Ən gözəl qarabağlı... - Mina RƏŞİD

 

Hər kəs Vətən sevgisini bir cür anlayır. Bəli, Vətənə xidmət, sözün geniş mənasında, onun əsgəri olmaqdı. Vətənə xidmət, yurdu qorumaqdı, lazım gəlsə, onun yolunda candan keçməkdi. Torpağı Vətən edən onun sakinləridi, İnsandı. Düşünürəm ki, Vətəni sevmək İnsanı sevməkdən başlayır... Bir də, 44 günlük şanlı Vətən müharibəsində Vətən sevgisinin nə demək olduğunu biz 18, 19, 20... yaşlarında gənc oğullarımızın necə cəngavərə dönməsində gördük. Günlərlə düşmənlə vuruşmaq arzusunda olan oğulların gecələr yatmadığına şahid olduq; aldığı təqaüdünü döyüşən əsgərinə hədiyyə edən qocamızda, daxılına yığdığı qəpikləri cəbhəyə göndərən balaca vətəndaşımızda gördük. Biz nələr görmədik ki?!. Birinci Qarabağ müharibəsində odun-alovun içindən çıxdıq. Doğmalarımızı itirdik, çadırda, vaqonda, daxalda, yataqxanada yaşadıq... Mən də sığındığımız o ölümsaçan dəmir vaqon "evimiz"də sarılıq xəstəliyinə tutuldum və baş götürüb Bakıya, yataqxanada məskunlaşmış böyük bacımın yanına gəldim... Və illər sonra, günlərin birində nə yaxşı ki, Çingiz müəllimə rast gəldim...

Hər il tanınmış şairimiz, əməkdar mədəniyyət işçisi, incəsənət xadimi Çingiz Əlioğlunun doğum günü olanda elə bilirəm, mən də o gün dünyaya gəlmişəm. Çünki onu tanıyandan mənim üçün dünyanın işığı artdı, sevinci çoxaldı... Onun bir vaxt dediklərinin bəzilərini illər sonra, indi daha yaxşı başa düşürəm. Axı gənc olanda adam həyatın necə sirli, möcüzəli olduğunu o qədər də anlamır...

 

O vaxt Çingiz müəllim Mədəniyyət Nazirliyində nəşriyyat sektorunun rəhbəri idi. Birinci dəfə çəkinə-çəkinə ondan müsahibə götürməyə getmişdim, yadımdadı, diktofonum da yox idi, elə pərt olmuşdum ki... Sonra bu çəkindiyim, soyuqqanlı hesab etdiyim insan elə doğma bir adama çevrildi ki, sonralar az qala, ona "Çingiz əmi", -  deyəcəkdim. Axı onun kimi qayğıkeş insanlara biz illərlə rast gəlmirik. O isə adamın  ürəyini oxuyurdu. Düzü, nə qədər çətin şəraitdə yaşasam da, heç ağlıma gəlməmişdi ki, ondan iş istəyə bilərəm. Bir dəfə özü işimlə, dolanışığımızla maraqlandı. Dedi ki, qonorarla necə dolanırsan? Özü də mənə Mədəniyyət Nazirliyinin "Yaddaş" qəzetində iş təklif etdi. Bu təklifi vaxtında uşaq ağlı ilə (mən bir az gec böyüdüm...) dəyərləndirmədiyimə sonra çox peşman oldum, amma geri dönməyə də üzüm gəlmədi. Aradan bir il keçdi, başım daşdan-daşa dəyəndən sonra bu doğma insanın yanına qayıtdım. Elə həmin gün qəzetin şöbə redaktoru vəzifəsinə işə götürüldüm. Çingiz müəllimlə dəfələrlə müsahibə aparmış, olduqca maraqlı söhbətlərini dinləmişəm. O, xarici ölkələri gəzmiş, tanınmış şair, necə deyərlər, dünyagörmüş bir insan idi. Dünyadan, həyatdan elə maraqlı epizodlar danışırdı ki, bu gün də yadımdan çıxmayıb. Deyirdi ki, xoşbəxtlik üçün insana təkcə pul gərək deyil, adam gərək həyatın, özünün dəyərini bilsin, öz xoşbəxtliyini tapsın. Bəziləri elə bilirlər ki, zəngin adamlar çox xoşbəxtdirlər, amma bu qətiyyən belə deyil, deyirdi. Və bunu çəkdiyi nümunələrlə izah edirdi. Onu da deyirdi ki, bizdə də istedadlı adama münasibət bəzən başqa meyarlarla ölçülür. Yəni, adamı imkanlı, adlı-sanlı valideynlərinə, qohumlarına, əhatəsinə görə dəyərləndirmək kimi...

