Azərbaycan alimləri "100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı"nda iştirak ediblər

 

İyunun 5-də Özbəkistanın Səmərqənd şəhərində Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu, Marmara Universiteti və Səmərqənd Dövlət Universitetinin birgə təşkilatçılığı ilə "100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı" keçirilib.

Qurultay 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda qəbul edilmiş, lakin dövrün siyasi şəraiti səbəbindən reallaşdırılması mümkün olmayan Səmərqənd Türkoloji Qurultayı ideyasının yüz il sonra həyata keçirilməsi məqsədilə təşkil olunub.

Tədbirdə türk dünyasının müxtəlif ölkələrindən alimlər, tədqiqatçılar, dilçilər və türkologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Qurultay çərçivəsində türk dillərinin aktual problemləri, ortaq dil və mədəni irsin qorunması, türkoloji tədqiqatların perspektivləri, eləcə də elmi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qurultayın əsas məqsədi türk xalqları arasında elmi əlaqələrin möhkəmləndirilməsi, ortaq mədəni dəyərlərin akademik müstəvidə öyrənilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, professor İsmayıl Kazımov, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, Bakı Slavyan Universitetinin Balkan Araşdırmaları kafedrasının müdiri, dosent, filologiya elmləri doktoru Nurlana Qasımlı Mustafayeva, Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimov qurultayda iştirak ediblər.

Nadir Məmmədli - "1926-cı il I Türkoloji Qurultayı: tarixi zəmində, arxiv sənədlərində və milli mətbuatda", Nizami Cəfərov - "Azərbaycan türkləri Birinci Türkoloji Qurultayında", Azər Turan - "Əli bəy Hüseynzadənin I Türkoloji Qurultaydan yazdığı qeydlər", İsmayıl Kazımov - "I Türkoloji Qurultayın türkologiyanın sonrakı dövrünə təsiri", Nurlana Qasımlı Mustafayeva - "Birinci Bakı Türkoloji Qurultayının İrsində Balkan Türkologiyası", Elçin İbrahimov - "Birinci Türkoloji Qurultaydan bu günə Türk Dünyasında dil və əlifba məsələləri" adlı məruzələrlə çıxış ediblər.

Akademik Nizami Cəfərov məruzəsində 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsinin səbəbləri barədə ətraflı danışdı: Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsinin çoxlu səbəblərindən birincisi türklərin yeni əlifbaya (latına) keçməsində Azərbaycanın ardıcıl nümayiş etdirdiyi yarım əsrlik təcrübə olmuşdur. İkincisi odur ki, həmin illərdə Bakı kifayət qədər inkişaf etmiş elm, təhsil və mədəniyyət mərkəzi idi. Burada türkologiyanın ən aktual məsələləri müzakirə oluna bilərdi. Belə ki, bir tərəfdən, müxtəlif xalqlara mənsub türkoloqlar burada çalışırdılar, digər tərəfdən, Azərbaycan ziyalılarının türk dünyası ilə əlaqələri xeyli sıx idi. Üçüncüsü, türk dilləri içərisində, demək olar ki, yalnız azərbaycanlıların dili "türk dili" ("tyurkskiy yazık") adlanırdı.

Dördüncü səbəb, yəqin ki, Bakının beynəlxalq nüfuzu idi. XX əsrin əvvəllərində bu şəhərin yaşadığı iqtisadi, siyasi, mədəni həyat onu xeyli məşhurlaşdırmışdı. Və bütün dünyada kommunizm ideyalarını yaymağı öhdəsinə almış sovet hakimiyyəti Qurultayı Bakıda keçirirdi ki, Türkiyəyə, İrana, Əfqanıstana və s. millətlərin öz müqəddəratını necə təyin etməli olduqları barədə mesajlar versin.

Beşinci bir səbəb də vardı. Bakı müxtəlif yerlərdən nümayəndələrin vaxtında gəlməsi üçün geniş nəqliyyat imkanları olan münasib yer idi. Və gələnlərə Qurultay günlərində normal iş şəraitinin yaradılması, lazımi qonaqpərvərlik göstərilməsi baxımından da əlverişli sayılırdı.

Professor Nadir Məmmədli çıxışında Qurultayın türk xalqlarının elmi-mədəni inteqrasiyasında mühüm rol oynadığını vurğuladı. O, çıxışında qurultayın türk xalqlarının elmi-mədəni inteqrasiyasında mühüm rol oynadığını diqqətə çatdırdı. Məruzədə tədbirin tarixi əhəmiyyəti, arxiv sənədləri və dövrün milli mətbuat materialları əsasında geniş təhlil etdi. Professor qurultayın Azərbaycan elmi fikir tarixində xüsusi yer tutduğunu və onun irsinin bu gün də aktuallığını qoruduğunu diqqətə çatdırdı.

Nadir Məmmədli vurğuladı ki, türkoloji araşdırmaların inkişafı, türk dillərinin öyrənilməsi və qorunması, ortaq elmi layihələrin həyata keçirilməsi müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Bildirdi ki, türk dünyasının alimlərinin bir araya gəldiyi belə mötəbər elmi platformalar qarşılıqlı əməkdaşlığın genişlənməsinə, ortaq elmi irsin daha dərindən araşdırılmasına və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir.

