Türk dünyası görkəmli şair, alim və mütəfəkkir Oljas Süleymenovun böyük yubileyi - 90 illiyi ərəfəsindədir. Bu yubiley öncəsi, təxminən bir il əvvəl onun məşhur "Az i Ya. Xoşməramlı oxucunun kitabı"nın nəşr edilməsinin və Türkoslavistika elmi-nəzəri platformanın yaranmasının 50 illiyi qeyd olundu. O.Süleymenovun yubileyinin I Türkoloji Qurultayın 100 illiyi ilə üst-üstə düşməsi bizə türk tarix, dil, mədəniyyət və sivilizasiyalarının tədqiqi istiqamətlərinin müəyyənləşdirilməsi və dərinləşdirilməsi üçün mühüm əhəmiyyət daşımış hadisəyə tam fərqli - türkoslavistika, türk-slavyan tədqiqatları aspektindən yanaşmağa imkan yaratdı. Bu istiqamətdə bəzi müşahidələrimizi söyləməyə və Oljassevərlərlə bölüşməyə fürsət verdi.
Türkoslavistikadan, yəni türk-slavyan tədqiqatlarından, danışılarkən, burada bir məqama aydınlıq gətirməyi vacib sayırıq. Türkoslavistikanı müqayisəli dilçilik və ədəbiyyatşünaslıq sahələrinə nisbətən daha çox türk və slavyan xalqlarına məxsus olmuş müştərək, ümumi maddi və mədəni irsdən bəhs edən elmi-nəzəri və tətbiqi elm sahəsi, türkologiyanın əhəmiyyətli bir qanadı hesab edirik. Geniş oxucu auditoriyasına və türkoloqlara yaxşı məlumdur ki, türkoslavistika termini elmi diskursa Oljas Süleymenovun "Az i Ya. Xoşməramlı oxucunun kitabı" ilə gəlib. Bu terminin irəli sürülməsinin əsas səbəbi şərqi slavyanlara məxsus Orta əsrlər abidəsi - "İqor alayından bəhs edən söyləmə"də rast gəlinən aşkar və gizli, redaktor-kompilyatorlar tərəfindən təhrif edilmiş, məqsədli şəkildə saxtalaşdırılmış leksik, o cümlədən, onomastik vahidlərlə bərabər, ideya-mövzu və tipoloji cəhətdən türk qəhrəmanlıq eposları ilə paralellik təşkil edən süjet və kompozisiya elementləri, mətnin mifoloji və folklor resursları idi. Digər səbəb isə Qədim Rusun bu və digər ədəbi abidələrindəki türk mövzu və motivlərinin rus-sovet və əcnəbi tədqiqatçılar tərəfindən görməməzliyə vurulması idi.
Kitabın 50 illiyi ilə bağlı ona yazılmış Ön sözü O.Süleymenov aşağıdakı sözlərlə bitirir: "Növbəti onilliklər kitab və millət üçün qarşılıqlı asılılığın dərki dövrünə çevrilməlidir. Qoy mütaliə edən millətlərin dirçəlişi bundan başlaşın". Burada söhbət konkret olaraq "Az i Ya..."dan getmir. Söhbət dünya mədəniyyət və sivilizasiyalarını yaratmış, buna öz töhfəsini vermiş xalqların və millətlərin - bütün bəşəriyyətin İnsanın yaratdığı ümumi, müştərək irsdən, xalqlararası, dillərarası, mədəniyyətlərarası bağlılığı təmin edən qarşılıqlı mədəni mübadilə və asılılıqdan gedir. O.Süleymenovun "qarşılıqlı mədəni mübadilə və asılılıq" tezisi onun təşəbbüsü ilə Almatıda YUNESKO-nun himayəsi altında fəaliyyət göstərən Mədəniyyətlərin Yaxınlaşması üzrə Beynəlxalq Mərkəzin yaradılmasına gətirdi. Göstərilən mərkəzin fəaliyyətinin əsas qayəsi dil və mədəniyyətlərin yaxınlığı zəminində xalqların dostluğuna və sıx əlaqələrinə nail olmaqdır.
