Cəvahirləl Nehru deyirdi ki, müharibə mənəvi mədəniyyətin tükəndiyi yerdə başlayır. Amma ədəbiyyat mənəvi mədəniyyətin sona qədər tənəzzül etməsinə imkan vermir...
Millətimiz 2020-ci ilin noyabrında zəfər və bayraq sevincini tarixdə heç zaman yaşamadığı bir coşquyla yaşadı. Çünki Dəmir Yumruq 30 ilin deyil, 250 ilin işğal tilsimini sındırmışdı, 250 ildir ki, əzab çəkən heysiyyətimizin, qanayan qürurumuzun qisası alınmışdı; dünyadakı erməni mifinin özülü məhv edilmişdi. İlham Əliyev dünyanın gözü qarşısında Daşnaksütyun, Nemesis, Andranik, Şaan Natali mifini əzdi, tarixin axarını Azərbaycanın xeyrinə dəyişdi. Rusiyanı Cənubi Qafqazda hakim qılan ideya - II Yekaterinanın əbədilik Rusiyaya bağlı qalacaq erməni knyazlığı layihəsi süqut etdi.
Ədəbiyyatımız zəfər sevincini buna layiq mətnlərlə cavablandıra bildimi? Bugünkü məruzələrdə bu suala qismən cabab verildi.
Azərbaycan ədəbiyyatının bütün dövrlərdə danışan dili publisistika olub. Milli ədəbiyyatımız publisistika ilə milli şüuru formalaşdırıb, publisistika ilə dövlət şüurunu yetişdirib. Publisistika ilə Vətənin sərhədlərini bəlirləyib. Və məncə, Əli bəy Hüseynzadənin, Mirzə Cəlilin publisistikası olmasaydı, yəni milli publisistikamız istisna təşkil etsəydi, biz bu gün milli ünvanımızı da dəqiq müəyyənləşdirə bilməzdik. Bəzən yazıçılardan "müharibədəki zəfərimizə ədəbiyyat hansı romanla, hansı bədii mətnlə qarşılıq verdi?" deyə tələblərdə bulunurlar. Az qala, tendensiya şəklini almış bu yanaşma tamamilə absurddur və anlaşılmazdır. Bu tələbləri irəli sürənlər gərəkdir ki, tarixin və ədəbiyyatın dialektikasını da nəzərə alsınlar. Heminquey "Əlvida, silah"ı iştirak etdiyi müharibədən 10 il sonra yazmışdı. Doğrudur, Fransa-Almaniya müharibəsi günlərində Moem "Qisas" hekayəsini yarada bildi. Bizdə isə "Qisas" yazmağın zamanı deyildi. Çünki bizim müharibə psixoloji, tarixi, milli yönləriylə fərqli müharibəydi. O, bir heysiyyət məsələsiydi. Bizim ədəbiyyatımız da əsgərimiz kimi qisası döyüş meydanında - ən nəhayət, Şuşada, özü də erməni qızından deyil, erməni hərbçisindən almalıydı.
Müharibə şəraitində, adətən işlək olan janr publisistika olur.
II Qarabağ savaşı günlərində də publisistika ədəbiyyatın aparıcı janrına çevrildi.
44 günlük savaş və onun fərəhli nəticəsi Qarabağı və özəlliklə Şuşanı ədəbiyyatımızın, eləcə də publisistikamızın dominantına çevirdi. Azərbaycan düşüncə tarixində Şuşa və Qarabağ heç zaman 2020-ci ilin noyabrından sonra olduğu kimi belə vüsətlə təmsil olunmamış, bu miqyasda ədəbiyyatın predmetinə çevrilməmişdi.
2020-ci ilin noyabrından etibarən milli publisistikamızda Qarabağnamələr dövrünü Zəfərnamələr dövrü əvəz etdi. Azərbaycan Yazıçılar Birliyində Anarın ideya müəllifliyi və Rəşad Məcidin Ön sözü ilə nəşr olunmuş "Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" kitabı Zəfərnamələr mərhələmizin ilk əsəri oldu. Növbəti Zəfərnamə Elçin Hüseynbəylinin Ön sözü ilə nəşr olunmuş "Bütün yollar Şuşaya aparır" kitabı idi. Hər iki kitab, təbii ki, millət olaraq tərcümeyi-halımızın çox dəyərli səhifələrini ehtiva edir.
