Kunaşır - ədavət adası həm də Anai sahilidir - Sara OSMANLI

 

Haqqında söhbət gedən kitabın adında - "Kunaşir - ostrov razdora ili je bereq  Anai" ("Kunaşır - ədavət adası və yaxud Anai sahili" - əsərin ideyası ilə bağlı müəllifin özünəxas tərzdə mesajı verilməkdədir. 1946-cı ildə SSRİ tərəfindən anneksiya edilmiş məlum yapon adalarında (Kunaşır, Sikoton, İturup) sovet sərhəd qoşunlarının xidməti ilə bağlı real əsası olan süjet xətti və bu qoşunlarda hərbi xidmətdə olan azərbaycanlı zabitin - sahilə yaxınlaşıb sərhədi aşaraq anasının məzarının ziyarətinə gələn - Anai adlı gözəl yapon qızı arasında yaranan eşqlə bağlı süjet xətti vahid axında çulğalaşır.

Ön sözdə müəllif kitabının sərhəd xidmətində olduğu dövrdə baş verən "real faktlar" əsasında yazıldığını qeyd edir. Yəni söhbət müəllifin özü prototipi olduğu leytenant Cəfərovun Cənubi Kuril adalarında xidmət edərkən şahidi olduğu əhvalatlardan, yaşadıqlarından gedir. Əsas süjet xətti xüsusi rejimli sərhəd xidmətinin gündəlik həyatı, fövqəl məqamlarının təsviri ilə bağlıdır. Və bu realist təsvir oxucunu yormur: bir-birini əvəzləyən epizodlar, sərhədçilərin xidmətləri prosesindəki yoldaşlıq münasibətləri (subordinasiya öz yerində), dialoqları və s. vizual təsirli, hətta deyərdim, kinematoqrafik effekti yaradır.

 

Adətən romanlarda personajların bu və ya digər dərəcədə zahiri, psixoloji portretləri verilir. Sözügedən əsərdə belə portretlərə, demək olar ki, təsadüf edilmir (hətta baş qəhrəmana aidiyyatda). Əsasən kəşfiyyat rotasının ümumi obrazı təqdim edilir. Ciddi peşəkar intizama işarə edən müəllif, eyni zamanda sərhədçilərin (xidmətin ağırlığı öz yerində) ağır Uzaq Şərq şəraitində məişətində də olan çətinliklərdən danışır.

Adətən bədii əsərdə müəllifin təsvir etdiyi bu və digər personaja, hadisəyə bilavasitə münasibətini görmək olur. Tahir Cəfərlinin romanında bəzən diskret xətlə, bəzən açıq sovetlərin zəbt etdikləri ərazilərdə yürütdüyü dağıdıcı siyasəti tənqid edilir: söhbət zəngin meşə massivlərinin məhv edilməsi, nadir qiymətli balıqların vəhşicəsinə ovu, emalı, SSRİ-yə göndərilməsi və s. gedir. Nəticədə təbiətin möcüzəsi olan adanın zənginliyinin məhvi prosesi baş verir.

Ümumiyyətlə, əsərdə unikal yerli landşaftla, təbiətlə bağlı emosional-estetik təsirli təsvirlər xüsusi önəm kəsb edir (hətta Sakit Okeandan, dənizdən gələn sunamilər, tayfunlar, sürüşkən qayalar, yerli vulkan, sopkalar): zəngin flora, dəniz faunasının möcüzələri.

Elə Ön sözdə oxuyuruq: "Kunaşır adlı gözəl bir ada var... lap Yerin qırağında, günəşin ilkin doğuluşu oradan başlayır və yeni gün haqqında xəbər verən səhər burada açılır". Nağılvari təhkiyə üslubundakı (müqayisə et: "strana vosxodəheqo Solnüa", dövlət bayrağının emblemi) bu təqdim romandakı romantik süjet xətti ilə səsləşir. Anai adlı gözəl yapon qızının vətəni olduğu zəbt edilmiş adaya anasının qəbrini ziyarət etmək üçün ciddi qorunan sərhədi pozaraq (okean, sörfinq) gəlməsi və sovet sərhədçisiylə məhəbbət hissi yaşaması əslində romantik süjetdir. Və bu süjet xətti müəllifin gələcəyə ünvanlanan simvolik bir mesaj təsiri bağışlayır.

Bir-iki məsələni də qeyd etməyə lüzum bilirik. Mətndə sayca 40-dan çox toponimlərin yerində işlədilməsi diqqəti çəkir -  ta yerli vulkanın adına kimi. Bu yerlərin (sərhədçilərin loqistik yerdəyişmələri) təfərrüatlı təsvirini yalnız bunların şahidi olan, burada yaşamış insan verə bilərdi. Əsərdə adaların aborigenləri, əhalinin etnogenezi ilə bağlı verilən məlumatlar, şəksiz, maraq doğurur.

Sonda yazımızın əvvəlinə qayıtmağa lüzum duyuruq: əsərin adındakı mesaj, daha doğrusu, məcazlı mesaja. "Kunaşır - ədavət adası və yaxud Anai sahili". Təxmin etdiyimiz açılması: əzəldən yapon dövlətinin torpağı olmuş Kunaşır (və sair adalar) II Dünya müharibəsinin nəticələrinə görə SSRİ tərəfindən anneksiya edilmiş və beynəlxalq terminologiyada "mübahisəli adalar", "Şimal adaları" kimi yer alıb. "Və yaxud Anai sahili"nə gəldikdə, bu, romanın müəllifinin gələcəyə mesajının, belə demək mümkünsə, süjet xəttidir, romantik motivdir. Reallığın məkanında sərhədləri aşan motiv: yapon qızı Anainin özəl sahili.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!