Çingiz müəllimin 2018-ci ildə doğum gününə həsr edilmiş "525-ci qəzet"in 29 iyun sayında yer almış "Nə yaxşı ki, varsınız!" adlı yazıya baxıram. "...Beləcə, ömür keçir, adamlar tüstü olur, duman olur, zülmət olur... Amma adam istəsə, yağış olar, topa-topa çiçək olar, günəş olar, işıq olar... Vətən olar, Qarabağ olar, doğma olar, əziz olar... sevimli, istiqanlı şairimiz Çingiz Əlioğlu kimi..." Çingiz müəllim o qədər doğma gəlir ki, bəzən ona çaşıb "Çingiz əmi" deyirəm...

İndi illərdi xəstəliklə mübarizə aparır, bəlkə, heç bu yazıdan da xəbəri olmayacaq. Allah onu qorusun. Amma biz, 90-cı illərin gəncləri onu unuda bilmirik. Çünki yaxşılıq heç vaxt itmir. Bu vəfasız dünyada yaxşılıq kimi sərmayə yoxdur. Yaxşılıq etdiklərin sənə yaxşılıq arzulayır. Bunu etməsələr belə, bir başqası, bəlkə, ayrı cürə etdiyin yaxşılığın əvəzini verəcək, inan ki, mütləq verəcək...

Bu yazını isə ötən il onun doğum günündə öz feysbuk səhifəmdə paylaşmışdım.

...Sevdiyim bir işlə dünyanın xoşbəxti idim. O vaxtdan Çingiz müəllim mənim üçün ən gözəl qarabağlı oldu. O qədər doğma oldu ki, hərdən çaşıb ona "Çingiz əmi", - deyirdim. Onu hər görəndə "Sizi çox istəyirəm" - deməkdən özümü saxlaya bilmirdim. O da, "Mən də səni çox istiyirəm", cavabını verirdi... Həyatda onun qədər ləyaqətli, təmənnasız, xeyirxah bir insan görmədim. O, təkcə mənə yox, çox gəncə dəstək olmuş, kitablarını çap etdirmişdi. Bunu özü istəmişdi, bizə canı yanmışdı...

Danışanda həmişə adamı ucaldırdı, ümid verirdi, deyirdi ki, xoşbəxtlik üçün çox şey lazım deyil insana. Bunları indi yazanda da kövrəldim, Çingiz müəllim - Çingiz əmi, səni yenə hamıdan çox istəyirəm... Doğum günün mübarək, Allah qorusun, cansağlığı versin. O böyük mükafatını göz yaşlarıyla uca Allahdan diləyirəm...

 

Salam, Çingiz müəllim,

Söylə, indi necəsən?

Səni düşünürük biz,

Unutmarıq, bilirsən...

 

Adamların içində

Sən hamıdan yaxşısan.

Ay gözəl qarabağlı,

Yurdumun naxışısan.

 

Bizimlə kədərlənib,

Bizimlə dərd çəkmisən.

Sən bizim qəlbimizdə

Doğma Vətən kimisən.

 

O qədər doğmasan ki,

Unutmaq olmur səni.

Dua edirik sənə,

Həmişə, Çingiz əmi!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!