Akademik Tofiq Hacıyevin şah əsəri - Qızılgül ABDULLAYEVA

 

Məhəmməd peyğəmbərin türk dili haqqındakı bir hədisində yazılır: "Türk dilini öyrənin, çünki onlar üçün uzun sürəcək hökmranlıq vardır". Biz isə bu məzmunu sonuclandıran bir fikrimizlə sözə başlamaq istəyirik: "Dilimizin güvənci olan akademik Tofiq Hacıyevin elmi irsini dərindən öyrənin, çünki bu irsin daşıyıcıları olan, kəmiyyəti ilə cild-cild kitablara sığmayan, elmi səviyyəsi ilə dünya durduqca yaşayan və türk dilini əbədiyyətə qovuşduran əsərlərinin uzun sürəcək hakimiyyəti vardır".

Müdriklərdə bir kəlam var. Deyir, "sən topladığın sərvəti  qoruyub saxlaya bilərsən, amma sərvət səni heç vaxt qoruya bilməz: elm isə səni hər zaman qoruyar. Təsəvvür edin, bu gün əvəzolunmaz prezidentimiz İlham Əliyev müxtəlif peşə sahibləri olan tarixi şəxsiyyətlərimizin, görkəmli söz ustadlarımızın - klassiklərimizin yubileylərinin keçirilməsi ilə bağlı fərmanlar imzalayır, sərəncamlar verir.  Halbuki onları bizdən əsrlər  ayırır. Buna baxmayaraq,  hələ də yaddan çıxmayıblar, yaşayırlar. Onları yaşadan məhz altına imza atdıqları möhtəşəm əsərlərdir. 11 ildir ki, akademik Tofiq Hacıyev də bizim aramızda yoxdur. Amma o da hər il xatırlanır, anılır, onunla bağlı konfranslar keçirilir, filmlər çəkilir, televiziya verilişləri verilir... Təbii ki, Tofiq Hacıyevi də yaşadan altına möhür vurduğu fundamental əsərlərdir. Bu fundamental əsərlərdən biri də akademik Tofiq Hacıyevin ikihissəli "Azərbaycan ədəbi dilinin tarixi" əsəridir. Sözlə sözün, ədəbiyyatşünaslıqla dilçiliyin,  ənənə ilə novatorluğun, keçmişlə bu günün, bu günlə gələcəyin, keçmişlə gələcəyin, qeyri-adiliklə adiliyin əlaqələndirilməsini əks etdirən və güclü elmi əsasa söykənən bu əsər akademik T.Hacıyevin şah əsəridir. Çünki bütün əsərlərində olduğu kimi, burada da hər bir sözünün arxasında mükəmməl özül üzərində qurulan bir elm dayanırdı.  Ölməz Füzulinin aşağıdakı deyimi gəlişigözəl sözlərin yığını deyil,  o, mövcud reallığın şeirlə ifadəsidir:

 

Elmsiz şeir əsası yox divar olur,

Əsassız divar ğayətdə bietibar olur.

 

