Müharibə mövzusu bədii ədəbiyyatda ən ağrılı və aktual problemlərdən biri kimi diqqət çəkir. Azərbaycan uşaq ədəbiyyatında bu mövzunun bədii təcəssümü baxımından Sevinc Nuruqızının yaradıcılığı xüsusi əhəmiyyət daşıyır. Yazıçı silahlı qarşıdurmaların doğurduğu faciələri, insanların yaşadığı mənəvi sarsıntıları və itkiləri simvolik obrazlardan istifadə edərək uşaqların qavraya biləcəyi bədii formada təqdim edir.
Müəllif bu ideyaları ifadə edərkən xalq ədəbiyyatının zəngin qaynaqlarına, xüsusilə, nağıl motivlərinə müraciət edir. Uşaq ədəbiyyatında belə motivlərin süjetə üzvi şəkildə daxil edilməsi mühüm əhəmiyyət daşıyır. Sevinc Nuruqızının "Burmabuynuz" hekayəsi "Məlik Məmməd" nağılının motivləri əsasında qurulsa da, fərqli məzmun və ideya yükü qazanmış əsərlərdən biridir. Hekayədə bir ailənin yaşadığı acı hadisələr ön plana çəkilir. Burada işıq və qaranlıq, ümid və ümidsizlik, xilas və faciə kimi qarşıdurmalar əsas semantik xətti formalaşdıraraq müəllif ideyasının ifadəsinə xidmət edir.
Yazıçı nağıldakı Ağ qoç obrazını yeni məna çalarları ilə təqdim edir. Folklorda qəhrəmanı işıqlı dünyaya aparan Ağ qoçun - Burmabuynuzun - xilaskar missiyasını həyata keçirə bilməməsi (körpələri qoruya bilməməsi) əsərin ən təsirli məqamlarından biridir: "Kişi özünü həyətə atdı. Dəhşətdən böyümüş gözləri ilə torpaq və tüstü burulğanı arasında Burmabuynuzu axtardı... Sonra döndü. Balaca yumruqları ilə düşdükləri qaranlıq dünyanın qapılarını döyəcləyən nəvələrinin işıqlı dünya bələdçisinin torpaq yığını altındakı cansız bədəninə baxa bilmədi..." Bu gözlənilməz dönüş müharibənin insan talelərində yaratdığı ağır nəticələri daha qabarıq şəkildə göstərir və oxucuda güclü emosional təsir yaradır.

"Pıçıltı" hekayəsində də müharibənin uşaqların taleyində yaratdığı faciələr, puç olan arzular və zorakılığın ağır nəticələri simvolik və alleqorik obrazlar vasitəsilə təqdim edilir. Müəllif körpələrin yaşadığı ağrıları birbaşa deyil, onların dünyasına yaxın olan obrazlar vasitəsilə ifadə edir. "yeddibaşlı, alov püskürən, nağıl kitablarındakı əjdahalardan da qəddar düşmən"in darmadağın edərək bozumtul rəngə çevirdiyi uşaq dünyasının faciəsi sözsüz danışanların - "Elza" və "Dovşan" adlı oyuncaqların, "Bozuş" və "Portoğal" adlı pişiklərin, Göyərçin və Küçə fənərinin kədərli "Pıçıltı"sı kimi səslənir. Üçrəngli, ay-ulduzlu bayrağımız övlada tay tutulur, onun qədər əziz təqdim olunur. "Sevinc Nuruqızının bütün əsərlərində milli ideya bütövlüyü, sağlam düşüncəyə xidmət yer alır". Hekayənin sonu ümid dolu notlarla tamamlanır. Dağıdılmış evlərin yenidən qurulacağına, qaranquşların geri dönərək yuva salacağına və həyatın əvvəlki axarına qayıdacağına inam oxucuda gələcəyə güvən hissi oyadır. Beləliklə, əsər uşaqlara çətinliklər qarşısında ümidini itirməməyi, həyata inamla baxmağı aşılayır.
