Xalq yazıçısı, unudulmaz Elçin vaxtilə yazıçı və sənətşünas Əkrəm Qaflanoğlunun 70 illiyinə həsr etdiyi "Əkrəm, bu 70 hardan gəldi" adlı yubiley yazısını belə başlamışdı ki: "Bu yazını yazmaq üçün mizin arxasına keçəndə məni sidq-ürəkdən gələn bir təəccüb hissi bürümüşdü - Əkrəmin bu 70 yaşı hardan gəldi, necə gəldi? Hətta o təəccübdə yüngül bir etiraz da var idi; nə üçün gəldi?"
O yubiley yazısında Elçin müəllim özünün 42 illik dostu barədə olduqca səmimi ürək sözlərini dilə gətirirdi. Eyni zamanda təəssüflə qeyd edirdi ki, Əkrəmin 70 yaşı mənim üçün həyatın amansız sürətinin şəksiz bir göstəricisidir: "Və bu zaman, vaxt sürətinə baxmayaraq, xoş bir cəhət odur ki, Əkrəm 42 il bundan əvvəl necə enerjiliydi, necə ürəyi təmiz, hər sözün, hərəkətin yerini bilən, necə vətənpərvər, etibarlı və sədaqətli idisə, bu gün də elə o cürdür"...
Unudulmaz Elçin müəllimin həmin yubiley tədbiri barədə yazdıqlarının üstündən 5 il vaxt keçib. Amma qəti şəkildə əminəm ki, əgər indi hansısa möcüzənin imkanıyla Elçin müəllim Əkrəm Qaflanoğlunun 75 illik yubileyi ilə bağlı ürək sözlərini dilə gətirəsi olsaydı, yenə eyni fikir ucalığı (və səmimiyyətlə) keçən 5 ili də üstə gəlib yazacaqdı ki, Əkrəm 47 il bundan əvvəl necə enerjiliydi, necə ürəyi təmiz, hər sözün, hərəkətin yerini bilən, necə vətənpərvər, etibarlı və sədaqətli idisə, bu gün də elə o cürdür...
Əkrəm Qaflanoğlu ilə mənim şəxsi tanışlığım onun Elçin müəllimin Nazirlər Kabinetində Baş nazirin müavini vəzifəsində işlədiyi illərdən başlayıb. Bu tanışlığın yaşı 24 ildir. Və mən özüm də həmişə bu ötən illər ərzində Əkrəm müəllimi həmişə gülərüz, sadə və səmimi, sədaqətli, qədirbilən şəxsiyyət kimi görmüşəm. Eyni zamanda Elçin müəllimin unudulmaz xatirəsinə, əziz adına olan ehtiram hissimiz Əkrəm müəllimlə məni bir mənəviyyat hücrəsi altında birləşdirib.
Şəxsi münasibətimizin yeni başladığı 2004-cü ildən yönü bəri mən çox vaxt Əkrəm müəllimlə metro vaqonlarında rastlaşırdım. Və həmişə mənə qəribə gəlirdi ki, ölkənin ən nüfuzlu qurumlarından biri olan yerdə, Baş nazir müavininin köməkçi işləyən bir adam belə ümumi nəqliyyat vasitəsinin tünlüyünə necə dözür?
Amma sonrakı illərin anlatdıqları belə oldu ki, bu, hər şeydən əvvəl Əkrəm müəllimin sadə, təvazökar, insani duyğularından irəli gələn bir cəhətdi. Onun xarakterinin bu vacib cəhəti gözlərim qabağına unudulmaz bir səhnəni gətirir... Deməli, görkəmli alim, unudulmaz Nizaməddin Şəmsizadənin Quba rayonunda yubiley tədbirinə dəvətli idik. Gözəl bir tədbir keçirildi. Tədbir adəti üzrə, gözəl təbiət mənzərəsi ilə süslənən xudmani bir məclisdə davam etdi. Nizaməddinsevərlərin xoş ürək sözləri yenidən dilə gəlməyə başladı. Həmin məclisdə Əkrəm müəllimə də söz verildi. Və şəxsən mənim heç gözləmədiyim halda, birdən-birə Əkrəm müəllim olduqca şirin, ürəyəyatımlı səslə "Dilkəş" oxumağa başladı. O səs dinləyiciləri, böyük şairimiz M.Füzulinin dili ilə desək, öylə sərməst etmişdi ki, bütün aləmi unutmuşduq.
İndi Əkrəm Qaflanoğlunun barəsində qələmə aldığım bu sətirlər boyunca yenə də unudulmaz Elçin müəllimin elə həmin Quba təbiəti önündə Əkrəm müəllimin vəcdə gəlib "Dilkəş" oxumasını xatırladığını yadıma saldım. O səsin estetik zövqünü, oyatdığı duyğusallığı Elçin qədər səmimiyyətlə heç kəs qələmə ala bilməz: "...Sinədən gələn o "Dilkəş" zəngulələri canlı ifa idi və adama elə gəlirdi ki, səninlə birlikdə o uca vələs ağacları da o dəm o ifaya qulaq asır, o zəngulələr onların da ürəyinə yayılır... Həmin anlarda onun o zəngulələri mənim üçün çox xoş səslənirdi... Onun bu hissiyyatında elə bir sayflıq var idi ki, bu saflıq o vələs meşəsinin, Qudyalın əks-səda kimi səslənən şırıltısının saflığı ilə üst-üstə düşürdü".
Təbii ki, Əkrəm Qaflanoğlu hər şeydən əvvəl gözəl bir nasirdir. Yığcam, oxunaqlı hekayə və esselər, novellalar müəllifidir. Bu əsərlər onun "Həm gülək, həm düşünək", "55+", "Talelər qovuşanda", "Dünyanı belə gördüm" adlı kitablarında bir araya gəlib. Çoxsaylı müsahibələri mətbuat səhifələrində təqdim olunub. Əsərləri maraqla qarşılanıb.
Əkrəm müəllimin yaradıcılığına, ədəbi-publisistik əsərlərinə və bənzərsiz şəxsiyyətinə olan marağın nəticəsidir ki, görkəmli şair Fikrət Sadıq dərin səmimiyyətlə yazırdı: "Millətin Əkrəm kimi övladları çox olsa, dərdi az olar. Biz unutsaq da, Yazıçılar Birliyi, "Odlar yurdu" qəzeti, "Vətən" Cəmiyyəti onun elədiklərini unutmaz. Ataların xətrinə dəyməsə, bir Atalar sözü də mən deyərdim: "Çalış, bu dünyaya gəlmə, gəlmisənsə, Əkrəm kimi yaşa!"
Ədəbiyyatşünas, tanınmış publisist Südabə Ağababayevanın Ə.Qaflanoğlu barəsində qələmə aldığı fikirlər də F.Sadığın eyni ürək genişliyi ilə sərgilədiyi fikirlərin davamı kimi oxunur: "Əkrəmin xoşbəxtliyi ondadır ki, o, hər kəsi öz dilində danışdırmağı, insanları yaxınlaşdırmağı bacarır. Ən başlıcası da, həmişə, hər yerdə Əkrəm olaraq qalır..."
Belə olub. Belədi və belə qalacaq da... Çünki bu, onun həyat təyinatıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
