- Alo?
- Bəli, Davud əmi!
- A Sevda, sənsənmi?
- Yox, Afaqdır, Davud əmi...
Şəhər telefon xətlərinin son xırıltıları arasından gələn o səsi sonuncu dəfə eşidəcəyimi hələ bilmirdim. Səsi doğmalarım - Arzunun, Mustafanın səsinə bənzədiyi üçün elə ilk "alo" deyişindən Davud Nəsibi tanımışdım. Bir gün sonra o, artıq bu dünyada olmayacaqdı... Sən demə, böyük şair gedişini hiss edibmiş; təkcə bizi deyil, doğma bildiyi hər kəsi tək-tək xatırlayıb, halallaşaraq vidalaşıbmış.
Davud Nəsib poeziyası sadəcə misraların düzümü və ya qafiyələrin rəqsi deyil; bu, insanın öz kökünə, daxili işığına və kainatın ilahi sükutuna doğru etdiyi sonsuz bir səfərdir. Şair öz oxucusuna nəsihət deyil, bir yol xəritəsi cızır:
Qəlbində bir yurd sal, bir mənzil, bir ev,
Açıb qönçələnsin həyatın-varın.
Gözəl qız, demirəm, sən məni gəl sev,
Həyatda bir olsun əhdin, ilqarın.
Biz o əhdə və ilqara uyub ev-eşik olduq. Atalarımızın sözlə söyləyə bilmədiklərini Davud Nəsibin şeirlərində oxuduq, onun misraları ilə kövrəldik.
Onun yaradıcılığında maddi və mənəvi dünya arasındakı aşılmaz sərhəd dialektik bir təzadla ortaya qoyulur:
Bölünər çörək də, pul da, istəsən,
Torpaq da bölünər istər-istəməz.
Bəlkə bölmək olar hər nəyi desən,
Bir qəlbin atəşi, gözü bölünməz.
Çörək, pul və hətta üzərində gəzdiyimiz torpaq - bunlar zamanın və məkanın əsiridir. İnsan əli onlara toxunduqca parçalanır, sərhədlərə bölünür, ovulub gedir. Şair "istər-istəməz" deməklə, sanki bu maddi dünyanın faniliyini və parçalanmağa məhkum olduğunu kədərli bir təbii hal kimi qəbul edir. Əlimizdəkiləri dünya ilə bölüşə bilərik, amma içimizdəki o "müqəddəs alovu" heç kimə pay verib söndürməməliyik. Bu, insanın öz mənliyinə, öz ilahi nüvəsinə olan sədaqətinin romantik manifestidir. Paylaşdıqca böyüyən, lakin parçalandıqca yox olan o tək şey - insan qəlbidir...
Ata kədəri - qəlbin ən gizli küncündə açan qara bir qızılgüldür; hər tikanı bir xatirə, hər ləçəyi bir həsrət qoxuyur. Ata kədəri bitməyən bir cümlədir, nöqtəsi qoyulmamış bir ömür dastanıdır. O, varlığın yoxluqla rəqsidir. Biz atamızı itirəndə əslində uşaqlığımızın "cənnət bağını" itiririk. Bu kədər ruhun ən zərif simində çalınan elə bir notdur ki, o səsi eşitmək üçün kainatın bütün səsini susdurmaq lazımdır. O, həm bitişdir, həm də əbədiyyətin başlanğıcı...
O, varlığın yoxluqla rəqsini ən sadə və ən ağır obrazla - köhnə bir palto ilə təsvir edir:
Atamın köhnə bir paltosu vardı,
Dünyanın dərdiydi o palto mənə.
Elə bil göylərin qəmi yağardı
O köhnə, o yamaq paltolara da.
O yamaqlar bir atanın övladı isinsin deyə öz çiyinlərində daşıdığı soyuğun və fədakarlığın izləridir. Bu palto artıq bir geyim deyil, ailəni hər cür mənəvi soyuqdan qoruyan bir qalxandır. Bu misralar bizi romantik bir kədərə boğsa da, eyni zamanda öz zəhmətkeş köklərimizə qarşı böyük bir ehtiram oyadır.
Davud Nəsibin yaradıcılığı Azərbaycan ədəbiyyatının göy qurşağıdır - bir ucu ana laylasının həzinliyində, digər ucu isə Vətən torpağının əbədi yaddaşında qərar tutur. Onun üçün Vətən coğrafi bir xəritə deyil, ruhun mənsub olduğu ilahi məkandır.
Nə yaxşı dünyada ana ürəyi,
Nə yaxşı dünyada ana nəfəsi...
Mənə elə gəlir, yerin-göyün də
Var ana ürəyi, ana nəfəsi.
Sözün göy üzündən enib torpağa toxunduğu, ruhun öz əzəli saflığına qayıtdığı o müqəddəs nöqtədə Davud Nəsib poeziyası doğulur. Onun səmimiyyəti o qədər dərindir ki, oxucu özünü bir anda Qazaxın dumanlı dağlarında və ya bir kənd evinin çırağı başında atası ilə dərdləşən uşaq kimi hiss edir.
Davud Nəsibin irsi bizim mənəvi pasportumuzdur. Ana laylasının kövrəkliyindən Cavanşir əzəmətinədək, hər sətri milli ruhla döyünən bu yaradıcılıq, xalqın saflıq və kimlik yaddaşının əbədi salnaməsidir. Davud Nəsibin "Cavanşir" romanı xalqın dövlətçilik ənənələrini tərənnüm edən fundamental əsərdir. Müəllif tarixi mənbələrə istinad edərək, Cavanşiri sadəcə qəhrəman sərkərdə kimi deyil, imperiyalar arasındakı çətin geosiyasi məkanda "zəka diplomatiyası" yürüdən uzaqgörən bir strateq kimi canlandırır. Əsərin kompozisiyası daxili xəyanətlər və xarici işğallara qarşı mübarizənin vəhdəti üzərində qurulmuş, lirik-epik üslub və dövrün ruhunu əks etdirən zəngin dil vasitəsilə milli suverenlik ideyası oxucuya aşılanmışdır. Bu roman tarixi həqiqətləri bədii təxəyyüllə sintez edərək, Azərbaycanın qədim dövlətçilik şüurunun bədii inikasını uğurla təqdim edir.
Nə qədər ki, dünyada ana ürəyi döyünür və nə qədər ki, atalarımızın "köhnə palto"sundakı o fədakarlıq ruhu yaddaşımızdadır, Davud Nəsibin sözü diri qalacaq, yolumuzu aydınlatmağa davam edəcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