Əsərin eyniadlı cizgi filmi kimi ekranlaşdırılması onun təsir imkanlarını daha da genişləndirmişdir. Ümumiyyətlə, Sevinc Nuruqızının əsərlərində vətən (təbiət) və insan (uşaq) anlayışları bir-biri ilə sıx əlaqədə təqdim olunur. Təbiət obrazları vasitəsilə vətən sevgisinin ifadə edilməsi uşaqların mənəvi-əxlaqi tərbiyəsinə təsir göstərir və əsərlərin ideya-bədii yükünü daha da gücləndirir.
Sevinc Nuruqızının yaradıcılığında quş, heyvan və oyuncaq kimi antropomorflaşdırılmış obrazlara digər əsərlərində də tez-tez rast gəlinir. "Oyuncaq ayı balası" hekayəsi də bu baxımdan diqqətçəkən nümunələrdən biridir. 2020-ci ilin oktyabr ayında Gəncədə baş vermiş terror hadisəsi nəticəsində həyatları yarımçıq qalan Xədicə, Mədinə, Nigar və Ömər kimi körpələrin taleyi oyuncaqların dili ilə bədii şəkildə canlandırılır. Müəllifin ifadələri - "Bu nağılın sonu yoxdur... Nə qədər ki Yer üzündə qorxulu insanlar var..." - hadisəni ümumbəşəri kontekstə daşıyır və zorakılığın qlobal miqyasda yaratdığı təhlükəni uşaq şüuruna çatdırır.
Hekayədə oyuncaqların narahat düşüncələri, ədalət axtarışına səsləyən fikirləri və baş verən hadisələrə münasibəti xüsusi diqqət çəkir. Oyuncaq Ayı balasının dilindən verilən "Nə yaxşı ki, insan deyiləm. İnsanlar körpə və günahsız uşaqların yaşadığı evi dağıdır. Yəqin mən də insan olsaydım, belə qəddar olardım..." sözləri müharibənin doğurduğu faciələri və insanın mənəvi məsuliyyətini ön plana çıxarır. Bu fikirlər oxucunu zorakılığın səbəb və nəticələri barədə düşünməyə vadar edir, əsərin emosional təsir gücünü daha da artırır. Zahid Xəlil "Dəmir Yumruq dastanı"nda "Müharibənin ayaq izləri" adlı hissədə fikirlərini belə ifadə edir: "...Müharibə də canlıdır. Canlıların ən dağıdıcısıdır. Onun ayaq izlərindən sonra Xirosimalar, Naqasakilər, qardaşlıq qəbiristanlıqları, şəhidlər xiyabanları qalır". Bu sözlər müharibənin təkcə bir xalqın deyil, bütün bəşəriyyətin yaddaşında dərin izlər buraxan faciə olduğunu vurğulayır və "Oyuncaq ayı balası" əsərinin ideyasıyla səsləşir. Hekayənin real faktlar üzərində qurulması və alleqorik ifadə vasitələrinin uğurlu tətbiqi mətnin tərbiyəvi funksiyasını gücləndirir.
Uşaqlara vətənpərvərlik, humanizm və digər mənəvi dəyərlərin aşılanması, onları sevgi və insani hisslərlə tərbiyələndirmək müasir uşaq ədəbiyyatının əsas məqsədlərindəndir. Təsadüfi deyil ki, Yaşar Qarayev "Müharibə və təbiət mövzuları bədii yaradıcılıqda müasir humanizmin meydana çıxdığı iki ən böyük sahədir" fikrini irəli sürür. Bu baxımdan, müharibə mövzusuna müraciət edən əsərlər yalnız tarixi hadisələri əks etdirmir, həm də humanist ideyaların təbliğinə xidmət edir. "Ağca və Cuppulu", "Gəlincik", "Günəş, buludlar və Ağca" hekayələrində müəllifin əsas məqsədi uşaqlar "Müharibəyə YOX deyir" mesajını çatdırmaq və Qarabağın sərhədyanı kəndlərində yaşayan körpələrin yaşadığı faciələri bədii şəkildə təqdim etməkdir.
