Əsmətxanım Məmmədova-85! Bu rəqəm onun gördüyü işlərin böyüklüyünə görə çox kiçik görünür. Yaşadığı illər sadəcə say deyil, hər biri elmin, mədəniyyətin, ailə sevgisinin və vətənə bağlılığın mərhələsidir - dərin izlər qoymuş bir ömrün sətirləri yalnız rəqəmlərlə ölçülə bilməz.
Adətən, adında "xanım" sözü olan qadınlara müraciət etmək bir qədər çətinlik yaradır, çünki bu ifadənin özü özlüyündə bir ehtiram bildirir. Amma Əsmətxanımda bu müraciət sadəcə bir ad deyil, mahiyyətdir: paklıq, təmizlik, ismət, iffət, günahdan uzaq olma, mənəvi saflıq və əxlaqi təmizlik. Elə bil ona bu ad verilərkən xanımlığın bütün incəliklərini də Tanrı taleyinə yazıb. Bu gün o, yalnız adı ilə deyil, varlığı ilə xanımdır - dostluqda, davranışında, münasibətində. Əsmətxanım elm aləminin savadı ilə seçilən, intellekti ilə qəbul edilən, kübarlığı ilə yadda qalan xanımıdır.
.jpg)
Bəzən insanın taleyi bir xatirədən başlayır - bir ad, bir yaddaş onu gələcək həyatın istiqamətinə yönəldir. Əsmətxanım Məmmədovanın həyatı da belə yaddaşdan doğan bir yol, sonralar elmə yönəlmiş ehtiramın və sədaqətin rəmzidir. O, 1941-ci ildə Bakı kəndlərinin birində dünyaya göz açanda taleyinin yolları yazılmağa başladı: anasının tövsiyəsi ilə fars və ərəb dillərini öyrənməyə yönəlməsi sadəcə bir seçim deyil, repressiya qurbanı olmuş, öz dövrünün ziyalısı - ana babası Əbdülqasım Şəkərzadənin xatirəsinə hörmət idi. Bu ehtiram zamanla peşəyə, peşə isə ömrün mənasına çevrildi.
1960-1965-ci illər onun həyatında yalnız tələbəlik dövrü deyil, gələcəyin çox tanınacaq aliminin yetişəcəyi bir zaman idi. O, təhsildə göstərdiyi yüksək nəticələrlə yanaşı, universitetin ictimai-siyasi həyatında da fəal iştirak edirdi. Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri kimi bu biliyin cəmiyyətə necə xidmət etməli olduğunu öyrənirdi. Universiteti fərqlənmə diplomu ilə bitirməsi sadəcə bir uğur yox, vaxtı ilə düzgün seçilmiş yolun təsdiqi idi. Elmi Şuranın qərarı ilə kafedrada saxlanılması isə onun gələcək elmi fəaliyyətinin başlanğıcı oldu. 1966-cı ildə AMEA Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olan Əsmətxanım Məmmədova artıq öz elmi istiqamətini dəqiq müəyyənləşdirmişdi.