Bir tərəfdən, nadir elmi mənbələrə, digər tərəfdən, məntiqinin gücünə söykənirdi Tofiq Hacıyev. Məqamında elə bir elmi məntiq nümayiş etdirirdi ki, bu məntiqin dumana dönüb dağılma təhlükəsi sıfıra enirdi. Dil onun məhvəri idi. Amma bu dili ünsiyyətə buraxan xalq da var idi axı. Odur ki, xalq və dil paralelləri, xalqın tarixi və dilin tarixi müvaziliyi onun sərgilədiyi elmi faktların hamısında yanaşı addımlayırdı. Çünki türkoloji aləm heç vaxt onları təcrid olunmuş halda, əlahiddə qəbul etmirdi. Odur ki, xalqın tarixi haqqında söylənilən hər hansı bir fikir elə dilin tarixini əks etdirirdi. Demək, onun təfəkkür dünyasında xalq və dil qoşa qanad idi. Bəzən sual verirlər ki, dil nə qədər inkişaf edib? Əlbəttə, bu, elmi məntiqə sığmayan sualdır. Çünki obyektiv gerçəklikdir ki, insan təfəkkürü nə qədər inkişaf edibsə, dilin inkişafı da elə o qədərdir. Yəni "təfəkkürüstü dil" deyilən bir şey yoxdur. Ədəbi dil isə yerli dil üzərində qurulur və sonrakı yaşam tarixini irəliyə doğru yönəldir. Bu da faktdır ki, dildaxili və dilxarici faktorların mərkəzində yer alır ədəbi dil. Bu qarşılıqlı fonda ədəbi dil ümumxalq dilindən əlini üzmədən yetişir və dövrdən-dövrə, mərhələdən-mərhələyə adlayır. Beləliklə, Azərbaycan ədəbi dili mürəkkəb bir tarixi prosesin nəticəsi olaraq müəyyənləşir. Şübhə yoxdur ki, keçilən bu inkişaf yolunun öyrənilməsinə həmişə ehtiyac duyulur. Bəkir Çobanzadə də yazır ki, "dürlü çağlarda insanın yeyəcəyi nasıl dəyişiyorsa, dilə olan ehtiyacı da öylə dəyişiyor, dürləniyor" Bax, bu ehtiyacın elmi əsaslarla öyrənilməsini həyata keçirən ən sanballı ilk elə akademik Tofiq Hacıyevin özü oldu. Dil yanğısı, xalq yanğısı, dilin və xalqın tarixi, dilimizin dünəni, bu günü, gələcək taleyi onun gündəlik havası, suyu, çörəyi idi. Elə bu vətəndaş yanğısının nəticəsidir ki, hər gün dilin və xalqın əhatəsində olan Tofiq Hacıyev ədəbi dilin dövrləşdirilməsi ilə yenidən dilimizin keçmişinə qayıdış etdi və onun keçdiyi o tarixi yola yeni bir rakursdan baxaraq onu elm aləminə təqdim etdi. Bu, ədəbi dilimizin keçdiyi tarixi inkişaf yolunu reallıqla cızan yeni bir dövrləşmə idi. Müəllifi olduğu bu dövrləşmənin mahiyyətində hansısa bir sırf tarixi hadisə, yaxud sırf ictimai-siyasi məzmun deyil, dilin daxili inkişaf qanunauyğunluqları dayanırdı. Məhz bu daxili proseslər onun təsnifatında dövr və mərhələ dayanıqlığını müəyyənləşdirirdi. Təbii ki, burada tarixilik də var, xronoloji ardıcıllıq da var, daxili əlaqə və münasibətlər də var, amma ən önəmlisi bu təsnifat üçün tələb olunan dilin daxili inkişaf qanunauyğunluqlarına söykənəcək var.

Tofiq Hacıyev 500-dən çox məqalənin, 40-a yaxın kitabın müəllifi idi. Bu kitabların isə hərəsinin öz ünvanı var idi. Biz onu həmişə bu müxtəlif ünvanların sakini olaraq tanımışıq. Odur ki, onu gah türkün etnik təfəkkürünün məhsulu olan "ana" abidəmizin baş qəhrəmanı Dədə Qorqud, gah türk ellərini oymaq-oymaq gəzərək türkün dilini, mədəniyyətini, etnoqrafiyasını, ekzotik dil mənzərəsini, adət və ənənələrini, hikmət dünyasını bütün dünyaya tanıtdıran Mahmud Kaşğari, gah insanları haqqa çağıran Nəsimi, gah Məcnun kimi aşiq və şair olan Füzuli, gah nadir satirik nitqi ilə dövrün ictimai eyiblərini açıb göstərən və onlara qarşı kəskin mübarizə edən M.Ə.Sabir, gah ezop dili ilə türkün dərdini faş edən və  onun dərdinə əlac axtaran C.Məmmədquluzadə, gah da sözlə musiqinin harmoniyasını yaradan Ü.Hacıbəyov kimi dühaların əhatəsində görmüşdük. Məhz bu əhatə Tofiq Hacıyevi bütöv bir türk dünyasının, böyük bir xalqın, millətin ağsaqqalı səviyyəsinə qaldırmışdı. O həm də sözün və sözünün ağsaqqalı idi. Odur ki, millətin milli dili və yaranma tarixi onu düşündürməyə bilməzdi. Bu onun savaşı idi. Hansı ki, bu savaşda da qalibiyyət bayrağını başından yuxarı, ucalardan ucaya qaldırmağı bacardı. Əslində o, sözünü sovetlərin qılıncının qansız baş kəsdiyi bir dövrdə demişdi. Təkcə deməmişdi, həm də yazmışdı.

