"Şəfəq" - Cənubun ədəbi mayakı - Qafar CƏFƏRLİ

 

Türkiyə Cümhuriyyətinin qurucusu, böyük Mustafa Kamal Atatürkün belə bir fikri var: "Mətbuat millətin müştərək səsidir". Doğrudan da, millətin milli şüurunun formalaşmasında, dini, etnik, ideoloji dəyərlərin, insan hüquq və azadlıqlarının təbliğində və qorunmasında, illərin sınağından çıxmış, xalqımızı simvolizə edən adət-ənənələrin tərənnümündə, cəmiyyətdəki neqativ halların aşkar olunmasında və təmizlənərək saflaşmasında mətbuatın rolu danılmazdır. Bütün bu meyarlara sədaqətlə xidmət edən ədəbi dərgilərin mövcudluğu da bu mənada xüsusi önəm daşıyır.

2026-cı ilin may ayında Azərbaycan Yazıçılar Birliyi Lənkəran Regional Bölməsinin ədəbi-bədii, elmi-publisistik orqanı olan "Şəfəq" jurnalının 35 yaşı tamam olur. 

Müəyyən fasilələrlə "Şəfəq" jurnalı artıq 35 ildir ki, Cənub ədəbi mühitinin flaqmanı olaraq mətbuat kimi öhdəsinə düşən, ümumən isə ədəbiyyatımızın inkişafı naminə çox əhəmiyyətli vəzifələri icra etməyə çalışır. Bu bayram günlərində "Şəfəq"in keçdiyi yola nəzər salmaq, fikrimcə, oxucular üçün də maraqlı olar.

Azərbaycan Yazıçılar İttifaqının ilk təşkil olunan filiallarından hesab edilən Lənkəran Zona Şöbəsı 1978-ci ilin oktyabr ayında tanınmış yazıçı, şair və dramaturq Məmmədhüseyn Əliyevin məsul katibliyi ilə fəaliyyətə başlayıb. O dövrdə böyük Sovetlər Birliyi, bu Birliyin tərkibində olan sosialist Azərbaycanı və təbii ki, ölkənin ədəbi qüvvələrini istiqamətləndirən ideya mövcud idi. Qarabağ ətrafında baş verən hadisələr, Qanlı Yanvar faciəsi bu Birliyin nə dərəcədə çürük, gərəksiz və etibarsız olduğunu açıq-aşkar ortaya qoydu. İlk vaxtlar hər sahədə olduğu kimi, İttifaqın (müstəqillik qazanandan sonra Birliyin) özü və tərkibində olan zona şöbələri də ciddi maddi çətinliklərlə üzləşməli olurdular. Belə bir dövrdə sıfırdan jurnal yaratmaq, nəşr etmək çox ağır və məsuliyyətli addım idi.

 

1990-ci ilin axırlarında M.Əliyev şöbənin ədəbi-bədii orqanı olaraq "Şəfəq" adlı jurnal yaratmaq təşəbbüsü ilə çıxış etdi. Bu məqsədlə jurnala lisenziya alındı və jurnalın nəşri üçün bölgə yazarlarından materiallar toplanılmağa başlanıldı. 1991-ci ilin fevralında jurnalın ilk nömrəsi üçün materiallar Lənkəran şəhərindəki mətbəəyə təqdim olundu və may ayında artıq şöbənin ədəbi-bədii orqanı olaraq "Şəfəq" jurnalının ilk sayı işıq üzü gördü. Jurnalın redaktoru Məmmədhüseyn Əliyev, redaktor müavini Hacıməmməd, məsul katib İltifat Saleh, rəssamı isə  Məmmədsadıx Axundov oldular. Jurnal "Zonamızın ədəbi istedadları, "Şəfəq"in ətrafında birləşin!" epiqrafı ilə çap olundu. Jurnala xalq yazıçıları Mirzə İbrahimovun və Anarın, şöbənin əhatə etdiyi Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara və Lənkəran rayon partiya komitələrinin birinci katiblərinin (indiki icra başçıları) təbrikləri və həmin rayonda yaşayan yazarların seçmə əsərləri daxil edilmişdi. Jurnal 14x19 mm ölçüdə 80 səhifə həcmində (və uzun illər bu formatda) işıq üzü gördü. Onu da qeyd etmək lazımdır ki, həmin vaxt və ondan sonrakı dövrdə jurnal əməkdaşların və ətrafında cəmləşən bəzi yaradıcı şəxslərin şəxsi vəsaiti hesabına çap olundu.

Toplu ilk nömrəsindən Birliyin əhatə etdiyi rayonlarda yaşayan müəlliflərin ədəbi-bədii əsərlərini çap etməklə fəaliyyətə başladı və bu ənənə bu günə kimi davam etməkdədir.

"Şəfəq"in nəşri AYB-nin digər şöbələrinə nisbətdə bir ilk olmaqla, nəinki bölgədə, hətta respublikada əhəmiyyətli ədəbi hadisə idi. "Şəfəq" ilk sayından başlayaraq, bölgə yazarlarına öz şəfəqlərini saçmaqla onların peşəkar ədəbiyyata ayaq açmasında, tanınmasında və inkişafında müstəsna rol oynamağa başladı. Bu, ümumən ədəbiyyatımızın da zənginləşməsi işinə müstəsna xidmət göstərmək idi.

