Aygün Həsənoğlunun uşaq nəsrində estetik təqdimat və pedaqoji əhəmiyyət - Səadət BAYRAMOVA

 

On dörd kitab müəllifi olan yazıçı, dramaturq Aygün Həsənoğlunun uşaq nəsri estetik təqdimatı və ideya-məzmunu baxımından çağdaş tələblərə cavab verməsi ilə seçilir. Onun "Ceyhunun zaman maşını", "Hər kəsin öz nəğməsi" romanları və çoxsaylı hekayələri uşaqların dünyagörüşünü zənginləşdirməklə yanaşı, onlarda mütaliəyə maraq oyatmaq, estetik zövq formalaşdırmaq baxımından da əhəmiyyətlidir. Burada zaman və məkan anlayışları, qəhrəmanların daxili dünyası, psixoloji vəziyyəti incəliklə işlənmişdir. Bu mətnlər klassik dəyərlərlə müasir düşüncə tərzini birləşdirib, uşaqların əylənərək mənəvi-əxlaqi cəhətdən formalaşmasına xidmət edir.

Aygün Həsənoğlunun uşaq nəsrində diqqətçəkən cəhət diktə etməkdən daha çox, uşaqla eyni mövqedə duraraq dialoqa girməsidir. Bu əsərlər klassik müəllim yönləndirməsi və valideyn nəsihətindən fərqli, uşağın daxili dünyasında tədricən işıq yandırıb həqiqəti aramağa, müşahidə edərək nəticə çıxarmağa təşviq etməsi ilə dəyər qazanır. Müəllif yalnız texnoloji fonda deyil, həmçinin uşağın daxili aləmindəki dəyişkən mənəvi-emosional qatda da zamanın nəbzini tuta bilir. Bu səbəbdən Aygün xanımın roman və hekayələri günümüzün uşaqları üçün maraqlı olduğu qədər də aktualdır.

Qeyd edilənlərin bariz nümunəsi kimi "Ceyhunun zaman maşını" romanını (2022) göstərmək olar. Əsərdəki macəra ruhu və sürətli hadisə axını müasir pedaqogikanın əsas prinsiplərindən olan uşağın özünün kəşf etməli olduğu gözləntisinə uyğun irəliləyir. Müəllif yalnız uşağın macəralarını yazmaqla kifayətlənmir, onun texnologiyaya münasibətindən tutmuş, təhsilə qarşı etinasızlığına, ailədaxili münasibətlərindən fərdi seçim prosesinə qədər, bir çox müasir problemləri dərinliklə təqdim edir. Ceyhunun zaman içindəki səyahətləri onun timsalında uşağın daxilən böyüməsini ifadə edir. Onun zamanda səyahətlərinin hər bir mərhələsi balaca oxucunun öz reallığı ilə üzləşməsi üçün təsir mexanizminə çevrilir.

 

Hekayələrində olduğu kimi, Aygün Həsənoğlunun "Ceyhunun zaman maşını" romanında da təqdim edilən ailə modeli, cəmiyyətlə münasibət formaları və  qəhrəmanların davranış tipləri müasir uşaq psixologiyasına uyğundur. Belə mətnlər uşağın bədii zövqünü formalaşdırmaqla yanaşı, ona reallıqla əlaqə qurmağı öyrədir: uşaq oxuduğu barədə düşünməyə başlayır.

Aygün Həsənoğlunun nəsrində uşağın intellektual səviyyəsinə hörmətlə yanaşıldığını izləyə bilirik. Belə ki, müəllif, azyaşlı oxucusunu sadəlövh hesab edərək səthiliyə yol vermir. Onun əsərlərində hadisələr sadə olanda da dərin məna tutumuna malik olur: sıradan obrazları da çoxqatlı ideya daşıyıcısına çevrilir. A.Həsənoğlunun hazır təlimat yerinə yönləndirmə, məsləhət yerinə təcrübənin paylaşılması üzərində qurulan uşaq mətnlərində axtarış imkanları nəticəni üstələyir.

