Millətin canlı yaddaşı - Sabir Rüstəmxanlı-80 - Samir ƏSƏDLİ

 

Bir əlçim buluddu,

Bir ömür umuddu,

Bir içim sudu.

 

Sabir Rüstəmxanlı çoxdan Vətən obrazına, yurd simvoluna çevrilmiş bir sənətkardır. Azərbaycan sevdası, yurd məhəbbəti, qan yaddaşında yaşayan türkün bütövlüyünə və bu bütövlüyün qayıdışına inam fəlsəfəsi bütün zamanlarda şairin yaradıcılığının əsas qayəsini, məramını təşkil etmiş, onu milli Azərbaycan şairindən türk dünyası şairi səviyyəsinə yüksəltmişdir. Vətən sevgisi onun şeirlərində adi bir duyğu kimi təzahür etmir, şairin düşüncələrinin, hisslərinin və poetik dünyasının məhvərində dayanaraq həm bədii-estetik konfiqurasiyaların formalaşmasında, həm də ideya-məna yükünün yaradılmasında iştirak edir. Onun sözünün ruhunu, nəfəsini təşkil edən bu sevgi qəlblə poeziyanın harmoniyasında, deyərdim ki, xəyalpərvərlik yox, vətəndaşlıq məsuliyyəti kimi səslənir. Ümumiyyətlə, Sabir Rüstəmxanlının şeirləri ilk baxışda nə qədər pafoslu görünsə də, əslində, o, bir o qədər həzindir və kədərlidir, çünki o, bütöv bir xalqın ağrı-acısını, məşəqqətlərini, dərdini, kədərini özündə əks etdirir, Vətən anlayışı onun üçün sadəcə coğrafi ərazi deyil, insan ruhunun doğulduğu, sığındığı və milli kimliyin var olduğu bir bədii məkandır:

 

Bu Vətən deyilən dünyam sirlidir,

Bir paytaxtı sevinc, bir paytaxtı qəm.

Bu Vətən torpağı çox qəribədir,

Hələ sərhəddini tapammıram mən.

 

...Arzu da beləcə sərhədsiz olur,

Ümman da beləcə, göy də beləcə.

Ruhumuz sərhədsiz olduğu üçün

Payımız gəlibdi göydən beləcə!..

 

Onun hər misrasından türk atlarının kişnərtisi, "Cəngi" havası eşidilir, hər sözündən elin nəfəsi, torpağın qoxusu duyulur. Şeirin birinci vəzifəsi zamanın assosiativ əks-sədasını yaratmaq, oxucunu real həyat orbitindən çıxararaq irreal  aləmə aparmaqla sözün sehri altında yaşamağa vadar etməkdir. Sabir Rüstəmxanlı yaradıcılığında vətən, sadəcə sevgi predmeti deyil, eyni zamanda qorunmalı və yaşadılmalı müqəddəs bir dəyərdir. Onun misraları insanı düşündürür, qəlbi ehtizaza gətirir, torpaq onun üçün, xalq şeirində deyildiyi kimi, sadəcə "ölmək üçün vətən" anlayışını ifadə etmir, insanın mənəvi-ruhi varlığının mövcudluq formasıdır. Bu baxımdan, şairin hər sözü, hər misrası Vətənin ruhunu yaşadan canlı bir yaddaş kimi oxucunun qəlbində silinməz iz buraxır. Bu izlər zaman keçdikcə daha da dərinləşir, alın yazısına çevrilir.

May ayının 20-də Azərbaycan ədəbiyyatının və ictimai fikir tarixinin görkəmli simalarından biri olan Sabir Rüstəmxanlı ömrünün 80-ci zirvəsinə yüksəlir. Onun ömür yolu, həm də Azərbaycanın son yarıməsrlik mənəvi tarixinin poetik salnaməsidir.

Onun adı artıq çoxdan coğrafi sərhədləri aşaraq geniş bir mədəni yaddaş arealının ayrılmaz hissəsinə çevrilib. Altaydan Balkanlara, Tanrı dağlarından Savalan zirvəsinə uzanan tarix hələ də qopuzun simləri kimi titrəyir, o simlər qırılmayıb, o səda susmayıb. Biz göydən gəlmiş olsaq da, yolumuz hələ də göylərə bağlıdır. Tanrıya gedən yolu ürəyində çəkənlər böyük ruh daşıyıcıları, əbədi sevdanın yolçularıdır. Sabir Rüstəmxanlı da həmin yolçulardan biridir və o yolu daşıyanlardan birincisidir. O, bu yolun həm yolçusu, həm də yaddaşıdır.

Sabir Rüstəmxanlının milli ruhu və yüksək vətəndaşlıq mövqeyi onun hələ 1970-ci illərdə, kommunist rejiminin həm ölkədə, həm də beynəlxalq aləmdə ən güclü olduğu bir zamanda yazdığı "Müstəqillik" şeirində aşkar və yığcam bir şəkildə ifadə olunurdu:

 

Müstəqillik ilk inamım, ilk həsrətim,

Müstəqillik xalqın məslək bayrağıdır.

Müstəqillik hər ölkənin, məmləkətin

Zülm, əsarət orbitindən çıxmağıdır.

