Varis ədəbiyyata 2008-ci ildə debüt romanı "Sonuncu ölən ümidlərdir" ilə gəldi. Romanın ən güclü tərəfi psixoloji dərinliyi və sərt reallığı özündə birləşdirməsidir. Onun qəhrəmanları kağız üzərində doğulmur - onlar sanki yanımızda yaşayır, bizimlə birgə nəfəs alır. Hadisələr elə təsvir olunur ki, oxucu özünü o məkanın içində, hadisələrin mərkəzində hiss edir. "Sonuncu ölən ümidlərdir"də Nailənin qələbəsini, "Yol ayrıcında azıb qalanlar"da Cəfərin Simanı bağışlamasını düşünmürəm ki, kimsə təxmin edə bilə. Bu gözlənilməz sonluqlar təkcə süjet hiyləsi deyil; onlar həyatın özünün gözlənilməzliyini xatırladır. Bu kitablarda əsas cəhət qəhrəmanların transformasiyasıdır. Romanın əvvəlində tanış olduğumuz insanla səhifələrin sonunda qarşılaşdığımız insan arasında uçurum yaranır. Bu uçurum bəzən yeni bir həyatın başlanğıcı olur, bəzən də son. Məsələn, İnarə və Ramil ("Yol ayrıcında azıb qalanlar") kənar təzyiqlərə, cəmiyyətin qadağalarına qarşı mübarizə aparır, bütün imkanları dəyərləndirməyə çalışır, amma sonda əzilir, xoşbəxt ola bilmirlər. Bu, klassik məğlubiyyət kimi görünür. Buradakı məğlubiyyət də özündə dərin məna ehtiva edir. Bəlkə də o məğlubiyyətin içində kiçik bir qalibiyyət var ki, oxucu onu duymalıdır. "Uzaqdan gələn yağış" romanı isə tamam fərqli bir nümunədir. Ayla və İsmayıl ailənin, cəmiyyətin basqısına tab gətirə bilmir və özləri üçün seçdikləri sonla həyatı tərk edirlər. İlk baxışda bu, tam məğlubiyyətdir. Lakin ən böyük mesaj da məhz buradadır: onların ölümü illər sonra başqa bir cütlüyün xoşbəxtliyinə səbəb olur. Beləliklə, fiziki ölüm mənəvi qələbəyə çevrilir. Təhkiyəçi sanki oxucuya deyir: "Hər sonu məğlubiyyət sayma. Hər məğlubiyyət də son deyil". Həyatda bəzən ən böyük qələbələr məhz məğlubiyyət libasında gəlir.
"Sonuncu ölən ümidlərdir"
Varisin ilk romanı olan "Sonuncu ölən ümidlərdir" (2008) çox vaxt xalq yazıçısı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" (1974) romanı ilə müqayisə olunur. Hər iki əsərdə Azərbaycan cəmiyyətində qadının mövqeyi, sevgi ilə cəmiyyət təzyiqi arasındakı faciəli toqquşma, kişinin zəifliyi və qadının bu zəifliyin qurbanı olması ortaq mövzudur. Ancaq iki əsər arasındakı 34 illik fərqə baxmayaraq, dəyişən çox az şey olduğunu görürük. Hətta 2026-cı ildə də vəziyyətin dəyişdiyini demək düzgün olmaz. Bu müqayisə hər iki romandakı problemin dərinliyini və aktuallığını daha qabarıq şəkildə ortaya qoyur.
Nailə və Təhminə:
fərqli dövr qadınlarının ortaq taleyi
"Sonuncu ölən ümidlərdir" romanının baş qəhrəmanı Nailə atasız ailənin böyük qızıdır. Kiçik yaşlarından çiynində bütün ailənin yükü olan, "kişi" rolunu oynamağa məcbur edilən qızdır. Yoxsulluq, səfalət, məsuliyyət onu erkən yaşda böyüdür, amma qəlbində hələ də bir qızcığaz qalır. Onun yeganə təsəllisi, həyatına məna verən tək insan İlqardır. İlqar Nailəni həqiqətən, sevir, gələcək planları qurur, amma öz rahat həyatından, ailəsinin təzyiqindən qurtula bilmir və başqa qızla evlənir. Nailə üçün bu, sadəcə sevgilisini itirmək deyil - həyatın mənasını itirməkdir. İlqarın gedişindən sonra Nailə qəddar qərar verir: ailəsini dolandırmaq üçün yaşlı, varlı müdirinin məşuqəsi olmağa razılaşır. Bu onun həyata, İlqara, taleyə vurduğu ilk şillədir. Zaman keçdikcə Nailə qadınlığını, hisslərini itirir, daşlaşır. Artıq özü üçün, xoşbəxtliyi üçün yox, ailəsi üçün var idi. Çünki İlqarsız həyat düşünə bilmirdi. Bəlkə anasını, bacısını itirsəydi, bu qədər ağrı verməzdi. Ən azından İlqar təsəlli edərdi. Amma İlqarın yerini heç kim tuta bilməzdi.
