Sovet İttifaqının Böyük Vətən müharibəsində qələbəsindən sonra Rusiya yaşamaq üçün iqtisadi cəhətdən az-çox sərfəli ölkə oldu, həm də ölkənin istənilən bucağından gəlmiş bir çox bacarıqlı yaradıcı şəxsiyyətlər üçün də mənəvi-mədəni sahələrdə cəlbedici məkana çevrildi. Xüsusən, paytaxtın elmi-mədəni dairələrinə milli respublikalardan olan istedadlı mütəxəssislərin gəlişi başladı. Moskvanın elmi-tədqiqat mərkəzləri və təhsil müəssisələrindəki yüksək rəqabətə baxmayaraq, arzu edən hər bir tədqiqatçı namuslu yaradıcı əməyi ilə lazımi real nəticəni əldə edə bilirdi. Həmin illərdə Azərbaycandan xeyli elmi kadrlar daimi yaşamaq üçün paytaxta köçmüşdü, onların çoxu sonralar həm Azərbaycan, həm də Sovet elmi elitasının fəxrinə çevrildi. SSRİ neft-qaz sənayesinin nüfuzlu nümayəndələrindən biri, akademik, görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ qaz sənayesi naziri Sabit Ata oğlu Orucov (1912-1981); texnika elmləri doktoru, professor, Rusiyada və xaricdə tanınmış riyaziyyatçı alim, neft sənayesi mexanikası və neft-qaz məhsullarının boru-kəmər vasitəsilə nəqli məsələlərinin riyazi modelləşdirmə elmi məktəbinin yaradıcısı Məcid Əziz oğlu Hüseynzadə (1916-2006); Sovet kosmik proqramının banilərindən biri, artilleriya general-leytenantı, pilotlu gəmilərin uçuş sınaqları üzrə Dövlət Komissiyasının sədri, görkəmli alim-mühəndis, Sosialist Əməyi Qəhrəmanı Kərim Abbasəli oğlu Kərimov (1917-2003); akademik, Sovet və Rusiya tarixçisi, şərqşünas-yaponşünas "Voprosı istorii" ("Tarix məsələləri") jurnalının baş redaktoru Əhməd Əhməd oğlu İskəndərov (1927); əfsanəvi Sovet və Rusiya geoloqu, Sibir neftini ilk kəşf edən, geologiya-minerologiya elmləri doktoru, akademik, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Federasiyasının Əməkdar geoloqu Fərman Qurban oğlu Salmanov (1928-2007); görkəmli rəssam, SSRİ Xalq Rəssamı, SSRİ İncəsənət Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı Tahir Teymur oğlu Salahov (1928) və bir çox başqalarının həyat yolu söylədiyimiz fikrin əyani örnəkləridir.
Məmnunluqla qeyd etmək lazımdır ki, zamanla bu proses güclənmiş, Azərbaycanın ümummilli lideri, unudulmaz Heydər Əliyev (1923-2003) Azərbaycan KP MK-nın Birinci katibi olanda isə (1969-1982) gənclərimizin Rusiyanın ali məktəblərində təhsili, milli kadrların məşhur elm mərkəzlərinin aspirantura və doktoranturasında hazırlanması daha geniş vüsət aldı. Bu dövrdəki "beyin miqrasiyası" nəticəsində Rusiyada, xüsusilə, Moskvada elmin müxtəlif sahələrində ayrı-ayrı məktəblərin yetirmələri olan çoxlu azərbaycanlı alimlər kök salmış və bu günə qədər də uğurla çalışmaqda davam edirlər...
Azərbaycanın Moskvadakı ədəbiyyatşünas, şair, nasir, dramaturq, kinodramaturq, tərcüməçi və publisistlərdən ibarət olan əzəmətli, istedadlı ədiblər qrupunun yaranması 1940-cı illərin əvvəllərindən paytaxtda daimi məskən salan koloritli insan, əsl qafqazlı, görkəmli alim Əziz Şərifin - Əbdüləziz Qurbanəli oğlu Şərifzadənin mübarək adı ilə bağlıdır. O, Moskvadakı Azərbaycan ədəbi mühitinin formalaşmasında müstəsna rol oynamış şəxsiyyətdir! Daha dəqiq desək, Moskvada bu günə qədər də məhsuldar və səmərəli fəaliyyət göstərən Azərbaycan ədəbi-mədəni mühitin ilk təşkilatçısı, banisidir.

