Biz müəllifin yuxarıdakı fikrinə vaxtilə "Məhəmməd Hadinin "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" adlı namizədlik dissertasiyamızda geniş şəkildə münasibət bildirdiyimizdən, burada bircə onu qeyd edirik ki, ola bilsin ki, Mir Cəlal müəllim yuxarıdakı fikri söyləyərkən M.Hadinin "Əlvahi-intibah" poemasının 1918-ci ildə Bakıda, "Turan" mətbəəsində çıxan, misralarının sayı 8-21 arasında olan (ən kiçik bənd olan 13-cü bənd 8, ən böyük bənd olan 2-ci bənd isə 21 misradan ibarətdur - İ.Q.) 18 bəndlik, birinci cücvü ilə tanış imiş və bu səbəbdən də əsəri şeir adlandırmışdır. Müəllifin sitat gətirdiyi "İşıqlı göylər altında qaranlıq canlı insanlar" misrası ilə başlanan 10 misralıq bənd əsərin 10-cu bəndidir.
Əsəri imperialist müharibəsini törədənlərə, dünyanı sallaqxanaya döndərənlərə qarşı böyük vətəndaşın nifrəti kimi dəyərləndirən müəllif şairin kədərini "geniş qəlbli həssas bir insanın, səadətini xalq yolunda verməyə hazır olan bir simanın kədəri" hesab edərək yazırdı: "Bütün qitələrdən görünür ki, cahan müharibəsi şair üçün çox sarsıdıcı, çox şiddətli olmuşdur. Şair bu müharibənin bəzi epizodlarını bilavasitə yaşamışdır. Çoxlarının eşitdiyini, oxuduğunu, ancaq təsəvvür etdiyini Hadi gözü ilə görmüşdür" (orada, s.18).
Mir Cəlal müəllim şairin müharibə dövrü əsərlərindən bəhs edərkən bildirir ki, Hadinin surətləri bir qədər mücərrəddir və adama elə gəlir ki, bu mücərrədlik şairin bədii təfəkküründəndir. Lakin çar senzurasının dördgöz olub milli ziyalıları izləməsini nəzərə alsaq, bu mücərrədliyin məcburi olduğunu görərik. Məhz buna görə də "şair könkret hadisələrin adını çəkməmişdir, çəkə bilməmişdir..." (orada, s.19).
Mir Cəlal müəllim belə hesab edirdi ki, ictimai haqsızlıqları, zülm və işgəncələri, xalqın çəkdiyi bəla və müsibətləri təsvir və ifşa edən şair heç vaxt ümidsizliyə qapılmamış, belə bir ümidlə yaşamışdır ki, istibdad, onun törəməsi olan nadanlıq, cəhalət, qəflət əbədi ola bilməz.
Araşdırıcıya görə, "böyük arzu ilə qurtuluş "sübhü"nü gözləyən ... şair öz xalqı üçün və ümumiyyətlə qalib gəlmək istəyən kütlələr üçün möhkəmlik, səbat, inadlılıq tələbini qoyur. O göstərir ki, səbat qələbə yoludur. Bu xüsusiyyətə malik olmayanlar nicat tapa bilməzlər, qurtuluş yoluna düşə bilməzlər" (orada, s.20).
Biz yuxarıda qeyd etdik ki, Mir Cəlal müəllimin M.Hadi irsinə marağı keçici olmamış, bu maraq mütəmadi olaraq davam etmişdir. Təsadüfi deyildir ki, Mir Cəlal müəllim 1946-cı ilin dekabrında tamamladığı və 1947-ci ildə uğurla müdafiə etdiyi "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" adlı doktorluq dissertasiyasına Məhəməməd Hadi ilə bağlı ayrıca oçerk daxil etmiş, bu öçerki və 50-60-cı illərdə M.Hadi haqqında yazılmış elmi əsərlərlə bir qədər də zənginləşdirərək professor Firidun Hüseynovla ali məktəblər üçün yazdığı "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinə də salmışdır (Bax: Mir Cəlal, Firidun Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı-1969, s.265-282; Mir Cəlal, Firidun Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı-1974, s.297-315; ; Mir Cəlal, Firidun Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı-1982, s.331-349; Mir Cəlal, Firidun Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı (yenidən işlənmiş dördüncü nəşri). Bakı-2018, s.425-445).
