Ümumiləşdirilmiş analitik məruzə. İxtisarla
Giriş
Azərbaycan xalqının sözə, ədəbiyyata sevgisi həmişə yüksək olub. Məhz buna görə qələm sahibləri də sadəcə sənət sahibi olmayıb, xalqın aparıcı ictimai-siyasi fiqurları olub, toplumun fikir və düşüncəsini müəyyən edib, gələcək inkişafının konturlarını cızıblar.
Hələ on doqquzuncu əsrdə məhz qələm sahibləri xalqımızın maarifçilik hərəkatının başında dayanmış, məktəblərin açılmasında, təhsilin kütləviləşməsində müstəsna rol oynamışlar.
İyirminci əsrin əvvəllərindən başlayan milli özünüdərk prosesinin, türkçülük təfəkkürünün formalaşıb yayılması yenə də məhz yazarların, qələm sahiblərinin xidmətidi. Yazılarımız həm maarifçiliyi təbliğ edir, həm milli mətbuatın yaranıb inkişaf etməsinə çalışır, həm də, qeyd etdiyim kimi, milli özünüdərk prosesinin inkişafını öz çiyinlərində daşıyırdılar.
Eyni prosesləri sovet dövrünün sonlarında da müşahidə elədik. Azərbaycanın müasir müstəqilliyi uğrunda aparılan bütün mübarizələrin ilk sıralarında məhz tanınmış yazarlarımız, alimlərimiz dayanırdı. Ziyalı, yazıçı sözü həmin dövrlərdə xalqımızın ən çox ehtiyacı olan həqiqət mənbəyi idi. İyirmi Yanvar faciəsindən, Qarabağ hadisələrinin başlanmasından sonra da Azərbaycan yazıçılarının bu proseslərdə aktiv fəaliyyətini müşahidə edirdik.
Bütün bu məlum tarixi faktları sadalamaqda məqsədimiz odur ki, Azərbaycanın müasir dövrdəki ictimai-siyasi proseslərində qələm sahiblərinin kənarda dayanmağını bəyan etmək və bunda israrlı olmaq çox absurd və mənasız bir iddiadır.
Məntiqlə düşünək. Hər bir yazıçı, şair, publisist, dramaturq ilk növbədə Azərbaycan xalqının övladı, Azərbaycan dövlətinin vətəndaşıdır. Necə mümkün olar ki, ölkəmizdə son beş ildə baş verən taleyüklü tarixi hadisələrdən qələm sahibləri kənarda dayansın? Ədəbiyyat kimi zərif söz sənətinin daşıyıcısı olan yazarlar mümkünmüdür ki, belə dramatik situasiyalardan, ətrafda baş verən tarixi hadisələrdən, müşahidə elədikləri proseslərdən təsirlənməsinlər? Əlbəttə ki, mümkün deyil.
Məhz bu baxımdan əminliklə deyə bilərəm - Azərbaycanda elə qələm sahibi yoxdur ki, son illərdə ölkədə baş verən hadisələri, Qarabağ müharibəsini, tarixi zəfərimizi, ərazi bütövlüyümüzün bərpa edilməsini öz yaradıcılığında əks elətdirməsin.
Azərbaycan ədiblərinin Zəfərdən əvvəl yazdıqları əsərlər
Müstəqillik dönəmində 44 günlük müharibəyə qədər Qarabağ mövzusunda yazılan nəsr və dram əsərlərini analiz etdikdə, onları bir neçə kateqoriyaya bölmək olar. Ən əvvəl onu qeyd edək ki, Qarabağ mövzusu həm birbaşa, həm də dolayı yolla əks olunub. Yəni birbaşa Qarabağ mövzusunda yazılan əsərlər və başqa mövzuların içindən dolayı yolla keçən tematikası.
