Əzizim Hamlet İsaxanlıya məktub - Qəzənfər PAŞAYEV

 

Hörmətli Hamlet müəllim,

Məni dərginizin redaksiya heyətinə daxil etdiyinizə görə təşəkkür edirəm. Adımı Moskvada yaşayan, həyatını Azərbaycan ədəbiyyatının inkişafına və təbliğinə həsr edən Alla Axundova, İsa Həbibbəyli, İsaxan İsaxanlı, İsmixan Yusubov, Knyaz Aslan kimi ömrünü təhsilimizə və elmimizə həsr edən ziyalıların arasında görmək xoşdur. Mən "Xəzər Xəbər"in mart 2026-cı il sayını oxuyandan sonra deyə bilərəm ki, indiyə qədər hər sayını intizarla gözlədiyim "Azərbaycan" və "Yada düşdü" dərgilərinə bir dərgi də əlavə olundu.

Əziz Hamlet müəllim, səmimiyyətlə deyirəm, Universitetinizin 35 illik yubileyinə həsr olunmuş mərasimdəki çox yığcam, dərin mənalı, çox da maraqlı nitqinizi dönə-dönə oxudum. Heyrətləndim ki, qısa çıxışda bu qədər məsələlərdən necə söhbət açmaq olar?

Mən qırx ilə yaxın ali məktəblərdə tədrislə məşğul olmuşam, 20 ilə qədər kafedra müdiri işləmişəm. İki ay ABŞ-də (1983), bir ay İngiltərədə (1988) ixtisasartırma kurslarında olmuşam. Tədrisin çətinlikləri barədə az-çox məlumatım var. İnanılası deyil ki, Sovet quruluşunun sonlarına yaxın, sovetlər məkanında təcrübədə olmayan, yox yerdən şəffaflığı və akademik sərbəstliyi həyata keçirən ilk özəl universitet yaradasan və böyük nailiyyətlərə imza atasan.

Şəkildə: Xəzər Universiteti. sağdan: Hamlet İsaxanlı, Murad, Qənirə və Qəzənfər Paşayevlər

 

Xəzər Universiteti təkcə Azərbaycanda deyil, bütün Sovetlər Birliyində hökumətin qərarı ilə yaradılan ilk özəl universitetdir. Bu universitet adamı heyrətə gətirən bir çox "ilk"lərə imza atıb. Xəzər Universiteti ölkəmizdə ilk ingilisdilli, ilk tələbə mərkəzli, ilk bakalavr və magistr proqramlarını yaradan, ilk ciddi laboratoriyalar quran, ABŞ, Avropa, Türkiyə və İranla, Çin, Yaponiya, Koreya, Malayziya və Avstraliya ilə əməkdaşlıq edən Beynəlxalq Universitetə çevrilmişdir. Bu, unudulmaz Nailə xanım və sizin titanik zəhmətiniz hesabına mümkün olmuşdur.

Məni hər şeydən əvvəl düşündürən çıxışınızdakı sadəlik, axıcılıq, məntiqi fikirlərin ardıcıllığı, şairanəlik oldu. Bunun üçün gərəkdir ki, dərin elmi biliyə, müşahidə qabiliyyətinə, fitri istedada malik olasan, şairlik və ədiblik təcrübən ola. Siz dəqiq elmlər üzrə görkəmli mütəxəssissiniz, şairsiniz, "Dəli Ceyran" romanınız "Azərbaycan" jurnalında bu il çap olunub. Deməli, həm də nasirsiniz. Belə olmasa idi, fikirlərinizi təbii və şairanə şəkildə ifadə etmək asan olmazdı: "Yaşadığımız, içində olduğumuz gerçək dünya ilə yanaşı, insanın bir xəyal dünyası da var, sonsuz, ucsuz-bucaqsız… İnsan həmişə xəyal ilə gerçəklik arasında var-gəl edir, xəyal etdiklərini gerçək həyatda görmək  istəyir. Xəyal yaradıcılığın canıdır, anasıdır. Bədii ədəbiyyat xəyalın məhsuludur. Musiqi və incəsənət xəyalın övladlarıdır. Təbiət elmləri də, texnologiya da öz fövqəladə uğurlarına görə xəyala çox borcludur. A.Eynşteyn bunu belə ifadə etmişdir: "Xəyal bilikdən daha vacibdir. Bilik məhduddur, xəyal isə bütün dünyanı qucaqlayır, tərəqqiyə yol açır".

