Sözün Tovuz fəsli - İslam SADIQ

 

Bu da "Sözün Tovuz fəsli". Bu fəsli həsrətlə gözləyənlər vardı. Şükür, yaşadıq, onu da gördük. Bu, ilin beşinci fəslinin adı deyil. Tovuz şair və aşıqlarının şeirlərinin toplandığı kitabın adıdır. Onu həm də şərti olaraq ilin dörd fəslinin bir yerdə adı kimi başa düşmək olar. Sonuncu fikri ona görə deyirəm ki, kitabdakı şeirlər ilin bütün fəsillərində yazılıb. Onlardan bir qismində yazın, digərlərində yayın, üçüncülərdə payızın, qalanlarında da qışın nəfəsi var. Ancaq bu şeirlərin hamısının ruhuna hopmuş, onları gizli tellərlə bir-birinə bağlayan bir nəfəs də var, o da sözün Tovuz fəslinin nəfəsidi. Bu nəfəs daha çox saz havalarıyla yoğrulub.

Öncə kitabın adı haqqında bir-iki kəlmə demək istəyirəm. Bu ad çox gözəl tapılıb. Elə düşünürəm ki, bu kitaba yüzlərlə ad seçmək olardı. Ancaq onlardan hər hansı birinin bundan daha gözəl olacağına inanmıram. Adı tapan adamın çox gözəl poetik duyumu var.

Kitabda 146 şair və aşığın şeiri toplanıb. Onların çoxunun adı təkcə tovuzlulara deyil, bütün poeziyasevərlərə, aşıq yaradıcılığına bələd olanlara yaxşı tanışdır. Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd Rzayev, Şair Vəli (Vəli Bozalqanlı), Xəyyat Mirzə, Mirzə Bayramov, Qədir Qaravəlli (Qədir İsmayılov), Nəcəf Əlimərdanlı, Azaflı Mikayıl, İmran Həsənov, Çopur Ələsgər (Ələsgər Tağıyev), Əkbər Cəfərov, Mahmud Məmmədov, Əlixan Niftəliyev, Ürfan Əli (Əli Quliyev), Aydın Çobanoğlu, Məhərrəm Hüseynli, Cahandar Əkbəroğlu, Səyyad Aydınoğlu, Roman Azaflı Tovuz aşıq məktəbinin adlı-sanlı yetirmələridir.

Mən Çopur Ələsgərin ifasından "Xəyyat Mirzənin Eldar səfəri" dastanını yazıya almışam. Kaset mənim arxivimdədir. Aşıq Hüseyn Bozalqanlı və Aşıq Əsəd haqqında məqalələrim var.

Kitabda çap olunmuş şairlərdən tanınma coğrafiyasının genişliyinə görə birinci yerdə Məmməd İsmayıl durur. O nəinki Azərbaycanda, bütün türk dünyasında, hətta ondan da kənarda tanınmış şairdi. Bu tanınma da təsadüfi deyil. Onun bu cür geniş çoğrafiyada tanınmasının iki qanadı varsa, birincisi şairliyinin böyüklüyüdür. Onun haqqında iki məqaləm və bir neçə şeirim var.

Mənim ilk xeyirxahım xalq şairi Osman Sarıvəlli olub. 1975-ci ildə o mənim beş şeirimi bəyənib və Tofiq Bayrama zəng vurub ki, onları çap eləsin. Ancaq Tofiq Bayram onları çap eləməyib. Osman Sarıvəlli haqqında bir şeirim var. İkinci xeyirxahım Məstan Günər olub. 1976-cı ildə "Səhər şəfəqləri" almanaxında 13 şeirimi çap eləyib. O zaman Məstan Günər "Gənclik" nəşriyyatının baş redaktorunun müaviniydi. Onda hələ Məstan Günər deyildi; Məstan Əliyeviydi. Baş redaktor da İlyas Tapdıqıydı. İlyas Tapdıq mənim haqqımda bir məqalə yazıb. Mən də Məstan Günər haqqında bir məqalə və şeir yazmışam.

