Gəncədə orta məktəbdə oxuduğum illərdən üzü bu yana tanıdığım əksər güneyli soydaşlarımızın gözlərinin dərinliyində mübhəm bir kədərin yuva saldığının şahidi olmuşam. Əvvəllər elə düşünürdüm ki, bəlkə bu Vətən bölgüsünün yaratdığı ağrı-acıların nişanəsidir, mənim xəyalımın uydurduğu romantik bir görüntüdür! Amma 1978-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Ədəbiyyat Fondunda direktor müavini işlədiyim vaxtlar cavanlığında sözü, sazı, səsi ilə qədim Təbrizə, boyaboy Güney Azərbaycana yaraşıq vermiş, 1946-cı ilin məlum qanlı qırğınından möcüzə sayəsində xilas olmuş, ailəsinə sonra qovuşacağı ümidilə onları o tayda qoyub, canını götürərək min bir əzabla, gizli yollarla Quzey Azərbaycana pənah gətirmiş şöhrətli Aşıq Hüseyn Cavanla (1916-1985) yaxından tanış olub, isnişəndən, dostlaşandan, ata-oğul olandan sonra bu qəmli müşahidəmin əsl məğzini, mahiyyətini anlaya bildim. Əzabkeş sənətkarın köməyilə dərk etdim ki, güneylilərin göz bəbəklərinin lap dibində əbədi məskən salmış nəsnə məhz doğma torpaq, doğma yurd, doğma ocaq həsrətindən qaynaqlanan, gizlədilməsi mümkünsüz nisgil imiş...
Ucaboy, cüssəli, çatmaqaş, azdanışan, ilk baxışdan qaradinməz adam təəssüratı oyadan, həqiqətdə isə şirin həmsöhbət, təmkinli, dalğın baxışları ilə hər zaman sanki nəyisə, kimisə axtarırmış kimi ehmal-ehmal ətrafa boylanan, ağırtaxtalı bir şəxsiyyət olan Fəthi Xoşginabi ilə məni 1979-cu ilin Novruz bayramı ərəfəsində Bakıda, Azərbaycan Yazıçılar İttifaqında böyük ustad aşığımız Hüseyn Cavan tanış etmişdi. Mən 1980-ci ilin axırlarında Moskvaya yığışandan sonra güneyli nasirimizlə münasibətlərimiz istiləşdi, qarşılıqlı hörmət-izzət məcrasında davam elədi. Vətənin ağ günə çıxdığını görən, cəmi bircə il keçər-keçməz, dəhşətli beynəlxalq xəyanətə qurbanlıq gedən və al qana bələnən azadlığın yağı tapdağı altında həlakının şahidləri olan bütün əlacsız demokratlar kimi, həmin o məlun nisgil onun da qumral gözlərinin dərinliyində yer eləmişdi özünə...
Cənubi Azərbaycan demokratik ədəbiyyatının ilk nümayəndələrindən biri, 20 ildən artıq Moskvadakı Azərbaycan ədəbi mühitində fəal iştirak etmiş Fəthi Xoşginabi - Fəthi Həmzə Əli oğlu Xoşginabi 21 mart 1922-ci ildə Təbrizin 100 kilometrliyindəki Xoşginab kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai təhsilini doğma kəndində almış, fars dilində oxumuşdur. Ailənin maddi çətinlikləri üzündən on beş yaşından sonra təhsilini yarımçıq qoymağa məcbur olmuşdur. O, İranın müxtəlif şəhərlərindəki zavod və fabriklərdə günəmuzd fəhlə kimi çalışmış, qazandığı cüzi maaşla madar-güdar özü də dolanmış və ailəsinə də ufaq-təfək yardım etmişdir.
Fəthi Tehran dəmiryolu zavodunda fəhlə işlədiyi dövrdə (1942-1945) siyasi fəaliyyətə qoşulmuş, "Azərbaycan ziddi-faşist" cəmiyyətinin fəal üzvü olmuşdur. O, tezliklə Cənubi Azərbaycanın azadlıq mücadiləsinin ən mütəşəkkül təşkilatı sayılan Azərbaycan Demokratik Partiyası sıralarına qəbul edilərək, savadsız fəhlə və kəndlilər arasında partiyanın demokratik ideyaları, başlıca məqsədlərinin yorulmaz təbliğatçısı kimi azadlıq mübarizəsinə göndərilmişdir. Fəthi Xoşginabi ADP-nin tapşırığı ilə ölkənin bir çox yerlərində Demokrat firqə təşkilatlarının və onların yerli komitələrinin yaradılmasında özünün yüksək təşkilatçılıq bacarığını göstərə bilmişdir. Xoşginabi 12 dekabr 1945-ci ildə baş vermiş "21 Azər" inqilabı zamanı Təbriz şəhər partiya komitəsində təbliğat komissiyasının sədri vəzifəsində çalışmış, xalqın sonsuz inamını qazanmış, Cənubi Azərbaycanın demokratik yaradıcı ziyalılarının aparıcı və nüfuzlu nümayəndələrindən biri kimi tanınmışdır. Azərbaycan Milli hökuməti dövründə (12.12.1945-12.12.1946) Həmzə Fəthi Xoşginabi Azərbaycan Demokratik Respublikası MK-nın orqanı olan "Azərbaycan" qəzetinin məsul redaktoru olmuşdur.