Sevinc Nuruqızının "Sürəyyanın izində" əsərinin I hissəsi ("Ağca və Cuppulu") torpaqlarımız işğal altında olarkən qələmə alınmışdır, II hissə isə qazanılmış qələbə ilə bağlı hadisələrlə bağlıdır. Hekayədə Sürəyyanın işğaldan azad edilmiş Ağdama dönüşü və bu zaman uşaqlıq xatirələri ilə bağlı oyuncağı - "Cuppulu"nu özü ilə aparması onun daxili dünyasını inandırıcı və təbii şəkildə əks etdirir. Beləliklə, müəllif tarixi gerçəkliklərlə uşağın emosional aləmini poetik və bədii bir vəhdətdə təqdim edir.
Mətndə Ağca quşun əsgərlərlə birlikdə oxuduğu nəğmə vətənpərvərlik ideyasını simvolik şəkildə ifadə edir:
Vətən, səndən uca nə var
Yer üzündə, Göy üzündə...
Vətən, sənsiz dar olar, dar
Yer üzü də, Göy üzü də.
Sevinc Nuruqızının "Saqlana" hekayəsində sevgi insanı həm bir-birinə, həm də həyata bağlayan əsas mənəvi güc kimi təqdim edilir: "- Yox, qızım, əgər bütün nənələr və babalar nağıl danışsaydılar, dünyada müharibələr olmazdı... Nağıllarda xeyirxahlıq var. Hər eşitdiyin nağıldan canına hopan bir zərrə xeyirxahlıq gələcəkdə böyük yaxşılıqlara yol açar..." Bu fikirlərdən aydın olur ki, müəllifin yanaşmasında uşağın mənəvi tərbiyəsi məhz sevgi və xeyirxahlıq üzərində formalaşır, bu duyğular fərdi deyil, ictimai mənəviyyatın da əsasını təşkil edir.
Sevinc Nuruqızı "Duman pəriləri" əsərində Şuşa şəhərini heyrətamiz təbiəti, mədəni mühiti və bu torpağa bağlı insanların əzmi ilə təqdim edir. Nağıl qəhrəmanlarına bənzər balaca Zəfərin möcüzəvi səyahətləri, "Duman pəriləri" "ŞU" və "ŞA"nın səltənətinə düşməsi, sehrli köməkçilərlə birlikdə düşməni - "qara uçağanları" məğlub etmələri, fantastik obrazlar və zamanlararası keçid kimi elementlər uşaqlar üçün qəhrəmanlıq modelini formalaşdırır. Şuşa şəhərinin təməlini qoymuş, onun inkişafında özünəməxsus xidmətləri olan Pənahəli xan, İbrahimxəlil xan, Ağabəyim ağa, Fətəli şah, Xurşidbanu Natəvan kimi tarixi şəxsiyyətlərin obrazlarının mətnə gətirilməsi, xatırlanması tarixi yaddaşı təzələməklə yanaşı onu sübut edir ki, dövlətin gücü, rəhbərin siyasi səriştəsi xalqın taleyində hər zaman mühüm rola malik olmuşdur. Burada reallıq və nağıl, fantaziya bir-birinə qarışaraq Şuşa şəhərinin mənəvi simvolunu yaratmağa xidmət edir.
"Zəfər nəğməsi - Şuşa" Sevinc Nuruqızının Qarabağ mövzusuna həsr etdiyi ən təsirli əsərlərdən biridir. Yeddidən yetmiş yeddiyə, hər kəsin oxuya biləcəyi bu kitab Şuşa haqqında yazılmış 22 qısa hekayədən ibarətdir. Müəllif bu hekayələri "nəğmə" adlandıraraq onlara həm poetik, həm də emosional çalar qazandırmışdır. Əsərin əsas ideya xəttini vətən sevgisi, milli yaddaş, qəhrəmanlıq və fədakarlıq təşkil edir. Burada Vətən uğrunda canından keçən şəhidlərin obrazları ideallaşdırılır, onların igidliyi və mənəvi ucalığı gənc nəslə nümunə kimi təqdim olunur.
