəsəri, qovluğu aldım və bir həftəyə oradakı şeirləri diqqətlə oxudum, hətta peşəkar redaktə işi aparıb, özünə qaytardım. Bir neçə gündən sonra telefonda Sabirin tam mülayim avazla səslənən minnətdarlığını eşitdim. Sonralar onun təkidli xahişilə 20-30 şeirdən ibarət kiçik bir qovluğunu böyük şairimiz Bəxtiyar Vahabzadəyə verdim və ustad qiymətini özünün bilavasitə eşitməsi üçün Sabiri ölməz söz sənətkarımızla tanış etdim. Bu görüş 1986-cı ilin mart ayında "Rusiya" mehmanxanasında, Dədə Bəxtiyarın lüks nömrəsində səxavətli bir süfrə arxasında baş tutdu. Ustadımız Sabir Abdullanın istedadlı şair olduğunu söylədi, həlimliklə məsləhətlərini verdi və şeirlərini cilalamağı, klassiklərimizi çox oxumağı tövsiyə etdi. Rəhmətlik Sabir Bəxtiyar müəllimlə unudulmaz görüşünü, onun tövsiyələrini, xeyir-duasını ömrünün sonunacan minnətdarlıqla xatırlayır, qiymətli ərməğan kimi qəlbində saxlayır, tez-tez həvəslə dilə gətirirdi...
Şair, tərcüməçi Sabir Abdulla - Məmmədov Sabir Abdulla oğlu 15 iyun 1950-ci ildə Şəki rayonunun Oraban kəndində anadan olmuşdur. Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) energetika fakültəsinin (1973) və Moskvadakı SSRİ Yazıçılar İttifaqının A.M.Qorki adına Ədəbiyyat İnstitutunun (1982) məzunudur. O, tanınmış rus şairi Vladimir Tsıbinin (1932-2001) seminarında məşğul olub. Rusiya Yazıçılar İttifaqının (1998) və Azərbaycan Yazıçılar Birliyinin (2005) üzvü olmuşdur. Beş orijinal və iki tərcümə kitabının müəllifidir. Rus dilindən Azərbaycan dilinə bədii tərcümə ilə məşğul olmuş, şeirlərini yalnız Azərbaycan dilində yazmışdır. Onun Nikolay Qoroxovun (1937-2017) tərcüməsində rus dilində 2005-ci ildə nəşr olunan "Bəşəriyyətin övladları" ("Ditə çeloveçeskoe"), "Yaşa və xatırla" ("Jivi i pomni") və Azərbaycan dilindəki irihəcmli (448 səh.) "Günəşə bax" (2006) kitabları xüsusilə seçilir. O, Vladimir Tsıbin adına mükafatın laureatıdır.

Sabir Abdullanın lirikasında vətənpərvərlik və hərb əleyhinə mövzu mühüm yer tutur. Şairin lirik qəhrəmanı özünün bütün mürəkkəblikləri və təzadları ilə birlikdə dövrünün övladıdır. Şair qanlı "Qara Yanvar" hadisələrinə sərt tənqidi münasibətini belə izhar edir:
"Qanun da, insaf da sabaha qaldı,
Əqil dinməliydi, dindi güllələr.
Allah, hara baxdın, Haqq, harda qaldın?!
Bu axşam Bakını güllələdilər"
(Sabir Abdulla. "Günəşə bax". Moskva, "Hərbi nəşriyyat", 2006. S. 13. 448 s.).
Bununla yanaşı, şairin lirikası müharibə əleyhinə pafosla doludur, o, dünyanı başına alan və hətta dinclik dövründə də rahatlıq verməyən militarizmin qəddarlığını ittiham edir. "İkiməzarlı Talıb" şeirində Sabir Abdulla Böyük Vətən müharibəsində sağ qolunu itirən azərbaycanlı döyüşçünün dinclik dövründəki iztirablarını, həyəcanlarını, bəşəriyyətin gələcək taleyini düşünərək, son dərəcə narahat olduğunu inandırıcı poetik detallarla ustalıqla canlandıra bilib, müharibə veteranının xəbərdarlığını, yalvarışını oxucuya tamamilə orijinal və yeni metaforalarla təqdim edib:
"Bir məzarım qazılıb,
Birisə gözləyir hələ.
Mənim kimi ikiməzarlılar
minlərlədir, minlərlə.
İndi ürəyimin varsa
Yeganə dərdi, azarı -
Biləydim - hardadır bu qolumun məzarı?!
Bax, belə...
