"Qarabağ savaşı ədəbiyyatımızda" konfransında çıxış - Elçin HÜSEYNBƏYLİ

 

Ədəbi ictimaiyyətə yaxşı məlumdur ki, Qarabağ savaşı başlayandan qələm adamları yorulmadan bu barədə əsərlər yazıblar və yazmaqdan yorulmayıblar. İstər məğlub durumda olanda (1994-2020), istərsə də 44 günlük zəfərimiz zamanı (2020),  eləcə də 24 saatlıq (2023) antiterror əməliyyatlarımızdan sonra da qələm çalmaqda davam edirlər.

Təəssüf ki, ədəbiyyat indi elə də populyar olmadığından, kitabların tirajı az olduğundan bəziləri bu əsərləri ya oxuya bilmir, ya da oxumaq istəmir. Amma yeri gəldi-gəlmədi, yazıçı və şairlərimizi Qarabağla bağlı maraqlı əsər yazmamaqda günahlandırırlar. Ancaq onlar unutmamalıdırlar ki, Qarabağ savaşının daim diqqətdə olması, ictimaiyyətin müxtəlif təbəqələrində Qarabağ yaddaşının, vərənpərvərlik hissinin gücləndirilməsində onların rolu danılmazdır.

Hansı tərəfə çevirirsən-çevir, hansı rakursdan baxırsan-bax,  müharibə fəlakətdir və qələm adamlarımız bunu heç zaman unutmayıblar. Düzdür, bu əsərlərin, kitabların hamısı yüksək bədii dəyərə malik deyil, amma elə dəyərli əsərlər var ki, onlar təkcə ölkəmizdə yox, həm də onun hüdudlarından kənarda tanınıblar: həm müxtəlif antologiyalar halında, həm də fərdi yaradıcılıq baxımından.

Bəzən adamda elə təsəvvür yaranır ki, kimlərsə yazıçı və şairlərimizi gözdən salmaq, xalqla, dövlətlə, ordu ilə aralarında problem yaratmaq istəyir. Amma bu, uğursuz variantdır.

İndi bu konfransı keçirməyimizdə də məqsəd "nəyimiz var, nəyimiz yox?" prizmasından çıxış etmək, bura toplaşan qələm adamlarının fikirlərini dinləməkdir.

Konfransla bərabər, foyedə  Qarabağ savaşımızla bağlı kitabların da sərgisi keçirilir və iştirakçılar onlarla tanış ola bilərlər.

Mən adlar sadalamadım, çünki məruzəçilərimiz bu barədə ətraflı məlumat verəcəklər.

Biz kimin nə və necə yazdığını yox, əlimizdə olanları və qarşımızda duran problemləri çözməkdə maraqlıyıq.

Hal-hazırda bu istiqamətdə çoxsaylı layihələrimiz mövcuddur və zaman-zaman ədəbi ictimaiyyətə bu barədə məlumat verilir və bu proses davam edəcək.

Çıxışımın sonunda alışıb-yanan, təhdidedici və təcavüzlə dolu dünyada, xalqımıza, türk qövmünə, bəşəriyyətin ağılla düşünən insanlarına, toplumlarına əmin-amanlıq və sülh arzulayır, zülmkarlara lənət diləyirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!