Hamınız xatırlayırsınız ki, 44 günlük savaş dövründə "Ədəbiyyat qəzeti"nin oktyabrın 3-dən noyabrın 14-ə qədər 6 sayı "Qarabağ Azərbaycandır və nida" başlığı ilə dərc olunurdu. Ədəbiyyatımızın həmin günlərdəki siması barədə aydın təsəvvür əldə etmək üçün qəzetin 44 gün ərzində dərc olunmuş həmin saylarına baxmaq bəs edər. Savaş dönəmində Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələri - şeirlər, poemalar, hekayələr, o cümlədən, ədəbi tənqidi yazılar, publisistik məqalələr məhz "Ədəbiyyat qəzeti"nin həmin nüsxələrindədir. İlk publisistik və proqram səciyyəli "Ali Baş Komandanın əmri" adlı yazını akademik Nizami Cəfərov yazdı. Elnarə Akimovanın "Yalnız Qarabağ uğrunda", mənim "Burası Turan qapısı", Tehran Əlişanoğlunun "Tarixin fürsəti", Səlim Babullaoğlunun "Dünya ədəbiyyatçılarına müraciət"i, Elxan Zal Qaraxanlının "Ülkümüzün Qarabağ səhifəsi", Rüstəm Kamalın "Müqəddəs savaşımız və sözümüz", Cavi Danın "Müharibə düşüncələri", Şəhriyar del Geraninin "Torpaq insanı udanda qəbir olur, İnsan torpağı udanda şəhid" yazıları savaşın ilk həftəsində dərc etdiyimiz publisistik məqalələr oldu. Dediyim kimi, noyabrın 14-ə kimi proses bu şəkildə davam etdi. Qəzetin hər yeni sayı müharibə təəssüratlı yazılarla təqdim olunurdu. Yenə də mənim "Salam türkün bayrağına və yaxud dağılan erməni mifi", "Erməni məkrinə qarşı yüz il diri qalan düşüncə - Əli bəy Hüseynzadə örnəyi", "Tanrının evi - Türk Qarabağ"", Elnarə Akimovanın "Ermənilərin öldürdüyü uşaqlar", "Şuşada azan səsi", Sadıq Elcanlının "Müqəddəs qələbəyə and içirəm" yazısı... "Müharibə ədəbiyyatı nə zaman yaranacaq?" sualına Kamal Abdulla "Müharibə və onun ədəbi-bədii əks-sədası" məqaləsi ilə cavab verdi. Hədiyyə Şəfaqət "Sonra - sükut. (Buna müharibə barədə qadın dilində danışmaq da deyə bilərsiniz)", Günel Eyvazlı "Erməni xisləti - dəyişməz xarakterin bütün dövrlərdə təkrarı" məqalələrini yazdılar. Ermənilərin Gəncəyə raket atmasına "Gəncəlilər ana bətnindən silahla doğulur" adlı publisistik yazını Gəncədəki gənc müəlliflərimizdən Kamran Yusifzadə qələmə aldı. Nargis ermənilərin Gəncəyə raket hücumu nəticəsində həlak olmuş 1 yaşlı körpə Mədinəyə "Mədinə" adlı yazı həsr etdi. Çingiz Abdullayevin "Rosiyya-1" televiziya kanalında Solovyova verdiyi cavabı da "Niyə siz Azərbaycanın ağrısını eşitmək istəmirsiniz?" sərlövhəsiylə təqdim etdik. Asif Quliyevin "9918 günlük həsrətdən sonra Füzulidə açılan sabah" məqaləsi Füzulinin işğaldan azad edilməsinə həsr olunmuşdu. Nəriman Qasımoğlunun "Şuşaya az qalıb..." məqaləsi Zəfərimizin ayaq səslərindən soraq verirdi. Nizaməddin Şəmsizadə "Erməni faşizmi" məqaləsi ilə II Qarabağ savaşının ideoloji aspektlərini təhlil edirdi. Firudin Qurbansoy "Vətən" sözünün etimoloji köklərini və irfani sirrini "Vətəni sevmək" məqaləsində şərh edirdi.