 

Onun hələ 1976-cı ildə yazıb elmin istifadəsinə verdiyi "Azərbaycan ədəbi dili tarixi" kitabında xalqın etnik kökü, etnogenezisi, mənşəyi ilə bağlı təqdim etdiyi fikirlər o dövrün faktoloji elmi yeniliyi idi. Məhz bu əsərdə, eləcə də davamlı olaraq mətbuatda Azərbaycan türkünün yaşam tarixinin eramızdan əvvələ belə, gedib çıxdığını alim qələmi aləmə duyurmuşdu. O hamının deyə bilmədiyi, həm də demək istəmədiyi sözü deməyi bacarmışdı. Düzdür, bu yolda məsləkdaşları da var idi. Amma Tofiq Hacıyev səviyyəsində türkün tarixinə, onun dilinin kökünə enən və ona müdaxilə eləməyi bacaran fədakarı yox idi. Bu baxımdan onun gələcək nəsillərə miras qoyub getdiyi iki cildlik "Azərbaycan ədəbi dilinin tarixi" monoqrafiyası bir daha Tofiq Hacıyevin elmi yeniliklərinin ifadəçisinə çevrildi. Əvvəl olduğu kimi, bu əsərdə də ədəbi dilimizin tarixini yenə də iki dövrə böldü. O daha yeni və sanballı elmi mənbələrə arxalanaraq yazıyaqədərki dövrün eramızdan əvvəllərə getdiyini göstərdi. İlk dəfə olaraq göstərdi ki, "yazıyaqədərki dövr bütövlükdə təşəkkül tapmış Azərbaycan xalq dili tarixinin təxminən, e.ə. II əsrdən eramızın VII əsrinə qədərini əhatə edir". Yazıyaqədərki dövrü tayfa konsolodasiyası dövrü kimi elm aləminə tanıtdı. Türkdilli tayfaların konsolidasiya tarixinin irandilli tayfaların konsolidasiya tarixindən çox-çox əvvələ - e.ə.III-II getdiyini mənbələrə köklənərək sübut elədi. Türklərlə müqayisədə, konsolidasiya tarixi daha cavan olan farsların bizim kökümüzün əsasında dayanmasını müdafiə edənlərin fikirlərinin absurd olduğunu bəyan etdi. Bu artıq xalqın yaranması demək idi. Əgər xalq mövcuddursa, demək, xalqın ünsiyyətə buraxdığı dil də mövcuddur. Midiyanın bir türk dövləti olmasına elmi sabitlik gətirdi. Fikrinin sübutu üçün elm adamlarını Marbi və Bozbi adlarını müqayisəyə çağırdı. Midiyalıların toteminin ilan olması və farsların onlara marlar deməsinin Marbi (mar - ilan, bi - bəy // bay - ) ilə əlaqə varlığını təqdim etdi.