Şöbənin məsul katibi və jurnalın ilk baş redaktoru Məmmədhüseyn Əliyev vəfat etdikdən sonra 16 iyul 1994-cü ildən bu vəzifəyə tanınmış şair-publisist Şəkər Aslan təyin edildi. Təəssüf ki, cəmi bir il bu vəzifədə çalışan şairin səhhətində olan problemlər ucbatından toplunu nəşr etmək mümkün olmadı. Şəkər Aslanın vəfatından sonra 8 avqust 1995-ci ildən müvəqqəti olaraq məsul katib təyin edilən şöbənin ədəbi məsləhətçisi Sevil Mürsəliyeva 2 dekabr 1995-ci ilə kimi bu vəzifəni icra etdi. Bu dövrdə də "Şəfəq" toplusu nəşr olunmadı.               

2 dekabr 1995-ci il tarixdən tanınmış şair İltifat Saleh şöbənin məsul katibi təyin olundu. Daxili əmrlə "Şəfəq"in nəşri baş redaktor təyin olunan şair-publisist Balayar Sadiqə həvalə edildi. Müəyyən səbəblərdən təxminən, bir il üç ay ərzində jurnal yenə də işıq üzü görmədi. İltifat Salehin 01 iyun 1997-ci il tarixli əmri ilə yazıçı-publisist Hacıməmməd Quliyev "Şəfəq" jurnalının baş redaktoru təyin olundu. Jurnalın 1997-ci ilin 1-2, 3-4 və 1998-ci ilin 1-2 sayları onun redaktorluğu ilə nəşr edildi. 20 sentyabr 1998-ci ildən başlayaraq "Şəfəq" jurnalı şöbənin məsul katibi, 1999-cu ilin fevral ayından etibarən isə AYB Lənkəran Bölməsinin sədri İltifat Salehin baş redaktorluğu ilə çap olunmağa başladı. Jurnal artıq "Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz!" epiqrafı ilə 17x24 mm formatında Bakı şəhərində çap olundu. İ.Salehin baş redaktorluğu ilə jurnal son dəfə 2013-cü ildə 1-2 sayı ilə oxucuların görüşünə gəldi.

Göründüyü kimi, təxminən, iyirmi iki il ərzində bölgənin ədəbi ictimaiyyətini ətrafında birləşdirən "Şəfəq" jurnalı maraqlı bir həyat tarixçəsi yaşamaqla ölkədə ədəbi mühitin formalaşmasında, möhkəmlənməsində və daha da inkişafında mühüm rol oynadı. Bu müddət ərzində jurnal öz səhifələrində yüzlərlə istedadlı insanlara, xüsusən, gənclərə səxavətlə yer ayırdı, onların püxtələşməsinə əvəzsiz xidmət göstərdi. Böyük əksəriyyət müəlliflər ilk qələm təcrübələrinin çapına sevinmiş, özündə inam və cəsarət taparaq yeni-yeni əsərlərini yazmış oldular. Jurnalda çap olunan müəlliflərdən: Məmmədhüseyn Əliyev, İltifat Saleh, Mirhaşım Talışlı, Mirhafiz Bahadır, Ağamir Cavad, Ziyafət, Əhməd Haqsevər (Lənkəran), Xanlar Həmid, Qədiməli Əhməd, Balayar Sadiq (Lerik), Aslan Quliyev, Sahib Əliyev (Yardımlı), Abbasağa Azərtürk, Misir Alarlı, Bilal Alarlı, Meyxoş Abdullah, Ədalət Salman (Cəlilabad), Qardaş Əlişoğlu, Novruz Xoşbəxt, Fəxrəddin Ziya, Nurəddin Ədiloğlu (Masallı), Firudin Həsənağa (Biləsuvar), Zabil Pərviz (Neftçala), Şahverən Cavad, Novruz İbadoğlu, Aqil Yaqub (Astara) və bir çox başqa yazıçı və şairlər sonralar Azərbaycan ədəbiyyatının tanınmış simalarından oldular.

Jurnalın səkkiz ilə yaxın bir müddətdə nəşr olunmamasının müəyyən obyektiv və subyektiv səbəbləri oldu ki, bunları xırdalamağa lüzum görmürəm.