İsmayıl Sadıqlının "Elə arxalan" şeirlər kitabını mən çap eləmişəm. Onun yaradıcılığına yaxşı bələdəm.

Rasim Kərimli, Aydın Qurbanoğlu, Şəmşad Rza, Məmməd Namaz, Nəsir Əhmədli, Dilqəm Hüseyn, Vurğun Əyyubla yaxın olmuşam.

Zirəddin Qafarlı, Məhərrəm Qasımlı (Orxan Paşa), Dəmir Çeşməli haqqında yazılarım var.

Zirəddin Qafarlı və Murad Köhnəqala ilə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda bir yerdə oxumuşuq. Mikayıl Bozal, Çingiz Qəribli, Vaqif İsaqoğlu, Akif Əhmədgil, Elxan Zal, Ehtiram İlham, Əkbər Qoşalı, İslam Əlibəyli, Bayram Aşıqlı yaxın dostlarımdı.

Biz şeir yazmağa başlayanda Məstan Günərin "Məstanın bu yerə qonaq gəlməyi Deməyin aylara, illərə qaldı", Məmməd İsmayılın "Bir Məmməd İsmayıl səfər eylədi, Yüz Məmməd İsmayıl qaldı Tovuzda", "Onun körpəsinin yaşı üç aylıq, Mənim həsrətimin yaşı bir ildir", "Ağacdələn, döy qapımı, döy görüm, Başımıza nələr gəlir, qoy görüm", "Dünən Bethoveni çaldılar sazda, Yaşamağa dəyər hələ bir az da" şeirlərini əzbər bilirdik. Məstan Günərin "Qaldı" qoşmasını aşıqların "Vurğunun bu yerə qonaq gəlməyi Deməyin aylara, illərə qaldı" möhürüylə oxuduqlarını çox görmüşəm. Bu da təsadüfi deyildi. Qoşma və gəraylı janrlarında tutumlu, gözəl söz deməyin çətinliyinə dərindən bələd olan aşıqlarımıza elə gəlir ki, bu cür şirin və axıcı şeiri yalnız Səməd Vurğun düzüb-qoşa bilərdi. Bu kitabda da həmin şeir Vurğun möhürüylə çap olunub. Yanlış da bir naxışdır. Ancaq bu kitabda o möhürbəndi düzəltmək olardı.

"Sözün Tovuz fəsli" kitabındakı bütün şeirlərdə türklük, türkçülük, turançılıq havası açıq və ya gizli şəkildə duyulur. Məncə, bu hisslər sazdan gəlir. Saz türkün yaratdığı möcüzədir və onun şəriki yoxdur. Harda türk varsa, orda saz var. Harda saz varsa, orda türk var. Saz haqqında mən heç bir hissə qapılmadan belə fikir söyləmişəm: "Sazı türk xalqı yox, hər hansı başqa xalq yaratmış olsaydı, ömrüm boyu o xalqa baş əyərdim". Bu o sazdı ki, Şumerdən üzü bəri yeddi min ildi ki, bizim ruhumuzu oxşayır, ovqatımızı öz havalarına kökləyir. Türkün ruhu sazdan daha qədim olduğuna görə, bəlkə bunun əksini söyləmək daha çox yerinə düşərdi. Yəni sazın kökü və havaları türkün ruhundan süzülüb gəlmişdir.

Bu kitabda bəzi imzalara ilk dəfə rast gəldim. Ola bilər ki, ilk dəfə bu kitabda çap olunublar. İlk dəfə çap olunmağın sevincini yaxşı duyuram. Ona görə onların sevincini bölüşürəm.

