Xoş təsadüfləri sevirəm və əminliklə deyə bilərəm ki, bütün təsadüflər illərlə rastlaşdığımız, şahidi olduğumuz hadisələrin davamı, nəticəsidir. 1996-cı il oktyabr ayının son günləri idi. Hüseyn Cavid məqbərəsinin açılış mərasimi Naxçıvanda böyük izdihama, sevincə səbəb olmuşdu. Turan xanım Cavidin şəxsi dəvəti ilə mənə məqbərənin açılışında iştirak etmək səadətini yaşamaq nəsib oldu. Üç gün davam edən möhtəşəm tədbirlərin biri Naxçıvan Dövlət Dram Teatrında keçirilirdi. Şeirlərini sevə-sevə oxuduğum Şahmar Əkbərzadəni zalda görcək çox sevindim. Salam verib boş oturacaq axtarışıyla ətrafa baxırdım ki, "Gəl, gəl əyləş, qızım", dedi. Tədbirin gedişatı zamanı Şahmar müəllim səmtini azca mənə tərəf çevirib şeir söyləməyə başlayanda öncə təlaşlandım, ancaq bu, an məsələsi oldu. Elə ilk sətirlər - "Kəcavən mübarək, toyun mübarək!" misraları məni elə duyğulandırdı ki... Bəli, şeir Hüseyn Cavid türbəsinin açılışından bir neçə gün öncə Mişkinaz Cavidin iyirmi il sonra nəşinin Naxçıvana gətirilərək Cavid əfəndinin 1982-ci ildə uzaq Sibirdən gətirilən nəşiylə qovuşması ilə əlaqədar yazılmışdı. Şeir bitəndə başımı qaldırıb təşəkkür etdim və Şahmar müəllimin gözlərindən axan yaş və baxışlarının uzaqlara dikilməsi məni elə kövrəltdi ki... başını azca tərpədərək qarşılıq verdi. Bundan sonra zaldakı çıxışları eşitsəm də, anlaya bilmirdim, elə oradaca ruhuma hopmuş "Kəcavən mübarək, toyun mübarək!" misraları məni məndən almışdı.
Məzardan məzara gəlin köçürsən,
Kəcavən mübarək, toyun mübarək...
Qan qana qovuşan gün deyil bu gün,
Sibirdə içildi qanı Cavidin.
Toyudur sürgündə donan sümüyün,
Bu gün açılacaq donu Cavidin.
İllər keçdi. 1999-cu ilin gözəl bir payız axşamı uca Tanrım lütf edib ocağımıza nur ələmişdi. Güneymizdən dünya şöhrətli cərrah, alim doktor Cavad Heyət, böyük alim-cərrah, professor Nurəddin Rza və xanımı, çagdaş ədəbiyyatımızın nəhəng simaları - Bəxtiyar Vahabzadə və Şahmar Əkbərzadə qonaq gəlmişdi. Bir neçə dəfə ''Ay qızım, sən də bir əyləş" - deyilsə də, sayğı əlaməti olaraq elə masanın yaxınlığında dayanıb söhbətə maraqla qulaq asır və eşitdiklərimi hafizəmdə saxlamağa çalışırdım. Bəxtiyar müəllimin dəvətiylə ilk dəfə bizə qonaq gələn Şahmar Əkbərzadə Naxçıvandakı həmin görüşü xatırlatdı. Cavad Heyətin təklifi ilə böyük şairimiz şeiri səsləndirdi və gələrkən gətirdiyi kitabını imzası ilə hədiyyə etdi. Ailə arxivimizdə həmin gecə çəkdirdiyimiz fotonu bu günə qədər qoruyub saxlamışam. İllər sonra bu gün də xatırladıqca özümə həsəd apardığım, qulaqlarımın ucuna qədər həyəcandan qızardığım o mübarək gecəni bir başqa yanğıyla xatırlayacağımı təsəvvür etməzdim və əlbəttə, bu iki görüşün zərurətdən doğan xoş təsadüf olduğuna inanırdım.

İllər sonra yenə xoş bir təsadüf... Bir yas mərasimində Şahmar Əkbərzadənin ömür-gün yoldaşı Mələk xanımla rastlaşdım. Böyük şairimiz artıq dünyasını dəyişmişdi. Mələk xanım məclisdəki cavan xanımlara: "Ay gözəl xanımlar, nə qədər ki, evinizin çırağı, başınızın tacı ərləriniz sağdır, qədrini bilin, nə olur-olsun, heç vaxt küsülü qalmayın", - deyib gözəl bir şeir oxudu.
Ayırar bu dünya bizi nə vaxtsa
Burax inadını, ay ömrüm, günüm,
Çəkilər göylərə harayım, ünüm.
Dolaşar qəfildən ömür düyünüm,
Ayırar bu dünya bizi nə vaxtsa.
Dağlayar qəlbini, dağlayar dağ-dağ
Sinəmdə əcəlin çatdığı ocaq.
Tüstüsü gözünü yandırar ancaq,
Üşüdər qəlbini közü nə vaxtsa.