Əziz Şərif uzun illər Azərbaycan və Rusiya ədəbiyyatları arasında sözün müstəqim anlamında canlı körpü olmuş, usanmadan doğma ədəbiyyatımızın çoxsaylı nadir nəsr nümunələrini rus dilinə, Rusiyanın klassik nəsr örnəklərini isə Azərbaycan dilinə yüksək peşəkarlıqla, incə zövqlə, istedadla tərcümə edərək, hər zaman tərcümələrinin nəşrinə nail olub. Əziz Şərif Azərbaycan ədəbiyyatı irsinin rus dilinə ilk tərcüməçilərindən olmuşdur. Mirzə Fətəli Axundov (1812-1878), Nəcəf bəy Vəzirov (1854-1926), Cəlil Məmmədquluzadə (1869-1932), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933), Cəfər Cabbarlı (1899-1934), Süleyman Rəhimov (1900-1983), Mirzə İbrahimov (1911-1993) və başqa yazıçıların əsərlərinin Azərbaycan dilindən ruscaya tərcümələri onun qələminə məxsusdur. Əziz Şərifin Nikolay Qoqol (1809-1852), Maksim Qorki (1868-1936), Aleksandr Ostrovski (1823-1886), Aleksandr Fadeyev (1901-1956) və digər görkəmli rus yazıçılarının əsərlərindən Azərbaycan dilinə etdiyi istedadlı bədii tərcümələr bu gün də Azərbaycan ədəbi dairələrində tərcümə mətnlərinin qüsursuz nümunələri hesab olunur.
1936-cı ildə "Xudojestvennaya literatura" nəşriyyatı tərəfindən çap olunan "Seçilmiş əsərlər" böyük Azərbaycan maarifçi-mütəfəkkiri və komediyanəvisi Mirzə Fətəli Axundovun Moskvada rus dilində çıxan ilk sovet nəşri oldu. Bu kitab komediyalar müəllifinin özü tərəfindən edilmiş tərcümələrinin 1853 və 1860-cı illərdə nəşr olunmuş topluları əsasında tərtib edilmişdi. Haqqında bəhs etdiyimiz nəşr də, şübhəsiz ki, Əziz Şərifin xidmətləri sayəsində ərsəyə gəlmişdi. Komediyanəvisin məşhur "Aldanmış kəvakib" povesti də məhz onun parlaq tərcüməsində bu topluya daxil edilmişdi.
Əziz Şərif tənqidçi və ədəbiyyatşünas kimi də ədəbiyyatımızın Moskvada təbliğinə layiqli töhfələr vermişdir. O, ensiklopedik zəkaya malik alim idi. Qədim Naxçıvan torpağında işıqlı dünyaya göz açmış, bütün moskvalı azərbaycanlı ədiblərin sevimli ağsaqqalı, həssas insan, SSRİ Yazıçılar İttifaqının üzvü (1936), Azərbaycan SSR Əməkdar elm xadimi (1963), görkəmli ədəbiyyatşünas alim, professor Əziz Şərifin digər əvəzsiz xidməti paytaxtda yaşayan, işləyən hər bir azərbaycanlı ədibə göstərdiyi təmənnasız qayğısı idi. Əziz Şərif ömrü boyu Moskvadakı azərbaycanlı ədəbiyyatçıların taleyində ən pozitiv şəkildə iştirak etmişdir. Xüsusən, professor Xalıq Koroğlu və yazıçı, professor Çingiz Hüseynova hər zaman arxa durmuş, hər ikisinin elmi rəhbəri, müdrik məsləhətçisi, böyük xeyirxah dostu olmuş, bilavasitə onların elmi inkişafında, talelərində çox mühüm rol oynamışdır. Həm Xalıq Koroğlu, həm Çingiz