Şuşalı Əhməd bəy iyirmi yaşında, hələ qüdrətli Nadir Şahın dövrünün sonlanmasına iki il qalmış, atası Ağa Kazımın tövsiyəsi ilə elm alıb, hörmətli bir ziyalı olmaq üçün Firəngistana (Fransaya) göndərilmişdi. Lakin fələk öz oyununu oynamış, Şah Nadir öz yaxınları tərəfindən öldürülmüş və imperiyası parçalanaraq Azərbaycan torpaqları feodal xanlıqlara bölünmüşdü. Ağa Kazım da, öz növbəsində, iqtidar çəkişməsi zamanı şəhid düşmüş və bütün mülkünü oğluna verməsini qardaşı Ağa İsmayıla vəsiyyət etmişdi. Gəl zaman, get zaman, Firəngistan deyilən qürbətə xəbərlər gec çatmış, gənc Əhməd bəy atasının vəfatını yeddi il sonra, təsadüfən bir qohumunun Parisə gəlməsi nəticəsində öyrənmişdi. Qürbətin ab-havası pək ağır gəlmiş, eyni zamanda məmləkətin vəziyyətini aydın şəkildə bilmədiyindən, cənnət kimi təsəvvür etdiyi vətənə qayıtmaq eşqinə düşmüşdü. Köçmək üçün hazırlaşan Əhməd bəy Parisdəki işlərini bitirmək üçün bir neçə il daha qalmış, ardından dəniz yolu ilə İstanbula, oradan isə Batumiyə və nəhayət, 1758-ci ildə Qarabağ xanlığının paytaxtı Şuşaya varmışdı. Nə qərib bir vəziyyətdir: Əhməd bəy yolda yaşadıqlarınamı, öz vətəninin acı taleyinəmi kədərlənsin, seçə bilmirdi.
Əmisi Ağa İsmayıl onu mehriban qarşılamış, nəinki ev əhli, bütün qonşu, tanışlar hamısı Avropa deyilən o uzaq ölkə haqqında bir şeylər eşitmək üçün qapısına axın etmişdilər. Şuşada bir həftə keçirdikdən və bütün hadisələri öyrəndikdən sonra bir an məmləkətini təsəvvüründə canlandırıb, özlədiyi Parisdəki o kiçik evi üçün darıxmağa başlamışdı. "Necə də qəribədir: firənglər birləşib ingilislərlə hərb edib ölkələrini xilas edirlər, biz isə nəhəng qonşuların arasında parçalanmağı seçmişik", deyə düşünürdü. Bu cür düşüncələr Əhməd bəyə o qədər təsir etmişdi ki, artıq yolda gəzərkən ağlamağa və anidən insanlardan qaçmağa başlamışdı.
Əsərimizin qəhrəmanı həqiqətən də, yaşamış olsaydı, bəlkə də tariximizin ilk Kefli İsgəndəri ola bilərdi. Qayıdaq hekayəmizə.
Bir gün, Pənahəli xanın vəfatından sonra İbrahimxəlil xanın qonşularına tətbiq edəcəyi siyasət haqqında görüşüb qərar almaq üçün mirzələr, ağalar, axundlar, şeyxlər, məliklər və vəzirlər xan evində toplaşmışdılar. Əhməd bəyin Firəngistanda qazandığı təcrübələrdən yararlanmaq üçün onu da dəvət etmişdilər. Sözə İbrahimxəlil xan başlamışdı:
- Ağalar, bəylər, mərhum atam hamınızı sevirdi (hər kəs eyni anda: "Allahın rəhməti üzərində olsun", - dedi). Qonşu xanların hiləkarlıqlarına qarşı eyni siyasətin gerçəkləşdirilməsi tərəfdarıyam.
Hər kəs Pənahəli xanın mərdliyindən, gördüyü işlərdən danışırdı. Bir ağa deyirdi:
- Mərhum, Əfşarın vaxtından elə igidliyini sərgiləmişdi.
Digər tərəfdən, tərif yarışına girən axund, ağanı keçmək üçün əlavə edirdi:
- Nəinki Əfşar! Sultan Mustafa (III) belə, atanızdan qorxurdu.
Mirzəliyini yanlış istiqamətdə istifadə edən bir bəy ikisinin də üstünə çıxmağa çalışırdı:
- Allahın rəhməti üzərində olsun! Atanız olmasaydı, Əfşar Osmanlıya qalib gələ bilməzdi.
