Əksər hallarda şairin nəsri şeirə, nasirin şeiri də nəsrə bənzəyir. Ona görə də şair poeziyasında, yazıçı da nəsrində daha möhtəşəmdir. Heç dahi Füzuli də nəsr yaradıcılığında poeziyasındakı Füzuli deyil. Çünki onun nəsrində nəzəri müddəlar daha çox qabardılıb. Deməli, cəmiyyət yaradıcı sənətkarı, zatən, şair və ya zatən nasir kimi qəbul etməkdə haqlıdır.
Qəşəm İsabəyli ədəbi ictimaiyyətdə bənzərsiz uşaq şairi kimi tanınmışdır. Diqqət edilsin, tayı-bərabəri olmayan demirəm, bənzərsiz deyirəm. Ədəbiyyatımızda uşaq şairləri və uşaq şeirləri lazımıncadır. Qəşəm İsabəylinin isə uşaq poeziyası həm uşaqlar üçün uşaq şeirləri, həm də böyüklər üçün uşaq şeirləridir. Qəşəmin özü demişkən, o, həm də əvvəli "şir", sonu "şir" olan nəşriyyatın yaradıcısı və rəhbəri kimi tanınır.

Yazıçının son illərdə iki hekayələr kitabı işıq üzü görüb. "Beş hərflik faciə" (2022) və "İlk məhəbbətin intiqamı" (2024). Görünür, içində yaşadığı zamanın və üstündə yaşadığı torpağın dərdləri, özünün daxili çarpışması, rast gəldiyi insan xarakterləri, cəmiyyətdə bir-birini sürətlə əvəz edən hadisələr müəllifin doğma mövzusuna (uşaq şeirlərinə) sığınmamış və onun nəsrinin yaranmasını şərtləndirmişdir. Doğrudan da, Qəşəm İsabəylinin nəsrindəki vaqeə və hadisələri uşağa təqdim etmək olmaz.
Poeziyada öz dəst-xəttini yaratmış Qəşəm İsabəylinin nəsrə müraciəti gözlənilən idi. İçində Əlahəzrət Ədəbiyyat gəzdirən bir söz adamının qələmi çağımızın həftəbecər olaylarına biganə qala bilməzdi.
Yazıçı müdrik yaşındadır. Əslində, bu yaşda nəsrə keçmək çiynini ağır yükün altına vermək deməkdir; məsuliyyət yükü. Bunun uğuru, uğursuzluğu var, ortalığa qoyduğun mətahın qəbul edilib-edilməməyi var. İstedad, özünəgüvən və yazıçı səmimiyyəti Qəşəm İsabəyliyə nəsrin qapısını azacıq aralayıb içəri boylanmağa yox, bu qapını taybatay açıb daxil olmağa cəsarət verdi. İstər şifahi nitqdə, istər bədii əsərdə, lap publisistikanın özündə də səmimi ol, sənə inanacaqlar.
"İlk məhəbbətin intiqamı" kitabına yazdığı Ön sözdə müəllifin ovqatı bütünlüklə səmimi notlara köklənib. Ön sözü çox ləzzətlə oxudum. Demə, orta həcmli bir hekayələr kitabının on altı səhifəlik Ön sözü ola bilərmiş və bu Ön sözdə müəllif həyatının irili-xırdalı bütün detallarının xülasəsini verə bilərmiş.
Ön sözü oxuyan hər kəs hekayələri oxumağa ruhən məhkumdur. Çünki Ön söz kitab üçün mənəvi açar rolu oynayır və oxucu hekayələrdə də müəllifin səmimiyyətinin axtarışına meyillənir.
"İlk məhəbbətin intiqamı" kitabı öz orijinal nəsr üslubunu mükəmməl şəkildə nümayiş etdirə bilən hekayələr toplusudur. Kitabda müəllifin on dörd hekayəsi, beş novellası və bir povesti yer almışdır. Əslində, kitabdakı bütün əsərlər novella sayıla bilər. Novellaya xas olan yığcamlıq və son dərəcə gözlənilməz sonluq bu yazıların hamısını novella kimi səciyyələndirməyə yetər. Yəni hekayələrin əksəriyyəti novellanın parametrlərini ödəyə bilir. Bircə qalır hekayə ilə novellanın əsas sərhədini ayıran yumor. Qəşəmin hekayələrində güclü yumor da yetərincədir. Lakin hekayələrdə çağın insanının ciddi düşüncəsi və bu düşüncədən doğan etiraflar daha güclüdür. Novellalarda isə müəllif həm mətnlərin fonunu yumorla "hörüb", həm də finalını yumorla bitirib və beləliklə, bu janrın ən gözəl nümunələrini yaratmaqla çağımızda postmodernist düşüncənin elementlərini də sərgiləyə bilib.