Beləliklə, Azərbaycan dili və Azərbaycan xalqının etnik kökü, etnogenezisi ilə bağlı gedən fikir mübarizəsində yenə öz sözünü dedi, özü də 1970-ci illərdəki ilə müqayisədə daha kəskin, daha təkmil və daha mükəmməl dedi. Azərbaycanlıların etnik kökündə irandilli tayfaların durduğunu, türklərin bu əraziyə XI əsrdən etibarən gəldiyini və fars mənşəli bir dili götürərək onu assimilyasiya etdiyini, assimilyasiya prosesinin isə XIII əsrdə bitdiyini deyənlərə qarşı durdu. Göz görə-görə xalqımızın və dilimizin tarixini müasirləşdirməyə xidmət edən, əslində isə 70-ci illərdən bəri dediklərinə arxa ola biləcək yeni bir mənbə tapa bilməyənlərə bir daha sübut etdi ki, "azərbaycanlıların etnik kökündə yaradılışından türk başlanğıcı durur". Cəbhə qarşıdurmasında türkə qarşı yönəldilmiş böyük siyasi məqsədə qulluq edən İ.M.Dyakonov, İ.Əliyev, E.A.Qrantovskilərin fikir müharibəsinin qarşısında tək dayandı. Bir əlində iti zəkası, dəqiq və sərrast məntiqi, digər əlində 1970-ci illərdən bu günə qədər damla-damla topladığı və söykənəcək saydığı yeni elmi mənbələr dayandı. 1976-cı ildən sonra L.Q.Qumilyov türkoloji aləmdə tarixi eramızdan əvvələ gedən parfiyalıların türk olmasını nöqtələdi və onu aksiomaya çevirdi. Osman Nedim Tuna şumer-türk əlaqələrini təsdiq edən əsərləri ilə meydan suladı. Rza Nur, Zəki Vəlidi, Renenin əsərləri Tofiq Hacıyevin 1976-cı ildə irəli sürdüyü fikirlərinin təsdiqinə çevrildi. Y.Yusifov Qədim Ön Asiya mənbələrindən çıxış edərək, eramızdan əvvəl III minillikdə mövcud olan və fonofərqlilik nümayiş etdirən Aratta / Alateye ölkəsinin adını Ural-Altay məxrəcində izah edərək onun eyni məna tutumlarının daşıyıcısı olduğunu sübuta yetirdi. O qeyd etdi ki, iki fonetik tərkibli bu sözün hər ikisində iki komponent iştirak edir. İkinci komponent "dağ" anlamını (tey // tay = dağ) verir, digəri isə yüksəklik mənasına uyğun gəlir. Bu o deməkdir ki, bu qədim toponimlərin əsasında türk mənşəlilik durur.

Q.Qeybullayev də tarixi toponimiya sahəsindəki tədqiqləri ilə Tofiq Hacıyevin fikirlərinə dəstək oldu. Bir sözlə, Tofiq Hacıyev çox doğru olaraq göstərdi ki, Ön Asiyadakı türkizmlərə barmaqarası baxmaq olmaz, çünki müxtəlif alimlər tərəfindən milliliyi sübut edilən bu lüğəvi dil nümunələri Midiya - Atropaten və Albaniya ilə bağlılığı olan mənbələrdə qeydə alınır. Bu isə artıq həmin zaman kəsiklərində türk dil mühitinin varlığını elmə təqdim edir. Gürcü mənbələrindən tapılan bun türklər haqqında məlumatla da Tofiq Hacıyev bu antitürk təbliğatçılarının yolunu sipər kimi kəsdi. Bu- (// bö-) sözü "qalın" deməkdir, qədim türk sözlüyü bunu deyir. Deməli, bu- türklər "qalın türklər" deməkdir. Amma "Dədə Qorqud kitabı"ndan bildiyimiz bir "qalın oğuzlar" da var. Tofiq Hacıyev bun türklərlə qalın oğuzların yaşayış koordinatlarının müqayisəsinə əsasən sübut etdi ki, bun türklər (yəni qalın türklər) elə qalın oğuzlar deməkdir. Nəzərə alsaq ki, gürcü mənbələrində bu- türklər haqqında məlumat eramızdan əvvəl VI əsrə gedir, gör onda bu fakt türkün dilini, türk xalqının tarixini nə qədər qədimə aparıb çıxarır. Unutmayaq ki, qalın oğuzların təqdimatı "Dədə Qorqud kitabı"ndan götürülür. Bu isə birbaşa abidənin tarixinə də bir işıq salır. Araşdırmalarında dərindən də dərinə gedib çıxan Tofiq Hacıyev müəyyənləşdirdi ki, Azərbaycan millətinin antropoloji tədqiqi qıpçaq-oğuz yox, məhz oğuz-qıpçaq istiqamətinə getdiyi kimi, dilimizin fonetik, leksik və qrammatik sistemi də qıpçaq-oğuz deyil, məhz oğuz-qıpçağa bağlanır. Nəzərə alaq ki, V.Bartold da, oğuzların ən qədim türk etnosları olduğunu qeyd edir və hətta digər türk etnosların müəyyənləşib tarix səhnəsinə çıxmasında oğuzu ulu başlanğıc kimi qəbul edir.