Ha səslən, dağılmaz əbədi yuxum,
Burnunun ucunu göynədər qoxum.
Çarpaz dağlar çəkər sənə yoxluğum,
Çiləyər yarana duzu nə vaxtsa.
Düşər xatirələr yadına bir-bir,
Yanarsan günlərin oduna bir-bir.
Əsər əsim-əsim, titrəyər tir-tir,
Sınar qürurunun dizi nə vaxtsa.
Bəxtin gözlənilməz günlə rastlaşar,
Odun da, közün də Şahmarsızlaşar,
Dadın da, duzun da Şahmarsızlaşar,
Ayırar bu dünya bizi nə vaxtsa.
Şeir məni uşaqlıq, yeniyetmə çağlarıma apardı... Axı mən də şair ailəsində böyümüşdüm. Atamın çox erkən dünyadan köçən anama həsr etdiyi şeirləri və daha nələri, nələri xatırladım. Xatirələr məni elə uzaqlara apardı ki, Mələk xanımla yaxından tanış ola bilmədim. Ancaq içimdəki susmayan səs "Darıxma, Jalə, sizi mütləq görüşdürəcəyəm", - dedi.
Yenə illər keçdi, bu dəfə çox, lap çox. Tanrı bu dəfə lütf etdi, böyük şairimiz Şahmar Əkbərzadənin ocağında qonaq oldum. Təsadüfmü? Əlbəttə ki, yox. Evlərinin astanasındaca ata ocağımın ab-havasını, ətrini duydum. Üçüncü gəlişimdən sonra Şahmar Əkbərzadə ocağına bir övlad kimi, bacı kimi bağlandım, bir hikmət xəzinəsi tapdım bu ocaqda. Və bu hikmət xəzinəsinin sahibi adı özünə, özü adına yaraşan, ən çarəsiz dərdlərin ən gözəl məlhəmi Mələk xanıma aid. Elə ilk söhbətimizdən anlamışdım ki, həyata, insanlara, milli-mənəvi dəyərlərə münasibətindəki zənginliyin kökündə, mənən zəngin soyu, kökü ilə bağlı olmalıdır. Yanılmamışdım. Hər gəlişimdə Mələk xanımın sayğıyla, həvəslə söhbət açdığı xatirələri dinlədikcə zamanın necə keçdiyinin fərqində olmursan. Yaşanmış xatirələr ən çox ulu baba-nənələrimizdən, onların bizlərə miras qoyduğu, bu gün də balalarımıza, nəvələrimizə sevə-sevə danışdığımız şirin nağıl kimi xatirələrdir.
Sovet hökumətinin təzə qurulan vaxtları idi. Qırmızıpapaqlılar Bəyləri sürgün etməklə ürəkləri soyumayıb, illərlə sahib olduqları var-dövlətlərini də sorğu-sualsız sovet hökumətinə təhvil verirdi. Qara əllər Qarabağ mahalında mərdliyi, qeyrəti ilə camaatın hörmətini qazanan Əliş bəyin də halal, isti ocağından yan keçmədi, onun da qapısını döydü. Qazaxıstanın Çimkənd vilayətinə sürgün edilən Əliş bəy iki balasını və canından artıq sevdiyi Mələk xanımı Allaha əmanət edir.

Bu minvalla Əliş bəyın şəxsi əmlakından bir evdən başqa heç nə qoymamışdı yeni hökumət. Ancaq Mələk xanım bircə dəfə də köks ötürmədi. Hər gün gözləri yolda, Əlişindən məktub gözləyirdi. Bu minvalla məşəqqət dolu günlər ötüb keçirdi. Bir gün kətmən çiynində həyətə yaxınlaşan Mələk xanım evin qarşısındakı iri çinar ağacının dibindən kəsilib doğranmasını görüncə sanki dünyası çökür. Kənd arvadlarından biri ürəklənib soruşur: "Ay Mələk, ay qurban olum, topdağıtmaz malın-mülkün getdi, cınqırını da çıxartmadın, indi bir ağac səni niyə belə yerlə-yeksan elədi?" Heç kəsə məhəl qoymayan Mələk xanım azca toxdayandan sonra üzünü baltalanmış çinara tərəf tutub deyir: "Ay elim-günüm, məni qınamayın. Var-dövlət bir gün var, bir gün də heç olmasa, nə olar ki? Bu qoca çinarın kitablara, dillərə sığmayan xatirələri var. Əliş gəlib hər şeyi yoluna qoya biləcək, bir bu çinardan başqa..." Bu hadisədən sonra nənəm Mələk xanımın üzünü gülən görmədi heç kəs.
P.S. Günlərdir ki, mən də bu örnək xatirənin təsirindən çıxa bilmirəm. Hər kəlməsində Şahmar Əkbərzadənin nəbzi vuran Mələk xanımı dinlədikcə bir daha əmin oldum ki, elə insanlar var ki, onların bu dünyadan köç etməsi heç də ayrılıq anlamına gəlmir. Bir gözəl deyim var: "İnsan unudularsa ölür".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