Hekayələrin sırasında verilmiş "Çörək ağacı" və "Qasımov cəbhəyə gedir" povestindəki parçaların hamısı sırf novelladır. Bu mənada müəllif tam səlahiyyətlə povestini "Novellalar povesti" adlandıra bilər.
Hekayələrdə yazıçının üslub faktını şərtləndirən amillər çoxdur. Qəşəmin nəsrini hansı dərgidən oxusan, imzaya baxmadan müəllifini dəqiq deyə bilərsən. Bu fakt üslubu olan yazıçılara aiddir. Üslubun rüşeymi, işartıları yazıçının içində, ruhunda olur. Bu rüşeymi bəsləyib, böyüdüb, qoruyub özünü təsdiq etmək gərgin zəhmətlə başa gəlir. Ona görə də Balzak yazırdı: "Üslub şüşəyə bənzəyir, nə qədər çox silsən, o qədər çox parıldar".
Onun hekayələrində oxucuya layla çalan nəinki səhifə, abzas, heç cümlə də yoxdur. Hadisələr yüyrək dillə təqdim olunur, ona görə də sürətlə oxunur. Bu əsərlərdə sanki zamanın nəbzi döyünür. Hekayələrdəki sürət çağdaş insanın səbrinə köklənib. Sürəti yaradan dialoqlardır. Qəşəm İsabəylidə dialoqlar təsvir və təfərrüatları, eyni zamanda vizual detalları da öz içinə alıb əridir. Bu dialoqlarda yazıçı realist üslubla ironik üslubu incə ustalıqla bir-birinə qovuşdurub birbaşa özünün üslub parametrlərindən birinə çevirir.
Qəşəm İsabəyli haqlı olaraq kitabını "Ehtiras" hekayəsi ilə açır. Hekayə müəllifin dünyagörüşünü, məlumatının bolluğunu, hadisələrə yanaşma metodunu, nəhayət, bədii cəsarətini tam göstərə bilən nümunədir. "Ehtiras" hekayəsi sonrakı hekayələrə marağı artırır, yəni digər yazılar üçün açar rolu oynayır.
Yazıçı Sadıq Elcanlı yazılarının birində hekayəyə yüksək qiymət verərək abzasın əvvəlində ""Ehtiras" hekayəsi, az qala, bir romanın yükünü təqdim edir" kimi dəyərləndirir. Həmin abzasın sonunda bir daha "Bu, kiçik hekayənin böyük roman ağırlığında qələbəsidir", - deyə səciyyələndirir ("Ədəbiyyat qəzeti", 1 iyun 2024-cü il, səh. 26).
Təbii ki, Sadıq Elcanlı kimi səliqə-sahmanlı bir qələm sahibinin qəlbən əsərə verdiyi yüksək qiyməti biz də səmimi qəlbdən alqışlayırıq.
Müəllif qısa həcmli hekayəsinə maraqlı süjet qura bilib, məzmun olduqca cəlbedicidir. "Narkotik alverçisi" böhtanı ilə şərlənən Vüsalın azadlığı rəzil bir prokurorun əlindədir. Vüsalın özünü qurtarmağa pulu yoxdur. Prokuror onun yalvarışlarına məhəl qoymur. Əli hər yerdən üzülən Vüsal bacısını və arvadını prokurora təklif edir. Bu epizodda oxucunun əsəbi tarıma çəkilir. Bu nədi? Yoxsa, hekayənin müəllifi də, qəhrəmanı da mental dəyərlərin üstündən xətt çəkir?! Hətta bir çoxları düşünür ki, Vüsalın "bacım" və "arvadım" dedikləri, görəsən, onun doğmalarıdırmı? Bəlkə, onlar Vüsalın "təşkil elədiyi" başqa qadınlardır?! Qoy oxucu qərar verməyə tələsməsin və hekayənin finalını oxusun.
Hekayənin finalı bizə tamamilə fərqli rakursdan görünür. Müəllif prokurorun düşdüyü acınacaqlı durumu göstərməklə, ulu Zərdüştdən üzü bəri Əlahəzrət sözün haqqın, ədalətin xidmətində bulunduğunu ifadə edə bilmişdir.
Müdriklərdən biri deyib: "Ədəbiyyat olub-keçənləri, indi olanları və gələcəkdə olasıları özündə ehtiva edən sənət növüdür".