Bu monoqrafiyada Tofiq Hacıyev daha bir yeniliyə imza atdı. O sübut elədi ki, dilimizin tarixində qədim oğuz qatı deyilən bir qat var. O, qədim oğuz qatı ilə bağlı söylədiklərini bir daha bu möhtəşəm monoqrafiyanın mərkəzində yerləşdirdi. Mənbələrə, eləcə də Azərbaycan şivə faktlarına müraciət fonunda sübut elədi ki, Azərbaycan türkcəsinin tarixində əslində iki oğuz qatı var. Azərbaycan xalqının tarixini XI, Azərbaycan türkcəsinin tarixini isə assimilyasiya prosesinin nəticəsi olaraq XIII əsrdən başlayanları fakt qarşısında qoyaraq, birinci oğuz qatının eradan əvvəl başlayıb, yeni eranın əvvəllərinə qədər davam etdiyindən danışdı. Bu zaman kəsiyi dilimizin özülünü təşkil edən fonetik, qrammatik və eləcə də əsas lüğət fondunun təşəkkülünə qədərki dövrü əhatə edir. İkinci qat orta əsrləri əhatə edir və bu qat digər oğuz dilləri ilə əlaqələr nəticəsində dilə nüfuz edən dil faktlarına qaynayıb-qarışması nəticəsində meydana gəlir. Tofiq Hacıyevə görə, II oğuz qatının özü də iki yerə ayrılır: "1. Eramızın əvvəllərindən X-XI əsrlərə qədərki müddət. Görünür, "Dədə Qorqud kitabı"nda təsvir olunan oğuzun oğuzla vuruşu məhz bu dövrlərin məhsuludur. 2. XII-XV əsrlər arası. Bu zaman azərbaycanlıların başqa oğuz dilləri ilə əlaqəsi yalnız ədəbi-yazılı səviyyədə gedib". Bunu da fakt olaraq qeyd etdi ki, qədimlik özünü fonetik səviyyədə daha güclü hiss etdirir. Amma sadəcə deməklə qalmadı, həm də onun təsdiqləyicisi rolunda çıxış edə biləcək nümunələr təqdim etdi. Bu qədim faktların içində ş - s (qas - qaş, asıx - aşıx, şillə - sillə...); d - z (muraz - murad, məzə - mədə...); ç - ş (çaşqın - şaşqın...); k - ç (kərtmək - çərtmək...); l - ş (bələk - beşik, dəlik - deşik...); c - z (zan - can...); ç - ş (çis - sis...)... uyğunluğu xüsusi yer tutur. Müəllif çox doğru olaraq sonuncu nümunələrin "şeh" anlamını daşıyan çi kökünə dayandığını qeyd edir. Bu tarixi kök morfem klassiklərin də dilində, dialektlərimizdə də işlək olan bir çox leksik vahidlərin kökündə gizli şəkildə də olsa, mövcuddur və yaşamını davam etdirməkdədir. Sarı Aşıq yazır:

 

Almaçısan, nəcisən? Nə satırsan, nə çi sən?

Dolu döymüş Aşığı, Nə bulud var, nə çisən.