Anarın Təhminəsi isə tamam fərqli görünür: azad ruhlu, gözəl, cəsarətli, "fahişə" damğası vurulan qadın. O, cəmiyyətin qınağına, dedi-qoduya əhəmiyyət vermir, sevgini "iki nəfərin şəxsi işi" sayır. Onu yalnız Zaur başa düşür - yaxud belə görünür. Zaur da İlqar kimi cəmiyyətin, anasının, ətrafın təzyiqinə tab gətirmir, Təhminəni tərk edir. Təhminə Zaurun getməsinə hər zaman ehtimal versə də, bir gün həqiqətən, gedəcəyini düşünmürdü və buna hazır deyildi. Zaurun gedişi əvvəlki Təhminədən əsər-əlamət qoymadı.
İki qadın sevgilisini eyni səbəbdən - kişinin cəmiyyət qarşısında zəifliyi ucbatından itirir. Lakin sonrakı taleləri fərqlidir. Sevgililərini itirməmişdən əvvələ baxsaq, müqayisə aparsaq, deyə bilərik ki, Təhminə Nailədən qat-qat güclüdür. Nailə sakit, zəif qızcığaz, Təhminə isə öz ayaqları üstündə duran, məsuliyyət alan qadın idi. Lakin ayrılıqdan sonra qadınlar rol dəyişir. Təhminə Zaurun gedişini qəbul edə bilmir. Onu məhv edən cəmiyyətin "fahişə" damğası yox, məhz sevdiyi adamın onu tərk etməsidir. O, yaşamağa davam edir, amma ruhən çoxdan ölmüşdü. Sonu isə gözlənilən idi. Özünün də dediyi kimi, Təhminə Zaursuz yaşaya bilmədi, həyatla mübarizədə məğlub oldu.
Nailə isə təhlükəli sınaqlarla üzləşir. Həbs, pulun əlinə keçməsi, yeni həyat şansı... O, güclənir. Artıq yorğanın altına girib İlqar üçün ağlayan qız deyil - ailəsinin yükünü tam şəkildə daşıyan qadındır.
Romanın ən böyük twist-i də buradadır: illər sonra Nailə İlqarla təsadüfən qarşılaşır. Daha doğrusu, Nailə özü illər əvvəl onu tərk edən İlqarın ailəsini, yaşayışını görmək və intiqam almaq istəyir. Lakin Nailə intiqam ala, İlqarın yoldaşı Səidəni o biabırçı vəziyyətə sala bilmir. Bu günlər Nailənin ən çətin və son sınağı idi: İlqar sınağı. Nailə İlqara nifrət etsə də, onun ucbatından həyatı məhv olsa da, Nailə İlqar üçün darıxmışdı. Nailə illər sonra ilk dəfə qadın olduğunu hiss etmişdi. Onlar bir otaqda, bir yataqda olurlar. Oxucu (mən də daxil) burada ürəyi sıxılır: "Yox, Nailə, bu qədər əziyyət boşuna olmasın!" Amma Nailə intiqam almır, Səidəni biabır etmir. Nailə ümumiyyətlə bu sınaqdan tamam üzüağ çıxır. Burada qala bilməzdi. Çünki çox yaxşı bilirdi ki, İlqar onu özünə çəkəcək. Çünki İlqar onun Nailə olduğunu bilməsə də, onda Nailə elementlərini tapmış, illər əvvəlki sevgilisinin həsrətini belə yatırmağa çalışırdı. Və Nailə lazım olanı edir, ölkədən gedir.
Təhminə XX əsrin 70-ci illərində məğlub olur, Nailə 2000-ci illərin sonunda qalib gəlir. Cəmiyyət hələ də eynidir: daşlaşmış adətlər, qadına yüklənən ağır yük, kişinin zəifliyi, ailə təzyiqi... Amma Nailə sübut edir ki, qadın bu yükü daşıya-daşıya həm də özünü xilas edə bilər. O, minlərlə qadına ümid olur.