"Ceyhunun zaman maşını" romanı yalnız bir macəra əsəri kimi qalmır, əxlaqi, estetik və sosial təbəqələrə malik çoxqatlı mətnə çevrilir. Çağdaş uşağın dilemmalarına - məktəbdən bezginliyi, xəyal dünyasına sığınaraq ailədən uzaqlaşma ehtimalı real və təsirli şəkildə əksini tapır. Burada fantaziya və reallıq ahəngdarlıqla birləşir. Zaman maşını konsepti, az qala, virtual dünyada yaşayan, oyunlar və cihazlarla böyüyən uşaq üçün tanış və cazibəlidir. Fantastika elementi kimi, uşağın marağını dərhal cəlb edən zaman maşını keçmiş və gələcəyə bələd olmaq vasitəsilə bu günün qədrini bilməyi aşılayır. Bu yanaşma uşaqların düşüncə çevikliyi və analitik bacarıqlarını inkişaf etdirən mexanizm kimi işləyir.

Romanın qəhrəmanı Ceyhun ilk baxışdan klassik "məktəbdən qaçan şagird" kimi görünsə də, bu obrazın simasında uşağın psixoloji portreti yaradılır. Ceyhun darıxdırıcı məktəb reallığından xilas olmaq istəyərkən, əslində, özünü və gələcəyini anlamağa çalışır, bu "axtarışı" zaman maşını ilə mümkünləşdirmək istəyir. Məktəblinin bu "kəşfi" zahirən zamanlararası səyahət olsa da, uşağın öz daxili aləminə və insanın, cəmiyyətin kollektiv təcrübəsinə yolçuluq kimi gerçəkləşir. Romanın üçüncü hissəsində Ceyhunun dörd fərqli planetə səyahəti, onun öz dünyasını və dəyərlərini yenidən kəşf etməsinə səbəb olur. Bu səyahətlər onun həyat və təhsil anlayışına münasibətini dəyişmək üçün vasitəyə çevrilir. Beləcə, Ceyhunun keçmişə və gələcəyə, müxtəlif planetlərə səyahətləri zamanı qarşılaşdığı vəziyyətlər vasitəsilə müəllif balaca oxucusunu düşünməyə sövq edir. Əsərin tərbiyəvi əhəmiyyəti uşağa dərslər verməkdən deyil, dünyanı öz təcrübəsi ilə dərk etməsinə şərait yaratmaqdan keçir.

Aygün Həsənoğlunun "Hər kəsin öz nəğməsi" romanı (2022) müasir Azərbaycan uşaq ədəbiyyatında həm estetik, həm də pedaqoji baxımdan diqqətəlayiq bir hadisədir. 9-12 yaş kateqoriyası üçün nəzərdə tutulmuş romanın qəhrəmanları qocaman palıd ağacının budaqlarında yuva qurmuş müxtəlif quşlardır. Meşədə quşların arasında olan söhbətlər, başlarına gələn əhvalatlar uşaqların mənəvi-psixoloji tərbiyəsinə təsir göstərmək məqsədi daşıyır. Bundan əlavə, roman boyu uşaqlar quşlar, onların xüsusiyyətləri, növləri və s. haqqında bilgilərə malik olur, ümumiyyətlə təbiətlə bağlı məlumatlarını genişləndirə bilirlər.

Alleqorik üslubda yazılmış "Hər kəsin öz nəğməsi" romanında mürəkkəb həyat həqiqətləri sadələşdirilmiş şəkildə və simvollar vasitəsilə çatdırılır. Qocaman palıd ağacının dili ilə danışan bu əsər təbiətin səsi, canlıların harmoniyası və fərqliliklərin bir arada mövcudluğuna çağırışdır. Meşədəki quşlar, əslində, cəmiyyətin fərqli xarakterlərini simvolizə edir: bülbül incə duyğuları və istedadı, qarğa isə tənqidçilik və narazılığı təmsil edir. Bu yanaşma uşaqlarda yalnız quşlar və təbiət haqqında bilikləri artırmır, eyni zamanda onların emosional zənginliyini və mənəvi duyarlığını da inkişaf etdirir.

