Şairin fəlsəfi mövzuda olan bir çox şeirlərini nəzərdən keçirib onun "Füyuzat" jurnalının 13 noyabr 1906-cı il tarixli 2-ci nömrəsində çap etdirdiyi 16 beytlik və hər beytin sonunda "Bilməm ki?" rədifi təkrarlanan "Təranəyi-qəmpərvəranə" şeirinin təhlilini verən müəllif belə hesab edir ki, " bu suallarla şair oxucularını fikir aləminə çağırır". Daha sonra müəllif yazır: "Bu elə suallardır ki, fikirləşmək qabiliyyəti olan bütün adamlar bunu düşünmüş, düşünür və düşünəcəklər. Hadi bu sualı quru sözlə soruşmamışdır, yaşayışın bütün parlaq və qaranlıq cəhətlərini saymağa, insan həyatının bəlalər, fəlakətlər, əzablarla bağlı olmasını, böyük arzularının həmişə cavabsız qalmasının və köhnə dünyada alçaq adamların həmişə üstün mövqe tutmasının səbəbini aramağa səy etmişdir" (orada, s.259).
"Şair-vətəndaş" məqaləsində olduğu kimi, öçerkin bu bölümündə də Mir Cəlal müəllim "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poemasına da yer ayırmış, onu "dərin təsirlənmiş təfəkkür sahibinin məhsulu, fəlsəfi-lirik poema ruhunda yeni, orijinal bir əsər" kmi səciyyələndirmişdir.
Oçerkin "M.Hadidə azadlıq fikirləri" bölməsi, demək olar ki, yenidir və əvvəlki əsərlərində M.Hadi yaradıcılığı ilə bağlı olmayan bir sıra məsələlərə münasibət burada öz əksini tapmışdır.
Mir Cəlal müəllim qeyd edirdi ki, M.Hadi yaradıcılığının əsas mövzularından biri azadlığın, hürriyyətin tərənnümüdür və bu mövzu ilk fəaliyyəti günlərindən ömrünün axırına qədər şairi düşündürmüşdür. Müəllif tamamilə dürüst olaraq bildirirdi ki, M.Hadi azadlıq məsələsinə müəyyən ictimai zəmindən yox, ümumi miqyasdan, hətta bütün aləm, kainat miqyasından yanaşırdı və buna görə də onun əsərlərində "ictimai həyatda hər bir zəhmətkeşin möhtac olduğu həyati azadlıq, əmək və hərəkət azadlığı, söz, vicdan, məslək azadlığı tərənnüm olunurdu" (orada, s.263).
Şairin "ictimai həyatdan çox təbiət səhnələri verilən" "Bülbül", "Ulduzlara", "Lövheyi-bahar", "Təsviri-bədaye", "Tövsiyeyi-mürğ", "Bir lövheyi-camal", "Axşam tənəzzöhləri" şeirlərini təhlil edən müəllif qeyd edir ki, "şair kainatın, yaranışın binasında azadlıq görür. Azadlığı təbiətin ən böyük, həqiqi mənası hesab edir və bəzən təbiətdə yalnız təbiətin yox, cəmiyyətin də mənasını axtarır" (orada, s.263).
M.Hadinin "İqbal" qəzetinin 1914-cü il nömrələrində çap olunmuş şeirləri ilə yanaşı, "ictimai inkişaf məsələlərinə, xüsusilə təcəddüd, inqilab və hürriyyətə dair nəşr olunmuş məqalələri"ni sərf-nəzər edən Mir Cəlal müəllim yazır: "Bu məqalələr Hadinin ictimai görüşlərinin inkişaf və dəyişməsini göstərmək üçün maraqlıdır. Hadi burada daha göylərə, "cəbərut aləminə", yaxud "quşların tövsiyəsinə" müraciət etmir, çox sayıq elmi-siyasi mülahizələr söyləyir. Şair ziddiyyətini aça bilmədiyi müasir birjua mədənbiyyətinin nədən, necə yarandığını və nə kimi mərhələlər keçməli olduğunu göstərməyə çalışır" (orada, s.265).
M.Hadi yaradıcılığının 1914-cü il və sonrakı mərhələsini nəzərdən keçirib qiymətləndirən Mir Cəlal müəllim onun poeziya və publisistikasında yeni bir cəhətin meydana gəldiyini bildirərək yazır: "Hadi indi nəinki mücərrəd yazmır, hətta mücərrəd yazan və danışan, müqəddəs kəlmələrin arxasında gizlənən ziyalıları danlayır, təcəddüd, inqilab və hürriyyət kimi gözəl kəlmələri yerli-yersiz, "çox işlənə-işlənə" necə hörmətdən düşdüyünə, quru və məzmunsuz ibarəyə çevrildiyinə qəzəblənir. Bu kəlmələri əzbərləyən və bunlardan şirin-şirin danışan bir çox "müsəlmanlar" bu məsələni anlamırdılar. Deməli, yenilik, hürriyyət söz deyil, hərəkətdir, nitq deyil, işdir. Bəs bir sıra müsəlman ziyalıları niyə anlamırlar? Bunun səbəbləri var. Hadi burada ictimai xəstəliklərdən, xalqın geridə, avamlıqda qalmasına bais olan düşmənlərdən, xainlərdən, yalançı "rəhbər"lərdən, pul düşkünlərindən danışır. Bu mülahizələr çox aydın, müəyyən, müstəqil, həm də həqiqətdir" (orada, s.265).
Əvvəlki əsərlərində M.Hadinin şeir dilinin qəlizliyindən danışan müəllif bu öçerkdə də şairin dili məsələsinə toxunur və yazır: "M.Hadinin şeir dili o zamankı romantizmin təbiətinə uyğun olan, daha doğrusu, bu təbiətdən doğan təntənəli, bəzəkli, ritmik, xitabkar dildir" (orada, s.277).