 

Həmin illərdə Sabir bəyin "Bütövlük" poeması Azərbaycan xalqının acı  taleyindən bəhs etməklə tarixi yaddaşı silkələyən, bir zamanlar bütöv olub, sonra bölünməyə məruz qalmış xalqın ictimai şüurunda və təfəkküründə bütövlük hissinin yenidən baş qaldırmasına təkan verən çağırış kimi qarşılandı. Sabir Rüstəmxanlı "Ömür kitabı" ilə bir nəslin ruhuna qanad taxdı, onu sözün işığı ilə oyadaraq Meydandan İstiqlala doğru apardı. 1980-ci illərin axırlarında Milli Azadlıq hərəkatının əsas simalarından biri kimi Sabir Rüstəmxanlı öz kəskin məqalələri və mübariz çıxışları ilə kommunist rejiminin Azərbaycan xalqına zidd siyasətini, sovet rəhbərliyinin ermənilərin əsassız iddialarına dəstək verdiyini ifşa edir, xalqımızın mübarizə ruhunu oyadır, Vətənin bölünməzliyi uğrunda mübarizəyə səsləyirdi. 1988-ci il noyabrın 17-də başlanan və 4 dekabr 1988-ci il tarixinədək fasiləsiz davam edən Meydan hərəkatında isə Sabir Rüstəmxanlı artıq bir lider olaraq vətənçi şeir və poemaları, nəsr əsərləri ilə yanaşı, öz mübariz çıxışları və cəsur şəxsiyyəti ilə xalqın qarşısında idi:

 

Sağalmaz yara olar boyun əymək düşmənə,

Ömrüm sığışa bilməz parçalanmış Vətənə...

Meydan ana qucağı, bir ürəkdi, bir candı,

Həsrəti qırıb tökmüş bütöv Azərbaycandı.

Yan-yana dayanmışdı Bakı, Təbriz, Ərdəbil,

Araz da xəcalətdən qurtulmuşdu elə bil.

 

Sabir Rüstəmxanlının söz dünyasında tez-tez səslənən bir anlayış var: qan yaddaşı! Bu ifadə onun dilində təsadüfi bir söz deyil, o, tarixdən süzülüb gələn həqiqətlərin əks-sədasıdır. Sabir Rüstəmxanlının şəxsiyyəti və yaradıcılığı bütöv bir millətin keçdiyi yolun həm qan yaddaşı, həm də söz yaddaşıdır; tarix onun dili ilə danışır, burada yaddaş canlıdır. Onun poeziyasında keçmiş zaman anlayışı yoxdur, zaman mütəhərrikdir, obrazlaşıb canlanır. Onun yaddaşı fərdi xarakter daşımır, bir xalqın yaddaşıdır, onun sinəsindən bir insanın deyil, bütöv bir millətin ürək döyüntüləri eşidilir:

Onun simasında hər bir Azərbaycan vətəndaşının həyat amalı, varlıq səbəbi sanki şifrələnib.

Sabir Rüstəmxanlı həm də milli düşüncə sistemini formalaşdıran ideoloqlardan biri kimi dəyərləndirilir. Onun adı yalnız poeziya ilə deyil, cəmiyyətə qazandırdığı anlayışlarla, xüsusilə, vətəndaş həmrəyliyi ideyası ilə yadda qalır. Bu ideya onun sözündən doğub, vətənpərvərlik ruhundan nəşət tapıb. Vətəndaş Həmrəyliyi ifadəsi təsadüfi yaranmış bir anlayış deyil. Bu ideyanın arxasında uzun illərin müşahidəsi, mübarizəsi və düşüncə təcrübəsi dayanır. Bu yanaşmada fərdin millət qarşısında məsuliyyəti ilə millətin fərd qarşısında borcu arasında incə bir tarazlıq qurmaq cəhdi görünür. Burada vətəndaş anlayışı yalnız hüquqi status deyil, həm də mənəvi mövqedir. Bu mövqe insanın özünü cəmiyyətin ayrılmaz hissəsi kimi dərk etməsini, baş verən hadisələrə biganə qalmamasını tələb edir. Bu, həm də vicdanın səsi kimi səslənir.

Onun ideoloji baxışında həmrəylik sadəcə birlik çağırışı deyil. Bu, parçalanmış yaddaşın bərpasına, zədələnmiş münasibətlərin sağalmasına yönəlmiş dərin bir düşüncə xəttidir.

S.Rüstəmxanlının ictimai fəaliyyətində bu ideyanın izləri aydın görünür. Çıxışlarında və yazılarında əsas vurğu qarşıdurma deyil, anlaşma üzərində qurulur. Xüsusilə, keçid dövründə olan cəmiyyət üçün bu yanaşma böyük əhəmiyyət daşıyırdı. Fərqli baxışların toqquşduğu bir mühitdə ortaq məxrəc tapmaq cəmiyyətin sabitliyi üçün vacib amilə çevrilirdi. Bu baxımdan onun səsləndirdiyi fikirlər təkcə siyasi deyil, həm də mənəvi sabitlik üçün bir dayaq nöqtəsi rolunu oynayıb. Bu dayaq cəmiyyətin içindən gələn bir gücdür. Bu gün vətəndaş həmrəyliyi anlayışı yalnız siyasi çərçivədə deyil, daha geniş ictimai davranış modeli kimi qəbul edilə bilər. Çünki bu ideya cəmiyyətin enerjisini parçalamaq deyil, onu bir istiqamətə yönəltmək məqsədi daşıyır. Bu istiqamət isə milli birlik, qarşılıqlı hörmət və ortaq gələcək ideyasına doğru aparır. Bu yol birliyə aparan yoldur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!