Kitabdakı bütün şeirlər haqqında danışmaq fikrindən uzağam. Elə bilirəm ki, buna ehtiyac da yoxdur. 146 müəllifin hər biri haqqında danışmaq imkan xaricindədir. Ona görə ən yaxşısı, kitabın özündən danışmaqdır. Bir neçə nəfər unudulmuş, yaddan çıxmış adamları nəzərə almasaq, demək olar ki, Tovuzun bütün şair və aşıqlarının şeirləri toplanmış bu kitab Tovuz ədəbi mühitinə güzgü tutan və vaxtında işıq üzü görmüş gözəl, dəyərli bir topludur. Bu qədər yazarın hamısının şeirini axtarıb tapmağın nə demək olduğunu mən yaxşı bilirəm. Tanınmışların və özləri sağ olanların şeirlərini tapmaq asandı. Elə imzalar var ki, onları heç kim tanımır, kitabları çap olunmayıb, özləri də dünyada yoxdular. Bu işin çətinliyi daha çox həmin adamlarla bağlıdır. Mən belə düşünürəm ki, bu ağır işin altına girmək hər adamın işi deyildi. Ona görə bu fikri ortaya atan, Tovuz şair və aşıqlarını bir-bir axtarıb tapan, şeirlərini seçən, kitabı çox gözəl tərtib edən və onu öz xərciylə işıq üzünə çıxardan dostumuz şair Mikayıl Bozala dönə-dönə "sağ ol" deməyə borcluyuq.

Bu günə qədər Tovuz ədəbi mühiti haqqında Azərbaycan ədəbiyyatşünaslığında bir cümlə də yazılmayıb. Halbuki bəzi rayonların ədəbi mühitindən dissertasiyalar yazıldığını bilirəm. Hələ "Tovuz ədəbi mühiti" cümləsinə rast gəlməmişəm. Sən demə, çox zəngin Tovuz ədəbi mühiti varıymış. "Tovuz ədəbi mühiti" deyimi çoxdan ədəbiyyatşünaslığımıza gətirilməliymiş. Sadəcə olaraq bu ədəbi mühiti indiyə qədər axtaran, tapan, üzə çıxardan olmayıb. "Tovuz ədəbi mühiti" cümləsini heç kim işlətməyib. Gec də olsa, bu ədəbi mühitin varlığı göründü. İndi hər şey göz qabağındadır. Elə bilirəm ki, Mikayıl Bozalın bu kitabı Tovuz ədəbi mühiti haqqında ədəbiyyatşünaslarımıza yaxşı bir xatırlatmadır. Mikayıl Bozal bununla xatırlatdı ki, son üç yüz illik Azərbaycan ədəbiyyatı tarixində Tovuz ədəbi mühitinin sanballı, salğarlı bir payı var. Bu gün Azərbaycan ədəbiyyatı tarixində həmin mühitin yeri boşdur. İndi həmin boşluğu doldurmağın zamanıdır.

Mikayıl Bozal kitabın Ön sözündə yazır: "Bu torpaqda yetişən şairlər və aşıqlar həm tarixi yaddaşı yaşadır, həm də müasir həyatın mürəkkəb duyğularını və düşüncələrini poetik dil vasitəsilə ifadə edirlər. Onların yaradıcılığı həm xalq ruhunu qoruyur, həm də Azərbaycan poeziyasının ümumi xəritəsində özünəməxsus səs tonunu yaradır". Çox gözəl, doğru və yerində deyilmiş fikirdi. Zəngin bir xəzinə olan Tovuz ədəbi mühiti Azərbaycan poeziyasının ayrılmaz tərkib hissəsidir. Azərbaycan poeziya xəritəsində Tovuz ədəbi mühitinin öz yeri var. Bu mühit olmadan Azərbaycan poeziya xəritəsi yarımçıq görünə bilər. Hüseyn Bozalqanlının, Şair Vəlinin, Xəyyat Mirzənin, Məstan Günərin, Məmməd İsmayılın adlarını o xəritədən çıxartmaq mümkün deyil. Bu kitabdakı adların da bir çoxu gələcəkdə o xəritəyə yazılacaq. Əlimizdəki bu kitab Azərbaycan poeziya xəritəsinin bütövlüyünü göz önündə canlandırmaq baxımından da olduqca dəyərlidir. 

 

07-08 yanvar 2026-cı il

Novxanı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!