Məruzə ixtisarla dərc olunur
Hər bir qələm adamı, eləcə də hər bir şair beynəlxalq arenada öz qələmi ilə mənsub olduğu milləti, vətəndaşı olduğu ölkəni təmsil edir. Dünyada elə bir şair yoxdur ki, ölkəsinin və millətinin taleyi onun yaradıcılığında öz bədii əksini tapmamış olsun. Bu mənada, heç bir yazar vətənində baş verən taleyüklü məsələlərə münasibətdə sıradan bir seyrçi olaraq qala bilməz. Dünya ədəbiyyatı korifeylərinin ən məşhur əsərlərinin cövhəri onun yaşadğı coğrafiyanın mənzərəsindən, mənsub olduğu millətin kültüründən və onu əhatə edən toplumun taleyindən oluşub.
Azərbaycan ədəbiyyatı və kəsinliklə də poeziyası bütün zamanlarda həm də ölkədə baş verənlərin bədii inikası olaraq ortada olub. XX əsrin sonları və XXI əsrin əvvəlləri Azərbaycanda həm siyasi, həm də mədəniyyət müstəvisində kürəsəl dəyişikliklər zamanı kimi tarixə keçib. Milli azadlıq hərəkatı, 70 il ölkəni idarə edən sovet rejiminin çökməsi və 20 Yanvar faciəsi, vətəndaş müharibəsi ərəfəsi, ölkəmizə qarşı Ermənistan tərəfindən elan olunmamış müharibə, qədim Azərbaycan torpaqları olmasına rəğmən keçən əsrin əvvəllərindən Ermənistana verilmiş Zəngəzur, Göyçə, Ağbaba mahallarından soydaşlarımızın qaçqın düşməsi, Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tərəfindən işğalı və oradakı əhalinin məcburi köçkün olaraq ağır şəraitdə yaşamağa məcbur olması həmin zamanın acınacaqlı göstəricisiydi. Bütün bu acıların içərisində yeganə qürur duymalı tarixi olay Azərbaycanın Dövlət müstəqilliyi qazanması idi və xalqımız məhz bunun naminə bütün əzablara və faciələrə sinə gərməyə hazır idi. Həmin illərə ədəbiyyat müstəvisində baxsaq, eyni mənzərənin şahidi olarıq - milli azadlıq üçün dirəniş göstərən bir xalqın qəhrəmanlığı və dönməzliyi, qaçqınlıq və köçkünlük acısı, 20 Yanvar faciəsinin qurbanları və bu faciəni törədənlərə nifrət, Xocalı, Bağanıs Ayrım soyqırımı qurbanlarının taleyi və qisas duyğuları, işğal altında olan torpaqlarımızın xiffəti... Poeziyamızın mövzu və mənzərəsi, demək olar, bunlardan ibarət idi. 30 illik bir zaman kəsiyində hər gün, hər an ölkə rəhbərliyi beynəlxalq səviyyədə diplomatik gedişlər edir, ordumuz güc toplayaraq torpaqlarımızı işğaldan azad etməyə hazırlıq görür, ədəbiyyatımız xalqı işğalla barışmamağa çağırır, milləti ruhdan düşməyə qoymurdu. Bu mənada, düşünürəm ki, xalqımızın və ordumuzun addım-addım qələbəyə yaxınlaşan yolunu aydınlatmaqda və bu qələbənin qazanılmasında ədəbiyyatımızın da öz xidmətləri var...
Məruzənin əsas qayəsi konkret olaraq savaş şeirləri, daha dəqiq ifadə etsək, 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni vəsf edən Zəfər poeziyasıdır. Əsas mətləb üzərinə gəlincə, söhbətə uzaqdan başlamağımın yeganə səbəbi Vətənimizi işğaldan Zəfərə aparan uzun yola və bu yolda milli ədəbiyyatımızın roluna bir daha qısa nəzər yetirmək idi.
