Danaoların hədiyyəsi - Qadir CƏFƏRİ

 

Dil, qanunla bərabər danaoların1 hədiyyələri ilə başlayır, yoxsa hədiyyələrə verilən ibrətalıcı anlamsız gecə parolları ilə?

Jak Lakandan aldığımız bu başlığa Vergilinin "mən yunanlılardan, hədiyyə gətirdiklərində belə, qorxuram" dediyini yan-yana qoysaq, mövzumuzun hansı hədiyyə olduğu aydınlaşmağa doğru addımlayacaqdır. Alınmaz qala olan Troya şəhərini, yağmalamaq üçün yunanlılar onlara bir hədiyyə buraxdılar. Yenə də Lakanın dediyi ilə bu hədiyyələr simvoldurlar. Bizi yönəldən böyük birisinin sahəsi. Nitsşe "Dostundan bir şey gizlətmək istəmirsənmi? Ona sayğı göstərdiyindən, olduğun kimi görünməkmi istəyirsən? Ancaq məhz bu səbəbdən o səni məhv edəcəkdir" deyirdi. Nitsşedən yola düşərək dostluq münasibətini araşdırıb və Jak Derrida isə "Dostluğun siyasəti" adlı əsərində bu mövzuya ətraflı toxunub, dostluğu bir hədiyyə olaraq qiymətləndirirdi. Hər bir hədiyyənin isə üç surəti vardır.

Biz dostumuzun doğum gününü təbrik edib ona hədiyyə götürürük, bu o deməkdir ki, qarşı tərəfdən doğum günümüzdə onun bizə hədiyyə alacağını da umuruq. Başqa bir örnək xeyir-şər münasibətləridir. Birinin toy-düyün şənliyində iştirak etdiyimizdə, onlara verdiyimiz dəyər qarşılığında, bizim də toy-düyünlərimizdə gözləntilərimiz olur. Əslində, bu dəyər şüurlu şəkildə verilir. Qarşısında umacağımız vardır. Derridanın üç üz (surət) dediyi isə bunlardan ibarətdir: Pay verən, hədiyyə və payını alan. Hədiyyəni alan isə özünü qarşı tərəfə borclu sayır. Bu, borc etmədən bir borcluluqdur. Bu hədiyyə verildiyi halda, heç bir hədiyyə verilməmiş deməkdir. Bəlkə də bu üzdən Derrida eyni kitabda "bəlkə də şiddət ilanıdır ki, qədimdən bəri, hər bir dostluq və ədalət münasibətinə süzülmüşdür" qənaətindədir.

Vurğuladığım kimi, Derrida "dostluğun üç üzü var", demişdi. Emmanuel Levinasa görə, "üz ən çılpaq üzvdür. Bu çılpaqlıq təsirli və xoşa gəlimdir. Eyni halda ən yoxsul üzvdür də. İnsanın qiyafə tutması, birini yamsılaması da bunu təsdiq edir. Üz qorunmaz şəkildə təhdidlər qarşısındadır. Sanki bizi bir şiddətə doğru yönəldir.  

Levinasa görə üz məsələsinin məfhumu insanın özünə işarə edirsə də, başqasına işarə etdiyi üçün olduqca önəmlidir.  Həmin şəkildə qızın üzü savaş və fəlakətə işarə edirdi. Üz məfhumu görmək və söyləməklə tam əlaqədardır. Üzü tam anlayıb tanımaq mümkün deyil. Dilimizdə neçəüzlü sözü də bunu təsdiq edir. Üz cilvələnmə və inkişaf cinsindəndir. Beləliklə, bizi başqasının həqiqətinə qaytarır. Dil və söz kimi inkişaf cinsindəndir. Levinasa görə o birisi, böyük birisi  və ya tanrıdır. Hər halda bu başqasını sayıb, sayğı göstərməliyik. 

İmmanuel Kanta görə hər bir obyekt, süjetdə mütləq dəyişikliklər də yaradır. Dilimizdəki xaos nəticəsində "İran Türküsü" qalibində özünü irəli sürən, bəzən Təbriz, Ərdəbil və digər yerli ləhcələri norma kimi götürüb, bəzən də xalq danışıq dilini və orda gedən saysız-hesabsız yad sözləri yazılarında əks etdirən yazıçılarımız, əslində dilimizə Danaoların hədiyyəsini daşımaqdadırlar. Bu hədiyyə nə qədər böyük olursa, bir o qədər də yıxıcı olacaqdır. Dostlar tərəfindən verilən bir hədiyyə varsa, atın Troya xalqına verəcəyi ziyan qədər təhlükəlidir. Əslində bu hədiyyə dostların deyil, böyük birisinin hədiyyəsidir.

Başqa bir nümunə hamımızın eşitdiyi zarafatdadır: qulluqçu çırağını tapan birisinə, qul, qonşusuna iki qatını vermək şərti ilə istəklərini yerinə yetirəcəyəm, - söyləyib. Kişi isə düşünüb-daşındıqdan sonra, "bir gözümü çıxar", deyibdir.

Rəsmi mediada gedən dil, yazıçılarımızın oxucuya (hansı oxucuya?!) yaxınlaşaq deyə, yazıb-yaratdıqları dil, özünü ucuz və rahatca bizim ixtiyarımızda qoyur. Azacıq kitab oxucuları, bolluca media izləyiciləri bunu rahatca qəbul edirlər.  Qəbul etdikdən sonra, onun işğalı ərazisinə çevrilirlər. 