Professor İsmayıl Kazımov məruzəsində bildirdi ki, I Türkoloji Qurultay türk xalqlarının milli oyanışına, özünüdərkinə böyük təkan oldu. Eyni zamanda bu tarixi hadisə ilə türkologiya müstəqil elm sahəsi kimi formalaşmanın yeni mərhələsinə qədəm qoydu. Qurultaydan keçən müddətə nəzər salanda görmək olur ki, bu böyük və möhtəşəm tədbirin təsir imkanları çoxşaxəli və dərin olmuşdur. 1.Elmi-metodoloji təsir. Türkologiyanın sonrakı dövrdə tədqiqinə vahid elmi prinsiplər müəyyənləşdirildi; 2.İmla və əlifba islahatlarına təsir; 3.Türk xalqları arasında elmi-mədəni əlaqələr genişləndi; 4.Türkoloji elmin uluslararası nüfuzuna təsir; 5.Dil siyasəti və milli kimlik məsələlərinə təsir; 6. Türk dilləri tarixi-müqayisəli metodun köməyi ilə ətraflı öyrənildi. 7. Qurultay sonrakı türkologiya üçün elmi baza, metodoloji istiqamət və ortaq türk mədəniyyətinin inteqrasiya platforması rolunu oynadı.

Azər Turan məruzəsində bildirdi ki, Türkoloji Qurultayda iştirak edən iki nəfər - Əli bəy Hüseynzadə və Menzel qurultay günlərində gündəlik qeydlər yazıblar. Menzelin qeydləri Almaniyada nəşr edilib. 1927-ci ildə Bakı qəzetlərində professor Menzelin "Der 1. Turkologische Kongre in Baku" əsəri barədə məlumatlar dərc olunub. Amma Əli bəy Hüseynzadənin qeydləri yalnız 1969-cu ildə ortaya çıxıb və ilk dəfə 1970-ci ilin yanvar ayında "Yeni İnsan" dərgisində Hilmi Ziya Ülkenin təqdimatı ilə dərc olunub.

Azər Turan bildirdi ki, Hüseynzadənin qeydləri qurultayın 1926-cı ildə rusca nəşr olunmuş stenoqramını dolğunlaşdıran sənəddir. Məsələn, stenoqramda qeyd olunur ki, məruzədən sonra təbrikləri oxumaq üçün söz yoldaş Zifeldə və Çobanzadəyə verildi. Əli bəy isə xatırladır: "Çobanzadə Vilhelm Tomsenin Kopenhagendən göndərdiyi təbrik teleqrafını oxudu". Yaxud stenoqramın 6 mart 1926-cı il tarixli səhifəsində "Keprölö-Zade vıstupaet s dokladom na tureükom əzıke. (Aplodismentı)" yazılıb. Hüseynzadənin gündəliyində isə "Sonra təkrar Fuad Köprülü söz aldı. Konuşması radio ilə sokak xalqına eşitdirilirdi. Bu münasibətlə "Ərəb mədəniyyəti yox, İslam mədəniyyəti, müsəlman millətlərin ortaq çalışmalarıyla meydana gəlmiş bir mədəniyyət vardır", - dedi". Yaxud tutaq ki, 1926-cı ildə - Türkoloji Qurultay günlərində çəkilmiş sənədli kadrlarda ziyafət masası arxasında Mustafa Quliyev, Ağamalıoğlu, Samoyloviç, Messaroş, Əli bəy Hüseynzadə, Fuad Köprülü ilə yanaşı Azərbaycanın opera müğənnisi H.Sarabski də görünür. Onların bu ziyafət məclisində nədən danışdıqları heç bir sənəddə öz əksini tapmayıb. Əli bəy isə bu barədə yeganə və nadir məlumatı gündəlik qeydlərində verib, 1926-cı ildə çəkilmiş səssiz kinolentlərə "danışmaq" imkanı qazandırıb: " Ağamalıoğlu Mustafa Kamal Paşanın səhhətinə içdi. Sarabski musiqi ilə "Mustafa Kamal Paşa" şarkısını söylədi". Yaxud Hüseynzadə Qurultay nümayəndələrinin sayını və milli tərkibini də qeyd edib ki, bu say göstəricisi stenoqramda göstərilən say tərkibindən fərqlidir. "Qurultayda 127 üyə (nümayəndə) bulunmuş olub, bunlardan 82-si türk (18 Azəri, 3 Anadolulu, 6 krımlı 4 türkmən, 13 kazanlı, 5 başqırd türkü və s. Doğu türklərindən Uyğur, Oyrat, Yakut və Çuvaş bulunmuşdur. İkinci qrup Moğol, Fin və Uğor qrupudur (3 üyə). Üçüncü qrup Yafəs qrupudur (ki burada Çərkəz, Çeçen, Qafqaz üyələrindən 6 kişi vardır). Dördüncü qrup iranlılardır (13 üyə). Beşinci qrup avropalılardır (ki 3 alman, 16 rus, 3 ukraynalı). Ayrıca iki yəhudi ilə 5 əsillərini bilmədiyim kimsələr vardır". Məsələ burasındadır ki, stenoramda çıxışçı, bəzən, hətta məruzəçi kimi təqdim olunan elə iştirakçılar var ki, qurultay nümayəndələrinin siyahısında adları yoxdur. Bu isə ayrıca araşdırma mövzusudur. Bir sözlə, Hüseynzadənin bu qeydləri Türkoloji Qurultay barədə aydın təsəvvür yaradan nadir mənbədir. Azər Turan bir məsələni də xüsusi vurğuladı ki, Moskvada, o dövrün NKVD sənədləri tam araşdırılmadıqca qurultayın əsaslı şəkildə öyrənildiyini iddia etmək mümkün olmayacaq. Hələlik isə Birinci Türkoloji Qurultayla bağlı həmin arxivlərdə heç bir alim çalışmamışdır.

