Azərbaycan alimləri “100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı”nda iştirak ediblər

 

İyunun 5-də Özbəkistanın Səmərqənd şəhərində Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu, Marmara Universiteti və Səmərqənd Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı” keçirilib.

Qurultay 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda qəbul edilmiş, lakin dövrün siyasi şəraiti səbəbindən reallaşdırılması mümkün olmayan Səmərqənd Türkoloji Qurultayı ideyasının yüz il sonra həyata keçirilməsi məqsədilə təşkil olunub.

Tədbirdə türk dünyasının müxtəlif ölkələrindən alimlər, tədqiqatçılar, dilçilər və türkologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Qurultay çərçivəsində türk dillərinin aktual problemləri, ortaq dil və mədəni irsin qorunması, türkoloji tədqiqatların perspektivləri, eləcə də elmi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qurultayın əsas məqsədi türk xalqları arasında elmi əlaqələrin möhkəmləndirilməsi, ortaq mədəni dəyərlərin akademik müstəvidə öyrənilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru,  professor Nadir Məmmədli, Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, professor İsmayıl Kazımov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Bakı Slavyan Universitetinin Balkan Araşdırmaları kafedrasının müdiri, dosent, filologiya elmləri doktoru Nurlana Qasımlı Mustafayeva, Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimov qurultayda iştirak ediblər.

Nadir Məmmədli – “1926-cı il I Türkoloji Qurultayı: tarixi zəmində, arxiv sənədlərində və milli mətbuatda”,  Nizami Cəfərov – “Azərbaycan türkləri Birinci Türkoloji Qurultayında”,  Azər Turan – “Əli bəy Hüseynzadənin I Türkoloji Qurultaydan yazdığı qeydlər”, İsmayıl Kazımov – “I Türkoloji Qurultayın türkologiyanın sonrakı dövrünə təsiri”, Nurlana Qasımlı Mustafayeva – “Birinci Bakı Türkoloji Qurultayının İrsində Balkan Türkologiyası”, Elçin İbrahimov – “Birinci Türkoloji Qurultaydan bu günə Türk Dünyasında dil və əlifba məsələləri” adlı məruzələrlə çıxış ediblər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!