Burada isə qələmə alınan dil və ya Derrida deyişi ilə dostluq hədiyyəsinin çöhrəsi tam Levinasın dediyi kimi, böyük birisini (burada hakim qüvvələr anlamında) göstərməkdədir. Verilən hədiyyənin amacı dilimizin üst səviyyəsi ilə bərabər, sintaksisini də məhv etməkdir. 

Bu işi sadəcə İran türküsü dost hədiyyəsi qalibində bizə etmir. Məsələnin digər tərəfi isə qardaş dil, Türkiyə türkcəsidir. Bütün dil yaxınlıqlarına baxmayaraq, eyni vəzifəni Türkiyə türkcəsi də daşıya bilər. Azından Qabilin Habili öldürmək nağılı, hamımıza ən tanış qardaş öldürmənin örnəyidir.

Hegelə görə, mütləq ideyalar, özlərini münaqişə yerindən kənara çəkərək hakimiyyətdədirlər. Bəşər alış-verişlərində, bütün qalmaqallarda, işlərini, bir başqasının vasitəsi ilə irəli sürürlər, - deyir. Böyük birisinin də davranışı belə olsa gərək. Dilimizi doğru-düzgün öyrənməkdənsə, İran türküsü kimi saxta bir termin altında boşuna çalışmağa sövq verməkdədir. Boş çalışmaq, Slavoy Jijekin deyimi ilə, bir dəyişiklik baş verməsin deyə çalışmadır. Yəni böyük birisinin qorxduğu bir dəyişiklik. Beləliklə, bu qarşılıqlı işdə obyekt, süjeti passiv hala gətirir, onu böyük birisinin sahəsində buraxır. O mənim yerimə zövq alır. S. Jijek bu məqamda gözəl örnəklər ortaya qoyur; kino filmlərini bir hard-disk üzərində toplayıb saxlamağa bənzəyir. Beləliklə, bu filmlər həmişə əlimizdə olduğu üçün, onları izləməyi sonraya buraxırıq. Bəlkə də heç zaman baxmırıq və hard-disk bizim yerimizə bunları izləyir. İran türküsündəki sözcüklər bizim düşünməmizə, dilimizdə olmayan terminlərə qarşılıq axtarmağa izin vermirlər. Onların qarşılığı İran türküsündə (Türkiyə türkcəsi də eyni mövzudadır) həmişə hazırdır. İstədiyimiz vaxt onlardan yararlana bilərik.

Lakan "bizim meylimiz başqasının meylidir" deyir. Bu isə iki yönlüdür: başqasının arzularına meyil etmək və ayrıca başqasının sənə qarşı meyilli olması, arzusu. Burada Azərbaycan türkcəsində bütün əsərləri alqışlayıb himayə etməliyik, düşüncəsinə də bir giriş vuraq. Bu düşüncənin infrastrukturunda boşluqdan doğulan iztirab durursa da, bu iztirab eyni halda böyük birisinin hədiyyəsidir. Bizdə tamaşa, kino filmləri, musiqi, roman və... boşluqları duyulur. Digər yandan, simvolik sahədə  bizi özgələşdirən yaddilli məhsulların axışı yuxumuzu sərsəmləşdirir. Bu iztirab böyük birisinin at çapdığı meydana çevrilir. Yenə də üçüncü birisi, mütləq ideyalar tərəfindən oyunçudur. Biz isə onun meyillərini həyata keçiririk. Passivliyə doğru yönəlirik. 

İndi belə anlaşılmasın ki, bütövlüyü ilə böyük birisinin iradəsində əsir düşmüşük. Böyük birisi eyni halda qırılan, həqiqi olmayan və tam məcazidir. Yəni mövqeyi bir ilkin layihə mövqeyidir. Yəni bu iztirabımız, dilimizdə heç bir əsər yoxdur, düşüncəsinə inandığımız proses qədər yaşayacaqdır.

Jil Delöz ədəbiyyatın iki yönü var, deyir: ana dilini parçalayıb və yıxmaq. Bu dil sintaksisində yeni bir dil yaratmaq kimidir. S.Bekketdən: "dil bir səhifədirsə, ədəbiyyat bu səhifəni deşib və o deşikdən dilin o yanına baxmaqdır" deyir. M. Prost isə, "dilin təkcə qorumaq yolu ona hücum etməkdir" deyir. Bu gövdənin hər bir irinli yerini deşməyin amacı, irinləri çıxarıb və sağaltmaqdırsa, kirli bir iynə ilə kimsə bunu etməyə qalxışmaz.  

Z.Freyd "Yuxuların yozumu" kitabının beşinci fəslində bizə Sofoklun "Edip" hekayəsini anladır. Atası Layios tərəfindən yol kənarına buraxılmış Edip, nəhayətdə böyüyüb, şüursuz şəkildə atasını öldürüb öz anası ilə evlənir. Əziz yazıçımız İran türküsü bayrağını qaldırırkən anası ilə  evlənəcəyini yuxusunda belə görməz. Necə ki, Atenalı Solon2 yasalarında, ata qatilinə bir cəza kəsilməmişdir.  

 

Danaoi - Troya şəhərini fəth edən yunanlılara Homerin verdiyi ad.

Solon - Aten şəhərinin atası kimi tanınan, əski yunanlı yasa qurucusu.

 

Təqdim etdi: Əli Çağla

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!