Əzizim, arzular, xəyallar sizi ağuşuna alıb pərvazlandırmış, ağılla, dərrakə ilə xəyallarınızı gerçəkləşdirərək az adama qismət olan mərtəbəyə yüksəlibsiniz. Beynəlxalq aləmdə tanınan "Xəzər Universiteti"ni və Dünya məktəbini yaradıbsınız.

Hamlet müəllim, Nailə xanımla birgə təşkil etdiyiniz "Elm və sənət" məclisi də ölkəmizdə bir "ilk"dir, yenilikdir. Təəssüf ki, məclisin Səməd Vurğun və onun Zənci qəhrəmanına həsr olunmuş sonuncu - 84-cü məşğələsindən dəvət almamışdım. Gözəl faktlar üzə çıxarıbsınız. Siz hər sahədə oxucunu heyran qoyan faktlar və elmi yeniliklərlə diqqəti cəlb edirsiniz. Mən 1983-cü ildə ABŞ-nin Arizona Universitetində ixtisasartırma kurslarında olarkən Səməd Vurğunun "Zəncinin arzuları" poeması ilə bağlı çox maraqlı hadisələrin şahidi oldum. Burada təkcə onu deyim ki, professor Sesil Robinson, demək olar ki, "Zəncinin arzuları"nı əzbər bilirdi. Bu barədə "Səməd Vurğunun dünya şöhrəti" adlı məqaləmdə söz açmışam (bax: Qəzənfər Paşayev. "Seçilmiş əsərləri". III cild. Bakı, "Təhsil", 2012, s.314-318).

"Xəzər Xəbər"də yer alan "Səməd Vurğun və onun zənci qəhrəmanının sorağında" adlı ciddi tədqiqatınız (s.40-68) materialın zənginliyi və yeniliyi ilə diqqəti çəkir. Tədqiqatınızdan məlum olur ki, "Zəncinin arzuları" Səməd Vurğunun təkcə xəyal dünyasının məhsulu deyil. O, baş qəhrəmanının "Kürsüyə sinə gərdi"yini gözləri ilə görmüş, odlu-alovlu çıxışını dinləmiş, qəhrəman ilə kəlmə kəsmiş, hətta onunla şəkil də çəkdirmişdir.

Hörmətli Hamlet müəllim, tədqiqatınızda nə yaxşı ki, Səməd Vurğunun möhtəşəmliyini ön plana çəkmisiniz. Şairin parlaq istedadını əcnəbilərə göstərməyə nail olubsunuz.

Tədqiqatınızda maraqlı "Giriş" və "Nəticə" bölümləri məqsəd və məramınızı açıqlamaqda yardımçı olur. Əsəriniz bir-birindən maraqlı: "Amerika haqqında nə düşünürsünüz?", "Sülh hücumu", "Sülhü müdafiə edən mədəniyyət xadimlərinin ümumdünya konqresi", "Açılış", "Aleksandr Fadeev "vurub-dağıdır!", "Konqresdə heyrət, sarsıntı və həyəcan", "Əks-hücum və əks-səda", "Səməd Vurğunun hədəfinə düşənlər", "Konqresdəki zənci rəssamın sorağında", "Zənci rəssam deyil, zənci qəhrəmanın sorağında", "Buyurun, qəhrəmanımızı tanıyın" bölmələrindən ibarətdir.

Bu, çox böyük zəhmət, enerji tələb edən təmənnasız iş aylara, bəlkə də ilə  tamamlanmışdır. Qənaətimə görə təmənnasız görülən iş qəhrəmanlığa bərabərdir.

