"Cik-Cik xanım": kiçik quşun böyük zəfəri - Xanım AYDIN

 

"Cik-Cik xanım" Azərbaycan xalq nağılları arasında həm sadəliyi, həm yumoru, həm də dərin məna qatları ilə seçilən əsərlərdən biridir. İlk baxışda uşaqlar üçün söylənmiş əyləncəli bir hekayə təsiri bağışlasa da, nağılın içində xalqın dünyagörüşü, məişət həyatı, sosial münasibətləri və mənəvi dəyərləri əks olunur. Kiçik bir sərçənin başına gələn hadisələr vasitəsilə xalq düşüncəsinin mühüm cəhətləri simvolik şəkildə təqdim edilir.

Nağılın əsas qəhrəmanı olan "Cik-Cik xanım" fiziki baxımdan zəif və balaca bir quşdur. Lakin o, ağlı, çevikliyi və inadkarlığı ilə özündən qat-qat güclü insanları məğlub edir. Bu xüsusiyyət Azərbaycan folklorunda tez-tez rast gəlinən "kiçik, amma ağıllı qəhrəman" obrazını yada salır. Xalq nağıllarında qəhrəmanın uğuru çox zaman fiziki güclə deyil, zəka və tədbirlə bağlı olur. "Cik-Cik xanım" da məhz bu xüsusiyyətləri sayəsində bir tikandan başlayaraq çörəyə, qoyuna, gəlinə və sonda saza sahib olur. Yəni fərasətin, ağlın, bacarığın can-cüssədən, qüvvədən daha üstün olduğuna işarə olunur.

Nağılın başlanğıcında "Cik-Cik" xanımın ayağına tikan batması adi hadisə kimi görünür. Ancaq məhz bu hadisə bütün süjetin başlanğıc nöqtəsinə çevrilir. Tikan burada həyatın çətinliklərini və insanın qarşılaşdığı ilk maneəni simvolizə edir. Qarı nənənin tikanı çıxarıb təndirə atması problemi həll etmək kimi görünür, lakin "Cik-Cik xanım" tikanını geri istəyir. Bu məqam bəzi oxucularda qıcıq yaratsa da, xalq düşüncəsində haqq və sahiblik anlayışını göstərir. Kiçik bir əşya belə olsa, onun əvəzi verilməlidir. Hər şeyin öz sahibi, öz yiyəsi var və heç kim heç kimin malına göz dikə və ya mənimsəyə bilməz. Lap belə bir situasiya olsa da belə. Hə, bu minvalla hadisələr zəncirvari şəkildə davam edir və hər itkinin yerini daha böyük bir qazanc tutur.

Nağılda diqqətçəkən əsas məqamlardan biri mübadilə sistemidir. "Cik-Cik xanım" hər dəfə əlində olanı başqa bir şeylə dəyişir və nəticədə daha qiymətli bir şey əldə edir. Bu motiv qədim xalq məişətindəki barter münasibətlərini xatırladır. Lakin burada əsas vurğu maddi qazancdan çox ağlın və çevikliyin üstünlüyünə edilir. Sərçə nə güclüdür, nə də varlıdır, amma vəziyyətlərdən istifadə etməyi bacarır. Bununla xalq müdrikliyi "ağıl sərvətdən üstündür" fikrini ortaya qoyur.

Nağılın simvolik qatları da olduqca maraqlıdır. Çörək ruzinin və paylaşmanın rəmzidir. Qoyun xalq həyatında sərvət və dolanışıq mənası daşıyır. Gəlin isə ailə, şərəf və sosial nüfuzun ifadəsidir. "Cik-Cik xanım" padşahın gəlinini aparması isə nağıla yumor və satira qatır.

Nağılın ən mühüm simvolu isə Sazdır. "Cik-Cik xanım" sonda gəlini deyil, sazı seçir. Bu, təsadüfi deyil. Azərbaycan xalq düşüncəsində saz yalnız musiqi aləti deyil, xalq yaddaşının, sənətin və mənəviyyatın rəmzidir. Beləliklə, nağıl maddi sərvətin keçici olduğunu, ən böyük dəyərin isə söz və sənət olduğunu vurğulayır. Aşıq obrazının nağılda yer alması da bu fikri gücləndirir. Aşıq xalqın yaddaşını yaşadan, söz və musiqi ilə insanları birləşdirən müqəddəs bir obraz kimi təqdim edilir. Elə "Cik-Cik xanım" və bir sıra digər nağıllarımız, bayatılarımız, laylalarımız da bu cür yaşayıb, nəsillərdən-nəsillərə, dillərdən-dillərə keçərək bu günümüzə belə canlı, belə təzə gəlib çıxa bilib.