 

Bu nümunədəki çisən lüğəvi dil nümunəsi də eyni kök morfem üzərində qurulur. Çisən dil faktı hal-hazırda "narın yağış" anlamında çisan fonetik cildi ilə Dərbənd, çisəx- fonoforması ilə Çənbərək, Oğuz, Şəmkir, Tovuz [(Yazbaşı çox olur çisəx- (Şəmkir); Sə:rdən çisəx- gəlir (Basarkeçər)] dialektlərində yaşayır və həmin kökə bağlanır. Göründüyü kimi, dilin möcüzəsi yenə öz işini görür və dili tərk edib gedən bu sözü (onlarla belə faktları) dialektlərdə oturdur, gizli şəkildə olsa da, ona yeni həyat bəxş edir. Bu, Tofiq Hacıyevin sadəcə fonetik hadisələr fonunda sadalamaları deyil. Bunlar dili qədim oğuz qatına aparan səs uyğunluqlarıdır.

Onu da yada salaq ki, türkçülüyə qadağa qoyulduğu bir dövrdə, yəni sovetlər dövründə Tofiq Hacıyev marksizm-leninizm siyasətinə qarşı dayanaraq qorxmadan milli dilimizin varlığının XVI əsrin sonu, XVII əsrin əvvəllərindən başladığını bəyan edirdi. Təbii ki, yenə də faktları əlində rəhbər tutaraq bunu təqdim edirdi. Bu o vaxt idi ki, marksizm-leninizm təlimi məhz bütün milli dillərin XIX əsrdən reallaşdığını deyirdi. Amma bu bir reallıqdır ki, milli dillərin hamısının yaranma tarixinin eyni vaxtdan, yəni XIX əsrdən başlaması absurddur. Unutmayaq ki, hər bir xalqın öz milli geyimi, öz milli mətbəxi, öz milli adət və ənənələri... olduğu kimi, hər birinin də öz milli dili vardır. Bu dillər bir-birindən fərqləndiyi kimi, onların inkişaf istiqaməti, inkişaf sürəti, inkişaf tempi, inkişaf tarixi, inkişaf qanunauyğunluqları da müxtəlifdir. Bunu unutmaq, təbii ki, reallığa zərbə vurmaq deməkdir. Odur ki, milli dillərin hamısının eyni vaxtda reallığa qovuşması qeyri-elmilikdən başqa bir şey deyildir. Tofiq müəllim bunu da qabarıq şəkildə vurğulayır ki, XIII əsrə qədərki mərhələ milli dilin inkişaf mərhələsi, XIII-XVI əsrlər milli dilin  formalaşması, konkret olaraq Füzuli mərhələsi isə milli dilin tam mənada müəyyənləşməsi mərhələsidir. Çünki Tofiq Hacıyevin təbirincə desək, "Füzuli sənətində milli ədəbi dil qəti şəkildə elan olunur". XVII-XVIII əsrləri isə milli dilin yeni mərhələsi kimi qəbul edir. Bu da bir elmi yenilikdir. Vaxtilə Tofiq müəllim milli dilin yaranmasını XVI əsrin sonu, XVII əsrin əvvəlləri ilə bağlayırdısa, milli dilin yeni mərhələsinin XX əsrin əvvəllərindən başlandığını qeyd edirdi. Bu, təbii ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə "Dədə Qorqud kitabı"nın beynəlxalq səviyyədə 1300 illik yubileyinin keçirilməsinəqədərki zaman idi. Bu yubiley dillə bağlı çox şeyləri dəyişdi. Və dediyimiz kimi, Tofiq Hacıyev tərəfindən ilk dəfə olaraq XVII-XVIII əsrlər artıq milli dilin yeni mərhələsi kimi dilimizin tarixinə yazıldı. Çünki o, araşdırma nəticəsində müəyyənləşdirdi ki, bu tarixi mərhələdə hər şeydə milliləşmə adına demokratikləşmə gedir. Kultu qırılan, tənəzzülə uğramağa başlayan dövlət dili - fars dili, eləcə də həmişə onunla qoşa qanad kimi addimlayan ərəb dili öz hakimlik missiyasını yavaş-yavaş Azərbaycan türkcəsinə dövr edir. Əgər bu zaman kəsiyinə qədər əcnəbi dil əruz vəzni, klassik şeir janrları, əcnəbi mənşədən olan leksik vahidlər, izafət tərkibləri ilə əhatələnirdisə, deməli, bu, klassik dilin aparıcılığını təmin edirdi. Belə halda, dildaxili proseslər nəticəsində, konkret olaraq diferensiasiya, sabitləşmə, demokratikləşmə proseslərinin yekunu olaraq, XVII-XVIII əsrlərdə aparıcılıq qazanan milli dil də milli nə varsa, ətrafına toplayır. Yəni milli dil - türk dili milli heca vəznini, milli xalq şeiri janrlarını, milli sözləri, eləcə də türkləşmiş ərəb və fars sözlərini çəkib arxasınca aparır. Bu isə, artıq folklor-danışıq dilinin aparıcılığına təminat verir. Tofiq Hacıyev bu tarixi mərhələni həm də ilk dəfə olaraq xəlqiləşmənin yenidən təşkili mərhələsi kimi təqdim edir.