Və təkcə bu deyil. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan PEN klubunun bəyanatları da "Ədəbiyyat qəzeti"nin həmin saylarında dərc olunub. Xalq yazıçısı Anarın 1 aylıq Prezident təqaüdünü Silahlı Qüvvələrə bağışlaması barədə məlumat da müharibə dövrümüzü əks etdirən həmin səhifələrdir.
"Ədəbiyyat qəzeti"nin oktyabrın 3-dən noyabrın 14-ə qədər olan 6 sayını müharibə dövrü ədəbiyyatımızın miqyasını ən dəqiq ifadə edən kolleksiya nüsxələri də adlandıra bilərik. Əlif Şəfəqin ermənipərəst mövqeyi də məhz həmin günlərdə Azərbaycan yazıçıları tərəfindən açıq məktub şəklində "Ədəbiyyat qəzeti"ndə tənqid olundu. Akademik İsa Həbibbəyli də, yazıçı Eyvaz Zeynalov da Əlif Şəfəqə qəzet vasitəsilə etiraz dolu fikirlər ünvanladılar.
Qəzetin "Qarabağ Azərbaycandır!" başlığı ilə dərc olunan ilk sayı Ali Baş Komandanın "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" sözləri ilə açıldığı kimi, oktyabrın 14-də dərc olunan zəfər sayının da ilk səhifəsində yenə onun "Əziz Şuşa, biz qayıtmışıq" sözləri verilmişdi... Zəfər sayımızın isə ilk yazısını Anar yazdı: "Gözün aydın, Şuşam. Gözümüz aydın!"
Yuxarıda qeyd etdiyim kimi, savaş başlayanda "Ali Baş Komandanın əmri" adlı ilk məqaləni akademik Nizami Cəfərov yazdığı kimi, savaş zəfərlə başa çatanda "Sözümüzün Ali Baş Komandanı" adlı son yazını da o qələmə aldı. Böyük Zəfərimiz münasibətilə Tatarıstanın xalq yazıçısı Rınat Muhəmmədiyevin xalq yazıçısı Anara təbrik məktubu da qəzetin Zəfər sayında dərc olundu. Tatar yazıçısının məktubunu ona görə xatırladıram ki, bu məktub tarix baxımından çox mühümdür.
Qəzetdəki, eləcə də digər ədəbi orqanlarımızdakı diskurslar da 44 günlük savaş dövründə hərb və sülh konseptinə yönəlmişdi. Elnarə Akimovanın "Nəsrdə Qarabağ diskursu", "Canıyeva Göyərçin" - bir şeir və müharibənin soyuq mənzərəsi", Cavanşir Yusiflinin "Qarabağ hekayələri", "Həsrəti qorumaq, yaxud bir köynək bayatı qədər", "Şuşa, Laçın, Kəlbəcər... yaxud Abbas Tufarqanlının dağları", Məti Osmanoğlunun "Halil Kahraman, gəl", Rahid Uluselin "Vətən müharibəsi və ədəbiyyatımız", Mətanət Vahidin "Qarabağ torpağının zənguləsi Şuşadır" məqaləsi, Orxan Arasın "Müharibə ədəbiyyatı", Sevinc Nuruqızının "O yerdə ki, barıt müşk qoxuyur", Adil Cəmilin "Dünyanın Kəlbəcər möcüzəsi", Tahirə Məmmədin "Şuşa ədəbi məclisləri: funksiya və missiyası", yaxud yenə də həmin müəllifin ədəbiyyatşünaslıqla publisistikanın qovuşuğunda qələmə aldığı "Qarabağ savaşı: sözümüz və özümüz" adlı çox dərin içərikli yazısı və s. Rüstəm Kamalın sırf estetik planda qələmə aldığı "Pənah xanın ruhu", "Knyaz Sisianovun qətli süjet elementi kimi", "Cəllad dığa" "Şuşa pəncərələrinin işığı" məqalələri, Azər Abdullanın "Savaş dönəmində "Bizim tərəflər" hekayəsinə yazılmış essevari mətn", İlqar Fəhminin "Göyərçin ədəbiyyatı və ya sülh diktaturası", Sərvaz Hüseynoğlunun "Bala anasına qovuşan kimi...", "Babalarının kitabını oxumayan ermənilər, yaxud yenidən xortlayan ermənilik", Vaqif Yusiflinin "Poeziya susmur... Vətən əsgərdən başlayır", Səadət Şıxıyevanın Qarabağ şairlərinin şeirləri əsasında hazırladığı "Nisgilli könüllərin tərcümanı Şuşa" məqalələri, dediyim kimi, müharibə və ədəbiyyat kontekstinə istinad edilərək yazılmış dəyərli örnəklər idi.