Mir Cəlal müəllimin "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" monoqrafiyası onun sağlılğında bütöv halda çap olunmasa da, "bəzi hissələri müxtəlif vaxtlarda müxtəlif şəkillərdə çap olunmuşdur. Xüsusilə Mir Cəlal müəllimin professor F.Hüseynovla birlikdə çap etdirdikləri "XX əsr Azərbaycan ədəbiyyatı" adlı ali məktəb dərsliyində bu əsərdən də istifadə edilmişdir" (Təhsin Mütəllimov. Ustad yadigarı (Mir Cəlalın "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" kitabına yazılmış ön söz). Bakı: "Ziya-Nurlan", 2004, s. 9).
Mir Cəlal müəllimin bu qiymətli tədqiqatı yazıldığından 58 il sonra onun tələbəsi, AMEA-nın müxbir üzvü T.Mütəllimovun redaktorluğu və "Ustad yadigarı" ön sözü ilə 2004-cü ildə bütöv şəkildə çap olunmuşdur (Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər (1905-1917)". Bakı: "Ziya-Nurlan", 2004, 391 səh.).
Mir Cəlal müəllim bu kutaba M.Hadi haqqında daxil etdiyi öçerkə, əvvəlki əsərlərindən fərqli olaraq bir sıra əlavələr etmiş, həm şairin həyatı, həm də yaradıcılığı barədə daha geniş və dolğun məlumat vermişdir. Mir Cəlal müəllimin M.Hadi haqqındakı oçerki "M.Hadinin tərcümeyi-halı", "M.Hadinin şeiri", "M.Hadidə siyasi lirika, vətənpərvər romantika", "M.Hadi mütəfəkkir şairdir" və "M.Hadidə azadlıq fikirləri" bölmələrindən ibarətdir.
Birinci bölmədə Məhəmməd Hacı Əbdülsəlimzadə Hadinin (Şirvani) qısa tərcümeyi-halı verilmişdir. Onun 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində tacir ailəsində döğulması, ibtidai təhsilini Molla Səmədin, daha sonra Abbas Səhhətin atası Molla Abbasın məktəbində alması, atasının ölümündən sonra keçirdiyi sıxıntılı həyat, nənəsi Teyyibə xanımın vəfatından sonra Mustafa Lütfünün himayəsində yaşaması, həyatının Kürdəmir və Həştərxan dövrü, mətbuat və sənət aləminə gəlişi, "Füyuzat" məcmuəsi, "Təzə həyat" və "İttifaq" qəzetində işləməsi barədə məlumat verən müəllif M.Hadinin 1910-cu ildə İstanbula gedib "Tənin" qəzetində Şərq dilləri mütərcimi sifəti ilə çalışmasındsan, hərb nazirinin qətlindən dolayı Səlanikə sürgün olunmasından, Bakıya qayıtdıqdan sonra Qafqaz ordusu tərkibində Birinci Dünya müharibəsində iştirak etməsindən də qısa şəkildə bəhs edir.
M.Cəlal müəllim bildirir ki, Qafqaz ordusundan qayıtdıqdan sonra (1918) M.Hadi bir müddət Gəncədə qaldıqdan sonra Bakıya qayıtmış, mətbuatda şeir çap etdirməklə yaşamaq mümkün olmadığından əsərlərini vərəqə halında çap etdirərək satmışdır. "Müharibə dəhşətləri şairdə bədbin bir əhvali-ruhiyyə səbəb olmuş, heç kəsə inanmaq, qoşulmaq istəməyən M.Hadi 1920-ci may ayında, Gəncə üsyanından bir neçə gün sonra Gəncədə vəfat etmişdir - kursiv bizimdir" (Bax: Mir Cəlal. Məhəmməd Hadi. Azərbaycanda ədəbi məktəblər (1905-1917). Bakı: 2004, s.239-240).