Çağdaş poeziyamızın da sələflərimizin bizə əmanət buraxdığı vətənpərvərlik duyğularının üzərində pərvəriş tapdığını bir daha xatırlatmaq yerinə düşərdi. Bu, bizlərin ulularımızı qədirşünaslıqla anmaqda vəfa borcumuzun ifadəsi olardı. XIV əsrdə yaşayıb-yaratmış sərkərdə şairimiz Qazi Bürhanəddinin bir tuyuğundakı "Ər oldur Həqq yoluna baş oynaya, / Döşəkdə ölən yigit murdar olur" misralarından yola çıxsaq, mətləbim və oxuculara mesajım tamamən aydın olar, deyə düşünürəm. Yəni, söhbət təkcə mövzudan yox, həmin mövzuda yazılmış şeiri hansı poetik enerji və ağırlıqla ortaya qoymaqdan gedir. Şükürlər olsun ki, ulularımızın başladığı vətənpərvərlik poeziyası yolu XX əsrin görkəmli Azərbaycan şairləri - Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Nəriman Həsənzadənin, Məmməd İsmayılın, Zəlimxan Yaqubun və s. timsalında gələcək nəsillərə ötürülməkdə və bir çox yeni nəsil istedadlı şairlərimizin qələmində günümüzədək davam etməkdədir...
Ölkəmizin ərazi bütövlüyü, uzun illər yağıların işğalında qalmış Vətən torpaqlarının azadlığı uğrunda haqq savaşımızda Uca Tanrının təqdiri, xalqımızın birliyi, müzəffər sərkərdəmizin komandanlığı, şəhid və qazilərimizin canı-qanı bahasına qazandığımız qələbə, əlbəttə ki, qələm adamlarını da bu mübarək zəfəri vəsf etməyə ruhlandırmaya bilməzdi. Odur ki, qələbənin elə ilk günlərindən başlayaraq bu günə qədər şairlərimiz tərəfindən çoxsaylı zəfər şeirləri və poemaları yazılmaqda və yayınlanmaqdadır. Yazılmış əsərlərin çoxluğundan, nəşrlərin izlənməsinin və sosial şəbəkələrdəki ədəbiyyat portallarını davamlı təqib etməyin çətinliyindən dolayı bir məruzədə bu əsərlərin hamısından bəhs etmək, münasibət bildirmək qeyri-mümkündür. Bunlarla belə, indiyədək əldə etdiyim kitablarda, dərgilərdə, oxuya bildiyim qəzetlərdə yayınlanmış, eləcə də sosial şəbəkələrdə rastıma çıxan təqdirəlayiq əsərlər haqqında öz fikirlərimi bölüşməyə çalışacağam. Bu məqamda vəziyyəti çətinləşdirən odur ki, hər bir qələm adamı öz əsəri haqqında yüksək fikirdədir və yəqin ki, məruzəçidən onun əsərinə elə bu cür də münasibət bildirməyi istəyir. Mövzu müqəddəs və həssas, şeir və poemaların bədii səviyyəsi isə minimumdan maksimuma qədər bir şkala üzrə dəyişməkdədir. Mənim şəxsi mövqeyim budur ki, əslində, hər bir şair belə bir müqəddəs mövzuda qələm çalmazdan öncə yaxşı-yaxşı düşünüb-daşınmalıdır: Mənim yazdığım şeir bu Zəfərin qazanılması üçün canından keçmiş şəhidlərimizin şəninə layiq olacaqmı, onların qəhrəmanlıqlarını bədii sözün fövqünə qaldıra biləcəyəmmi?
Təəssüf hissi ilə deyim ki, məruzəni hazırlayarkən çap olunmuş kitablarda, yayınlanmış qəzet və dərgilərdə, eləcə də sosial platformalarda bu müqəddəs mövzuda qələmə alınmış yetərincə zəif, qələbəmizin qüdrətinə yaraşmayan nəzm nümunələri ilə də rastlaşdım. Məni ən çox incidən hal isə bəzi müəlliflərin mövzunun həssaslığından sui-istifadə edərək öz imzalarını təbliğ etmək cəhdləri oldu. İstər ədəbiyyat alanında, istərsə də ictimai alanda bu qəbulolunmaz bir haldır, oxucuya qarşı sayqısızlıqdır. Poeziyanı şərtləndirən kriterilərdən xəbərdar olan zövqlü oxucular mövzunun həssaslığını nəzərə alıb aşkar tənqidi münasibət bildirməyə çəkinsələr də, ciddi ədəbi cameələrdə, yumşaq desək, buna bir etiraz dalğası, inciklik mesajları hiss olunmaqdadı. Belə halların baş verməsində müəlliflərlə yanaşı, naşirlərimiz də, nəşrlərin redaktorları da məsuldurlar.