1972-ci ildə müdafiə etdiyi "Fars dili söz vurğusunun fonetik təbiəti və yeri" mövzusunda namizədlik dissertasiyası onun elmi dünyagörüşünün dərinliyini və dəqiqliyini göstərirdi. Bu iş sadəcə bir tədqiqat deyil, dilin səslərində gizlənən incəliklərin elmi təfsiri idi. Onun fəaliyyəti yalnız elmi çərçivə ilə məhdudlaşmadı. Əsmətxanım Məmmədova fəaliyyətin başqa bir missiyasını da - tərcümə işini də üzərinə götürdü. Müasir fars nəsrinin onlarca nümunəsini Azərbaycan oxucusuna çatdırmaqla, iki mədəniyyət arasında mənəvi körpü qurdu. "Məhəmməd peyğəmbərin (s.ə.s.) həyatı", "Uhud müharibəsi", "Həzrəti Əli ibn Əbutalibin (ə.s.) həyatı", "İmam Həsənin (ə.s.) həyatı və yaşadığı dövr", "Xanımlar xanımı Fatimeyi-Zəhra (s.ə.)", "Həzrəti Əlinin (ə.s.) hökmləri" adlı əsərlər bu körpünün möhkəm sütunlarıdır. Sonrakı illərdə isə bu missiya daha da genişləndi. "Çillə gecəsinin nağılları", "Mövludu ağanın çantası", "Hekayələr toplusu", "Son dayanacaq", "Bənövşələr zərifliyində atəş", "Bal şirinliyində hekayə" kimi müxtəlif janrlı əsərlərin tərcüməsi onun yaradıcılıq diapozonunun genişliyini göstərdi. Həmçinin, N.Eskuyi və B.Bamdadinin "Nizami və Azərbaycan üslubu" adlı geniş məqalələrinin tərcüməsi onun elmi maraqlarının dərin qatlarına işarə edirdi.
Yaradıcılıq axtarışlarında xüsusi bir istiqamət də var - Nizami Gəncəvinin bədii irsi. Bu maraq təsadüfi deyil. Əsmətxanım Məmmədova üçün Nizami yalnız bir şair deyil, milli kimliyin poetik ifadəsidir. Onun əsərlərinin orijinal mətn əsasında araşdırılması bu kimliyin daha aydın və əsaslı şəkildə təqdim olunmasına xidmət edir.
Beləcə, bir vaxtlar bir xatirədən doğan yol zamanla bütöv bir ömrün mənasına çevrildi. Əsmətxanım Məmmədova yalnız elmi fəaliyyət göstərən bir alim deyil, yaddaşı yaşadan, mədəniyyətləri birləşdirən və sözün dərin qatlarında gizlənən həqiqətləri üzə çıxaran bir zaman daşıyıcısıdır. Elmin səbirli dünyasında yetişən bu obraz zamanla ictimai həyatın da diqqət mərkəzinə çevrildi. Əsmətxanım Məmmədova yalnız kitabların, tərcümələrin, dillərin əhatəsində qalan bir alim olmadı: sözün cəmiyyətə təsir gücünü də dərindən dərk edən bir ziyalı kimi fərqləndi. Müstəqilliyimizin ilk illərində, dövlətin yeni quruluşunun formalaşdığı mürəkkəb və taleyüklü bir dövrdə o, məsuliyyətli bir missiyanı öz üzərinə götürdü. I çağırış (1995-2000) və II çağırış (2000-2005) Milli Məclisin deputatı kimi fəaliyyət göstərərək, Mədəniyyət və Regional Məsələlər komissiyalarında ölkənin ictimai-mədəni inkişafına öz töhfəsini verdi. Bu fəaliyyət onun yalnız elmi deyil, həm də dövlətçilik düşüncəsinin daşıyıcısı olduğunu bir daha təsdiqlədi. Eyni zamanda müxtəlif ölkələrlə parlamentlərarası dostluq cəmiyyətlərində təmsil olunması onun dünyaya açılan üfüqlərinin genişliyindən xəbər verirdi. Bu, sadəcə, diplomatik münasibətlər çərçivəsində iştirak deyildi, mədəniyyətlərin dialoqundan körpülər quran bir insanın davam edən missiyası idi.
İnsanı yalnız fəaliyyəti ilə deyil, onu tamamlayan dəyərlərlə tanıyırlar. Əsmətxanım Məmmədovanın həyatı da təkcə elm və ictimai fəaliyyətlə ölçülmür, o, eyni zamanda səmimiyyətin və sağlam bir ocağın - ailənin yolgöstərənidir. Ailə sevincinin - dörd övladın və on bir nəvənin səsi ilə yaşayan bu dünya ömrün ən şirin anlarını özündə yaşadır: atalı, analı, nənəli və nəvəli bir aləm. Bu ailənin yaddaşında isə xüsusi bir fəxarət - hələ 19 yaşında I Qarabağ müharibəsinin ön cəbhələrində könüllü olaraq vuruşmuş Fərid bir ananın qüruru, bir ömrün ən ağır, amma ən uca məqamına yüksəlmiş Vətən oğludur!. Əsmətxanım üçün bu fəxr yalnız şəxsi bir duyğu deyil, həm də vətənə bağlılığın, yetişdirdiyi nəslin mənəvi davamının canlı təcəssümüdür.