"Az i Ya..."nın yarıməsrlik yubileyi ərəfəsində qazax şair və mütəfəkkiri O. Süleymenov "Osiris qanunu"nu irəli sürməklə daha bir ideyanın müəllifi oldu. O, qazax türkcəsində "ös" (böyüt, bəslə), "ösir" (becər), "Ösiris" (böyütmə, becərmə, bəsləmə) sözlərinə istinadən, eramızdan əvvəl III minilliyə aid əkinçilik mədəniyyətinin linqvistik ifadəsini müasir oxucuya çatdırır. Qazax şairi və tədqiqatçısının qədim türk/qazax dilinə aid etdiyi bu sözlər oturaq həyat tərzini, əkinçilik mədəniyyətini simvolizə etməklə türk xalqlarının çox qədim oturaq mədəniyyətə sahib olduğunu təsdiqləyir. O. Süleymenovun nəzəriyyəsinə əsasən, qazax dilinin daşıyıcısı olan türk tayfaları Qədim Misirdə, Nil sahillərində əkinçilik mədəniyyətinin əsasını qoymaqla bəşər sivilizasiyasına böyük töhfə vermiş və bu fəaliyyət, faraonun adı da daxil olmaqla qədim qazax sözləri ilə ifadə edilmişdir. Müasir dövrə gəlib çatmış şəkillərə əsaslanan qazax şair və tədqiqatçısı "bitkilərin allahı" hesab edilən, dünyasını dəyişmiş faraon Osirisin bədəninin bitkilərin becərilməsi üçün qaba bənzədiyini və bitkilərin torpaq rolunu oynayan bədəni deşərək göyərdiyini söyləyir. O.Süleymenov sonrakı tarixi mərhələlərdə türk xalqlarının oturaq həyat tərzini unutduğunu fərz edir.

Qazax şairi və tədqiqatçısı 60-cı illərin başlanğıcına aid poeziya və publisistikasında tutduğu prinsipial yaradıcılıq mövqeyini və üzərinə götürdüyü missiyanı ("Nədən yazmasından asılı olmayaraq - istər Xeops piramidaları olsun, istərsə də fizikanın ən yeni kəşfləri, - hər bir yazıçı öz qabiliyyətinə uyğun, ilk növbədə, tarixçi olmalıdır") müəyyən sonluğa gətirdi. O, yaşadığı dövrün, quruluşun və ideologiyanın, yazılan tarixin həqiqət və reallıqlara söykənmədiyini cəsarətlə bildirirdi. O.Süleymenovun 1972-ci ilin yanvarında Qazaxıstan Yazıçılar İttifaqı İdarə heyətinin plenumundakı məruzəsi öz xalqının tarixi keçmişinin saxtalaşdırılmasına qarşı onun ciddi etirazı idi: "Tarix - xalqın mənəvi və fəlsəfi təcrübəsidir. Milli mədəniyyətin mənbəyində, onun formalaşma və inkişaf mərhələlərinin məzmununda, xalqın mövcud xarakterini yaratmış bütün xeyirxah insani xüsusiyyətlərin kökündə tarix durur."
O.Süleymenovun gətirdiyi dəlillər çox məntiqli səslənirdi: "XX yüzilliyə qədər minilliklərlə ölçülən mürəkkəb və faciəvi bir yol keçmiş, məğlubiyyətlərin qaranlığı və qələbələrin parıltısında öz canlı qəlbini və ruhunu saxlamış, ucsuz-bucaqsız torpaqlarını Çin, müsəlman və monqol imperatorlarından qorumuş... xalq öz tərcümeyi-halını bilməyə layiqdir. Və bu tərcümeyi-hal ona hörmətlə yanaşmağı tələb edir." O, tarixə münasibəti əsl sənətkarın dünyagörüşünü, əxlaqi və siyasi inkişafını müəyyən edən özünəməxsus psixoloji test hesab edirdi. Məqsəd o dövrkü qazax bədii ədəbiyyatında tarixi mövzuların, tarixi şəxsiyyətlərin obyektiv təsvirinə çağırış idi: "Əgər ruslardan öyrənməkdirsə, onda onların tarixə geniş baxışını özümüzə nümunə götürək. Ablay və Taukenin adlarını dilimizə gətirməkdən qorxmaq lazım deyil (Tauke və Ablay XVII-XVIII əsrlərdə Qazax xanlığının birliyinə və müstəqilliyinə nail olmuş xanlardır - T.C.)... Knyazlar Dmitri Donskoyu və Aleksandr Nevskini, çarlar İvan Qroznını və I Pyotru rus tarixindən çıxarmağa cəhd edin - bu, ciddimi tarix olacaq? Nə olubsa, biz onu bilməliyik, xalqdan heç nəyi gizlətməməliyik..."