Bütün bunları kədər və məyusluqla izləyən Əhməd bəy sadəcə köks ötürürdü. Nəhayət, səbir edə bilməyib danışmağa başladı:
- Xan sağ olsun, atanızın şücaətindən heç kəs şübhə etməz. Lakin, qüdrətli xan! Axundlar! Mirzələr! Ağalar! Dərdimiz başqadır, məmləkət atəş içindədir. Bir çarə tapmalıyıq. Yuxarımızda və aşağımızda bizə iştahla baxan qoca dövlətlər var. Əgər biz birlikdə hərəkət etməsək, onların iştahına qurban olacağıq.
- Mirzə, sözlü adama oxşayırsan, lakin sözlərin natamamdır. Nə demək istəyirsən? - deyə xanın yanında oturan axund dedi.
- Ey axund, ölkəmizin gəldiyi hal nə haldır? Məmləkət pərişandır, insanlar yoxsul. Səbəb nədir? - Bir neçə xanın iqtidar ehtirası. - Mirzə Əhməd coşquyla izah etməyə çalışırdı.
- Xan sağ olsun! Bunun ki ağlını ələ keçiriblər. Mirzə Əhməd, sözlərindən utanmalısan. Həmən xanımızdan üzr istə, - dedi ağa.
- Üzr istəmək! Necə də aciz kəlmədir. Anlamırsınız, əgər xanlıqlar birləşməsə, biz istiqlalımızı itirəcəyik. Avropaya baxın! Azadlıqları üçün hər gün birlikdə mübarizə edirlər. Kimə qarşı, öz qardaş-doğmalarına? - Xeyr, yadlara qarşı. İtaliyada müxtəlif, ecazkar dövlətlər var. Adlarına da cümhuriyyət deyirlər. Hər şey insanların istəyinə görə gerçəkləşdirilir. İnsanlar rifah içindədir, - əlavə etdi Mirzə Əhməd.
- Atan yaman kişi idi. Bu torpaqları tanıyırdı, artıq-əskik sözlər işlətmirdi. Sən isə o şeytan yuvası Firəngistanda Mirzə olmusan, olmusan, amma Avropalı Mirzə olmusan! - hamı gülməyə başladı. - Bu cümhuriyyət dediyin şey: Cümhuriyyət axtarırsansa, elə bizim xanlıqlar sənə olsun cümhuriyyət. Xalqımız firavan, hər istədiklərini həyata keçiririk. Sən hələ de görüm, o kafir italiyalıların başlarında kim var bəs? - Axund soruşdu.
- Beş ildən bir dəyişən bir hökumət başçısı, - deyə cavab verdi Mirzə Əhməd.
- Bu nə işdir! Heç belə xan olar? Bunun nə qüdrəti var ki, qonşuları ondan qorxsun. - Axund dedi. - Xan o kəsdir ki, hamı ondan çəkinir.
- Möhtərəm xan, gəl, etmə Avropalı Mirzənin sözlərinə diqqət. Gənclik hirsi hələ tərk etməyib bədənini. Biz ciddi işlərdən danışmalıyıq. İcazə verin, söhbətə yenidən başlayaq, - deyə xana səsləndi ağa.
- Elədir ki var. Firəngistana gedən insanları bizi zəiflətmək üçün hazırlayıb geri göndərirlər elə bil. Buyurun, ağalar, təkliflərinizi deyin. Qulağım sizdədir, - dedi xan.
- Qonşularımıza bir tələ qurmalıyıq.
- Onların torpaqlarını özümüz ələ keçirməliyik.
- Hətta bu məqsəd üçün digər dövlətlər ilə müttəfiq olmalıyıq, - deyə hər kəs fikirlərini önə sürdü.
- Axı... Axı onlar... - danışmağa çalışan Mirzə Əhmədin sözünü axund kəsib, otaqdakılara səsləndi:
- Taleyimizə Avropalı Mirzə müdaxilə edə bilməz. Mən təklif edirəm ki, qonşularımızla hərb edək.
- Həri!
- Bəli!
- Axundun zəkası necə də əzəmətlidir, - deyə təsdiqlədilər otaqdakılar.
Mirzə Əhməd isə məyus halda xan sarayından çıxıb evinə sarı yeriməyə başladı. Nə hiss edirdi? Nə düşünürdü? Bunu heç birimiz bilə bilmərik. Hətta yazıçımızın fikrinə görə, nə düşündüyünü heç Mirzə Əhmədin özü belə bilmirdi. Sadəcə yeriyirdi və yeriyirdi. Əlləri cibində, aradabir Şuşanın möhtəşəm gözəlliyinə baxmaq üçün ayaq saxlayır, sonra yenidən başını önə əyib yeriyirdi. Yeriyirdi və yeriyirdi...
27 mart 2026
Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