Qoymayın, oğul, qoymayın, bala,
Qoymayın ki, əsrimiz
Mənim kimi qolsuz qala.
Qoymayın ki, insanlara
İki yerdə məzar qazıla..."
(Sabir Abdulla. "Günəşə bax". Moskva, "Hərbi nəşriyyat", 2006. S. 51-52. 448 s.)
Ömrünün və yaradıcılığının çiçəklənən çağında həyatdan nakam getmiş Sabir Abdullanın poeziyasını özlüyündə Moskvadakı azərbaycandilli poeziyamızın parlaq səhifələrindən hesab etmək olar. Şair bugünkü sosial həyat haqqında cəsarətlə və dərindən düşünür, müasir dövr haqqında dərin ekzistensional (həyatın mənasızlığı) nəticələrə gəlir. Yeri gəlmişkən, bütövlükdə onun yaradıcılığına xas olan vacib bir mətləbdən də söz açmaq gərəkdir. Şair elə ilk şeirlərindən başlamış həmişə həyatdan, zamandan, dünyadan, bir sözlə, külli-kainatdan, övladi-bəşərdən giley-güzar etmiş, hər şeyə qulp qoymuş, ərşdə də, gürşdə də nöqsanlar aramış və tapmış, bütün bu neqativ halları qələmə almış, gərdişi puç və əfsanə sanmış, elə bil bu cür gərgin psixoloji məqamlar onun həyat amalına çevrilmişdi, sanki dünyadakı bütün əyər-əskikliyin vəsfi-tərənnümündən xüsusi zövq, yenilməz güc alırdı. Sabir Abdulla lap gəncliyindən üzü bəri dönə-dönə öz ölümündən söz açmış, vəsiyyət xarakterli çoxlu şeirlər yazmış, dünyadan nakam gedəcəyini təkrar-təkrar dilə gətirmişdir. Otuz iki yaşında yazdığı bir şeirə diqqət yetirək:
"Yuxuda gördüm ki, ölmüşəm,
Tabuta qoyublar məni
həyətimizdəki cavan tut ağacının
qolları altında" (yenə orada. S.433).
Yaxud, 1988-ci ildə - 38 yaşında qələmə aldığı digər bir şeirində həyat yoldaşına guya yanımcıllıqla "ürək-dirək" verir, onun ölümünə kədərlənməməyi inamla, təkidlə tövsiyə edir:
"Bir gün mən öləndə kədərlənmə sən,
İki mərtəbədir dünya evimiz.
Seyr elə dünyanı üst mərtəbədən,
Bil, alt mərtəbədir axır yerimiz"
(Sabir Abdulla. "Günəşə bax". Moskva, "Hərbi nəşriyyat", 2006. S. 184. 448 s.).
Ərənlərimiz bu yerdə deyərlər: "niyyətin hara, mənzilin də ora..." Nə isə, olan oldu, keçən keçdi; bu mətləbin üstündə dayanmağımın əsas məqsədi yerdə qalanlara bədii sözlə ehtiyatla davranmağı çatdırmaqdır. Əbəs yerə demirlər ki, şairlər Yaradana yaxın bəndələrdir. Deməli, şairlərin sözləri, arzu-istəkləri, niyyətləri Ona mütləq çatır və ya agah olur. Odur ki, ey söz ustaları, sözün siqlətinə inam gətirin, gecə-gündüz özünüzə "qəbir qazıb", "ölüm haraylamayın", belə çağırışların düşər-düşməzi olar! Onsuz da vaxtı-vədəsi çatanda dəvətsiz-xahişsiz, minnətsiz-sünnətsiz, haqsız-hesabsız Əzrail deyilən gözəgörünməz ölüm mələyi hərənin gözünə bir donda, bir biçimdə görünərək, hər bir Allah bəndəsinin "qulluğunda durur", "məccani xidmətini göstərir"; siz arxayınca öz işinizlə - ərşdən-gürşdən, eşqdən-məhəbbətdən, xeyirdən-şərdən və sairdən və ilaxırdan yazmaqla məşğul olun... Lənət şeytanü-məluna! Qayıdaq mətləb üstünə.