2020-ci ilin noyabrında akademik Rafael Hüseynovun Zəfər gününün təsvirini tarixə kinolentlərin yaddaşından daha canlı, daha məhrəm duyğularla ötürən və Ali Baş Komandana həsr etdiyi "Qələbənin memarı" məqaləsi "525-ci qəzet"də dərc olundu. Yazının mistik qatları Rafael Hüseynovun digər yazılarında olduğu kimi, xüsusən, çox dərin idi və bu yazı Əli Yusifin "Azərbaycan" qəzetinin 1919-cu ilin 30 may sayında dərc olunmuş "Pəncərə önündə yarım saat" məqaləsini xatırladırdı.
Şuşa işğal altında olanda da fikir və yazı həyatımızda Şuşa üslubunu ehya edən professor Vilayət Quliyevin Zəfərdən sonra "525-ci qəzet"də dərc olunmuş "Biz gəldik, Şuşa!" məqaləsində xatırlatdığı Süleyman peyğəmbərlə bağlı irfani pritça işğaldan azad olunmuş Şuşanın özü kimi mistik bir ab-hava yaradır.
"Ədəbiyyat qəzeti"nin 7 noyabr sayında "Erməni vandalizmi israilli yazıçının gözü ilə" adlı son dərəcə maraqlı bir məqalə var. Xatırlayıram, həmin yazını o vaxt çap olunmaq üçün mənə Fikrət Qoca vermişdi. Yəhudi jurnalist Roman Qureviçin Ermənistan-Azərbaycan münaqişəsinə həsr etdiyi bu yazı "Qarabağ savaşında İsrail nə üçün Azərbaycanı dəstəkləyir?" sualını cavablandırırdı. Müəllif Aşkenazi yəhudilərinin Azərbaycan ordusunun Dağlıq Qarabağ müharibəsindəki qələbəsi naminə dua etmək üçün bir araya gələndə Azərbaycandakı dağ yəhudiləri və gürcü yəhudilərinin də bu duada iştirak etməli olduqlarını israr edirdi.
"Ədəbiyyat qəzeti"ndə savaş və zəfər amili yalnız 2020-ci ilin sentyabrından noyabrına qədər, yəni 44 gün ərzində deyil, eyni vüsətlə dekabra qədər davam etdi. Ayrıca Zəfər paradı ilə bağlı da qəzetin xüsusi sayı dərc olundu. Xalq yazıçısı Anarın siyasi publisistikanın ən mükəmməl örnəklərindən hesab edə biləcəyimiz "Senatorlar və "Paraşütçülər"", xalq yazıçısı Elçinin iki xalqın xislətini psixoloji baxımdan təhlil edən "Xalqın qələbəsi və xalqın faciəsi", Tehran Əlişanoğlunun "Qalibiyyət və Ədəbiyyatın dərsləri (Zəfər günü tezisləri), İradə Tuncayın zəfər dövrünün ən yaxşı publisistik nümunələrindən hesab edə biləcəyimiz "Sabahkı gün" yazısı, yenə də mənim "Zəfər paradı, yaxud Nihal Atsız" məqaləm bu mərhələdə çap olundu.