Birinci qrupa 1994-cü il atəşkəs dövrünə qədər yazılan əsərlər idi ki, bunlar birbaşa siyasi proseslərin, müharibənin iştirakçısı, ən azından canlı şahidi olan qələm sahiblərinin yazdığı əsərlər idi. Bu əsərlərdəki mübarizə əzmi, qəhrəmanlıq və fədakarlıq tərənnümü güclü olmaqla bərabər, həm də bir çarəsizlik müşahidə olunurdu. Mübariz qəhrəman, fədakar vətənpərvər obrazları xalqa nümunə kimi təqdim olunurdu. Lakin onların fikir və düşüncələri qarışıq idi. Biz öz doğma torpaqlarımız uğrunda mübarizə aparırıq, işğala və zülmə məruz qalırıq, yüz minlərlə vətəndaşımız qaçqın düşür, doğma torpaqlarını tərk edir, lakin bunun müqabilində bütün dünya işğalçını müdafiə edir, bizi ittiham edir. Bu ədalətsizlik nə vaxtacan davam edəcək? Haqq nə vaxt öz yerini tapacaq?
Bu informasiya blokadası şəraitində haqq səsimizi dünyaya çıxara bilməməyimiz qələm sahiblərində də çox ağır bir psixoloji əhval-ruhiyyə yaradırdı ki, bu da, öz növbəsində, həmin dövrün nəsr əsərlərində özünü göstərirdi. Uzun illər ictimai-siyasi proseslərin ön sıralarında olan yazarlar məhz bu situasiyada sanki özləri də neyləməli olduqlarını bilmir, özlərini çarəsiz və aciz hiss edirdilər. Ona görə əsərlər ağır psixoloji əhval-ruhiyyə və depressiv ruh halı ilə zəngin idi.
İkinci qrupa aid əsərlərə isə atəşkəsdən sonrakı on beş ildə yazılanları aid eləmək olar (1995-2010).
Bu dönəmdəki nəsr əsərlərində isə artıq bir qədər fərqli və insani mövzular ön plana çıxmağa başladı. Bu əsərlər, təbii ki, yenə də ilk növbədə ölkədəki ictimai vəziyyəti əks elətdirirdi. Yarım milyon qaçqın-köçkün, çadır şəhərcikləri, ölkənin dağılmış iqtisadiyyatı və bütün bu çətinliklərin aradan qaldırılması və ölkənin inkişafına nail olmaq uğrunda aparılan mübarizə... Bu situasiya fonunda, ələlxüsus, doxsanıncı illərin sonu, ikimininci illərin əvvəllərində yazılan ədəbi əsərlərdə ədəbiyyatımız üçün fərqli və yeni tipajlar və qəhrəmanlar pleyadası peyda olmağa başladı:
- Qarabağ döyüşlərində iştirak edən, əlil olan və müharibədən sonra öz mübarizəsinin hədər olduğu fikirləri içində boğulan keçmiş döyüşçü obrazları.
- Onilliklər boyu yaşadığı doğma ev-eşiklərini atıb, gəlib sıxıntı içində köçkün həyatı yaşayan və öz vətəninə dönmək arzuları içində yaşayan, daim xəyallarda, yuxularda doğma torpaqlara qayıdan ağsaqqal, ağbirçək obrazları.
- Valideynlərini, yaxınlarını müharibədə itirmiş və bu itkilərlə heç cür barışa bilməyən, atasız böyüyən şəhid övladları obrazları.
- Doğma ev-eşiyindən, el-obasından ayrılıb fərqli və müəyyən qədər aqressiv mühitə düşən, bu mühitdə özünü tapa bilməyən çarəsiz qaçqın ailəsi və ailə başçısı obrazları.
Bu əsərlərdə gərgin dramatik konfliktlər, müharibə və köç səhnələri öz yerini daxili konfliktlərə, psixoloji gərginliklərə verir. Əksər ağırlıq qəhrəmanların ruhunda gedən introvert proseslərə yönəlir.