Hüseynov bir vaxtlar məhz Əziz Şərifin tövsiyəsi və təkidilə ən nüfuzlu sovet universiteti sayılan M.V. Lomonosov adına MDU-da çoxmillətli Sovet İttifaqı və Rusiya xalqları ədəbiyyatlarının tədrisi sahəsində professor kimi çalışmağa cəlb edilmişdilər. Bu sətirlərin müəllifi 1980-ci ildə Moskvada məskunlaşandan sonra ağsaqqal professor Əziz Şərif SSRİ Yazıçılar İttifaqında Azərbaycan ədəbiyyatının məsləhətçisi vəzifəsində işləyən tərcüməçi Azər Mustafazadə (1939-2023) ilə birlikdə məni SSRİ Ədəbiyyat Fondunun İdarə heyətinin sədri, əslən kabardin xalqının nümayəndəsi olan, bütün SSRİ məkanında tanınmış şair və nasir Alim Keşokovun (1914-2001) yanına apardılar, haqqımda tərifli sözlər söylədilər, etibarlı zəmanət verdilər. Keşokovun Əziz Şərifə necə dərin ehtiram göstərdiyinin canlı şahidi oldum və nəticədə məni həmin qurumda böyük bir şöbənin rəis müavini təyin etdilər, məxsusi kabinet ayırdılar, xidməti maşın verdilər. Əziz Şərif bənzərsiz xeyirxah insan idi, Moskvadakı azərbaycanlı ədəbiyyatçıların əksəriyyətinin nüfuzlu arxa-dayağı idi. Yeri gəlmişkən, qeyd edim ki, Alim Pşemaxoviç Keşokovla yaxın dost olduq, onun "Ay doğanda" romanını dilimizə tərcümə etdim və 1994-cü ildə "Azərnəşr"də işıq üzü gördü...
Əbdüləziz Şərifzadə - Əziz Şərif 1895-ci il mart ayının 28-də Naxçıvan şəhərində dəmir yolu mühəndisi Qurbanəlinin (1854-1917) və evdar qadın Nazlı xanımın ailəsində işıqlı dünyaya göz açmışdır. O, ibtidai təhsilini məşhur naxçıvanlı pedaqoq Məhəmmədtağı Sidqinin (1854-1903) özəl "Tərbiyə" məktəbində almışdır. 11 yaşında Tiflisdəki rus məktəbində oxumağa başlamış, atasının dostu, yeni Azərbaycan nəsri və dramaturgiyasının banisi, "Molla Nəsrəddin" satirik jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin evində yaşamışdır. Əziz erkən yaşlarından Cəlil Məmmədquluzadənin sayəsində Azərbaycanın bir çox məşhur mədəniyyət xadimlərilə yaxından tanış olmuş, onlarla ünsiyyət saxlamağa başlamış, bəzilərilə ömürlük dost olmuşdur. Əziz Şərif bu dostluqların tarixçəsini şirin Naxçıvan şivəsilə nağıl edəndə özü sanki mifik bir obraza çevrilir, əfsanəvi şəxsiyyət olurdu. O, XX əsrin birinci yarısında yaşayıb-yaradan əlçatmaz, ünyetməz ədəbi nəhəngləri elə səmimiyyətlə, doğmalıqla, heyranlıqla xatırlayırdı ki, ona həsəd aparmaqdan başqa əlac qalmırdı. Dahi şair Mirzə Ələkbər Sabir (1862-1911), böyük şair, dramaturq Hüseyn Cavid (1882-1941), məşhur naşir, felyeton ustası Ömər Faiq Nemanzadə (1872-1937), görkəmli nasir Əbdürrəhim bəy Haqverdiyev, unudulmaz faciə aktyoru Hüseyn Ərəblinski (1881-1919) Əziz Şərifin sədaqətli dostları olublar.