Elə bu səbəbdəndir ki, bəlli mövzuda saysız-hesabsız şeirlər və poemalar yazılsa da, oxucuların qəlbinə yol tapan, dillər əzbərinə çevrilən, ürəkləri riqqətə gətirən, tənqidçilərin diqqətini cəlb edən poeziya nümunələri nisbətdə çox azdır. Elə bu anda yazı masamın üzəri kitab, jurnal və qəzetlərlə dolu olmağına, mövzuya aid açar sözlər vasitəsi ilə internetdə axtarışlar aparmağıma baxmayaraq, "Bax, bu şeir zəfərimizin qüdrətini bütün çalarları ilə sözə qaldırıb", deyə sitat gətirəcəyim poeziya nümunələri o qədər də çox deyil.
Bu mənada, AYB Hərbi vətənpərvərlik komissiyasının sədri, tanınmış şair və bəstəçi Şahin Musaoğlunun əsgərlərimizin, eləcə də bütün gənclərin dilinin əzbəri olan, orta məktəb dərsliklərində tədris olunan şeirlərini ilk növbədə xatırlatmaq istəyərdim. Onun tanınmış hərbi diktor və müğənni Şəmistan Əlizamanlının ifasında səslənən "İgid əsgər, möhkəm dayan!", "Cənab leytenant" və s. şeirləri ilk başlanğıcdan hərbi hissələrimizdə və efir məkanımızda davamlı olaraq səslənməkdə və sevilməkdədir. Çağdaş poeziyamızın ünlü ismi, şair Ramiz Qusarçaylının məşhur "Azərbaycan bayrağı" şeirinin, Elçin Mirzəbəylinin "Azərbaycan əsgəri" şeirinin, eləcə də İlqar Fəhmi ilə Səlim Babullaoğlunun yeni hərbi marş yazmalarının da bu mövzuda ayrıca yeri var. Bu sırada, hərbçi-şair Zəminə Xınalının hərbi məktəblərimiz üçün yazdığı himn və marşları da xatırlatmaq yerinə düşərdi. Azərbaycanın Milli Qəhrəmanı, düşmən ordusu ilə təkbaşına döyüşdə misilsiz qəhrəmanlıq göstərərək şəhid olmuş Mübariz İbrahimovun şəninə yazılmış çoxsaylı şeirlər və poemalar isə zəfər poeziyamızın ayrıca bir səhifəsi olaraq ədəbiyyat tariximizə keçdi.
***
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayan dördgünlük savaşda Azərbaycanın Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi ordumuzun şücaəti, qəhrəman əsgərlərimizin gücü ilə işğaldan azad edildi. Ordumuzun bu qələbəsi, təbii ki, həmən, ədəbiyyatımızda da öz əksini tapdı, gələcək zəfərimizin müjdəçisi olan Aprel döyüşləri ilə bağlı kitablar, əsgərlərimizi və xalqımızı qələbəyə səsləyən, bu döyüşdə qəhrəmanlıq göstərmiş igid şəhid və qazilərin ömür və döyüş yolundan bəhs edən şeirlər yazıldı. Qarabağ doğumlu ustad şairimiz Əşrəf Veysəllinin "Lələtəpədir" adlı şeiri isə böyük uzaqgörənliklə və böyük ilhamla qələmə alınmış ilk və bənzərsiz şeirlərdən oldu.
Vallah, bu millətə zəfər yaraşır,
İlk Zəfər müjdəsi Lələtəpədir...
...Dağlar Şuşamıza nərdivandısa,
Birinci pilləsi Lələtəpədir.
Şair bu misralarla sanki ordumuza bir mesaj ötürür, müqəddəs Şuşamıza yetəcəyimiz günün ümidlərini sərgiləyirdi. Əlbəttə, Aprel zəfərini vəsf edən təkcə bu şeir deyildi. Şair Fəridə Ləmanın əfsanəvi kəşfiyyatçı-kapitan Mühüd Orucovun ömür və döyüş yolundan bəhs edən "Mühidim - şəhidim" poeması, Güləmail Muradın "Aprel döyüşləri" poeması, Tamella Pərvinin, Mais Təmkinin, Lilpar Cəmşidqızının və bir çox başqa müəlliflərin qələmə aldıqları şeirlər də təqdirəlayiqdir.