Üçüncü kateqoriyaya isə təqribən, 2010-cu ildən sonra yazılan nəsr əsərlərini aid etmək olar. Bunlarda artıq əhval-ruhiyyə tam dəyişir ki, bunun da səbəbi ölkədə olan iqtisadi inkişaf və yüksəliş idi... Əhalinin maddi rifahı qaydasına düşürdü və bu da, təbii ki, ədəbiyyatda əks olunurdu. Ədəbi əsərlərdən çadır şəhərcikləri, çıxılmaz vəziyyətdə yaşayan müharibə qəhrəmanları və əlilləri, bir tikə çörək üçün çarpışan qaçqın ailələri obrazları getdikcə seyrəlir, yoxa çıxır. Əvəzində işğalla barışmazlıq, qisas və mübarizə ehtirası ön plana çıxır.
Budur, dövlətimiz informasiya blokadasını yarıb, dünyaya çıxıb, ölkə regionun aparıcı qüvvəsinə çevrilib, peşəkar ordumuz müasir silahlarla təmin olunub. Birinci müharibənin ağrı-acısı da artıq arxada qalıb, dövlətin qayğısı nəticəsində qaçqın ailələrinin də maddi təminat problemləri həll olunub, atasız böyüyən şəhid övladları yetkin insanlara çevrilib. Lakin bütün bunlara rəğmən ərazimizin bir hissəsinin iyirmi il işğal altında qalmağı insanların, ələlxüsus, gənclərin psixikasını sıxan ağır bir travmaya çevrilir. Hətta Qarabağın işğalından sonra doğulan uşaqlar da bu mənəvi basqının psixoloji təzyiqləri altında yaşayır. Onlar qisas və mübarizə istəyir.
Həmin dövrdə yazılan əksər ədəbi əsərlərdə yaranan obrazlarda məhz bu çırpıntıları görürük. Ən çox istifadə olunan obraz şəhid atasının qisasını almaq üçün hərbi sahəyə üz tutan və torpaqlarımızı düşməndən azad etmək uğrunda mübarizəyə hazır olan bir zabit obrazıdır. Şəhid ailəsindən çıxan bu cür fədakar və əzmkar zabit obrazına həmin dövrdə yazılan bir çox nəsr və dramaturgiya əsərlərində (hətta filmlərdə) rast gəlmək olar. Bu obraz əslində çox simvolik arxetipik bir personajdır ki, onun müxtəlif formalarda təqdimatını müşahidə edirdik. Bu simvolik personaj həm də keçmişlə gələcək arasında bir körpü rolunu oynayır. Bu zabit özü Birinci müharibədə iştirak etməyib. Ya hələ dünyada olmayıb, ya da uşaq olub. Lakin yaxınlıqdakı insanların, doğmaların şəhid atası haqqında, doğma kəndləri, obaları haqqında xatirələri onun içində möhkəm kök atıb və o, görmədiyi obasını, kəndini, torpağını geri qaytarmaq eşqiylə alışıb-yanır.
Həmin dövrün daha bir önəmli cəhəti tarixi qəhrəmanlıq mövzularında yazılmış çoxsaylı nəsr və dramaturgiya əsərləri idi. Yazıçılar sanki şücaət və qəhrəmanlıq göstərən tarixi qəhrəmanlarımızı, onların fədakar mübarizəsini ön plana çıxarıb təbliğ eləməklə xalqı Qarabağ uğrunda gələcək döyüşlərə və azadlıq mübarizəsinə hazırlayırdılar. Bu dövrdə yazılan tarixi nəsr və dram əsərləri müəyyən qədər plakatlığı və pafosuyla seçilir ki, bu da təbiidir, çünki məqsəd məhz geniş xalq kütlələrinin içindəki mübarizə əzmini diri saxlamaq idi.
Zəfərdən əvvəlki dövrdə - Anar, Elçin, Mövlud Süleymanlı, Seyran Səxavət, Sabir Rüstəmxanlı, Aqil Abbas, Mustafa Çəmənli, Əli Əmirli, Səyyad Aran; nisbətən sonrakı nəsil yazarlarından - Elçin Hüseynbəyli, Kamran Nəzirli, Orxan Fikrətoğlu, Fəxri Uğurlu, Zahid Sarıtorpaq, Əyyub Qiyas, Kənan Hacı, Günel Rzayeva, Zemfira Məhərrəmli, Şiringül Musayeva, Şərif Ağayar, Vüsal Nuru, Əli bəy Azəri, Natavan Dəmirçioğlu və başqa müəlliflərin çoxsaylı nəsr əsərlərini nümunə gətirmək olar.