Əsərdə xüsusilə ana obrazı diqqəti cəlb edir. Övladını Vətən yolunda qurban verməyə hazır olan, eyni zamanda onun taleyi üçün dua edən ana müharibənin yaratdığı mənəvi ağrının ümumiləşdirilmiş ifadəsinə çevrilir. Şuşanın ana və bala metaforaları ilə təqdim olunması da yurd anlayışının emosional yükünü artırır: "Sən oğlumun Vətən uğrunda uçuşunu mübarək et. Sən məqamını uca tut" kimi fikirlər bütün şəhid ata-analarının qəlbinin naləsi kimi səslənir. Doğma torpaqlarda yenidən üçrəngli bayrağımızın dalğalanmasını şərtləndirən anadan da, övladdan da əziz tutulan Vətən sevgisidir: "İllərin canımızda sızıldayan yarasıydın, Şuşa... Sən bizə ana idin. Düşmən əsarətində qalmış ANA. Sən bizə bala idin. Gözü yollara dikilmiş, bir ovuc sevgiyə, qəlb dolusu nəvazişə möhtac, yad səslərdən, yad sözlərdən, yad nəfəslərdən ölümcül yaralanan BALA". Müəllif doğma torpağı həm qayğı göstərən ana, həm də qorunmağa ehtiyacı olan övlad kimi təsvir etməklə oxucuda Vətənə qarşı dərin bağlılıq hissi yaradır. Tehran Əlişanoğlunun qeyd etdiyi kimi, müasir müharibə mövzulu əsərlərin əksəriyyətində süjet Birinci Qarabağ müharibəsi, yurd itkisi və qaçqınlıq ağrılarından başlayaraq Vətən müharibəsi, şəhidlik və doğma yurda qayıdış motivləri ilə tamamlanır. "Zəfər nəğməsi - Şuşa" da bu ənənəni davam etdirərək keçmişlə bu günü vahid bədii xətt üzərində birləşdirir.
Kitabda Şuşanın 1992-ci ildə işğalı və 2020-ci ildə azad olunması, qəhrəmanların fədakarlığı, birlik və həmrəylik ruhu uşaqların anlayacağı sadə və təsirli dillə təqdim edilir. Nağıl üslubu ilə publisistik elementlərin bir araya gətirilməsi tarixi həqiqətlərin həm emosional, həm də inandırıcı şəkildə çatdırılmasına imkan yaradır. Kitabda yer alan əksər hekayələrdə müharibənin ağır gerçəklikləri və insan taleləri obrazlı və simvolik şəkildə təqdim olunur: "Qaranquşların naləsi" viran qalmış yurda - Xocalıya, onun qətlə yetirilmiş sakinlərinə qaranquşların fəryadını; "Edam" qorxu və iztirab içində olan uşaqların - körpə canların diri-diri yandırılmasını; "Çocuq məzarlığında durna laylası"nda durna obrazı amansızlıq və ölümün bədii işarəsinə çevrilir, "Sərçə" yaşlı və köməksiz insanlara, eləcə də heyvanlara sevgi və mərhəmət ideyasını vurğulayır, "Günəşin hədiyyəsi" qaçqın həyatı yaşayan kiçik Sənəmin böyük həsrətlə həyatdan gözləntisini, uşaq qəlbindəki böyük inamı; "Günəş, buludlar və Ağca" isə doğma yurdun insana bəxş etdiyi mənəvi gücü, Vətən sevgisini və sadiqliyi əsas bədii xətt kimi təqdim edir.
Bu hekayələrin əksəriyyəti real hadisələrə əsaslanır. Müəllif uşaqları müharibənin doğurduğu faciələrlə tanış etsə də, əsas diqqəti nifrətə deyil, sülhə, humanizmə və mənəvi dəyərlərə yönəldir. Xalqın mənəvi irsinə, folklor ənənələrinə və milli yaddaşa söykənən bu əsərlər uşaqlarda vətənpərvərlik, mərhəmət, mübarizlik və milli kimlik hisslərinin formalaşmasına xidmət edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