12 iyul 2020-ci ildə başlayıb iyulun 17-də düşmən üzərində qələbə ilə yekunlaşan və savaş tariximizə Tovuz döyüşləri adı ilə daxil olan əks-hücum əməliyyatı zamanı Azərbaycan ordusunun general-mayoru Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin misilsiz qəhrəmanlıq göstərərək 5 nəfər hərbçimizlə birlikdə şəhid olmaları xəbəri, demək olar, bütün xalqımızı ayağa qaldırdı. Xaqımız alovlanan qisas hissi və böyük coşqu ilə müqəddəs şəhidlərimizi son mənzilə yola saldı. Bu döyüşdə də böyük qələbə qazanmış ordumuz haqqında, əfsanəvi general Polad Həşimov haqqında çoxsaylı kitablar, şeirlər yazılıb dillər əzbəri oldu. Hərbçi-şair Abdulla Qurbaninin Polad Həşimovun qəhrəmanlığını vəsf edən "Qəhrəman Poladım - igid Poladım" adlı şeiri ustad aşıqlarımız tərəfindən saza qaldırıldı. Şair Vaqif İsaqoğlunun "Bizim general" poeması, Güləmail Muradın "Tovuz döyüşləri" kitabı oxucular tərəfindən rəğbətlə qarşılandı. Şair Mina Rəşidin general Polad Həşimova həsr etdiyi şeirin aşağıdakı bəndi də diqqətimi cəlb etdi.
Hamı səndən danışır, /Adın elə doğmadı.
Səni oxşayan sözlər /Kitablara sığmadı.
***
2020-ci ilin 27 sentyabrında Ali Baş Komandan İlham Əliyevin əmri ilə "Dəmir Yumruq" əməliyyatı adı altında başlayan 44 günlük Vətən müharibəsi zamanı bütün xalqımız prezidentimizin ətrafında bir yumruq kimi birləşdi. Ordumuz işğal altında olan torpaqlarımızı yağılardan azad etməyə, hər gün yeni zəfərlər qazanmağa başladı. Arxa cəbhədə hər kəs qazanılacaq qələbəyə öz töhfəsini verməyə çalışırdı. Belə bir zamanda, əlbəttə ki, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi altında ədiblərimiz də öz öhdələrinə düşən missiyanı yerinə yetirməyə, ordumuzun yanında olmağa çalışırdı. Müharibənin 13-cü günü bir qrup mədəniyyət xadimi ilə birlikdə mən və qələm dostlarımız şair Əjdər Ol və Gəray Göyyurd da ön cəbhəyə - əsgərlərimizlə görüşə getdik, səhra qospitalında yaralı əsgərlərimizin yanında olduq.
44 günlük Zəfər savaşı günlərində AYB katibi, şair Səlim Babullaoğlunun dünyanın 25-dən artıq ölkəsinin 60-dan artıq ədibinə və ədəbiyyat təşkilatına Azərbaycanın haqq işi ilə bağlı müraciətlər göndərməsi ədəbi aləmə çox ciddi mesajlar verdi. Onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın "Şanlı Zəfər Savaşı" və "Şuşa İli"nə ithafən Azərbaycan Yazıçılar Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və "Space" Müstəqil Teleradio Şirkəti ilə birlikdə "Şuşaya salam!" beynəlxalq poeziya layihəsi gerçəkləşdi, sentyabrın 27-dən noyabrın 9-a qədər, 44 gün ərzində keçirilən layihəyə 30 ölkədən 44 şair qatıldı.
***
Zəfər poeziyamızdan örnəkləri mətbuatdan, sosial şəbəkələrdən davamlı olaraq izləmiş olsam da, bu şeirləri 2021-ci ilin 30-31 avqustunda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də iştirakı ilə Heydər Əliyev Fondu tərəfindən Şuşada keçirilən "Vaqif Poeziya Günləri"ndə müəlliflərin öz dilindən eşitmək adamı bir ayrı ovqata kökləyirdi. Uzun illər həsrəti ilə yanıb-yaxıldığımız Şuşada - Molla Pənah Vaqifin yenidən qurulmuş məqbərəsi önündə Zəfər poeziyamızın ilk misraları səslənirdi.