Cəmi bir ildən sonra ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən şah rejimi Cənubi Azərbaycanın Milli hökumətini darmadağın etmiş, vətənpərvər fədailəri, könüllü döyüşçüləri, firqə üzvlərini və fəallarını qılıncdan keçirmişdi. Hökumət başçısı Seyid Cəfər Pişəvərinin (1892-1947) hərbi yardım üçün Sovet İttifaqına son müraciəti də cavabsız qalandan sonra Milli hökumət süquta uğramış və bacaran canını götürüb vətənindən didərgin düşmüşdü. Təbriz və Azərbaycanın digər şəhərləri talana və amansız qırğınlara məruz qalmışdılar. Minlərlə insan həbs olunmuş, sürgün edilmişdi. Baş verən qiyamətdə ADF üzvləri, fədailər, tanınmış şairlər, sənət adamları, azadlıq hərəkatının tərəfdarları və fəalları daha çox qırğına, zindana, sürgünə düçar olmuşdular...
ADR-in süqutundan sonra şah rejiminin təqibindən xilas olmaq üçün Xoşginabi də çoxsaylı azərbaycanlı demokratlar sırasında siyasi mühacir kimi Şimali Azərbaycana köçmüş, 1947-1956-cı illərdə "Azərbaycan" qəzetinin redaksiyasında ədəbi işçi, məsul redaktor işləmişdir. Mühacirət dövründə Bakıda Azərbaycan Demokrat Yazıçıları Cəmiyyətinin sədri vəzifəsində fəaliyyət göstərmişdir. O, 1956-1958-ci illərdə Moskvada SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunda Ali Ədəbi kurslarda oxumuş, təhsilini başa vurduqdan sonra Bakıya qayıtmışdır. Üç ildən sonra, 1961-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin təyinatı ilə Bolqarıstanın paytaxtı Sofiya şəhərinə təbliğat-təşviqat işinə göndərilmişdir. Xarici ezamiyyətdən qayıdandan sonra, 1964-cü ildə Fəthi Xoşginabi Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olmuş və 1967-ci ildə namizədlik işini müdafiə etdikdən dərhal sonra iki illiyə Tacikistan SSR-in Təhsil Nazirliyinə məsul işə göndərilmişdir. Fəthi Xoşginabinin burada işlədiyi iki ildə Düşənbə şəhər teatrında onun fars dilində yazdığı iki pyesinə uğurlu səhnə həyatı nəsib olmuşdur: "Siyavuş", "Bijen və Menijə". Həmin tamaşalar Sovet İttifaqının süqutuna qədər (1991) teatrın repertuarında özlərinin layiqli yerlərini tutmuşdular...
Şərqşünas, filologiya elmləri namizədi Həmzə Fəthi Xoşginabi 1969-cu ildə Tacikistandan qayıtdıqdan sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsinə qəbul olunmuş və iyirmi il ərzində, 1989-cu ildə həyatdan gedənədək orada işləmişdir. Yeri gəlmişkən, qeyd edək ki, Fəthi Xoşginabi öz vəsiyyətilə Bakıda dəfn edilmişdir.
Həmzə Fəthi yaradıcılıq yolunun başlanğıcında "Fəthi Xosrov" və "Əlioğlu" təxəllüslərilə fars dilində xeyli şeir və hekayələr yazmışdır. Gənc şairin "Mən kəndliyəm" adlı ilk mətbu əsəri 1943-cü ildə Tehranda işıq üzü görmüşdür. Zaman keçdikcə onun poeziyası geniş demokratik ideyalar, həqiqi inqilabi fikirlər kəsb edərək ictimai-siyasi motivlərlə dolğunlaşmağa başlamış, aydın poetik şərh və ifadə formaları ilə zənginləşmişdir. Demokrat şair 1943-1945-ci illərdə də inqilabi-çağırış ruhlu bədii nümunələrlə tez-tez "Rəhbər" qəzetində dərc olunmuşdur.