Həyatın ən gözəl tərəflərindən biri görünməz bağlardır: yaş fərqinin çərçivəsini aşan, əqidə amalı ilə ruhən yaxın olan insanların dostluğu. Kiçiklərin böyüklərlə dostluğu haqqında çox deyilib, çox yazılıb. Amma bu ali məqamın canlı təcəssümünü görmək hər kəsə nəsib olmur. Bu mənada, Əsmətxanım Məmmədova sadəcə bir nümunə deyil, bu dəyərin daşıyıcısıdır. Yaşca özündən kiçiklərə heç zaman yuxarıdan baxan bir mövqedə dayanmamış, əksinə, onların düşüncəsinə, axtarışlarına hörmətlə yanaşmış, intellekti, zəngin biliyi ilə yol göstərmiş və bunu hər zaman səmimiyyət və mehribanlıqla etmişdir. Elm yolunda addımlayanlara dəstək olmaq onun üçün bir vəzifə yox, daxili ehtiyacdır. Bu münasibətlərin ən gözəl nümunələrindən biri dünyasını erkən dəyişmiş, təsəvvüf sahəsində əvəzolunmaz alimlərdən biri, filologiya elmləri doktoru Nəzakət Məmmədli ilə qurduğu bağlardır. Bu dostluq zamanın sınağından çıxmış, qarşılıqlı ehtiram və hörmətlə möhkəmlənmiş bir yol yoldaşlığına çevrilmişdi. Onlar yalnız gündəlik həyatın deyil, eyni zamanda ruhun və düşüncənin ən mürəkkəb qatlarına aparan bir yolun - təsəvvüfün müqəddəs yolunun yolçuları olmuşlar. Bu yol asan deyildi, səbir, dərin düşüncə və daxili zikr tələb edirdi. Əsmətxanım və Nəzakət bu çətin yolda bir-birinə dayaq olmuş, amallarını daha mənalı və işıqlı etmişlər.
İllər ötür, zaman öz səssiz axarı ilə yaşananları vərəqləyir, Əsmətxanımın 85 yaşı tamam olur. Bu, sadəcə bir rəqəm deyil - mübarizələrlə yoğrulmuş mənalı bir ömrün mərhələsidir. Həyat yolu doğma xalqının tərəqqisinə həsr olunmuş, fərəhli və yaddaqalan hadisələrlə zəngin bir salnamədir. Tanıyanlar üçün Əsmətxanım yalnız alim, ictimai xadim və ya müəllim deyil, yaddaşı yaşadan, milli-mənəvi dəyərləri qoruyan, sədaqəti və zəhməti ilə seçilən, ən əsası, gələcək nəsillərin də bu yolda irəliləyə bilməsi üçün iz qoymağı bacaran nadir insanlardandır.
Əsmətxanım Məmmədovanın tərcümeyi-halı ilə tanış olduqca anlayırsan ki, yazılanlar onu ifadə etməyə yetmir, o, sətirlərin fövqündə daha böyük, daha uca bir məqamda dayanır - ömrü rəqəmlərə sığmır! Əsmətxanımı yaşadan yalnız keçmişi, yalnız tarixlər və hadisələr ardıcıllığı deyil, ömrünün mənası, dərinliyidir - 85 illik zaman çərçivəsi də bu ömrü ehtiva edə bilmir. Tanrı onu hələ tamamlanmamış daha böyük işlərə və bir insan ömrünün zamana sığmayan sərhədlərini adlamağa səsləyir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