Rus Sovet poeziyasının patriarxı, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı Sergey Mixalkov (1913-2009) Sabir Abdullanın "Yaşa və unutma" kitabına yazdığı "İki ilham - iki bacı" adlı xeyir-duasında Azərbaycan şairinin yaradıcılıq axtarışlarını və vətəndaşlıq məsuliyyətini yüksək qiymətləndirmişdir: "İndiki hər cür ixtilaflar çağında, ətrafımızda və yanımızda insan fitnə-fəsadlarının, siyasi qarışıqlığın hökm sürdüyü bir zamanda - istənilən səmimi söz, dostluq və mehriban qonşuluq sözü tərifəlayiqdir... Əgər bu söz, üstəlik, həm də bədii sözdürsə, ikiqat sevindiricidir. Allaha şükür ki, insanların bağları arasındakı köhnə çəpərlərin, kəndləri arasındakı coşqun dağ çaylarının, yollardakı blokpostların olmasına baxmayaraq, hələlik onların qəlblərində bir-biriləri ilə ünsiyyətə ehtiyac hissi yaşayır... İstənilən xalqın böyük həqiqəti və gücü də məhz bundadır.
Düşünmürəm ki, asan olmasa da, müti bir həyat yaşamayan şairə verilən bu qısa xeyir-dua ona hər işdə kömək olacaq və onu ədəbi hücumçulardan müdafiə edəcək. Çünki indi zaman çox qarışıqdır, hirs-hikkə baş alıb gedir, mənim adım isə bəzilərini özündən çıxarır... Neyləmək olar! Həyatdır, hər şey mübarizə ilə əldə edilir, həm də öz adını uca tutmağı və namusla qorumağı bacarmaq lazımdır. Mən bunun nə və necə olduğunu gözəl bilirəm.
Gizlətmirəm, əgər Azərbaycan şairi Sabir Abdullanın mərdanə və dostanə sözü ətrafımızda bu qədər fəlakət və göz yaşı varkən, "indi insanlar söz hayındadırlarmı?" sualının dolaşdığı bu mürəkkəb dövrdə qəlblərdə əks-səda doğurarsa, şad olaram. Mən səmimi qəlbdən bu iki istedadlı şairə - Sabir Abdullaya və onun tərcüməçisi Nikolay Qoroxova uğurlar arzulayıram. Onların ilhamları doğma bacıtək "Yaşa və xatırla" kimi ümumbəşəri çağırışa səsləyən bu kiçik, lakin çox sərt kitabın səhifələrindən sizlərə baxırlar" (Sabir Abdulla. "Günəşə bax". Moskva, "Hərbi nəşriyyat", 2006. S.184. 448 s.)
Bu məqamda Sabir Abdullanın daha bir uğurunu xatırlamaq yerinə düşərdi. Moskvada nəşr olunan "Drujba narodov" jurnalının 2006-cı ildə buraxılmış 3-cü xüsusi nömrəsi müəyyən dərəcədə rus və Azərbaycan ədəbiyyatları arasında yaradıcılıq əlaqələrinin bərpasına və möhkəmlənməsinə kömək etmək niyyətilə işıq üzü görmüşdü. Buraya Azərbaycanımızın bir çox ünlü söz sahiblərinin bədii örnəkləri daxil edilmişdi. Həmin nömrənin təqdimat mərasimində məşhur rus şairəsi Rimma Kazakovanın (1932-2008) səmimiyyətlə söylədiyi sözlər indi də yadımdan çıxmır: "Dostlar, bu nömrə Azərbaycan yazıçılarının hansı zirvələri fəth etdiklərini görmək üçün Rusiya oxucularının gözlərini açdı". Xüsusi buraxılışa "Moskva torpağında doğulan sətirlər" bölməsində moskvalı azərbaycanlı şairlərdən Tofiq Məlikli, Nəsib Nəbioğlu və Sabir Abdullanın yaradıcılığı geniş yer almışdı...
Moskvadakı Azərbaycan ədəbi mühitində özünü göstərən bilinqvizm təzahürlərindən biri də - Azərbaycan dilində qələmə alınmış əsərdə rus dilində epiqrafların verilməsidir. Sabir Abdulla yaradıcılığında belə nümunələrə tez-tez rast gəlmək mümkündür. Onun Moskvanın "Hərbi nəşriyyat"ında 2006-cı ildə Azərbaycan dilində işıq üzü görmüş "Günəşə bax" adlı şeirlər kitabında elə ilk səhifələrdə özünə yer almış "Kənd üçün ürəyim dolub qəhərdən" misrası ilə başlanan şeirə böyük rus şairi Sergey Yeseninin (1895-1925) aşağıdakı bəndi epiqraf verilmişdir:
Zarə oklikaet druquö,
Dımitsə ovsənaə qladğ.
Ə vspomnil tebə doroquö,
Moə odrəxlevşaə matğ.