Xalq şairləri - Nəriman Həsənzadə, Vahid Əziz, Sabir Rüstəmxanlı, tanınmış şairlərdən - Firuzə Məmmədli, Rəşad Məcid, İlqar Fəhmi, Səlim Babullaoğlu, Vaqif Bəhmənli, Barat Vüsal, Qulu Ağsəs, Qəşəm Nəcəfzadə, Asim Yadigar, Sayman Aruz, Xəyal Rza, Əkbər Qoşalı, Nigar Həsənzadə, Fərid Hüseyn, Arif Buzovnalı, Günel Şamilqızı, Şəhriyar Del Gerani, Rəsmiyyə Sabir böyük qürur hissləri ilə müqəddəs qələbəmizi vəsf edən şeirlərini oxuyurdular. Sonra həmin şeirlər AYB-nin nəşri olan "Bütün yollar Şuşaya aparır"(nəşrə hazırlayan və tərtib edən Elçin Hüseynbəyli) adlı kitabda çap olundu. Şairlərimizin qələmə aldıqları bu şeirlərin hər biri haqda yüksək fikir bildirmək, haqlarında ayrıca yazılar yazmaq olar.
Növbəti illərdə də bu ənənə davam etdirilərək hər il Şuşada "Vaqif Poeziya Günləri" düzənləndi və proqramın "Poeziya Saatı" bölməsində şairlərimiz hərbi vətənpərvərlik mövzusunda qələmə aldıqları şeirlərini oxudular. Məhz bu tədbirlərin sayəsində, demək olar, bütün Azərbaycan şairləri Qarabağ mövzulu şeirlərini Şuşada oxumaq imkanı qazandılar. Səslənən şeirlərin müəlliflərinin imzalarını sadalayası olsam, uzun bir siyahı alınar. Bədii dəyərinə görə müxtəlif səviyyələrlə səciyyələnən şeirlərin içərisində böyük ustalıqla qələmə alınmış şeirlərlə yanaşı, biri digərini bu və ya başqa şəkildə təkrarlayan nəzm parçaları da yox deyildi.
Savaş, qələbə mövzulu şeirlər, adətən, daha çox ritorika, pafos tələb edir. Bununla belə savaşın, zəfərin içərisində itkilərin ağrısı, anaların, övladların göz yaşları da var axı. Poeziyamızın bu dərinliyini, bu ağrıların poetik ifadəsini daha çox şairlərdən - Qulu Ağsəsin, Səlim Babullaoğlunun, Bəsti Əlibəylinin, Dəyanət Osmanlının, Sərvaz Hüseynoğlunun, Gülnarə Cəmaləddinin, Xəyal Rzanın və bir çoxlarının şeirlərində duymaq olur.
Ayaz Arabaçının "Dayanmadan yağış yağır Şuşaya", Adilə Nəzərin "Qaziləri salamlayıram", Giya Paçxataşvilinin "Havadan qələbə qoxusu gəlir" şeirlərini də ayrıca qeyd etmək yerinə düşərdi.
Şair Elşad Baratın hər şəhidimiz haqqında bir şeir təşəbbüsü ilə qələmə aldığı iki cilddən ibarət "Ölümsüzlər" kitabını da xüsusi vurğulamaq istərdim.
***
Zəfər poeziyası deyincə, əlbəttə, hər kəsdən öncə Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş və qazilik mərtəbəsi qazanmış, hər kəlməsindən barıt qoxusu gələn şairlərimizin qələmə aldıqları şeirlər yada düşür. Şeir, ilk növbədə, yaşanmış hisslərin ifadəsidirsə, deməli, Zəfər poeziyamızın qüdrətini də, ilk növbədə, məhz bu şairlərin şeirlərində axtarmaq lazımdır. Odur ki, məruzəni hazırlayarkən hər şeydən öncə I və II Vətən müharibələrində şəhidlik zirvəsinə ucalmış və qazilik rütbəsi qazanmış şairlərimizin şeirlərinin axtarışına çıxdım və onları yenidən və daha diqqətlə oxuyub incələməyə qərar verdim. I Qarabağ savaşının şəhid şairləri - Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin, Nizami Aydının, Bəxtiyar Hüseynlinin, eləcə də qazi şairlərimiz - Süleyman Abdullanın, Mustafa Rasimoğlunun, Ədalət Nicatın hərbi vətənpərvərlik mövzusunda qələmə aldıqları şeirləri bir daha oxudum və çox duyğulandım.