Həmzə Fəthi Xoşginabi 1945-ci ildən başlayaraq doğma Azərbaycan dilində siyasi felyetonlar və məqalələr, eləcə də hekayə və povestlər yazmağa başlamışdır. Fikrimizi daha dəqiqləşdirsək, qeyd etməliyik ki, milli hökumət dövründə gənc demokrat yazıçı son dərəcə fəal bədii yaradıcılıqla məşğul ola bilmişdir. Bir ildə Təbrizdə onun qələmindən bir çox siyasi felyeton və məqalələr, "Zeynəb", "Mehri", "Züleyxa", "Məsum və Məsumə", "İbrahim", "Usta Ələkbər" hekayələri, "Suvarılmış poladlar", "Eşq və müharibə" adlı irihəcmli povestləri ərsəyə gəlmiş və çap olunmuşdur. O, milli-demokrat hərəkatında fəal iştirakına görə 1946-cı ilin mart ayında "21 Azər" medalı ilə təltif olunmuşdur.
Yazıçının doğma dildəki əsas əsərləri hələ müəllifin öz sağlığında aşağıdakı toplularda dərc olunmuşdur: "İki dost", Bakı "Azərnəşr", 1951. 68 səh.; "Sonuncu bayraqdar", Bakı, "Uşaqgəncnəşr", 1956. 140 səh.; "Hekayələr", Bakı, "Azərnəşr", 1956. 112 səh.; "İki qardaş", Bakı, "Uşaqgəncnəşr", 1959. 252 səh.; "Ata", Bakı, "Azərnəşr", 1959. 226 səh.; "Məhəbbət və nifrət", Bakı "Azərnəşr", 1965. 125 səh. və "Ata, iki qardaş", Bakı, "Yazıçı", 1983. 423 səh. (Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı "Nurlar", 2004. S. 322-323. 984 s.).
Fəthi Xoşginabi, təbii ki, Sovet İttifaqı Kommunist Partiyasının razılığı və öz könlünün çağırışı ilə 1979-cu ildə İranda baş verən islam inqilabından sonra Təbriz şəhərinə dönmüş, orada "Azərbaycanın şair və yazıçıları cəmiyyəti" adlı təşkilat yaratmış, 1979-1980-ci illərdə həmin qurumun sədri olmuşdur. Eyni zamanda cəmiyyətin mətbu orqanı olan "Ülkər" jurnalını da təsis etmişdir. Lakin 1980-ci ilin sonunda məlum səbəblərdən hər şeyi yarı-yarımçıq atıb, Moskvaya qayıtmaq məcburiyyətində qalmışdı...
Moskvada "Detgiz" nəşriyyatında Kiril Semyonovun tərcüməsində 1959-cu ildə nəşr olunan "Yağışlar yağanda" adlı ilk hekayələr toplusuna Həmzə Fəthi Xoşginabinin aşağıdakı əsərləri daxil edilmişdi: "Şərf", "Samovar", "Sığınacaq", "Aspirin", "Tanış olun", "İki dost", "Şamdan", "Ulduz", "Yağışlar yağanda" (Qamza Fatxi Xoşqinabi. Koqda idut dojdi. Rasskazı. Avtorizovannıy perevod s azerbaydjanskoqo əzıka K. Semenova. Predislovie Mirzı İbraqimova. Moskva, "Detqiz", 1959. 120 s.).
Azərbaycanın Xalq yazıçısı, akademik Mirzə İbrahimovun qısa Ön sözündə gənc azərbaycanlı nasirin yaradıcılıq xüsusiyyətləri xarakterizə olunmuş, onun incə yumoru və xalq folklorunu bilməsi, öz əsərlərində kəndli, fəhlə nümayəndələri və mütərəqqi ziyalı qəhrəmanların şəxsində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsini təsvir etmək cəhdi yüksək qiymətləndirilmişdir. Həmçinin oxuculara gənc yazıçı-demokratın dolğun həyat yolu haqqında qısa məlumat verilmişdir.
Fəthi Xoşginabinin 1967-ci ildə Moskvada "Uşaq ədəbiyyatı" nəşriyyatında çapdan çıxmış "Hekayələr və hikmətli əhvalatlar" (Qamza Fatxi Xoşqinabi. Rasskazı i pritçi. Perevod s azerbaydjanskoqo əzıka. Moskva, "Detskaə literatura", 1967. 143 s.) kitabı nasirin rus oxucuları ilə ikinci və son görüşü idi. Kitabda doqquz hekayə və bir neçə qısa ibrətamiz əhvalat yer almışdır. Bu toplunun da tərcüməçisi Kiril Semyonov idi. Həmzə Fəthi Xoşginabinin özü də xeyli rus və belarus yazıçısının nəsr əsərlərini fars dilinə tərcümə etmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