Şeirin konteksti üçün çox uğurla seçilmiş bu epiqraf həm də ədəbi-mədəni mühitlər arasında səsləşmə kimi, müasir dünyamızda aktual əhəmiyyət kəsb edən və alternativi olmayan multikulturalizm meyli kimi nəzərə çarpır. Sergey Yesenin kimi, ana təbiətlə ana arasında bir yaxınlıq, bənzərlik, hətta eyniyyət görən Sabir Abdulla, kəndə qayıtmağını ana təbiətin, eyni zamanda anasının qoynuna qayıtmaq kimi mənalandırır:
Kənd üçün ürəyim dolub qəhərdən,
Həsrətdən manqal tək közərib sinəm.
Arı pətəyinə bənzər şəhərdən
Elə günü sabah köçəcəyəm mən...
...Baxışım qonacaq çiçəyə, gülə,
Dəli çaylar kimi çağlayacağam.
Yamacla, zirvəylə verib əl-ələ,
Sevincdən hönkürüb ağlayacağam.
Üzümə yenidən söküləcək dan,
Təzədən dünyaya gələcəm o gün.
Sarılıb boynuma dinəcək anam:
- Yaman sınıxmısan, ay anan ölsün"
(Sabir Abdulla. "Günəşə bax". Moskva, "Hərbi nəşriyyat", 2006. S. 9-10. 448 s.).
"Qapımı döyürlər" şeirinin epiqrafı isə Sabir Abdullanın əsərlərinin rus dilinə tərcüməçisi, müasir rus şairi Nikolay Qoroxovun yaradıcılığından götürülmüşdür. İnsan naqisliklərinə qarşı bədbin notlarla qələmə alınmış bu şeirin epiqrafı da qarşıya qoyulmuş poetik məqsədin mahiyyətinə uyğun gəlir:
V dni pomraçenğə i razlada -
V dni peresudov, peredrəq -
Çemu, çemu, duşa, tı rada
Sredğ saksaulovıx korəq?
Sabirin şeirində də insan xəyanəti və alçaqlığı ön plana çəkilir; bütün bunlar şairin həssas qəlbini sıxır:
Şirin dillərdən də qan iyi gəlir,
Ürəklər qıcqırmış duyğuyla dolu.
Yadlar məclisində şadlanır, gülür
Məni bir qəpiyə satan eloğlu...
...Təpiklər altında göynəyir bu yer,
İnsan təpiyidir insana dəyən.
İlahi, sən mənə bir az səbir ver,
Qapımı döyürlər - əcəlmi döyən?
(Sabir Abdulla. "Günəşə bax". Moskva, "Hərbi nəşriyyat", 2006. S. 303-304. 448 s.)
Moskvadakı Azərbaycan ədəbi mühitinin istedadlı və fəal üzvlərindən olan Sabir Abdulla 1979-cu ildən daimi Moskvada yaşamış, müxtəlif təşkilat və idarələrdə ilkin peşəsi olan energetika sahəsində mühəndis kimi çalışmış, ailəsinə gün-güzəran qurmağa qeyrət göstərmiş, vaxt tapdıqca ilham pərisinin nazını çəkməklə məşğul olmuş, dəyərli misralar, işıqlı şeirlər yazıb-yaratmış, axirətə tələsə-tələsə 2013-cü ilin yanvar ayının 8-də fani dünyadan köç edib, özü şeirlərinin birində dediyi kimi, "dünyanın alt mərtəbəsinə" enmiş, Haqqın dərgahına qovuşmuş, Moskva torpağında əbədi məskən salmışdır.
...Bir ovuc torpağın götürmüşəm mən,
Dar gündə nə kədər, nə qəmim olsun.
Səndən uzaqlarda ölsəm, ey Vətən,
O torpaq, qoy mənim kəfənim olsun.
(Sabir Abdulla. "Günəşə bax". Moskva, "Hərbi nəşriyyat", 2006. S. 12. 448 s.).
Aman Tanrım, arzusu çin oldu şairin! Ömrünün və yaradıcılığının çiçəklənən vaxtı, 63 yaşına 157 gün qalanda hər şey sıfıra döndü, son an özünü yetirdi, şeirlərində aramsız olaraq harayladığı qorxunc mələk qaraqabaq şair Sabir Abdullanı yel qanadları üstünə alıb gedər-gəlməzə uçurdu. Onun Vətəndən gətirib tütyə kimi qoruyub saxladığı bir ovuc doğma torpağı kəfəni üstə səpib yad torpağa gömdülər...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