Varis 2008-ci ildə debüt romanının adına "Sonuncu ölən ümidlərdir" qoyaraq ədəbiyyata gəldi. 2026-cı ildə də bu cümlə aktualdır. Çünki Nailə kimi qadınlar hələ də var. Onlar məğlub olmur, sadəcə yollarını dəyişirlər. Və sonuncu ölən doğrudan da, ümidlərdir...
"Əzilmiş fotoşəkillər"
"Əzilmiş fotoşəkillər" romanı oxucunu ilk səhifədən faciəyə sürükləyir. Bu, təkcə bir sevgi hekayəsi deyil; bu, cəmiyyətin sinfi uçurumunun, ailə təzyiqinin və qadın taleyinin qırılma nöqtəsinin dəhşətli portretidir. Ramil və İnarə universitet illərində tanış olub bir-birini sevən iki gəncdir. O vaxtlar sevgi hər şeyi ört-basdır edir: nə Ramili kasıb ailədən olması, nə də İnarənin varlı, "yuxarı təbəqə"dən gəlməsi onlara mane olur. Gənclik, eşq, ortaq xəyallar... Hər şey gözəl görünür. Ancaq universitet bitir, evlilik gəlir və sevgi birdən-birə real həyatın sınaqları ilə üzləşir. Evlilik məsuliyyəti, işsizlik, kasıblıq, iki ailə arasındakı uçurum... İnarə sevdiyi üçün gəlib Ramilin yanına, amma gözlədiyi xoşbəxtlik əvəzinə qayğılar, sıxıntılar, utanc hissi ilə üzləşir. Keçmiş həyatının rahatlığı, atasının evindəki bolluq get-gedə yadından çıxmır, əksinə, daha kəskin xatırlanır. İnarə peşman deyil, amma xoşbəxt də deyil. Bu yarımxoşbəxtlik, bu "nə orda, nə burda" vəziyyəti onu içindən yeyir. Ramil isə çarəsizdir. Sevdiyi qadının gözləri önündə yavaş-yavaş solduğunu görür, amma əlindən heç nə gəlmir. İş tapa bilmir, pul qazana bilmir, kişiliyini sübut edə bilmir. Kasıblıq onu əzir, özünü günahkar hiss edir, amma bu günahı silmək gücü yoxdur. İnarənin keçmiş həyatının əksi kimi qonşuları Rza peyda olur: varlı, imkanlı, "hər şeyi həll edən" kişi. İnarə heç vaxt xəyanət etmək istəmir, hətta bu barədə ciddi düşünmür də. Amma qayğılar onu elə vəziyyətə salır ki, Rzaya qarşı müqaviməti zəifləyir. Bir gün Rza fürsətdən istifadə edib İnarəni zorlayır. Bu hadisə İnarənin həyatında suyu daşıran son damla olur. O, bu "ləkə" ilə nə atasının, nə də Ramilin üzünə baxa biləcəyini düşünür. Özünü günahkar sayır - halbuki günahkar deyil. Cəmiyyətin qadına yüklədiyi "namus" anlayışı məsələyə başqa cür baxmağa, İnarə tərəfdən baxmağa imkan vermir. Ona heç kim inanmayacaqdı və o tək çıxış yolunu özünü cəzalandırmaqda görür və intihar edir.
Romanın ən sarsıdıcı yerlərindən biri də İnarənin intiharının üstünün onun öz bacısı tərəfindən açılmasıdır. Bu detal da oxucuya ötürülən mesajdır: heç bir pislik, heç bir haqsızlıq əbədi gizli qalmır. Günah gizlənə bilər, amma vicdan, həqiqət gec-tez öz yolunu tapır. "Əzilmiş fotoşəkillər" təkcə bir qadının faciəsi deyil. Bu, sinfi fərqlərin sevgi üzərindən necə qəddar oyun oynadığının, qadının bu oyunlarda necə ən çox əzilənin, "yüz ölçüb bir biçmək" deyilən məsələnin bəzən sevgini də öldürdüyünün hekayəsidir. Burada oxucuya sual verilmir - cavab oxucunun üzünə çırpılır: real olaraq göstərilir ki, tək sevgi bəzən kifayət etmir. Bəzən sevgi hər şeyi qurban verməyə dəymir. Bundan əlavə, yenə qadın problemini, qadına yüklənən yükləri ön plana çəkir.