Dramaturgiya sahəsində isə Anar ("Şəhərin qış gecələri"), Hüseynbala Mirələmov ("Güllələnmiş heykəllər") Elçin Hüseynbəyli ("Fatihə", "Qaçaq qocalar") Ramiz Novruz ("Hələ sevirəm deməmişdilər"), Əli Əmirli ("Ünvansız qatar") və başqa müəlliflərin dram əsərləri mövzuya fərqli baxış bucaqlarını nümayiş etdirirdi.
(Böyük məsuliyyətlə qeyd edirəm ki, əgər bu mövzuda yazılan bütün nəsr əsərlərinin adlarını sadalamalı olsaq, gərək bütün Azərbaycan yazıçılarının adlarını yazaq, çünki elə bir yazıçımızı təsəvvür eləmək mümkün deyil ki, bu mövzuda əsərləri olmasın. Lakin əfsus ki, məruzənin məhdud həcmi buna imkan vermir.)
Həmin tarixi dövrdə ölkədə baş verən iki tarixi hadisə, yuxarıda danışdığımız motivlərin ədəbiyyatımızda güclənməsinə daha da təkan vermiş oldu. Bu hadisələr Mübariz İbrahimovun qəhrəmanlıq hekayəti və Aprel döyüşləri oldu. Bildiyimiz kimi, bu hadisələr şəhadət və qəhrəmanlıq zirvələri oldu. Ədəbiyyat adamları da bu hadisələrə reaksiyasız ötüşmədilər. Həm Mübariz İbrahimovun, həm də Aprel döyüşlərinin qəhrəmanlarına həsr olunmuş onlarla nəsr və dramaturgiya əsərləri yarandı. Bu əsərlərdə artıq ümidsizlik, çarəsizlik motivləri yox idi. Real döyüşlər və qəhrəmanlıqlar, canını vətən uğrunda qurban verən real şəhidlərin və şücaətli qazilərimizin həyat hekayələri yazıçı və dramaturqlarımıza əsər yazmaq üçün xeyli real maraqlı və təsirli faktlar vermiş oldu. Və sonrakı dörd-beş il ərzində bu motivlər üzərində çoxsaylı nəsr əsərləri yazıldı və oxucuların ixtiyarına verildi. Amma dramaturgiya sahəsində sırf Aprel döyüşləri əfsus ki, əks edilməyib.
Sırf Aprel döyüşləri qəhrəmanları üzərində qurulan iki böyük nəsr əsərinə xüsusi diqqət çəkmək istərdim ki, bunlardan biri Lələtəpə mövzusuna həsr olunmuş Səyyad Aranın "İrəvana gedən yollar" romanı və Şərif Ağayarın Milli qəhrəman Raqub Orucova həsr etdiyi "Komandir" romanlarıdır.
Lakin 2016-cı ilin Aprelindən sonra yaranan nəsr əsərlərinin sonunda bir nigaranlıq, narahatlıq motivləri də təzahür edirdi. Qəhrəmanlıq və şücaət tərənnümünün ardıyca bir yarımçıqlıq hissi var idi - görəsən, yaxın vaxtlarda bu qələbənin ardı gələcəkmi, görəsən, Aprel şəhidlərimizin qisası alınacaqmı, görəsən, bütün torpaqlarımız düşməndən azad ediləcəkmi? Yoxsa, biz sonrakı onilliklərdə elə bu dörd günün şücaətlərini tərənnüm etməli olacağıq?
44 günlük müharibə dönəmi
2020-ci ilin 27 sentyabrı bütün Azərbaycan xalqı kimi, yazarlarımız üçün də düşüncə və təfəkkür baxımından dönüş nöqtəsi oldu. Ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin həmin gün xalqa etdiyi ilk müraciətdən sonra artıq bütün xalq sanki qələbə əzminin işartılarını hiss elədi. Və 44 gün sonra bu qələbə əzminin, qətiyyətin nəticəsini bütün xalq hiss elədi.