Əziz Şərif 1906-1908-ci illərdə İrəvan gimnaziyasında təhsil almışdır. Həmin dövrlərdə İrəvan Qafqazın mədəniyyət mərkəzlərindən biri idi. Gənc Əziz təhsil illərində Azərbaycan, rus, fars və fransız dillərini mükəmməl dərəcədə mənimsəmiş, alman və erməni dilləri ilə də yaxından maraqlanmışdır. O, 1915-1917-ci təhsil illərində Moskva Kommersiya İnstitutunda oxumuş, fevral inqilabından sonra Tiflisə qayıtmış, fəal şəkildə ictimai-siyasi və maarifçilik fəaliyyətinə qoşulmuşdur. Həmin qarışıq inqilab illərində o, eser olmuş və Çingiz Hüseynovun qeyd etdiyi kimi, onun həyatı "hələ gəncliyində sona çata bilərmiş". Hadisə belə olub: Əziz Şərif 1921-ci ildə Tiflisdə bolşeviklər tərəfindən həbsə alınıb və güllələnməyə məhkum edilib, lakin bir möcüzə nəticəsində canını xilas edə bilib. Əziz Şərifin öz sözlərindən bu mətləb daha da aydınlaşır: "Həmin ərəfədə Fövqəladə Komitənın sədri öz rəqibi tərəfindən qətlə yetirildi və yaranmış qarmaqarışıqlıqda məni buraxdılar. Bu, tiflisli həmyerlim, İnqilabi komitənin sədri Nəriman Nərimanov (1870-1925) və Səməd bəy Ağamalıoğlunun (1867-1930) himayədarlığının sayəsində baş verdi <…>, elə həmin andaca Əkinçilik üzrə Xalq Komissarlığına gəlməyimi tapşırdılar. Orada isə Ağamalıoğlu mənə buyurdu: "Kommunist partiyasına qəbul edilmək haqqında ərizə yaz, bu, yeganə çıxış yoludur (bəlkə 1921-ci ildən partiyanın üzvü olsaydım, çətin ki, 37-nin alovlarından sağ çıxardım); ərizə yazmaqdan imtina etdim: yəni, əqidəmi dəyişə bilməzdim, demokratik respublikaların sovetləşməsini zorakılıq hesab edir və ailəmin olduğu Tiflisə qayıtmaq istəyirdim. "Nə etmək olar, özündən küs, - Ağamalıoğlu dedi, - Tiflisdə <…> Qarayev səni həbs edəcək, onda artıq kömək edə bilməyəcəyik" (Ç.Q.Quseynov. Dolqojiteli - aksakalı. [Glektronnıy resurs]. Rejim dostupa: http://kultura.az/articles.php?item_id=20110926035928633&sec_id=17).
Şükürlər ki, tanınmış tərcüməçi və ədəbiyyatşünas keçən əsrin 20-30-cu illərinin fırtınalarından salamat çıxa bilmiş, Azərbaycan klassiklərini uğurla rus dilinə tərcümə etməyə başlamış və bir müddət Tiflisin Müəllimlər İnstitutunda dərs demişdir.
Əziz Şərif sistemli ədəbi təhsil almağın zəruriyyətini çox kəskin şəkildə hiss edirdi və heç fikirləşmədən təhsil üçün Moskvadakı SSRİ Yazıçılar İttifaqının A.M.Qorki adına Ədəbiyyat İnstitutunu seçdi və beş il orada oxudu (1938-1943). Ali filoloji təhsil aldıqdan sonra Bakıya qayıdan Əziz Şərif bir neçə il nəşriyyat fəaliyyəti ilə məşğul oldu, 1947-ci ildə paytaxta - SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR-in Daimi Nümayəndəliyində mədəniyyət üzrə məsləhətçi işləməyə dəvət olundu, sonra isə SSRİ EA Şərqşünaslıq İnstitutunda çalışmağa başladı (1950-1956). Uzun illər apardığı elmi araşdırmalarının nəticələrini "Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı" (A.Q.Şarif. "Jiznğ i tvorçestvo Djalila Mamedkulizade: Pervıy period - 1866-1906 qq". Avtoreferat dissertaüii doktora filoloqiçeskix nauk. Baku, 1956. 35 s.) adlı doktorluq dissertasiyasında cəmləşdirən tədqiqatçı 1956-cı ildə doktorluq işini uğurla müdafiə etdi. Elə həmin ildən də SSRİ EA Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi vəzifəsində çalışmağa başladı (1956-1962). Əziz Şərif 1962-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "SSRİ xalqları ədəbiyyatı" kafedrasında professor və bir müddət isə həmin kafedranın müdiri işləmişdir. O, bu unikal kafedranın yaradılmasına və möhkəmlənməsinə çox böyük töhfələr vermiş, SSRİ və Zaqafqaziya xalqlarının ədəbiyyat tarixi kursunu işləyib hazırlamış, istedadlı davamçılar pleyedası yetişdirmişdir. Elə yuxarıdaca qeyd etdiyim kimi, tanınmış moskvalı azərbaycanlı alimlər - professor Xalıq Koroğlu və yazıçı, professor Çingiz Hüseynov "canlı əfsanə"nin, "gəzən ensiklopediya"nın, "Əziz dayının", böyük Azərbaycan ədəbiyyatşünası Əziz Şərifin sevimli tələbələri, yaxın dostu, silahdaşı, məsləkdaşı idilər.