Masamın üzərində şəhid və qazi şairlərimizin şeirlərindən ibarət 3 kitab, 3 şeirlər toplusu var: Mədəniyyət Nazirliyinin nəşri olan esse, şeir və hekayələrdən ibarət "İgidlərin sözü" toplusu, Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən nəşrə hazırlanmış, qazi şairlər Həsən Kür və Elvin İntiqamoğlunun tərtib etdiyi "Əbədi sevgi - Vətən" və "Qəlb cəbhəsi" almanaxları. Bu toplulara daxil edilmiş şeirlərin bədii yükünün fərqinə varmadan müəlliflərinə qələmlərini süngüyə çevirdikləri üçün minnətdar olduğumuzu bildirir, şəhid şairlərimizi rəhmət, sayqı və sevgi ilə xatırlayır, qazi şairlərimizə sağlıq və uğurlar diləyir, bu mübarək imzaları bir daha oxucuların diqqətinə çatdırıram.
Şəhid şairlər: Murad Nağıyev, Saleh Əliyev, Kərim Əhmədəliyev, Şahgündüz Cabbarov, Xəyyam Hüseynov, Mikayıl Vahabzadə, Nazim Zəkarayev, Mirsalam Cəfərov.
Qazi, veteran şairlər: Kərəm Aydın, Sənan Ağaverdiyev, Cavid Əlioğlu, Oğuz Alparslan, Elvin İntiqamoğlu, Səbuhi Qurbanov, Eyvaz Əyyub, Emin Piri, Tofiq Əhməd, Orxan Səlifov, Həsən Kür, Sərxan Yolçuyev, Nicat Ağayev, Tamerlan Əsədov.
Poemalar və silsilə şeirlər
Qarabağ zəfərimizdən bəhs edən poemalar və silsilə şeirlər isə ayrıca bir məruzənin mövzusudur. Bu əsərlərin içərisində yetərincə diqqətəlayiq olanlar da, tənqid ediləcək mətnlər də var. Ümidvaram ki, ədəbiyyatşünas alimlərimiz və tənqidçilərimiz bu irihəcmli əsərlərə öz münasibətlərini bildirməkdə davam edəcəklər. Mən isə məruzədə həmin silsilə şeirlərin və poemaların adlarını oxucuların diqqətinə çatdırmaqla kifayətlənir, bu əsərləri oxumalarını tövsiyə edirik.
Silsilə şeirlər: Ramiz Rövşənin "Vətənə tərif" şeiri, Məmməd İsmayılın "Boyuna qurban olum, Azərbaycan əsgəri" şeiri, Rafiq Yusifoğlunun "Zəfər dastanı", Rəşad Məcidin "Şuşa dəftəri", Zahid Xəlilin "Şuşa şeirləri", Elxan Zalın "Ordu günü", Musa Urudun "Qarabağ Azərbaycandır!", Xaqani Qayıblının "Özümü tapdım Şuşada", Nadir Azayoğlunun "Vətən", Yusif Nəğməkarın "Oğullar şəhid oldu ki...", Dayandur Sevginin "Qələbə qismət elə, Tanrım, Azərbaycana", Arif Fərzəlinin "Ruhun ruhlar təməli", Aqşin Dadaşoğlunun "Bayrağımda rəngi var mənim azadlığımın", Məmməd Qədirin "Bu gün zəfər günüdür", Xuraman Muradovanın "Vətən oğulları", Şahməmməd Dağlaroğlunun "Sən yaşa, Azərbaycan!", Ağamir Cavadın "Mən bunu bilirəm, xalqım", Bilal Alarlı "Çağırış", İqbal Nəhmətin "Gəldi Qarabağın baharı, gəldi", Elbrus Qayalının "Ana harayı", Afaq Şıxlının, Şövkət Zərrin Horovlunun, Həyat Şəminin, Nilufər Şıxlının, Xatirə Xatunun "Başına dönüm, Vətən", Fəxrəddin Oruc Qəribsəsin, Təhmiraz İmamovun, Zeynəb Dərbəndlinin, Elman Abbasın, Lilpar Cəmşidqızının silsilə şeirləri.