Demək olar, tamamilə quşların dialoqları üzərində qurulan romanda quşların fərqli xarakterləri, xüsusiyyətləri vasitəsilə insanların mənəvi aləmi açılır: düzgünlük, qorxaqlıq, xeyirxahlıq, paxıllıq, yaxşılıq, pislik, təkəbbür, mehribanlıq, pozitiv və neqativ düşüncə tərzi və bütün bu xüsusiyyətlərin dərin psixoloji səbəbləri uşaqlara aydın bir dildə çatdırılır. Roman boyu hər quşun öz həyat tərzi və xüsusiyyətləri göstərilir və əsərin ortasında qarğa gözəl oxuyan quşların səsinə, nəğməsinə dözə bilməyib, öz gücünə güvənərək hamıdan tələb edir: "Hamı eşitsin! Bərrrabər olmaq üçün hamımız bir cür oxumalıyıq. Hamımız bir nəğmə oxumalıyıq. Hamı qarrrıldamalıdır!" Quşların çoxusu qorxub onun bu əmrinə riayət etməyə çalışsa da, gözəl nəğməli bülbül etiraz edir və qorxaq yoldaşlarını öz arxasınca çəkib öz təbiətlərinə sadiq qalmağı öyrədir. Əsərdə təqdim olunan situasiyalar arxasında səbəblər də görünür: Qarğanın simasında paxıllıqdan istedad sahiblərini əzməyə, susdurmağa çalışan bədniyyətli, bülbülün timsalında isə azadlıqsevər və cürətli, sözün doğrusunu deməkdən çəkinməyən insanlar ümumiləşdirilir.

Əsər boyu müəllif bəhs etdiyi məsələlərlə bağlı balaca oxucusu ilə kommunikasiya qurur - ona gah sual verir, gah sadəcə müraciət edir. Belədə oxucu özünü mətnin bir komponenti, hadisələrin iştirakçısı kimi hiss edə bilir. Romanın maraqlı cəhətlərindən biri haqqında bəhs olunan quşların şəkillərinin verilməsidirsə, digər bir cəhəti də bəzi şəkillərin uşaqların rəngləməsi üçün rəngsiz saxlanmasıdır.

Aygün Həsənoğlunun balacalara daha bir ərməğanı isə 2022-ci ildə çap olunmuş hekayə və nağıllardan ibarət "İncilər" kitabıdır. Qeyd edək ki, burada yer alan "Hər kəsin nəğməsi" romanı ilə eyniadlı hekayə, bir növ, bu irihəcmli əsərin xülasəsidir; oradakı ideya və məzmunu xeyli sıxışdırıb kiçik bir mətnə sığdıra bilib. Hər iki əsərdə Bülbül çəkinmədən öz fikrini söyləyir, bərabərliyin hamının eyni nəğmə oxumasında yox, bir-birinə sevgi və hörmət bəsləməsində və qarşılıqlı yardımlaşmasında olduğunu bildirir. Bülbülün sözündən güc tapan quşlar hamısı onu dəstəkləyir və Qarğaya fikir verməyib hərəsi öz nəğməsini oxumağa davam edir. Hər iki alleqorik mətn uşaqlara fərdi azadlıq, yaradıcı müxtəliflik, bərabərlik anlayışının yanlış yozumuna dair nümunə göstərir. Qarğanın bərabərlik adı altında bütün fərqlilikləri ləğv etmək istəyini quşların öncə təslimiyyət əhvalında qarşılaması, sonra Bülbülün sözünə dəstək olması ilə müəllif balacalara azad fikir və azad söz anlayışlarını aşılayır.