Məruzəm II Qarabağ müharibəsində yaranmış publisistika nümunələri barədə olduğundan mən də yalnız publisistik yazıların üzərində dayandım. Qəzetin müharibə günlərində çıxan saylarında İlqar Fəhminin "Balaca kişilər", Məmməd İsmayılın "Boyuna qurban olum, Azərbaycan əsgəri" şeirləri də dərc olunmuşdu. Yaxud sonrakı günlərdə Qarabağ savaşı barədə yazılmış şeirlər, hekayələr də vardı.
Arif Buzovnalının "Zəngəzurdan məktub", Qulu Ağsəsin "Ağdam", "Xoş gördük, Şuşam", İbrahim İlyaslının "Qarşınızda bir ömür sayqı duruşundayız", Sabir Rüstəmxanlının "Qarabağa dönüş" kimi ilk ən yaxşı şeirləri də, müharibənin ilk günlərində Kamal Abdullanın yazdığı "Səngərdəki səs", Çingiz Abdullayevin "Körpə və kürən pişik balası" kimi ilk ən yaxşı hekayələr də, Azad Qaradərəlinin İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın xatirəsinə həsr etdiyi "Sevgilim vətən" radio-povesti də və təkcə bu da deyil, tutaq ki, savaşın ilk günlərində yazılmış hekayə barədə tənqidçi Elnarə Akimovanın elə həmin günlərdə qələmə aldığı "Ən yeni tarixin "ərəfə" mətni - "Səngərdəki səs"" məqaləsi də dərc olunub.
"Ədəbiyyat qəzeti" Zəfərdən sonrakı ilk Vaqif Poeziya günlərini də özəl sayı ilə qarşıladı. Qəzetin həmin sayında dərc olunmuş "Mən Şuşada yazıram" məqaləsini xüsusən fərqləndirmək istərdim. Yunus Oğuz həmin yazını Şuşada yazdı və məncə, bu məqalə Şuşanın fəthindən sonra Şuşa gecələrində yazılmış ilk yazı idi.
Ümumiyyətlə, "Ədəbiyyat qəzeti"nin bu dövrdəki fəaliyyəti filoloji baxımdan tədqiq olunsa, müharibə və zəfər dövrü ədəbiyyatımız barədə konseptual bir araşdırma meydana çıxar.
Azərbaycanda Ali Baş Komandan İlham Əliyev barədə çox yazılar qələmə alınıb. Amma məncə, ən dəqiq təyinatlı yazını "Ədəbiyyat qəzeti"ndə Niyazi Mehdi yazdı. Niyazi Mehdi İlham Əliyevi Azərbaycan möcüzəsi adlandırdı: "Prezident İlham Əliyev 27 sentyabr 2020-ci ildə min ağızdan gələn avazın arasında birdən-birə hamını mat qoyan unison yaradıb, hamını heyran etdi. Bizə Azərbaycanı kəşf etdi. Biz gənclərimizdən amalsız, məsuliyyətsiz yaşayan məxluqlar kimi narazı idik. Elə etdi ki, şəhidliyə hazır gəncliyimizə, millətimizə gözlərimiz açıldı. Bildik ki, hamısı erməni işğalı üzündən dərin əzabda imiş, üzdə bayram şənlikləri edəndə belə. Bizə Prezident İlham Əliyev möcüzəsi lazım imiş ki, işğalçı düşmənimizə qarşı dağılan evlərin, şəhid itkilərınin ağrısına baxmayaraq sərt qaya kimi dura bilək. Ordumuz və Prezidentimiz bizi belə bir möcüzəyə saldı".