Poemalar: Xalq şairləri Nəriman Həsənzadənin "Zəfər yolu", Sabir Rüstəmxanlının "Qarabağa dönüş", şairlərdən Abuzər Turanın bir kitabda üç dildə - türk, urdu və ingilis dillərində olmaqla, Türkiyədə nəşr olunmuş "Zəfər nəğməsi" poeması, Ramiz Qusarçaylının "Şuşalı Vətən", Elxan Zalın "Qarabağda yeni tarix yazılır", Elçin İsgəndərzadənin "Mənim Şuşa dastanım", Rəfail Tağızadənin "Zəfər sevinci", Ayaz Arabaçının Milli Qəhrəman Natiq Qasımovun ömür və döyüş yoluna həsr olunmuş "Səssiz qalmayan zəfər", Rafiq Odayın "Sonetlər çələngi - Zəfər kantatası, Xarıbülbül", Aybəniz Əliyarın "Zəfər yazanlar - Qayıdan torpaqlar, qayıtmayan oğullar", Ramiz Duyğunun "Qalibiyyət dastanı", Ədalət Salmanın "Murovun aslanı", Güləmail Muradın "Zəfərnamə" və "Beş Ulduz", Şahnaz Şahinin "Zəfər nəğmələri", Elnur Uğurun "Hadrut fatehi", İsmayıl Mərcanlı İmanzadənin "Şuşa etüdləri" , Tural Turanın "Zəfər notları", Fərid Hüseynin "Yumruq günü", Məlahət Yusifqızının "Milli Qəhrəman Natiq Qasımov", Faiq Hüseynbəylinin "Arzularımın şəhidi", Gəray Göyyurdun "Dövlət, Vətən, Ordu, Xalq", Zülfü Gəndəbillinin "Bir bayraq kölgəsində", Nəcibə İlkinin "Qartal zirvədə qaldı", Salman Məmmədoğlunun "Zəfər soraqlı yollar", Qərib Aşkarinin "Dəmir yumruq yerindədir" və s. poemaları.
Eləcə də digər türk ölkələrinin şairlərinin Qarabağ zəfərinə həsr olunmuş şeirlərini də qeyd etmək yerinə düşərdi: özbək şairi Xasiyyət Rüstəmin "44 Gün" kitabında yer almış "Adı Lalə idi o qızın" poeması, qazax şairi Sayat Kamşıqerin və Kərkük şairi Şəmsəddin Kuzəçinin Qarabağ zəfərinə həsr olunmuş şeirləri də təqdirəlayiqdir.
Son 5 ildə nəşr olunmuş antologiyalarda isə, demək olar, bu mövzuda yazılmış bütün şeirlər öz əksini tapıb. Bunlar aşağıdakılardır:
1. "Zəfər duyğuları" Şuşa ilinə həsr olunmuş poeziya antologiyası. Tərtib edən: Dəyanət Osmanlı.
2. "Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa". Tərtib edən Esmira Fuad, filologiya elmləri doktoru. Bu topluda, həmçinin güneyli şairlərin (Əli Daşqın, İsmayıl Ülkər, Şərifə Cəfəri, Nigar Xiyavi, Aqşin Ağkəmərli) də zəfər nəğmələri yer alıb.
3. "44 günlük Vətən müharibəsi Güney Azərbaycan ədəbiyyatında", "Qarabağ zəfəri güney və quzey Azərbaycan ədəbiyyatında". Tərtib edən: f.e.d. Esmira Fuad.
4. "Qarabağ zəfərindən Turana doğru". Tərtib edən: şair, f.f.d. Adilə Nəzər.
5. "Vətən simurqları". Tərtibçi və Ön söz müəllifi f.e.d. Almaz Ülvi Binnətova.
6. "Zəfərimiz mübarək". Tərtib edənlər: Gülxani Pənah, Salatın Əhmədli.
7. "Ürəyimdə sözüm var". Tərtib edən: Xatirə Fərəcli.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