Əziz Şərif 1908-ci ildən başlayaraq ömrünün sonuna qədər rus və Azərbaycan dillərində gündəlik yazmış və bu qeydlərin əsasında Azərbaycan dilində "Ötən günlərdən" adlı iki maraqlı, fundamental, faktlarla zəngin kitab nəşr etdirmişdir: "Atam və mən" (Bakı, "Yazıçı", 1983. 614 səh.), "Adamlar" (Bakı, "Yazıçı", 1986. 412 səh.). Azərbaycan milli ədəbiyyatımızda epistolyar (məktublaşma, xatirə) janrının formalaşması və inkişafında əhəmiyyətli rol oynamış bu qiymətli əsərlərin janrını müəllif özü sənədli xatirə kimi müəyyənləşdirmişdir.
Əziz Şərifin ilk mətbu əsəri 1910-cu ildə, Cəlil Məmmədquluzadənin 1906-cı ildən Tiflisdə nəşr etdirdiyi satirik "Molla Nəsrəddin" jurnalında dərc olunmuşdur. Həmin yazıda Naxçıvanın şəhər hamamlarındakı paslı sular haqqında incə kinayə ilə bəhs edilmişdir. Əziz Şərif 77 illik fəal yaradıcılıq illəri ərzində olduqca zəngin irs qoyub getmişdir: çoxsaylı elmi məqalələr, ədəbi-bioqrafik oçerklər, monoqrafiyalar, kitablar, sənədli xatirələr, Azərbaycan və rus dillərində Azərbaycan klassik və Sovet ədəbiyyatına, qarşılıqlı ədəbi əlaqələrə və tərcümə problemlərinə həsr olunmuş kitabçalar. Aşağıdakı kitablar məhz Əziz Şərifin məhsuldar qələminə məxsusdur: "Vaqif - məhəbbət və gözəllik nəğməkarıdır" (Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 250 illik yubileyinə), rus dilində (A.Q.Şarif. Vaqif - peveü löbvi i krasotı. Moskva, 1968, "Znanie". 48 s.); "Sabirin həyatı və bədii yaradıcılığı" - şairin ölümünün 40 illiyinə həsr olunmuşdur (A.Q.Şarif. Jiznğ i pogtiçeskoe tvorçestvo Sabira. Moskva, "Pravda", 1951. 32 s.); "Molla Nəsrəddin"in yaranması: Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına dair oçerklər", hər iki kitab Azərbaycan dilindədir (A.Q.Şarif. Rojdenie "Mollı Nasreddina". Oçerk jizni i tvorçestva Djalila Mamedkulizade. Qodı 1866-1906. Baku, "Azerneşr", 1968. 400 s.; Rojdenie "Mollı Nasreddina". Baku, "Azerneşr", 1986. 394 s.); "SSRİ xalqları ədəbiyyatı" (A.Q.Şarif. "Literaturı narodov SSSR". Moskva, "Sovetskiy pisatelğ", 1974. 43 s.); "Zaqafqaziya xalqları ədəbiyyatı" (A.Q.Şarif. "Literaturı narodov Zakavkazğə", Moskva, "Sovetskiy pisatelğ", 1981. 65 s.); bundan başqa, Əziz Şərif Azərbaycan şair və yazarlarının əsərlərinin bir sıra nəşrlərinin redaktoru və tərtibçisi olmuşdur.
Əziz Şərif çox əhəmiyyətli elmi kəşflər etmişdir. İlk dəfə Cəlil Məmmədquluzadənin doğum tarixini dəqiqləşdirmişdir: "Yazıçının dəqiq doğum tarixini müəyyənləşdirmək səadəti yalnız 1955-ci ildə, Gürcüstan SSR Xalq Təhsili muzeyinin arxivlərində Zaqafqaziya Müəllimlər Seminariyasının tələbəsinin "Şəxsi işi" tapılanda bizə nəsib olmuşdur. Digər sənədlər arasında doğum haqqında şəhadətnamə də var idi və həmin sənədə əsasən Cəlil Məmmədquluzadə 10 fevral 1866-cı ildə anadan olmuşdur" (A.Q.Şarif. "Literaturı narodov Zakavkazğə", Moskva, "Sovetskiy pisatelğ", 1981. 65 s.).