Çıxışımın bu yerində izninizlə bu gün bütün savaş və zəfər əhvalımızı həm ədəbi, həm ictimai baxımdan tam dolğun əks etdirən bir publisistik mətn barədə də danışmaq istəyirəm. Elə bir əsər ki, İkinci Qarabağ savaşı günlərində o əsərin timsalında ədəbiyyatımızda yeni bir yaradıcılıq hadisəsi baş verib. Mətni əsgərin özü yazıb. Söhbət Emin Pirinin "Müharibə gündəliyi" əsərindən gedir. "Müharibə gündəliyi"nin müəllifi həm müstəqillik dövrü poeziyamızın modernist şairlərindən, həm də Qarabağ uğrunda savaşan milli ordunun zabitlərindəndir. Və "Müharibə gündəliyi" də savaş günlərində, belə demək olarsa, ön atəş xəttində yaranmış yeganə əsərdir. "İkinci Qarabağ savaşı barədə ciddi əsər yaranmadı" deyə, Azərbaycan yazıçılarına irad tutan, məsələyə nihilist yanaşan dostlarımızın diqqətini həm də "Müharibə gündəliyi"nə yönəltmək istəyirəm. Əsərin məziyyətləri çoxdur. "Müharibə gündəliyi"ndəki "Xınalı quzular" II Qarabağ savaşı barədə Azərbaycan bədii publisistikasının cəbhənin içərisindən yazılmış üvertürası kimi səslənir. Silsilənin ilk yazısı da "Xınalı quzular" adlanırdı. Əslində Vətənin xilasına və qurtuluş savaşına axın edən balaca kişilər elə həmin xınalı quzular idi. Xınalı oğul Vətən üçün bəslənmiş qurbanlıq oğuldur. Xınalı oğullar Çanaqqala savaşının müstəsna obrazlarından biri - Çanaqqaladan 105 il sonra İkinci Qarabağ savaşında Azərbaycan ədəbiyyatının obrazlar sisteminə Emin Pirinin gündəliyi vasitəsi ilə daxil oldu və Çanaqqalada başlayan mənəvi silsilə "Müharibə gündəliyi"ndə tamama yetdi. "Müharibə gündəliyi"nə daxil edilən "Xınalı quzular", "Müqəddəs məktublar", "Şəhidliyin pasportu: şahid gilizlər", "Kəlmeyi-şəhadəti bilirsiniz?", "Azad edilmiş löhmə", "O gün gəlsəydi", "Xilasetmə əməliyyatı", "Bütün analar məğlubdu", "Müharibə zarafatları", "Laçın vaxtlarımız", "Uşaqlardan uşaqlara Xocalı", "Bir zamanlar Ağdamda", "Seçəcəyimiz ədəbi obrazlar", "Füzuli günləri", "Müharibə bitdiyi gecə" və s. II Qarabağ savaşı dövrümüzün kifayət qədər fərəhli, ən səmimi və ədəbiyyatlaşan səhifələridir. Bunu da ayrıca vurğulamaq istəyirəm ki, böyük əksəriyyəti "Ədəbiyyat qəzeti"ndə dərc olunsa da, hələ də kitab şəklində çap edilməmiş "Müharibə gündəliyi"nin nəşri bu gün çox zəruridir. Çünki dediyim kimi, bu unikal publisistik əsər ön atəş xəttində yaranmış yeganə əsərimizdir.
Müharibə günlərində Rafiq Haşımovun təşəbbüsü ilə Azərbaycan radiosu "Əsgərə məktub" verilişini xüsusi rubrika kimi təqdim etdi. İlk dəfəydi ki, Azərbaycan radiosunun araçılığı ilə epistolyar janr dövriyyəyə qatılır, Azərbaycan yazıçılarının Azərbaycan əsgərlərinə məktubları səsləndirilirdi. II Qarabağ savaşına ədəbiyyatımızın qatqısını daha aydın təsəvvür etmək üçün o məktubların da kitab halında nəşr olunmasına böyük ehtiyac vardır.
Mirmehdi Ağaoğlunun "Zəfərin izi ilə" kitabı isə müəllifin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı yazdığı reportajlardan ibarətdir. Yəni 30 ildən sonra Şuşadan ilk reportajlar...
"Azərbaycan" jurnalının 2021-2025-ci illərdə çıxan 11-ci sayları da, "Ulduz" jurnalının 2020-ci il dekabr və 2021-ci il yanvar və fevral sayları da, "Qobustan" toplusunun 2022-ci il saylarından biri də Zəfərimizə, Qarabağa və Şuşaya həsr olunmuşdu.