Böyük fəxrlə deyə bilərəm ki, müharibənin ilk günlərindən yazarlarımız da qələmlərini silaha çevirdilər. Nə qədər pafoslu səslənsə də, bu bir həqiqət idi. Həm sosial şəbəkələrdə, həm mətbu orqanlarda, internet resurslarda elə müharibənin ilk günlərində çağırış dolu yazılar çoxluq təşkil edirdi. Yazarlarımız da, elə bil, bütün xalqımız kimi, onilliklərlə içlərində yığılıb qalmış hissləri püskürməyə başladılar. Müharibənin ilk həftəsi "Ədəbiyyat qəzeti" bu mövzuya həsr olunmuş xüsusi buraxılış dərc etdirdi ki, bura məhz müharibənin ilk günlərində yazılan əsərlər daxil edilmişdi. Eyni mövzuda xüsusi buraxılışları "Azərbaycan" jurnalı, "Ulduz" jurnalı və başqa ədəbi orqanlar da həyata keçirdi.
Bundan əlavə, sonrakı dövrlərdə AYB və başqa təşkilatlar tərəfindən çoxsaylı ədəbi almanaxlar və toplular çap olunub ki, bu kitablarda onlarla müəllifin zəfər mövzusunda nəsr əsərləri də yer alıb.
Təbii ki, bu yazıların əksəriyyəti poetik əsərlər idi, lakin nəsr, esse kimi janrlar da mövcud idi. Şəxsən mən özüm müharibənin ilk gününə həsr olunmuş "Bazar günü" pyesini məhz oktyabrın 10-u bitirmişdim. Yəni hələ müharibənin necə başa çatmağını bilmədən.
Həmin günlərdə yazılan nəsr əsərləri əslində sonrakı dövrdə - Zəfərdən sonrakı əsərlərin də əsas vacib bir xüsusiyyətini müəyyənləşdirmiş oldu - Sənədlilik...
Bəli, 44 günlük müharibə dövründə və qələbədən sonrakı dövrdə yazılan nəsr və dram əsərlərinin əksəriyyətinin süjetini həm ön cəbhədə, həm də arxa cəbhədə baş verən real hadisələr təşkil edirdi; real şücaətlər, qəhrəmanlıqlar, fədakarlıqlar...
Həqiqətən də, 44 günlük müharibə zamanı o qədər qeyri-adi, dramatik hadisələr olurdu ki, hər biri bir əsərin mövzusu ola bilərdi. Və olurdu da... Yazıçılarımız özlərinin müşahidə elədikləri, haqqında eşitdikləri real hadisələri müəyyən formada bədiiləşdirərək, bədii-sənədli nəsrin və dramaturgiyanın maraqlı nümunələrini yaradırdılar.
Ümumilikdə, dünya ədəbiyyat tarixinə nəzər saldıqda, görürük ki, cəmiyyət, xalq üçün bir çox taleyüklü hadisələrdən, müharibələrdən, inqilablardan bilavasitə sonrakı dövrdə, belə demək olarsa, "isti-isti" yazılan əsərlərdə sənədlilik faktoru çox güclü olur. Bizdə də oxşar hadisə müşahidə edildi. Ədəbiyyat adamlarımız sanki özlərinə borc bilirdilər ki, igid qəhrəmanların, şəhidlərin, qazilərin həyat hekayətlərini, şücaətləri ədəbiyyat müstəvisinə keçirsinlər və xalqın real şücaət salnaməsini gələcək nəsillər üçün əbədiləşdirsinlər.
Məhz buna görə də həm müharibə dövründə, həm də sonrakı bir-iki ildə yazılan nəsr və dram əsərlərinin çoxunun qəhrəmanı real insanlar olurdu. Bu əsərlərdə bədii təxəyyül ikinci plana keçir, real hadisələrin daha gözəl bədii dillə ifadəsi daha əhəmiyyətli sayılırdı.