...Ümumiyyətlə, akademik Tofiq Hacıyevin ikihissəli "Azərbaycan ədəbi dilinin tarixi" monoqrafiyası davamlı olaraq elmi yeniliklər təqdim edir. Bu kitabı vərəqlədikcə insan fəxarət hissi keçirir, çünki onun hər sətrinin arxasında dilimizin güvənci olan bir fədakar alim əməyi görürük. Oxuduqca həm də həzz alırıq, çünki bizi poetiklik müşayiət edir. Çünki hər şey dilçiliklə ədəbiyyatşünaslığın vəhdəti fonunda gedir. Unutmayaq ki, Azərbaycan ədəbi dili tarixi əslində nitqlər tarixidir. Bu nitqin sahibləri isə bizim klassik söz ustadlarımızdır. Məhz bu nitqə söykənərək Tofiq Hacıyev bədii üslubun aparıcıları olan klassiklərimizin - Həsənoğlu, Qazi Bürhanəddin, İ.Nəsimi, Xətai, Füzuli, Qövsi Təbrizi, Saib Təbrizi, Məsihi, Vaqif, Vidadi, S.Ə.Şirvani, C.Məmmədquluzadə, Ü.Hacıbəyov... kimi sənətkarların söz dünyasının bağlı səhifələrini açır. Beləliklə, bu tədqiqat əsərində klassiklərimiz Tofiq Hacıyevlə bir yola çıxır. Hər ikisi bir-birinə dayaq olur. Klassik dil öz varlığını Tofiq Hacıyevə əmanət edir. Tofiq müəllim isə bu mirasın poetik dil mənzərəsini açmaq qüdrətinə malik olan qələmini onlara əmanət edir. Beləcə, bu qoşa qanad dilimizin tarixi keçmişindən müasir dilimizin təqdimatınaqədərki yolun iki səyahətçisinə çevrilir. Bu təqdimatda Tofiq Hacıyevin elmi yaradıcılıq istiqamətlərinin çoxşaxəliliyini görürük. Bu təhlillərdə biz gah fonetist, gah qrammatist, gah dialektoloq, gah da türkoloqla qarşılaşırıq. Həm də dilçi, ədəbiyyatçı, tarixçi filosofla üz-üzə dayanırıq. Məhz bu ikiqütblü dördləşmələr onu hər kəsdən fərqləndirərək özü edir.

İnanırıq ki, bu kitab (bu kitablar) sizləri heç vaxt yolda qoymayacaq, davamlı olaraq savadlının əlindən tutaraq ona Tofiq Hacıyevin elm dünyasından pay verməyi əsla əsirgəməyəcək. Yetərlidir ki, siz 90 yaşlı akademik Tofiq Hacıyevin təfəkkür dünyasını özündə daşlaşdıran bu əsərlərlə birgə elmi səfərə çıxasınız.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!