Yeri gəlmişkən, qeyd edək ki, AMEA-nın akademiki İsa Həbibbəyli uzun illərin çətin axtarışları nəticəsində üzə çıxardığı mötəbər sənədlər əsasında dəqiqləşdirmişdir ki, böyük yazıçı-publisist 1869-cu ildə doğulmuşdur (İ.Ə.Həbibbəyli. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, "Azərnəşr", 1997 S. 28-29. 682 s.).
Əziz Şərifin qiymətli kəşfi arxiv sənədlərinin saxlanıldığı sandığın tapılması və xilas edilməsi oldu. Bu sandıqda Mirzə Fətəli Axundovun əsərlərinin o vaxtacan itmiş hesab edilən orijinalı da var idi: "Puşkinin ölümünə Şərq poeması" və "Hind şahzadəsi Kəmalüddövlənin fars şahzadəsi Cəlalüddövləyə üç məktubu və sonuncunun onlara cavabı" fəlsəfi traktatı. Əziz Şərif öz gündəliyində yazırdı: "1936-cı ilin noyabrında Tiflisdə M.F.Axundovun arxivinin tapılması ilə bağlı xoş bir təsadüflə qarşılaşdım. Burada onun qiymətli əsərləri var idi. Arxivin Bakıya gətirilməsi haqqında qərar çıxarıldı. Komissiyanın tərkibində Məmməd Səid Ordubadi (1872-1950), Vəli Xuluflu (1894-1937) və mən varıq, məni komissiyanın katibi təyin etdilər. Tiflisdən Bakıya arxivdə olan sənədlərin siyahısını gətirib Nizami adına Ədəbiyyat İnstitutuna verdik. Sonra mən M.F. Axundovun "Puşkinin ölümünə Şərq poeması"nı farscadan rus dilinə sətri tərcümə etdim" (G.Almasova. "Moə jiznğ i estğ moi kniqi, bez nix ə jizni ne mıslö". Glektronnıy resurs. Rejim dostupa: http://www.zerkalo.az/2013/moya-zhizn-i-est-moi-knigi-bez-nih-ya-zhizni-ne-myislyu/).
Yeri gəlmişkən, qeyd edim ki, tanınmış rus şairi və tərcüməçisi Pavel Qriqoryeviç Antokolski (1896-1978) sonradan, 1939-cu ildə Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında çapdan çıxmış "Azərbaycan poeziyası antologiyası" bircildliyi hazırlanarkən həmin sətri tərcümədən şeirin bədii tərcüməsi prosesində məmnunluqla istifadə etmişdir.
Onun elmi məqalələri sırasında dahi şair Nizami Gəncəviyə (1141-1209), şöhrətli bəstəkar Üzeyir Hacıbəyova (1885-1948), görkəmli dövlət xadimi və yazıçı Nəriman Nərimanova, böyük komediyanəvis və mütəfəkkir M.F. Axundova və Azərbaycanın bir çox başqa tanınmış mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş yazıları vardır. Qocaman alim həyatının sonunda gündəliyində yazırdı: "İctimai elmlər üzrə elmi əsərlərin siyahısını nəşrə hazırlayan AzSSR EA üçün Azərbaycan və rus dillərindəki ən mühüm elmi əsərlərimin siyahısının kartotekasını… tərtib etdim, 400-ə yaxın əsər adı var" (G.Almasova. "Moə jiznğ i estğ moi kniqi, bez nix ə jizni ne mıslö". Glektronnıy resurs. Rejim dostupa: http://www.zerkalo.az/2013/moya-zhizn-i-est-moi-knigi-bez-nih-ya-zhizni-ne-myislyu/).
Əziz Şərifin sadiq dostlarından və istedadlı tələbələrindən biri Çingiz Hüseynov sonralar onu səmimi bir hərarətlə xatırlayırdı: "Onun kitabları və elmi əsərləri, saysız-hesabsız tələbələri vardır, bu adam xalqlar dostluğunun təbliğat naminə deyil, real, canlı, həqiqi təcəssümü idi" (Ç.Q.Quseynov. "Leta k vospominanğəm klonət". Jurnal "Drujba narodov", № 4, Moskva, 2002. Glektronnıy resurs. Rejim dostupa:http://magazines.russ.ru/druzhba/2002/4/gus.html).