Əslində bu təsirli hekayə cəmiyyətin sosial-mənəvi deformasiyasına yazıçı baxışıdır. Bu, müəllifin sosial problemlərə yönəlik dərdi və harayıdır.
Qəşəm İsabəyli hekayəni mətnin metaforu üstündə qurmuşdur. Metaforla cəmiyyətə ötürülən mesaj: zalımlıq eləsən, zülm görərsən. Prokurorun Vüsala elədiyi zülmü Tanrı iki qat artıq onun özünə qaytarır; ailəsi dağılır, sərvəti əlindən çıxır, ciyərparası, bircə oğluna həsrət qalır və cəmiyyətdə rüsvay olur.
Əsərdə nəfsin insanın başına gətirdiyi fəlakətlər və harınlamışların heç vaxt ondan sığortalanmadığı da məntiqlə açılır. Çünki ehtiras nəfsin meyvəsidir.
"Ehtiras" hekayəsi nüvədir. Bu nüvənin həlqələri açıldıqca daha çox mətləblər üzə çıxır.
Yazıçının hekayədə yaratdığı təzad da maraqlıdır - həzz-iztirab; hər ikisi qadın əməli ilə. Prokurora həzz verən də qadındır, iztiraba salan da. Həzzi verən yad və haram - iztirab verən doğma və halal. Prokurorla Vüsal təzadı da diqqət çəkir. Vüsalda əvvəl iztirab, sonra həzz - prokurorda əvvəl həzz, sonra iztirab.
Beləliklə, yazıçı insan həyatının iztirabla həzzin növbələşməsindən ibarət olduğunu kiçik bir hekayədə müddəa kimi ortaya qoymuşdur.
Hekayədə mətnaltı ifadələrin işlədilməsi onun bədiiliyini bir daha artırır. Prokurorun Vüsala dediyi "Ora Amerikadı, orada qanun var" fikri prokurorun savadsızlığına işarədir. Səviyyəli hüquq işçisi belə sözü dilinə gətirməli deyil. Və yaxud əsərdəki yekun hadisəyə mətnaltı işarələr verilir: "Həyat yoldaşım mənalı-mənalı üzümə baxdı. Sonra da şaqqıldayıb güldü.
- Bu nə gülüşdü, ay qız?!
- Tələsmə, səsini eşitdin, dadını da görərsən!"
Hekayədə reallığın mühüm bir faktoru da diqqətə çatdırılır; insan bioloji varlıqdır və bütün canlılar kimi onun da cinsi maraqları təmin olunmalıdır. Prokurorun arvadı Sevinc evdən həmişəlik çıxır, Vüsala qoşulub Türkiyəyə gedir. Oradan da prokurorun telefonuna mesaj göndərir: "Sən də adını kişi qoymusan. Hünərin-zadın da yox idi, ay yazıq. Hardan olaydı ki, onun-bunun arvadıyla oturub-dururdun. İndi baxıram, mən ərdə olmamışam ki! Ərin nə olduğunu da indi bilirəm".
Amerika yazıçısı, dünyaca məşhur Uilyam Folkner yazır: "Yalan kitablara yol tapa bilər, amma heç vaxt ədəbiyyat ola bilməz. Yalan bir xalqı aldadıb yolundan sapdıra bilər, amma heç vaxt böyük ədəbiyyata çevrilə bilməz".
Qəşəm İsabəylinin nəsri bu yazının əvvəlində ifadə olunmuş düşüncəyə alternativ variant kimi üzə çıxdı. Yəni o, poeziyasında şair, nəsrində yazıçı kimi görünə bildi. Həm də yazı texnologiyasından tutmuş bədii keyfiyyətə qədər, təzə olan bu nəsr göstərdi ki, maksimal dərəcədə yığcam bir mətnə geniş bir məzmunu yerləşdirə bilmək üçün mütləq mənada yazıçı olmalısan.
Yaradıcılıq məhsulu səni içinə alırsa, ruhuna hopursa, yaddaşına köçürsə, daxili enerjisi sənin enerjinlə uyğunlaşa bilirsə, deməli, əsər də, onun müəllifi də "ədəbiyyata qalan" nominasiyasını yerinə yetirir; Qəşəm İsabəylinin nəsri kimi.
Təbii ki, bir məqalədə kitabın bütün hekayələrindən söz açmaq imkan xaricindədir. Yazını hazırlayarkən məlumat aldım ki, yazıçının üçüncü nəsr kitabı da işıq üzü görüb. Sağlıq olsun, Qəşəm müəllimin nəsri ilə növbəti görüşlərədək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