Sovet İttifaqında yaşayan türklərin Rusiya İmperiyasının tərkibinə qatılanadək heç bir dövlətçilik ənənəsinə malik olmadıqlarını, onları yalnız tayfa birlikləri şəklində quldarlıq, ən yaxşı halda feodal iqtisadi-ictimai münasibətləri səviyyəsində qalmış etnos və xalqlar kimi təqdim edən sovet ideologiyasına və tarixşünaslığına qarşı çıxmış O. Süleymenov 1975-ci ildə işıq üzü görmüş və qadağa edilmiş "Az i Ya..." kitabındakı fikirlərindən əl çəkmədi. 1978-ci ildə Parisdə YUNESKO-nun buraxdığı "Kultura" nəşrində "Köçərilər və mədəniyyət. Qazax eksperimenti" məqaləsində o, "Az i Ya..." kitabını yazmağının səbəbini açıqlayır və bunu "yeni dürüst tədqiqatçılara yol hazırlamaq"da görürdü. O, xronikalarda yalnız dramatik hadisələrin əks olunduğunu qeyd edir. Sülh şəraitində yanaşı yaşayan, sıx ticari və mədəni fəaliyyətə malik olan slavyanların və türklərin birgəyaşayış tarixinin əsrləri əhatə etdiyini, göstərilən faktların salnaməçi rahiblərin güdazına getdiyini təsdiqləyir. O.Süleymenov dünyanın həqiqi salnaməsini (tarixini) bərpa etmək üçün lüğətlərə müraciət etdiyini, bu xalqlar arasında əsrlər boyu mövcud olmuş əməkdaşlığın təsdiqini onlarda axtardığını yazır. Şair və tədqiqatçı dili mirzələrin özbaşınalığından qaça bilmiş tarixi informasiyanın ən zəngin, ən qərəzsiz xəzinəsi kimi qiymətləndirir, slavyanlarla türklərin həmişə düşmən münasibətlərdə olduğunu vurğulayanlara bütün slavyan dillərinə keçmiş "tovariş" və "druq" sözlərinə işarə edir...
O. Süleymenovun 1989-cu ildə çap olunmuş, publisistikanı, poeziyanı və linqvistikanı üçlüyün vəhdəti kimi təqdim edən "Esse, publisistika. Şeirlər, poemalar. Az i Ya" kitabını (rus dilində) vərəqlədikcə, onun "Canavar balaları" (1961), "Oh at! / O, qaz kimi qaqqıldayır" (1961), "Çeçen qazanı" (1967), "Aynalayn" (1967) və digər şeirlərində də doğru-dürüst tarixə canatım duyğusu diqqətdən yayınmır. Burada 2025-ci ildə Moskvada nəşr olunmuş Baxıt Kairbəyovun "Mən hər bir sözün ürəyini axtarıram. Oljas Süleymenovun poetikası" kitabına da müraciət etmək istəyirəm: o, əsasən, hələ 70-ci illərdə yazılmış dissertasiya işinin mətni əsasında çap edilib (müəllifin etirafına görə, "Az i Ya..."ya siyasi və akademik dairələrdə hücumlar onu üzə çıxarmağa şərait yaratmayıb). Almatıda təqdimatına dəvət aldığım bu tədqiqatı Oljasın poetik mətnlərinin ən yaxşı təhlillərindən biri kimi qiymətləndirmək olar. Xalqın köçəri mədəniyyəti və həyat tərzi, səhra, at, köçəri, yol obrazları, onları əhatə edən səs fonu, şairin poetik etimologiyası, poeziyada obrazlar sistemi və s. cəhətlər "Az i Ya..."nın "Şumernamə" fəslindən başlayan linqvistik araşdırmaların, "Türklər tarixdən əvvəl" və "Yazının dili" kitablarının məntiqi axarı təəssüratını yaradır. "Osirisin qanunu" bu axtarışlara yekin vurur. Yəqin ki, bütün türk mədəniyyətlərinin, eləcə də dünya sivilizasiyalarının bu linqvistik tapıntılarda payı var. O.Süleymenovun linqvistik tədqiqat metodu başqa nəticəyə gəlməyə imkan vermir.