Dos. Nurlana Qasımlı Mustafayeva məruzəsində bildirdi ki, 1926-cı il Bakı Türkologiya Qurultayının türk dünyasının ortaq elmi yaddaşının formalaşmasındakı tarixi rolu böyükdür. Qurultayın iki görkəmli nümayəndəsi, alman türkoloqu Teodor Menzel ilə türk ədəbiyyatşünaslığının banilərindən olan Mehmet Fuad Köprülü arasında baş vermiş metodoloji müzakirələr dərindən araşdırılmalıdır. Həmin elmi polemika yalnız Türkologiyanın inkişafı baxımından deyil, eyni zamanda türk dünyasının mədəni kimliyinin formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Balkan türklüyü türk dünyasının ayrılmaz hissəsidir. Balkan coğrafiyasında türk mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi strateji əhəmiyyət kəsb edir. Balkanlarda Türk dili, ədəbiyyatı və mədəni dəyərlər əsrlər boyu milli kimliyin qorunmasının əsas dayaqlarından biri olmuşdur. Balkan şəhərlərində formalaşmış divan ədəbiyyatı, təkkə mədəniyyəti və xalq ədəbiyyatı ənənələrinin yaşadılması baxımından Üsküp, Manastır, Saloniki və digər mərkəzlərin türk mədəniyyət tarixində mühüm yeri vardır. Türk dünyasında ortaq əlifba, ortaq təhsil proqramları və elmi əməkdaşlıq layihələrinin inkişaf etdirilməsi vacibdir. Yüz il əvvəl Bakıda irəli sürülən birlik ideyası bu gün də aktuallığını qoruyur. Bu gün biz əcdadlarımızın yarımçıq qalmış vəsiyyətini yerinə yetirmək üçün bir araya gəlmişik. Yüz il əvvəl Bakıda başlanan elmi və mədəni birlik ideyası bu gün Səmərqənddə yeni nəfəs qazanır. Yeni aldığımız nəfəsdə Balkan Türklüyünə xüsusi diqqət ayırmaq böyük Türk dünyasının gələcəyi və bütünlüyü üçün mühüm məsələdir. Səmərqənddə keçirilən bu tarixi görüş Birinci Bakı Türkoloji Qurultayının yüz illiyi münasibətilə Türk dünyasının ortaq elmi və mədəni irsinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımdır.

Filologiya elmləri doktoru Elçin İbrahimov məruzəsində bildirdi ki, Qurultayın qəbul etdiyi qərarların sonrakı dövrdə türk dünyasında baş verən dil və əlifba proseslərinə təsiri böyük oldu. O, müxtəlif türk respublikalarında həyata keçirilən əlifba islahatlarını tarixi ardıcıllıqla təhlil edərək, XX əsr ərzində bir çox türk xalqlarının iki dəfə əlifba dəyişməsinin ciddi nəticələr doğurduğunu vurğuladı. Qeyd etdi ki, bu dəyişikliklər təkcə yazı sisteminin yenilənməsi ilə məhdudlaşmayıb, həm də mədəni yaddaşa, elmi irsin mənimsənilməsinə, nəsillərarası əlaqələrin qorunmasına və ortaq informasiya məkanının formalaşmasına təsir göstərib. Birinci Türkoloji Qurultayda müzakirə edilən məsələlərdən bir çoxu bu gün də öz aktuallığını qoruyur və ortaq əlifba istiqamətində atılan addımlar həmin ideyaların davamı kimi qiymətləndirilə bilər. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ortaq əlifba istiqamətində əldə etdikləri son nailiyyətlər ortaq türk əlifbasının qəbul olunması və bu əlifba əsasında ilk nəşrlərin məhz Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində işıq üzü görməsi tarixi və simvolik baxımdan mühüm əhəmiyyət daşıyır. Bütün bunlar yüz il əvvəl Bakıda irəli sürülmüş ideyaların müasir dövrdə yeni mərhələyə qədəm qoymasının göstəricisi kimi dəyərləndirilməlidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!