Moskvada, hərbi xidmət illərində, 1977-ci ildə xoş bir təsadüf sayəsində unudulmaz professor Əziz Şəriflə yaxından tanış olmuşdum. Bakıda Azərbaycan Yazıçılar İttifaqının Ədəbiyyat fondunun direktor müavini işlədiym vaxtlar (1978-1980) tez-tez Moskvada xidməti ezamiyyətdə olurdım. Paytaxta yolum düşəndə hər dəfə mütləq iki professor dostumla görüşərdim: Qəzənfər Əliyev və Əziz Şəriflə. Baş tutan belə görüşlərimiz zamanı, görünür, ağsaqqal moskvalı dostlarım paytaxt həyatına, Moskvadakı Azərbaycan ədəbi-mədəni mühitinə qarşı məndə romantik maraq oyada bilmişdilər. Bu da mənim həyatımda yeni səhifə açdı, sonralar mən Sovet İttifaqının paytaxtındakı həmvətənlərimizin fəaliyyətilə yaxından maraqlanmağa başladım. 1980-ci ilin sonundan Moskvaya, SSRİ Yazıçılar İttifaqının Ədəbiyyat Fondunda işləməyə gəldim və meqapolisin daimi sakininə çevrildim. Zaman keçdikcə hörmətli ağsaqqalla səmimi münasibətlərimiz daha möhkəm və etibarlı dostluğa çevrildi...
Əziz Şərifin şəxsi kitabxanası çox da böyük deyildi, lakin orada XX əsr Azərbaycan ədəbiyyatı korifeylərinin - Mirzə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar (1880-1919), Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Səməd Vurğun (1906-1956), Mirzə İbrahimov və bir çox başqalarının nadir kitabları, bəzilərinin avtoqraflı ziqiymət nüsxələri var idi. Ahıl professorun çoxillik arxivi öz zənginliyi, qiymətli materialları, sistemliliyi, səliqəliliyi və qayğıyla qorunması ilə insanı heyran qoyurdu. Hələ Əziz Şərifin sağlığında Çingiz Hüseynovla birlikdə ədibin uzun illər boyu topladığı mənəvi sərvətini - qiymətli kitablarını, çoxcildli əlyazma gündəliklərini, nömrələnmiş saysız-hesabsız sənədlərini, bir sözlə, zəngin arxivini tam həcmdə (fiziki kütləsi 1,5 ton) və itkisiz Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verə bildik. Bu işdə arxivin o zamankı direktoru, hazırda, təəssüf ki, dünyasını dəyişmiş rəhmətlik Maarif Teymurovun (1946-2016) da çox böyük köməyi olmuşdur.
...Əziz Şərifin son ayları və günlərində biz Çingiz Hüseynovla birlikdə tez-tez qocaman professora baş çəkər, gündəlik xırım-xırda işlərində ona əlimizdən gələn köməkliyi edər, sadəcə, oturub ordan-burdan söhbətləşər, təklikdən xilas etmək naminə başını qatar, özünə qapılıb darılmağa, tıncıxmağa qoymazdıq. Növbəti gəlişimizin birində, 1988-ci ilin günəşli bir may günündə mənzilin kandarından içəri ayaq basar-basmaz, nəzakət xatirinə ikimiz də xorla, adi sözlərlə ona üz tutduq:
- Bizim ağsaqqalın işləri necədir, onun pəhləvan sağlamlığı nə haldadır?
- Əyləşin, nəfəsinizi dərin, danışaram hamısını, - Əziz Şərif əlilə divanı göstərdi, biz oturduq, o, sözünə davam elədi: - Uşaqlar, artıq bu dünyada mənim heç bir işim-gücüm qalmayıb, mən bütün işlərimi çoxdan yekunlamışam. Yaşamaqdan yorulmuşam, əbədi istirahətə yollanmaq vaxtıdır. Ev adamlarımın da hərəsi öz işilə məşğuldur, mən hərəkət edə bilirəm, özüm-özümü girləyirəm, ona görə də Allaha çox şükür edirlər, mən sarıdan nigarançılıqları yoxdur. Mən də evdə oturub, ölüm mələyi Əzrayıl cənabı gözləyirəm, o yaramazsa, görünür, məni unudub, heç cürə mənim dalımcan gəlmir ki, gəlmir...