Mir Cəlal müəllim M.Hadinin yalnız əruz vəznində deyil, yaradıcılığının son illərində heca vəznində də şeirlər yazdığını bildirərək yazır: "Müharibə illərində (1916) Hadinin "Doğru söz" qəzetində heca vəznində rübailərində çox sadə şeirləri nəşr olunmuşdur ("Əməl" əsərindən). Bu parçalarda belə bəndlər var:
Səninlə gözlər gülər,
Alınlar, üzlər gülər,
Hansı dodağa qonsan,
Ağızda sözlər gülər.
Aşıq və el şeirinə bənzəyən bu parçaların doğurdan da Hadi qələminə aid olduğuna adam çətin inanır. Hər halda bu parçaların nə dili, nə üslubu Hadi şeiri üçün səciyyəvi deyildir" (orada, s.267).
Mir Cəlal müəllim M.Hadi haqqında oçerkini bu cümlələrlə tamamlayır: "Bir tərəfdən yüksək ictimai ehtiras, mübarizə, yenilik həvəsi, elm və maarif eşqi ilə çırpınaraq hər bir yarpaqda xilqətin dərin mənasını axtaran şair, ikinci tərəfdən, şərtsiz olaraq sinfi-tarixi fərq qoymadığı bütün cəmiyyətə, bütün bəşər tarixinə istehzalı xitablar edir, kənar bir müşahidəçi kimi cəmiyyətin ziddiyyətlərinə gülüb-ağlayır.
M.Hadi yaradıcılığını müasirlərinin bir çoxundan ayıran budur. Bu yaradıcılığın ictimai-siyasi qiymətini və əməli əhəmiyyətini azaldan da budur. M.Hadi şeirini geniş oxucu kütləsindən müəyyən dərəcədə uzaqlaşdıran da bu ziddiyyətlərdir" (orada, s.279-280).
Biz irəlidə qeyd etdik ki, Mir Cəlal müəllim M.Hadini yalnız tədqiq etməklə kifayətlənməmş, onu ali məktəb dərsliklərinə daxil etməklə geniş şəkildə təbliği ilə də məşğul olmuşdur. Mir Cəlal müəllim professor Firidun Hüseynovla birgə yazdığı ali məktəblər üçün "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinə M.Hadi haqqında ayrıca oçerk daxil etməklə yanaşı, professor Pənah Xəlilovla birlikdə ali məktəblər üçün yazdıqları "Ədəbiyyatşünaslığın əsasları" dərsliyinin "Romantizm" bölməsində də M.Hadidən qısa şəkildə də olsa bəhs etmişdir (Mir Cəlal, Pənah Xəlilov. Ədəbiyyatşünaslığın əsasları Bakı: 1972, s.235-236).
Biz bu yazımızda "XX əsr Azərbaqycan ədəbiyyatı" dərsliyinin yenidən işlənmiş üçüncü nəşrindəki "Məhəmməd Hadi" oçerki (Mir Cəlal, Firidun Hüseynov. XX əsər Azərbaycan ədəbiyytatı. Bakı: "Maarif" nəşriyyatı, 1982, s.331-349) əsasında müəllifin M.Hadi şəxsiyyətinə və ədəbi irsinə olan münasibəti üzərində dayanacaq, fikirlərimizi bildirəcəyik.
Bu oçerk bir sıra istisnalar nəzərə alınmazsa, demək olar ki, "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" monoqarafiyası əsasında hazırlanmışdır. Dərslikdəki oçerkin 331-333-cü səhifələri monoqrafiyanın "M.Hadi: tərcümeyi-halı" (s.236-240) bölməsi ilə, əsasən eynidir. Bu sözləri bu və ya digər şəkildə dərslikdə şairin yaradıcılığından bəhs edən səhifələr haqqında da demək olar. Monoqrafiyadakı "M.Hadinin şeiri" bölməsi M.Hadinin "Ulduzlu bir gecədə müharibə tamaşası və "Şahnamə" şairi-ziiqtidarını xatırlamaq" şeirindən verilmiş "Deyildir bu qovğayi-Turanzəmin" misrasından sonrakı altı beyti çıxmaq şərti ilə, demək olar ki, dərslikdə təkrar edilmişdir (orada, s.336).
Mir Cəlal müəllim qeyd edir ki, bir çox əsərlərində "kainatın sirlərinə heyranlıq yox, üsyan ifadə edən" M.Hadinin şeirlərində hiss-həyəcandan çox mühakimə üstündür. Şairin əsərlərində " azadlıq arzu və tərənnümləri mütləq canlı həyat, həqiqi ictimai münasibət əsasında verilir. Azadlığın kim üçün tələb olunduğundan, kimə qarşı mübarizələrdə əldə edilə biləcəyindən bəhs olunur" (orada, s.348).
Mir Cəlal müəllimin M.Hadinin həyat yolu və yaradıcılıq aləmi barədə düşüncələrinin məhsulu olan əsərlərini ümumiləşdirsək, belə bir nəticəyə gələ bilərik ki, M.Hadi haqqında ilk elmi cəhətdən əsaslandırılmış əhatəli tədqiqatların müəllifi Mir Cəlal müəllim olmuş, əslində, sistemli və elmi hadişünaslığın bünövrəsi, əsasən onun əsərləri ilə qoyulmuşdur. M.Hadi irsinin elmi-filoloji qiymətini ilk olaraq məhz Mir Cəlal müəllim vermiş, onun tədqiqiqatları sonrakı nəsil Hadişünaslar üçün bir mayak, mötəbər mənbə olmuş, bu gün də öz elmi dəyərini və əhəmiyyətini qoruyub saxlamaqdadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