"Türkoslavistika" termininin ümumtürk mədəniyyətini təmsil edən şair və tədqiqatçı Oljas Süleymenova məxsusluğunun səbəbi ondadır ki, dünya mədəniyyət və sivilizasiyalar tarixinə öz töhfəsini vermiş türk dünyasının dövlətçilik və mədəniyyət irsi siyasi-ideoloji məqsədlərlə XIX yüzillikdən başlayaraq Rusiya və Qərb alimləri tərəfindən yazılmış tarix, mədəniyyət və sivilizasiyalar tarixində layiqli yerini almayıb. Əvvəlki tədqiqatlarımızda biz lokal sivilizasiyalar konsepsiyasının və tarixi-mədəni tiplər nəzəriyyəsinin müəllifi, rus təbiətşünas alimi Nikolay Danilevskinin "Rusiya və Avropa" (1869) kitabına dəfələrlə müraciət etmiş, onun dünyanın əsas mədəniyyət və sivilizasiyalar tipinə aid etmədiyi türk mədəniyyətlərinin sonradan Osvald Şpenqler və Arnold Toynbi tərəfindən də "köçəri" və "vəhşi", türklərin isə "mədəniyyətlərin dağıdıcısı" kimi səciyyələndirilməsinə münasibətimizi bildirmiş, türk sivilizasiyalarının tarixi-mədəni tiplər cərgəsində göstərilməməsinin, ən yaxşı halda "etnoqrafik material" kimi dəyərləndirilməsinin səbəblərini izah etməyə çalışmışıq. XIX-XX əsrlərdə Osmanlı və Rusiya imperiyaları arasında pravoslav xristianların türklərin əsarətindən qurtulması şüarı altında aparılan müharibələrin təkcə türklərin Şərqi Avropa və Balkanlardan fiziki cəhətdən sıxışdırılması kimi yox, həm də 5-6 əsrlik təmas nəticəsində Avropanın slavyan və digər xalqlarının həyat və məişətinə, dil və mədəniyyətinə sirayət etmiş təsirlərin, müşahidə olunan izlərin tarixdən silinməsi cəhdi olduğunu vurğulamışıq.
Göstərilən kontekstdə türkoslavistika və türk-slavyan əlaqələri anlayışlarının da tam fərqli məna kəsb etdiyi qənaətindəyik. Rusiyada, eləcə də türk dövlətlərində slavyan və türk xalqlarının çoxəsrlik münasibətləri və birgəyaşayışı məhz əlaqələr anlamında nəzərdən keçirilir. Postsovet dövründə Rusiya, digər slavyan və türk dövlətlərində bu yönümdə aparılan əksər tədqiqatlarda problemə yanaşmada metodoloji cəhətdən qeyri-müəyyənliyə yol verildiyi fikrindəyik.
Xalqlar arasında ədəbi-mədəni əlaqələr onların qarşılıqlı münasibətlərinin danılmaz və inkarolunmaz faktıdır. Lakin bu faktların ideoloji, dini və siyasi məqsədlərlə saxtalaşdırılması, inkar olunması və tarixdən silinməsi halları da mövcuddur. Slavyan və türk xalqları arasında tarixi əlaqələr qeyd olunan hallarla səciyyələndiyindən və daim etiraz doğurduğundan onların xüsusi elmi-nəzəri və ədəbi-publisistik istiqamət kimi təqdim olunmasına ehtiyac yaranmışdır. Avrasiyaçıların təqdim etdiyi "Rus tarixinin Avrasiya konsepsiyası" (P.Savitski) və "Rus mədəniyyətində Turan elementləri" (N.Trubeskoy), Oljas Süleymenovun "Az i Ya" kitabının "İqorun alayından bəhs edən söyləmə"nin tarixinə dair" fəsli, L.N.Qumilyovun "Qədim Rus və Böyük Çöl" fundamental əsəri və sair araşdırmaları ədəbi-mədəni əlaqələrdən daha dərin və fərqli bir istiqamətə - türk və slavyan xalqlarının birgəyaşayışını, müştərək mənəvi-mədəni dəyərlərini əks etdirən, lakin yüzilliklər boyu mətnlərin təhrif olunması və yanlış traktovkası, əlaqələrin inkarı nəticəsində itirilən faktların rekonstruksiyasına xidmət edir. Bu filoloji istiqamətin məhz türkoslavistika elmi-nəzəri platforması kimi formalaşdığını, O.Süleymenovun müəyyən etdiyi istiqamətin xüsusi məzmun və missiya daşıdığını zənn edirik.