Aygün Həsənoğlunun "İncilər" kitabında toplanan bütün hekayə və nağıllar uşağın dünyagörüşünə, davranış və mənəvi inkişafına yönəlmiş məzmunlu bədii mətnlərdir.  "Yemək yeməyən qız", "Oğurluğun axırı", "Sevgi sevgi gətirər" və digər əsərlərində müəllif uşaqlara dürüstlük, empatiya, paylaşma, məsuliyyət, sevgi və qayğı kimi insani duyğuları təlqin edir. Qəhrəmanları bəzən sərçə, bəzən bir uşaq, bəzən bir ağac və ya oyuncaq olan bu kiçik mətnlərin hər birində uşaqla emosional bağ yaradılır. "Hamıdan yuxarıda yaşamaq istəyən sərçə" nağılı fərdi eqoizmə qarşı kollektiv yaşamağın dəyərini vurğulayır. "Qonşu istəməyən ağac" bənzər məsələni qabartmaqla yanaşı, həm insani münasibətləri, həm də təbiətə yanaşmanı etik çərçivədə qurmağa sövq edir. "Yüz ölç, bir biç" nağılı düzgün  qərar vermək qabiliyyəti və tələskənliyin fəsadları haqqında mesaj verir. "Anaları qoruyaq" və "Ata-anasından küsən uşaq" hekayələri ailə münasibətlərində uşaqların məsuliyyətini və empatik yanaşmanı inkişaf etdirir. Bu mətnlərdə müəllif uşağı cəmiyyətin passiv elementi kimi yox, düşünən, hiss edən və cavabdehlik daşıyan fərd kimi təqdim edir.

Gündəlik davranışlara tətbiq oluna bilinən "Oyuncaqlar qırılanda" hekayəsində əşyaya hörmət, oyun vasitəsilə dostluq və diqqət kimi anlayışlar sadə süjetlə ötürülür. "Bilinməyən acılar" isə uşaqlarda həm empatiyanı, həm də sosial məsuliyyəti formalaşdırmaq gücünə malikdir. "Sevgi sevgi gətirər" mətnində təkcə qarşılıqlı qayğının əhəmiyyəti deyil, münasibətlərdə psixoloji refleksin bədii təcəssümünü izləmək mümkündür. Uşaq, sadəcə, "yaxşılıq et, qarşılığını alarsan" qənaətinə gəlmir, empatiyanın real gücünü dərk edir. "Yemək yeməyən qız" hekayəsi uşağın yeməkdən imtinası mövzusunu qabartmaqla öz səhhətinə, valideyn qayğısına və gündəlik vərdişlərə münasibətini formalaşdırır. Aygün Həsənoğlunun  bir çox nağıl və hekayəsi uşaqları yalnız özü ilə bağlı deyil, sosial məsuliyyət baxımından da düşünməyə təşviq edir. "İnsanlar çörəyi niyə göz üstünə qoyurlar?" kimi sual şəklindəki başlıqlar uşağı təkcə cavab almağa yox, özü də sual verərək öyrənməyə, arayışa sövq edir. "Ata-anasından küsən uşaq" yalnız ailə münasibətlərindən bəhs etmir; həm də emosional reaksiya ilə rasional davranış arasındakı fərqi uşağa hiss etdirir, "emosiyalar pis deyil, amma onların cavabdehliyini daşımaq lazımdır" mesajını verir. 

Bu hekayələr vasitəsilə müəllif uşağa həyatın reallıqlarını göstərərək onda məsuliyyət hissini oyadır. Belə mətnlər yönəltmədən yönləndirir, davranışın nəticələrini nümayiş etdirərək seçim etməyi öyrədir. A.Həsənoğlunun əsər qəhrəmanları mükəmməl deyillər. Onlar səhv edir, qorxur, bəzən inadkarlıq göstərir, hətta yalan danışırlar. Amma məhz bu realist yanaşma, uşağın hekayədə özünü görməsinə və özünü sınamasına imkan verir.

Aygün Həsənoğlunun uşaqlar üçün yazdığı nəsr əsərləri bir tərəfdən, onların hiss və düşüncə aləmini zənginləşdirir, digər tərəfdən, gündəlik həyatda tətbiq edilə biləcək mənəvi dəyərləri aşılayır. Bu əsərlər təkcə uşağa yox, həm də uşağın iç dünyasını anlamaq və onunla düzgün ünsiyyət qurmaq üçün bir körpü rolunu oynayaraq valideynə işıq tutmaq gücündədir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!