Ümumilikdə, Zəfərdən sonra ədəbiyyatımıza və dramaturgiyamıza yeni nəfəsin gəlməsi faktı danılmazdır. 2020-ci ildən sonra yaranan nəsr və dram əsərləri mahiyyət etibarilə Aprel döyüşlərindən sonra yaranan əsərlərin müəyyən mənada davamı idi.
2020-ci ildən sonra isə qəhrəmanlıq mövzulu əsərlərin sonundakı bu narahatlıq hissi də aradan qalxmış oldu. Artıq yazarlarımız da, qələbəyə ürək dolusu sevinməyə və həvəslə tərənnüm etməyə başladılar.
Müharibədən sonra yazılan əsərləri təqribi olaraq bir neçə istiqamətə bölmək olar:
- Sənədli-bədii nəsr əsərləri. Burada konkret döyüşçülərin, şəhidlərin, qazilərin qəhrəmanlıqlarını əks etdirən nəsr əsərləri.
- Bədii təxəyyül əsasında ümumiləşdirilmiş qəhrəmanlıqları əks etdirən əsərlər.
- Arxa cəbhədəki insanların qəhrəmanlıqlarını əks etdirən əsərlər.
- Şəhidlərin ailə üzvlərinin hiss və duyğularını əks etdirən əsərlər.
Burda xüsusi bir məqamı diqqətə çəkmək istərdim. Zəfər mövzusunda yazılan əsərlərin əksəriyyətinin içində bir pik nöqtəsi, mifik bir obraz olaraq məhz Şuşa obrazı çıxış edir. Şuşa sadəcə qələbənin yox, ümumən Qarabağın simvolu kimi çıxış edirdi. Şuşanın azad olunması elə Qarabağın azad olunması kimi təqdim olunurdu. Bir çox əsərlərin kulminasiya nöqtəsi kimi məhz Şuşanın azad olunması verilir..
Yunus Oğuzun "Cığır", "Ovçu", Səyyad Aranın "Başdaşı", "Tacın qaytarılması", Elçin Hüseynbəylinin "Vida", Alpay Azərin "Ay işığında tabut" hekayəsi, Zahid Sarıtorpaq "Qiyamət qaziləri" romanı, Mustafa Çəmənli "İmarət məzarlığı", Məhəmməd Oruc "Qalanın İrəvan qapısı", Vahid Məhərrəmli "Cəbhə gündəliyindən", Etibar Muradxanlının "Dəmir Yumruq əməliyyatı 44", "Siz mühasirədəsiz, leytenant" romanları, Güllü Məmmədovanın "Oğurlanmış Zəngəzur" tarixi-sənədli romanı, Rəşid Faxralının "Ruhumuzun zəfər fəsli", "Üçüncü güllə", Meyxoş Abdullanın "Əsir qadın" romanı, Əli bəy Azərinin "Zəngəzurlu iki zabit", "Hərbi Zəngilan", Vüsal Nurunun "Kənd qatilləri" hekayəsi və onlarla bu mövzuda yazılan nəsr əsəri qeyd oluna bilər.
Bunlarla yanaşı, ədəbi esse janrında yazılan İntiqam Qasımzadənin "Yazılsın tarixə bir qızıl xətlə", "Şuşanın dağları", "Salam,əsgər", "Salam, Şuşa", Vüsal Nurunun "Ağdam olmaq", "Qarabağ günəşi", Südabə Ağabalayevanın "Bütövlük fəlsəfəsi", Pərvinin "Qarabağı vərəqləmək", Rüstəm Kamalın "Şuşada evimiz vardı" , "Qala qapıları" əsərləri də müharibə mövzusunda ədəbi esselərin gözəl nümunələridir.