"Uzaqdan gələn yağış"
Kədərli, eyni zamanda ən ümidverici romanlarından biri də "Uzaqdan gələn yağış"dır. Bu əsər də, digər kitablar kimi, sevgi ilə məişət sıxıntılarını, sinfi fərqi və ailə təzyiqini bir-birindən ayırmır. Amma burada fərq odur ki, yazıçı ilk dəfə "məğlubiyyət" anlayışını alt-üst edir və oxucuya tamam fərqli bir nəticə təqdim edir: bəzən ən böyük qələbələr məhz "son" kimi görünən yerdə başlayır. Ayla və İsmayıl bir-birini dəlicəsinə sevirlər. Onların sevgisi o qədər təmiz və güclüdür ki, əvvəlcə heç bir maneəni gözləmirlər. Ancaq Aylanın ailəsi - xüsusilə də atası - İsmayılı "qızına layiq görmür". Səbəb sadədir: İsmayıl kasıb ailədəndir, imkanları məhduddur. Ayla isə atasının gözündə başqa səviyyədədir.
Ayla "Əzilmiş fotoşəkillər"dəki İnarədən fərqli olaraq peşman olmur. O, rahat həyatını, atasının evindəki bolluğa görə darıxsa da, İsmayılı seçir və sona qədər onunla gedir. Ailə təzyiqləri, qohumların qınağı, maddi çətinliklər, gələcək qorxusu... heç biri onları ayırmağa yetmir. Amma cəmiyyət və ailə o qədər amansızdır ki, gənclər bu dünyada birgə xoşbəxt ola bilməyəcəklərini anlayırlar. Beləliklə, onlar özləri üçün seçdikləri sonla - birgə intiharla - bu dünyanı tərk edirlər.
İlk baxışda bu, tam məğlubiyyət kimi görünür. Ancaq Ayla və İsmayılın ölümü illər sonra başqa bir cütlüyün - Şəhlanın və onun sevdiyi oğlanın - xoşbəxtliyinə səbəb olur. Aylanın atası qızının ölümündən sonra illərlə peşmançılıq çəkir, vicdan əzabı çəkir və nəhayət, Şəhlanın sevgisinə mane olmur. Beləliklə, Ayla və İsmayıl fiziki olaraq bu dünyada xoşbəxt ola bilməsələr də, ölümləri ilə başqa bir sevgi hekayəsini xilas edirlər.
Romandakı mesaj budur:
"Hər son məğlubiyyət olmadığı kimi hər məğlubiyyət də son deyil".
Ayla əbədi olaraq öz İsmayılına qovuşdu.
Ata-anası isə ömürlərinin sonuna qədər qızlarının seçiminə hörmət etməməyin ağırlığını çiyinlərində daşıyacaqlar. Amma artıq hər şey üçün çox gecdir. "Uzaqdan gələn yağış" kədərli bir sevgi hekayəsi deyil. Bu, sevginin hətta ölümün o tayında da qalib gələ biləcəyini sübut edən bir manifestdir. Yağış uzaqdan gəlir, amma gəlib çatanda hər şeyi təmizləyir; hətta ən daşlaşmış ürəkləri belə.
"Yol ayrıcında azıb qalanlar"
Bu əsərdə də yazarın sevimli üsulu - qəhrəmanların roman boyu tamamilə dəyişməsi - ən kəskin şəkildə özünü göstərir. Roman başlayanda qarşımızda "nümunəvi Azərbaycan ailəsi" dayanır: ana Sima - həkim, ata Cəfər - polis, zəhmli, sözü keçən, evinin Allahı sayılan kişi, bir də məktəbli qızları. Hər şey mükəmməl görünür. Amma bir anın içində bu mükəmməllik dağılır. Cəfər gözləmədiyi bir anda öyrənir ki, 16 ildir canından çox sevdiyi, "qızım" dediyi uşaq öz qızı deyil. Bu həqiqəti təsadüfən öyrənən Cəfər onu Simanın öz dilindən, jurnalist kimi dinləyir. Cəfərin içi alovlanır: nifrət, qəzəb, qisas hissi bir-birinə qarışır. Təhkiyəçi bizi yavaş-yavaş qətlə hazırlayır. Cəfər silahını götürəcək, Sima qadın qətli statistikasına düşəcək - belə gözləyirik. Çünki cəmiyyətimizdə belə halların "həlli" adətən budur.
Amma Cəfər Simaya toxunmur. Günlərlə qurduğu intiqam planlarını bir kənara qoyur, sakitcə qərar verir: Simanı evdən qovur və qızını özü ilə saxlayır. Bu qərar bəzi oxucuları "zəiflik" kimi qiymətləndirə bilər. Halbuki bu, ən böyük güc nümayişidir.
Cəfər düşünür:
- Simanı öldürsə, qatil olacaq, illərlə şərəflə xidmət etdiyi forma ləkələnəcək.
- Qızından ayrılacaq, 16 il "ata" dediyi uşağı bir anda "yad" edəcək.