2022-ci ildə "Qobustan" dərgisinin Şuşaya həsr olunmuş özəl sayında Pərvin Nurəliyeva "Şuşanı dinləyirəm" yazısı ilə akademik Zemfira Səfərovanın "Şuşa Azərbaycanın musiqi qalasıdır" kitabını təhlil edirdi. İntiqam Qasımzadə "Salam, Şuşa", "Şuşanın dolayları", Südabə Ağabalayeva "Xüsusi təyinatlı söz", "Bütövlük fəlsəfəsi" yazılarında Qarabağ zəfərinə gedən yolun bədii-publisistik şərhini verirdi.
44 günlük savaşın ilk günlərindən etibarən Azərbaycan ədəbiyyatı, onun publisistik qanadı tarixdə ilk dəfə "Əzməyən əzilir" düsturu ilə hərəkət etdi. Dəmir Yumruq bizdə bəzi yazıçılarımızın, şairlərimizin qələmi ilə, az qala, pasifizmə doğru yuvarlanmaqda olan yaradıcılıq havasını səngər havasına dönüşdürdü. Səngər reallığı bəzən ədəbiyyatın əyninə geyindirilmiş Avropaist dəli köynəklərinin hesabına təbliğ olunan yalançı sevgi təlimlərini nəinki arxa plana keçirdi, hətta inanmaq istəyirsən ki, onu pis və zərərli bir duyğu kimi keçmişdə buraxdı. Hələ pərvəriş tapmasa da, bu uğursuz və məğlub təlim ədəbiyyatımızdan çıxdaş edildi. Milli taleyimiz və millətin taleyinə sahib çıxan Dəmir Yumruq sübut etdi ki, Milli məfkurə və Savaş ruhu bütün estetikaların fövqündədir. Fransa-Almaniya müharibəsinin ən kəskin vaxtında Moem kimi "Qisas" hekayəsi yazmaq olar. Amma savaş meydanında İlya Erenburq kimi müharibə publisistikasını yaratmaq da ondan az əhəmiyyətli deyil. Sovet dövrünün məşhir "Den Pobeda" istilahı müharibənin ilk günlərində Erenburqun publisistik bir məqaləsindən iqtibas edilərək dillərə düşmüşdü. Mən indi gətirəcəyim sitatı da İlya Erenburqun müharibə dövrünü əks etdirən yazısından götürmüşəm. Erenburq həmin yazısında Lui Araqonun sözlərini xatırlatmışdı: "O çətin illərdə Matiss bizə kömək etdi ki, biz günəşi qoruyub saxlayaq". Günəşin qorunub saxlanması faşizmə qarşı dirənişin simvoluydu. Bunu Erenburqun Savaş publisistikasının palitrasını təsəvvür etmək üçün xatırlatdım.
Zəfər mövzulu publisistikamızın kitablaşmış dəyərli örnəklərindən biri də Fazil Rəhmanzadənin "Qarabağ Azərbaycandır!" kitabıdır. 2022-ci ildə qurultayqabağı məruzəmdə bu kitab barədə danışmışdım. İndi onu təkrar xatırlatmağım o səbəblədir ki, bu yaxınlarda Rəhmanzadənin həmin əsəri Almaniyada alman, Bolqarıstanda bolqar dilində nəşrə hazırlanır. Yaxud Adəm İsmayıl Bakuvinin erməni vandalizminin politoloji şərhini verən və publisistika ilə bədii nəsrin qovuşuğunda yaratdığı "Məhşər. Yalanın 17 anı" sənədli romanının Moskvada nəşr olunması Qarabağdakı zəfərin beynəlmiləl humanitar təfəkkürə aşılanması, təlqin edilməsi baxımından çox önəmlidir.
Çıxışımın sonunda əvvəldə söylədiyim fikri bir daha təkrarlamaq istərdim. 44 günlük savaş və onun fərəhli nəticəsi Qarabağı və özəlliklə Şuşanı ədəbiyyatımızın, eləcə də publisistikamızın dominantına çevirdi. Azərbaycan düşüncə tarixində Şuşa və Qarabağ heç zaman 2020-ci ilin noyabrından sonra olduğu kimi belə vüsətlə təmsil olunmamış, bu miqyasda ədəbiyyatın predmetinə çevrilməmişdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