Dramaturgiya sahəsində də zəfər mövzusunda xeyli maraqlı əsərlər yazılıb. Əli Əmirlinin "Xeyir xəbər", Qəşəm Nəcəfzadənin "Ölüm o dünyada qaldı", Qafar Cəfərlinin "Şəhid bayrağı", Ülviyyə Heydərovanın "İnanıram", "Torpaqlar", Abdulla Qurbaninin "Məhbəsdə döyüş", mənim "Balaca kişilər", "Şuşanı al mənimçün" pyeslərim və başqa əsərlər bu mövzuda yazılan dram əsərləridir, bunların bir qismi də ölkə teatrlarında səhnələşdirilmişdir.
Eyni zamanda hələ də teatr səhnələrinə yol tapmayan xeyli pyeslər var ki, öz rejissorlarının yolunu gözləyir.
Bu məqamda mən Mədəniyyət Nazirliyinin fəaliyyətini xüsusi qeyd etmək istərdim. Zəfərdən sonra nazirlik tərəfindən iki dəfə Zəfər mövzusunda pyes müsabiqəsi keçirilib ki, burda xeyli yeni müəlliflərin zəfərə həsr olunmuş pyesləri cəmiyyətə təqdim olunmuşdu.
Pərviz Seyidli - "Killigil əfsanəsi", Aytac Məmmədli - "Aslan gözü", Hikmət Carçıyev - "Kimsəsiz", Nihad Qulamzadə - "Ruhun missiyası", Samirə Şükürova - "Ömürdən uzaqda", Şəbnəm Türbəndəzadə - "Əbədi ünvan" - bu əsərlər son müsabiqənin qalibləri olmuşlar.
Ümumilikdə onu deyə bilərik ki, həm nəsrimizdə, həm də dramaturgiyamızda Zəfər mövzusuna münasibət hələ ki, ilk mərhələdə - yəni patriotik vətənpərvərlik mərhələsindədir. Şübhəsiz ki, bir neçə ildən sonra artıq ikinci mərhələdə - müharibə və zəfər mövzusuna psixoloji, hətta tənqidi və digər aspektlərdən yanaşılan və fərqli poetik üslublarda qələmə alınan nəsr və dram əsərlərini müşahidə edəcəyik..
İndiki dövrdə bu cür fərqli münasibəti mən Əli Əmirlinin "Xeyir xəbər" pyesində müşahidə eləmişəm. Pyesin mövzusu qəhrəman şəhid atası olduğuna görə cəmiyyətdə xüsusi hörmət qazanan və müəyyən vaxtdan sonra bu imtiyazlara öyrəşən, istifadə eləməyə çalışan bir şəxsin üzərində qurulub. Mövzuya bu fərqli yanaşma artıq yazıçının hadisələri bir planda yox, müxtəlif rakurslardan görmək bacarığını nümayiş etdirir.
Bu məqamda bu mövzuda əsərləri araşdıran tənqidçilərimizin fəaliyyətini də xüsusi qiymətləndirmək istəyirəm. Milli Elmlər Akademiyasının alimləri, həm də AYB-nin orqanlarında çalışan tənqidçilər bu mövzuda yazılan əsərlərin araşdırılmasına xüsusi diqqət ayırıblar, akademik Tehran Əlişanoğlu, elmlər doktoru Vaqif Yusifli, Elnarə Akimova, Azər Turan, Südabə Ağabalayevanın, Əsəd Cahangirin və digər qələm sahiblərimizin yazıları diqqət çəkir. Ələlxüsus, Vaqif Yusifliyə "Qarabağ şeirimizdə, nəsrimizdə" kitabına görə xüsusi təşəkkür eləmək istəyirəm ki, orda bu mövzuda yazılan bir neçə nəsr əsərinin geniş və dərin təhlilini verib. Bundan əlavə, Milli Elmlər Akademiyasında və başqa elm-təhsil müəssisələrində bu mövzuya həsr olunmuş neçə-neçə elmi konfranslar keçirilib.
Zaman keçdikcə zənnimcə, fərqli baxışlar nümayiş etdirən əsərlər daha da çoxalacaq və ədəbiyyatımız daha fərqli və maraqlı əsərlərlə zənginləşəcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