Sual yarana bilər ki, slavyanşünaslıq və türkşünaslıq, türk-slavyan əlaqələri elmi istiqamətləri ola-ola türkoslavistikaya (türk-slavyan tədqiqatlarına) ehtiyac qalırmı? Burada Qədim Rusun ən məhsuldar və tanınmış tədqiqatçılarından biri - akademik D.S.Lixaçova müraciət etmək yerinə düşərdi. O, Lev Qumilyovun "Qədim Rus və Böyük Çöl" kitabına yazdığı Ön sözdə müəllif tərəfindən Qədim Rus ədəbiyyatı abidələrinin rekonstruksiyasının vacibliyini və əsl tarixi mənzərənin "tam dürüstlüyü"nü bunsuz bərpa etməyin mümkünsüzlüyünü vurğulayır. Dolayısı yolla da olsa, o, vaxtıykən öz tədqiqat və yanaşmalarında yol verdiyi yanlışlığı etiraf edir. "Qədim Rus ədəbiyyatının poetikası" kitabında Lixaçov yəqinliklə təsdiq etməyə çalışırdı ki, Orta əsrlər ədəbiyyatının mövzu və məzmununda Şərqin təsirini axtarmaq, Qədim Rus mədəniyyətinin Avropa və Asiya arasında ötürücü mövqeyini söyləmək məntiqə sığmır. O, XI-XIV əsr rus ədəbiyyatında Bizans və bolqar təsirini, XV-XVII əsr rus ədəbi abidələrində daha çox çex, polyak, serb izlərini, XVIII yüzilliyə aid əsərlərdə isə Fransa və Almaniya ədəbiyyatlarının rolunu vurğulamaqla türk xalqları ilə elə bir əhəmiyyətli əlaqələrin olmadığını, hətta XX əsrin 20-30-cu illərində rus abidələrində Turan mədəniyyəti izlərini axtaran avrasiyaçıların yanlışlığa yol verdiklərini təsdiqləyirdi.
O.Süleymenovun "Az i Ya" kitabına, burada "İqor alayından bəhs edən söyləmə"yə D.S.Lixaçovun tənqidi münasibəti oxucuya yaxşı məlumdur. Adıçəkilən əsərdə O.Süleymenovun türk eposu izlərini axtarmasına rus ədəbiyyatşünasının emosional etirazı da unudulmayıb. Kitabın 50 illik yubileyinə yazdığı Ön sözdə müəllif rus akademikinin 1989-cu ildə, may ayının sonunda SSRİ Xalq Deputatları qurultayındakı çıxışını, bu çıxışda gözlənilmədən onun rus mədəniyyətinin ən qədim dövrlərdən türk çöl mədəniyyətləri ilə qarşılıqlı təsirini, "İqor alayından bəhs edən söyləmə"nin isə deyilənə bariz nümunə olduğunu vurğulaması maraq doğurur.
D.S.Lixaçov tərəfindən 70-ci illərdə O.Süleymenovun "Az i Ya" kitabına verdiyi rəylərlə 90-cı illər ərəfəsində söylədiyi fikirlər arasındakı ziddiyyətlərin ideoloji qadağalardan irəli gəldiyini anlamaq çətin deyil. "Az i Ya"nın 50 illiyi münasibətilə nəşr edilmiş variantın Ön sözündə tədqiqatçının gəldiyi nəticə: üç zaman kəsiyinə (XII, XVI, XVIII əsrlər) aid ədəbi abidə - "İqor alayından bəhs edən söyləmə"nin öz tədqiqatçısını gözləməsi fikri türkoslavistika adlandırılan xüsusi elmi istiqamətin aktuallığını itirmədiyinə işarədir. O.Süleymenov bu istiqamətin əlaqəli filoloji və humanitar elmi sahələrin birgə səyi ilə formalaşmasının mümkünlüyünü hələ kitabın ilk nəşrində - 1975-ci ildə söyləmişdi. Heç kəsə gizli deyil ki, Qədim Rusda türk motiv və mövzularını əxz etdirən onlarla ədəbi abidə, xüsusən də, bilinqval mətnlər üzləri köçürülərkən və yeni siyahılara daxil edilərkən təhrif edilmiş və saxtalaşdırılmışdır. Mətnlərin O.Süleymenov və L.N.Qumilyov üslubunda düzgün şərhi və rekonstruksiyası, türkoloji və avrasiyaçılıq araşdırmaları istiqamətində yenidən traktovkası geniş tarixi-mədəni areallarda məskunlaşmış türk və slavyan xalqları arasında əlaqə və əməkdaşlığın, qarşılıqlı inamın artmasına xidmətdir. Buna, ilk növbədə, türkoslavistika elmi-tədqiqat platformasının genişlənməsi vəsilə ola bilər. Fikrimizcə, bu, həm də perspektivdə Türk Dövlətləri Təşkilatının genişlənməsinə, ideoloji bazasının möhkəmlənməsinə xidmət edə bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