Nağılın dili və quruluşu da xalq yaradıcılığı üçün xarakterikdir. Təkrarlar, ritmik ifadələr və nəqərat formasında verilən misralar əsərə musiqililik gətirir, onu daha oxunaqlı, uşaqlar üçün əyləncəli və yaddaqalan edir. "Tikan verdim, çörək aldım..." kimi təkrarlar həm yadda qalır, həm də nağılın ritmini gücləndirir. Bu xüsusiyyət Azərbaycan şifahi xalq ədəbiyyatının əsas poetik xüsusiyyətlərindən biridir.

Ümumilikdə, "Cik-Cik xanım" sadəcə əyləncəli uşaq hekayəsi deyil. O, xalqın həyat fəlsəfəsini, yumor hissini, sosial münasibətlərini və mənəvi dəyərlərini əks etdirən çoxqatlı bir folklor nümunəsidir. Nağıl göstərir ki, ağıl və çeviklik gücdən üstün ola bilər, kiçik görünən bir varlıq belə, böyük dünyanı dəyişdirə bilər və insan üçün ən böyük sərvət maddi nemətlər deyil, sənət və sözdür.

Bu gün də "Cik-Cik xanım" kimi nağıllar öz aktuallığını itirmir. Əksinə, müasir dövrdə onların verdiyi mesajlar daha fərqli və daha dərin şəkildə anlaşılır. Texnologiyanın sürətlə inkişaf etdiyi, insanların gündəlik həyatının getdikcə sürətləndiyi bir zamanda xalq nağılları bizi öz köklərimizə, milli yaddaşımıza qaytarır. Çünki bu nağıllar keçmişin xatirəsi olduğu qədər də, bu günümüzü anlamaq üçün vacib və paslanmaz açardır.

Müasir insanın qarşılaşdığı problemlər dəyişsə də, əsas məsələlər yenə eyni qalır: haqqını qorumaq, ədalət axtarmaq, ağılla gücə qalib gəlmək, maddiyyatla mənəviyyat arasında seçim etmək. "Cik-Cik xanım"ın sonda sazı seçməsi də bu baxımdan bu gün üçün xüsusi məna daşıyır. Çünki müasir dünyada insan getdikcə daha çox maddi uğurun arxasınca qaçır, lakin sənətə, sözə, ruha olan ehtiyac yenə də dəyişmir. Nağıl sanki yüz illər öncədən bu günün insanına xatırladır ki, ən böyük sərvət insanın mənəvi dünyasıdır.

Bu motiv müasir Azərbaycan ədəbiyyatında da özünü göstərir. Bugünkü yazıçılar və şairlər də tez-tez xalq yaddaşına, folklor motivlərinə və qədim simvollara qayıdırlar. Çünki folklor keçmişlə bu günü birləşdirən milli kimliyin canlı daşıyıcısıdır. Müasir ədəbiyyatda görünən bir çox obrazların, simvolların və hətta yumorun kökündə xalq nağılları dayanır. "Cik-Cik xanım" kimi əsərlər isə bu baxımdan həm uşaqlar üçün maraqlı hekayə, həm də böyüklər üçün dərin mənalı bir mədəniyyət mətnidir.

Eyni zamanda, nağıldakı "kiçik qəhrəman" anlayışı bu günün insanına da yaxındır. Müasir dövrdə də çox zaman böyük dəyişiklikləri edənlər ən güclülər yox, ən yaradıcı, ən çevik və fərqli düşünən insanlar olur.

Bəlkə də buna görə xalq nağılları əsrlər keçsə də unudulmur. Onlar zaman dəyişsə də insanın daxilində dəyişməyən hisslərə toxunur: qorxuya, ümidə, ədalət duyğusuna, sevincə və azadlıq istəyinə. "Cik-Cik xanım" da bu baxımdan həm milli yaddaşımızın bir parçası, həm də müasir düşüncəyə işıq sala bilən canlı folklor nümunəsidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!