Oçerkin "M.Hadinin şeiri" adlı ikinci bölməsində M.Hadini coşqun, alovlu, hərarətli təb sahibi, müasir ictimai hadisələrə vaxtında səs verməyə cəhd edən şair kimi dəyərləndirən müəllif yazır: "Azərbaycan şeirində Nəsimi və Füzulidən belə davam edib gələn milli romantik ənənələrin yeni, müasir romantizmə keçid dövrü Hadi yaradıcılığında öz ifadəsini tapmışdır" (orada, s.240).
M.Hadinin, əsasən klassik poeziya ənənələrinin təsiri altında formalaışdığını bildirən Mir Cəlal müəllim onu klassik şeir məktəbinin əsiri olmayan, Sabir kimi klassik şeir üslubu ilə müasir ədəbiyyat meydanına çıxmağın mümkün olmadığını duyan, yenilikçi, ədəbiyyata yeni forma və mövzular gətirən sənətkar kimi dəyərləndirmiş, bildirmişdir ki, "o, şeirin şüara çevrildiyini, fəal bir mübarizə vasitəsi olduğunu duymuş və mövzularının hamısını həyatdan, siyasi və ictimai mübarizələrdən almışdır" (orada, s.240).
"Mətbuatın, elm və mədəniyyətin faydası, texnika, azadlıq hərəkatı, yeni nəslin tərbiyəsi, qadın azadlığı, dünyəvi elmlərin kəşf və xariqələri, vətənin tərəqqisi, cəhalətdən xilas olmaq, mədəniyyət səviyyəsini yükslətmək, insani hisslərin müqəddəsliyi və s. M.Hadinin başlıca mövzularıdır" (orada, s.240), - yazan Mir Cəlal müəllim irəlidə münasibət bildirdiyimiz əsərlərindəki fikirlərini oçerkin "M.Hadidə siyasi lirika, vətənpərvər romantika" bölməsində bir qədər də genişləndirir, qeyd edir ki, Hadi bütün şeirləri ilə xalqımızın o zamankı taleyinə ağlayır, vətəndaşlarını hərəkətə, fəaliyyətə, mübaruzəyə çağıraraq "böyük bir ürək ağrısı ilə zəmənsinin acı həqiqətlərini söyləyir" (orada, s.247).
M.Hadinin vətən məhəbbətini tərənnüm edən bir çox poetik və publisistik əsərlrini təhlil edən müəllif belə bir nəticəyə gəlir ki, "Hadinin fikrincə, hər bir kəsin mənəvi böyüklüyü, ya kiçikliyi onun xalqına, vətəninə xidməti ilə ölçülür" (orada, s.251).
M.Hadinin "Bariqeyi-inqilab", "Qarışıq xəyallar", "Nasıl yüksəlməli?", "Qafqaza aid", "Yadi-vətən", "Bərabərlik aləmindən məktublar", "Ümməhati-həyat" və s. əsərlərini nəzərdən keçirib onları problematikasına görə təhlil edən Mir Cəlal müəllim oçerkin "M.Hadi mütəfəkkir şairdir" bölməsində onu "özü müstəqil, maraqlı bir fikir aləmi" olan şair hesab edərək yazırdı: "XX əsr Azərbaycan şeirində fikirləşmənin, həm də ümumiləşdirici, kainatın və varlığın mənasını axtaran bir fikirləşmənin tərəfdarı olan Hadi şeirdə yalınız hiss deyil, ən çox fikir axtarırdı" (orada, s.258).
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