Mənim ən çox diqqətimi çəkən "Amerika Birləşmiş Ştatları haqqında nə düşünürsünüz?" bölümü oldu. Əvvəla, iki ay ABŞ-də onların həyat və düşüncə tərzini izləmək mənə də qismət olmuşdur. Əsas isə odur ki, məni ABŞ-də fəaliyyət göstərən "Berkshire Publishing Group"un sahibi və baş direktoru, xanım Karen Christendən aldığınız məktub düşündürdü. Karen xanım "Amerika Birləşmiş Ştatları Barədə Qlobal Perspektivlər" adlı ensiklopedik bir əsər nəşr etmək fikrində olduğunu, onu dünya xalqlarının ABŞ barədə nə düşündüklərini göstərən məqalələr toplusu kimi nəzərdə tutduğunu yazması və sizə "Azərbaycana aid hissəni yaza bilərsinizmi?" sualı ilə müraciət etməsi çox mətləblərdən xəbər verir. Bu məktub sizin Beynəlxalq aləmdə tanınmağınız və nüfuz sahibi olmağınızı nişan verir. Qürur duydum ki, çox ciddi bir problem barədə Azərbaycan xalqının da fikrini bilmək istəyirlər.

Gecə-gündüz çalışdınız, tədqiqatı dərgiyə təqdim etdiniz. Dərginin sizin məqalənizi qiymətləndirmək üçün seçdiyi anonim rəyçilər mövzunun aktuallığı, qaynaqların uyğunluğu, məqalənin quruluşu kimi məsələləri təftiş etməyə başlayıblar. Ədalətli qeydlərini nəzərə alıb məqalənin keyfiyyətini yaxşılaşdırıbsınız. Məqalənin Səməd Vurğun hissəsi rəyçilərin o qədər xoşuna gəlib ki, Azərbaycan Sovet poeziyasından Amerika barədə varsa, əlavə etməyi xahiş ediblər. Məmməd Rahim, Rəsul Rza və bir neçə başqa şairlərin yaradıcılığından misallar gətirməklə mövzunu tamamlayıbsınız.

Hamlet müəllim, iki cilddən ibarət bu kitabda müxtəlif ölkələrdən olan 140-dan çox mütəxəssis tərəfindən yazılmış məqalələrin (əslində mükəmməl tədqiqatların) arasında cəmisi on milyon əhalisi olan Azərbaycan Respublikasının aliminin yazısını görmək qürurvericidir.

718 səhifədən ibarət qərəzsiz toplu dünya xalqlarının baxış bucağından ABŞ-nin imicini, bu qeyri-adi ölkə ilə bağlı mürəkkəblikləri və ziddiyyətləri araşdıran qiymətli mənbədir.

Hamlet müəllim, "Konqresdəki zənci rəssamın sorağında" və "Zənci rəssam deyil, zənci qəhrəmanın sorağında" başlıqlarından çıxış edərək aşağıdakıları demək istərdim. İngilis dilində rəssam da, estrada müğənnisi də artist sözü ilə ifadə olunur. Əslində, artist sözü Azərbaycan dilində də müğənni mənasında işlənir. Müğənnilərə verilən fəxri ad deyilənləri təsdiqləyir - "Xalq artisti".

Tədqiqatınızı yüksək qiymətləndirir və təəssüf hissi keçirirəm ki, tərcüməçinin səhvi ucbatından Səməd Vurğun qəhrəmanını rəssam kimi təqdim etmişdir.

Əzizim, bizim üçün əsas odur ki, Səməd Vurğun dünyaya "Zəncinin arzuları" kimi, hətta ABŞ-nin özündə belə dəyərləndirilən möhtəşəm poema bəxş etmişdir.

Neçə illərdən bəri sizi yaxşı tanıdığımdan çəkinmədən deyirəm: Təmənnasız və iddiasız adamsınız. Əlçatmaz sadəliyiniz və təvazökarlığınızla seçilən ziyalısınız. Şəxsi həyatınız və elmi fəaliyyətinizlə nümunəvi, örnək şəxsiyyətsiniz. Təhsil və elm sahəsində, sözün həqiqi və məcazi mənasında, məktəb yaradıbsınız.

Gördüyünüz müqəddəs işlərdə sizə uğurlar, qədrini itirdikdən sonra bildiyimiz cansağlığı, gümrahlıq arzu edirəm.

Hörmət və ehtiramla...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!