Təəssüflər olsun ki, Əzrayıl lap tezliklə şığıyıb yetirdi özünü, əzizdən əzizimiz Əziz dayımızı əlimizdən alıb apardı haqq dünyasına...
Əziz Şərifin sevimli vətəni Naxçıvana sonuncu, gedər-gəlməz səfərini qısaca olaraq xatırlatmaq istərdim. Böyük alim, nurlu insan 1988-ci ilin 1 iyununda 94 yaşında fani dünyanı tərk etdi. İyunun 2-də Moskvanın "Vorobyovı qorı" adlanan məkanında, M.V.Lomonosov adına MDU-nun filologiya fakültəsinin binasında vida mərasimi təşkil olunmuşdu. Mərasim izdihamlı, möhtəşəm və səmimi keçdi. Həmkarları, tələbələri, dostları, həmvətənləri, müəllim və tələbələr həyatdan getmiş professor haqqında danışarkən ürəkdən gələn sözlər söyləyir, kövrək hisslərə toxunur, mehriban və hərarətli çıxışlar edirdilər. Universitetin birinci prorektoru (1992-ci ildən rektoru), tanınmış riyaziyyatçı, akademik Viktor Sadovniçi (1939) qısa nitqində Əziz Şərifi görkəmli ədəbiyyatşünas kimi qiymətləndirdi, bütün elmi axtarışlarında və pedaqoji fəaliyyətində onu ilk cığır açanlardan hesab etdiyini dilə gətirdi. Prorektor bütün Azərbaycan xalqına başsağlığı verərək qeyd etdi ki, Əziz Qurbanəli oğlunun simasında bütöv bir dövr getdi. Təəssüflər ki, belə nəhəng insanları xalq tez-tez ərsəyə gətirə bilmir...
Mikrofona gözlənilmədən paytaxtın "Mir" prospektindəki müsəlman məscidinin baş imam-xətibi Ravil İsmagiloviç Qaynutdin (1959) yaxınlaşdı və heyranedici səslə mafi-qayda, düz 15 dəqiqə müqəddəs Qurandan dünyadan köçənin ruhuna 36-cı "Yasin" ("Ey İnsan") surəsini əzbərdən söylədi, mərhumun cənazəsinə baş əyərək kənara çəkildi. Bunu Çingiz Hüseynovla mən təşkil etmişdik, heç kim heç nə bilmirdi. Duanın bitməsi ilə zala qulaqbatırıcı bir sükut çökdü. Mərasimin aparıcısı, filologiya fakültəsinin dekanı, professor İvan Fyodoroviç Volkov (1924-1995) gözlənilməzlikdən özünü tamamilə itirmişdi, mikrofondan bir neçə addım kənarda hərəkətsiz dayanmışdı. Professor Viktor Antonoviç Sadovniçi bir anlıq yaranmış vəziyyəti qiymətləndirərək, cəld mikrofona yaxınlaşdı və müdrikcəsinə gərginliyi aradan qaldırdı: "Hörmətli mərasim iştirakçıları! Əziz Şərif özünün gedişi ilə də ilk cığır açanlardan oldu, çünki MDU-nun divarları arasında, məncə, ilk dəfədir ki, Qurandan müqəddəs dua səsləndi. Unudulmayacaq xatirədir! Allah ona rəhmət eləsin! Qoy onun narahat ruhu doğma Azərbaycan torpağında rahatlıq tapsın. Amin!"
Vida mərasimindən sonra moskvalı-azərbaycanlı ədiblərin bir dar dəstəsi - Xalıq Koroğlu, Hüseyn Nəcəfov, Çingiz Hüseynov, Alla Axundova, Tofiq Məlikli, Abuzər Bağırov - kədər və qüssə içində, hər birimiz ürəyimizdə qaçılmaz son gün haqqında düşünərək, moskvalı-azərbaycanlı ədiblərin həqiqi, layiqli ağsaqqalını, bütün Azərbaycan ədəbiyyatşünaslığının azman və unudulmaz sənətkarlarından birini - Əziz Şərifi Domodedovo aeroportuna, ordan da qədim Naxçıvana, son mənzilə yola saldıq. Cənazəni aparan məxsusi mərasim xidməti maşınının arxasınca bir xeyli boynubükük halətdə baxdıq və kədərlə, sinədolusu bir dərin nəfəs alıb dağılışdıq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