3 sentyabr 2020-ci il tarixdə AYB sədri, xalq yazıçısı Anarın əmri ilə yazıçı-publisist Qafar Cəfərli AYB Lənkəran Regional Bölməsinə sədr təyin olundu. Qarşıda duran ilk vəzifələrdən biri jurnalın nəşrini bərpa etmək idi. Təbii ki, heç bir iş şəraiti olmayan, bərbad halda olan Bölmənin yararsız, sökülüb dağılmış otaqlarında bunu etmək mümkün deyildi. Buna görə də Qafar Cəfərli ilk olaraq otaqların təmirindən başladı. 27 sentyabr tarixdə Qarabağın azadlığı uğrunda Vətən müharibəsinin başlanması təmir işlərini də yarımçıq qoydu. Hər kəs kimi Bölmənin əməkdaşları və ətrafında olan bütün yazarlar da Vətən müharibəsinin yaratdığı möhtəşəm ab-havaya qoşuldular. Xalqımızın ədalətli müharibəsi 7 noyabr 2020-ci il tarixli Böyük Zəfərlə başa çatdı. Noyabr ayının ortalarından dekabr ayının ortalarına kimi təmir işlərini yekunlaşdırıb jurnal üçün bölgə yazarlarından materialların toplanılmasına start verildi. Həmin günlərdə bütün dünyanı bürüyən pandemiyanın mövcudluğunu nəzərə alsaq, bu işin nə qədər çətin olduğunu təsəvvür etmək mümkündür. Nəhayət, 2021-ci ilin yanvar ayında, səkkiz illik fasilədən sonra "Şəfəq"in 1-2 sayı işıq üzü gördü. Jurnal artıq daha böyük - 19,5x27,5 mm ölçüdə, rəngli formatda nəşr olunmağa başlanıldı. Jurnal keçmiş ənənələrə sadiq qalaraq öz missiyasının icrasına yenidən start verdi və bu fəaliyyət günümüzə kimi uğurla davam etməkdədir.

Keçən təxmini beş il dörd ay ərzində "Şəfəq" jurnalının, hər biri 150-190 səhifə arasında on bir sayı işıq üzü görmüşdür. Artıq jurnalın keyfiyyəti və nəşr sayı xeyli yüksəlmiş, əhatə dairəsi daha da genişlənmişdir. Jurnalın hər sayında "Nəsr", "Poeziya", "Ədəbi tənqid", "Ədəbiyyatşünaslıq", "Publisistika", "Özümlə müsahibə", "Tərcümə", "Yubileylər", "Şəfəq"də ilk dəfə", "Yurdumuzun tarixi", "Yeni kitablar" və digər rubrikalarda olan seçmə yazılar işıq üzü görür. 2026-cı ilin 1-2-ci sayından başlayaraq jurnalda "Şəfəq"in qonaqları" adlı yeni rubrika açıldı ki, jurnalda çap olunmaq istəyində olan digər şəhər və rayonlarda yaşayan müəlliflərin də seçmə əsərləri burada yer almağa başladı və bu rubrika ilə əsərlərin çapının mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulmuşdur.

Jurnal, əsasən, bölgə yazarlarını ədəbi ictimaiyyətə təqdim etmək missiyasını davam etdirir. Bu müddətdə artıq tanınmış şair və yazıçılarla yanaşı, çoxsaylı gənc yazarların da jurnalda təmsil olunması təmin edilmişdir. Jurnalın müxtəlif saylarında yer alan gənc yazarlardan - Ziya Dilsuz, Aysel Xanlarqızı, Ülkər Nicatlı, İqbal Nəhmət, Xalid Mahmud, Elvin İntiqamoğlu, Müşfiq Cəbi, Xaqani Muğamatoğlu, Əyyub Türkay, Fikrət Baxış, İltimas Səmimi, Faiq Hüseynbəyli, Arzu Əyyarqızı və başqalarının imzaları artıq ölkə ədəbi mühitində qəbul olunmuş, əsərləri ölkənin aparıcı ədəbi nəşrlərində yer almışdır.

Əlbəttə, jurnalda çap olunan bəzi yazılarda sənətkarlıq baxımından müəyyən nöqsanların da olması mümkündür. Bu, təbiidir və bağışlanandır. Axı, məqsədimiz həm də yazarlarımıza çap olunmaq şansı yaratmaq, püxtələşmələrinə yardım etmək, daha sanballı əsərlər yazmağa həvəsləndirmək, inkişafına nail olmaqdır.

Bölgədə jurnal buraxmağın məsuliyyətini və ağırlığını söz adamları, xüsusən, mətbuatda çalışan insanlar yaxşı bilirlər. Heç bir maddi təminat olmadan jurnal üçün materialların yığılması, hazırlanması və çap edilməsi səbir, dözüm və yanğı tələb edir. Xüsusən, indiki zamanda, insanların daha çox sosial şəbəkələrə meyil etdiyi dövrdə müəllifləri jurnal ətrafında birləşdirmək çox çətindir. Bütün bunlara baxmayaraq biz bu çətinliklərə sinə gərməkdə davam edirik.

Bəli, bu gün bütün "Şəfəq"çilər, müəllif və oxucular ölkənin ədəbi cameəsində sevilən, ədəbi nəşrlər içərisində özünəməxsus yeri olan belə bir jurnalın varlığına sevinməkdə və fəxr etməkdə haqlıdırlar. Bu həm də ölkəmizə, dövlətimizə və ədəbiyyatımıza xidmətin bariz nümunəsi kimi qürurvericidir.

Bu yubiley günlərində bütün "Şəfəq"çiləri, bütün müəllifləri, bütün oxucuları təbrik edir, onlara ədəbi fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayıram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!