- Qızının psixologiyası dağılacaq, gələcəyi məhv olacaq.
- Və ən əsası, o, qətllə özünü cəzalandırmış olacaq, Simanı yox.
Cəfər qərarını verir: cəzanı öz əli ilə vermir, taleyə buraxır. Bu, ilahi ədalətə inamın ən güclü təcəssümüdür. Rza cəzasını aldı, Aylanın atası aldı, İlqar aldı. İndi sıra Simadadır. Onun cəzası ömür boyu vicdan əzabı, qızından, evindən, keçmiş həyatından məhrum olmaqdır. Bu cəza insan əlindən daha ağır olur. Sima xəyanət etmişdi, amma onun səbəbi də sadəcə "şəhvət" deyildi. O, Cəfəri itirmək qorxusundan, bir anlıq zəiflikdən bu addımı atmışdı. Nəticəni isə heç vaxt düşünməmişdi. İndi hər şeyi itirmişdi - və bunu ən yaxşı özü bilirdi. Cəfər isə qızını bir an belə "yad" saymır. 16 il ona "ata" demiş, əlindən tutmuş, böyütmüşdü. Bioloji həqiqət bu sevgini silə bilməzdi. O, cəmiyyətin "namus təmizləmək" adı ilə qadını qətlə yetirmək adətinə meydan oxuyur.
"Kişilik, insanlıq namusu qanla yumaq yox, bir səhvin bütün ailəni məhv etməsinə yol verməməkdir. Xəyanətin cinsi olmur. Xəyanət şəxsiyyətsizlikdir, hörmətsizlikdir. Utanc xəyanət edənə məxsusdur, qurban olana yox".
Cəfər yol ayrıcında azmır.
O, ən çətin sınaqdan - insanlıq sınağından üzüağ çıxır.
Bu dörd böyük romanı ("Sonuncu ölən ümidlərdir", "Əzilmiş fotoşəkillər", "Uzaqdan gələn yağış", "Yol ayrıcında azıb qalanlar") bir-birindən fərqli görünsə də, əslində tək bir böyük tablonun parçalarıdır. Bu tablo Azərbaycanın bugünkü ruh halıdır: sinfi uçurum, qadın taleyi, kişi zəifliyi, ailə təzyiqi və bütün bunların içində sağ qalmağa çalışan sevgi və insanlıq. Bu romanların qəhrəmanları, xüsusilə də, qadın obrazları, bu gün də real həyatın davam edən ağrılarını daşımaqdadır.
Romanlarda mərkəzdə qadın dayanır: Nailə, İnarə, Ayla və Sima. Onların hər biri fərqli taleyə sahib olsa da, hamısını birləşdirən ortaq cəhət var: qadına qarşı cəmiyyət və kişilər tərəfindən tətbiq olunan ikili standart. Nailə ən ağır sınaqlardan keçərək qalib çıxır və ölkəni tərk edir, İnarə zorakılığın qurbanına çevrilir və intihar edir, Ayla könüllü ölümü seçir, lakin ölümü başqa bir sevgini xilas edir, Sima xəyanətə yol verir və ömürlük vicdan əzabı ilə "yaşayan cəza"ya məhkum olur. Varis göstərir ki, qadın taleyi Azərbaycanda hələ də sərt və qəddar çərçivələrlə əhatə olunub: qadın, ya cəmiyyət tərəfindən, ya kişi tərəfindən, ya da öz vicdanı tərəfindən cəzalandırılır.
Sevgi sadaladığımız romanların hər birində mövcuddur, amma heç vaxt xoşbəxt son təmin etmir. Çünki sevginin qarşısında həmişə daha böyük qüvvələr dayanır: sinfi maneələr, ailə təzyiqi, namus anlayışı, ənənələr və maddi reallıq. Varis sevginin saf halını göstərərək başlayır, sonra isə bu saf hissin cəmiyyətin sərt qaydaları ilə necə əzildiyini göstərir. Sevgi, ya ölür, ya dəyişir, ya da tamam başqa formaya düşür. Onun ən güclü ədəbi silahı qəhrəmanların dəyişməsidir. O, oxucunu sarsıdan xarakter transformasiyaları qurur. Biz bunu Nailənin qorxaq bir qızdan güclü qadına çevrilməsində, Cəfərin qatil olmağa hazır vəziyyətdən yüksək mənəviyyat nümunəsinə dönüşməsində, Ayla və İsmayılın fiziki ölümləri ilə mənəvi qələbəyə yüksəlməsində və İnarənin ən ağır məğlubiyyətin simasına çevrilməsində görürük.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
