Asim Yadigarın Xaqani Şirvaniyə həsr olunan poeması yenidən nəşr edilib - Ramiz QASIMOV

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyildiyi kimi, "Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır". Azərbaycan ədəbiyyatının zənginləşməsində böyük xidmətləri olan sənətkarın obrazı bədii ədəbiyyatımızda həmişə diqqət mərkəzində olmuşdur. Belə əsərlər arasında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi, şair Asim Yadigarın "Xaqani" poeması da yer alır. Müəllifin 2010-cu ilin yanvar ayından başlayaraq üzərində işlədiyi "Xaqani" poeması 2019-cu ildə tamamlanaraq 2020-ci ildə nəşr edilmişdir. Müəllif ölkə başçısının Sərəncamını və əsərə olan bədii marağı nəzərə alaraq 2026-cı ildə yenidən nəşr etdirmişdir.

Onu tanıyandan Xaqanini nə qədər çox sevdiyini yaxşı bilirdim. Xaqanidən birnəfəsə dediyi şeirlər, bəhs etdiyi mətləblər bu sevginin həm də bir dirçəyə dayandığını göstərirdi. Axı Xaqani, doğrudan da, təkcə Azərbaycanın deyil, ümumən, Şərqin ən qüdrətli və böyük dühalarından biri idi: o, qəsidə ustadı idi, ilk poema müəllifi idi, intibah dövrünün simalarından idi, üsyankar və mübariz şair idi və s. Onu ədəbiyyatın, şeir və sənətin Günəşi, Xaqanı deyə öyənlər də haqlı idilər. Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndəsi Asim Yadigar da məhz bu və digər səbəblərdən qüdrətli söz ustadına məhəbbət bəsləyirdi və onun həyatını, obrazını canlandıracaq bir poema üzərində də işlədiyini bilirdim. Uzun illərdən sonra şair Asim Yadigar "Xaqani" poemasını tamamlayaraq geniş oxucu kütləsinin ixtiyarına verdi.

Ümumiyyətlə, istedadlı şair Asim Yadigarın müxtəlif mövzulara həsr edilən "Qisas qiyamətə qalmaz", "Əgrək və Səgrək", "Sarı gəlinlər", "Tacmahal", "Bir gecənin ağrısı", "Kalba Musa çeşməsi", "Talesizlər", "Kədərə heykəl", "Mənə söz verin", "Bahar", "Oğul dağı", "İpar Sultan" kimi poemaları var. Bu poemalar Naxçıvan ədəbi mühitində poema janrının zənginləşməsi və inkişafı istiqamətində uğurlu addımlardan hesab olunur. Müəllif adıgedən "Xaqani" poemasını da 2019-cu ildə tamamlayıb. 2020-ci ildə Naxçıvanın "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində çap edilib.

 

Proloq, on üç fəsil və epiloqdan ibarətdir əsər. Poemanın hər bir bölməsi, hissəsi böyük ustad Xaqaninin sözlərindən epiqrafla başlayır. Əsərin proloq hissəsində böyük Azərbaycan şairi, "şeiriyyətin bayraqdarı", qəsidə ustadı, söz dühası Xaqaninin ictimai məzmun və humanist səciyyə verilmiş misralarından axan kədər, təəssüf hissləri dərhal diqqəti cəlb edir:

 

Sözümdən qəm süzülür, ağlayan kamanımdır,

Özüm də bir kamanam, sızlayan zamanımdır.

Pənbə-pənbə ucalan o ağ buludlar ki var,

Göy üzünü bürüyən ahımdı, amanımdır...

 

Müəllif bu sözlərlə Xaqaninin bir üsyankar şair kimi dövrünün, zamanının kədər və qayğı aynası olduğunu ümumiləşdirmişdir. Bu, həm də bir şairlə dövranının cəngi-cadalı (Nizami Cəfərov demiş), ziddiyyəti, qarşıdurması kimi də maraq oyadır, oxucunun əsərə nüfuzuna zəmin hazırlayan və ilk təəssürat oyadan "bir stilistik manera" (N.Cəfərov) rolunu oynayır. Çünki bu böyük ustad öz yaradıcılığında dövranının ictimai-siyasi məzmununu əks etdirməyə qabil olan ilk şeir-sənət dahisi idi. "Nizamiyə qədər ədəbiyyata güclü ictimai-humanist məzmun və yüksək sənətkarlıq gətirmişdir" (X.Yusifli). O təkcə dövrün problemlərini əks etdirmir, həm də bu zülmə boyun əyməyən əzm, iradə və zehniyyət nümunəsi olaraq misraları ilə döyüşür, üsyan qaldırırdı.

Birinci fəsildən başlayaraq on üçüncü fəslə qədər əsər Xaqaninin şəxsiyyəti, istedadı, şairlik qüdrəti, yaşantıları, ömür yolu, tale və qisməti və b. bütövlüklə özündə əhatə etməyə çalışır. İstedadlı şairin doğuluşundan başlamış, əmisi Kafiəddin Ömərin onu tərbiyəsi, verdiyi təhsil, şairin Əbül Üla ilə tanışlığı və ona şagirdlik etməsi, Şirvanşahlar sarayına düşməsi, istedadının parlaması, sarayda qarşılaşdığı problemlər, Şirvanşah Mənuçöhr və oğlu Axsitanın şairə olan münasibəti, gördüyü mükafatlar və acılar, həbslərdəki əhvalı, yaşam çırpıntıları, qayğıları, hamısı ümumiləşdirilməyə çalışılmış və şairin çox canlı bir obrazı yaradılmışdır.

Oxucu poemada zülmlə mübarizəyə qalxmış nəhəng bir söz adamının həyatı və taleyi ilə tanış olur. Bu taleyin işığında konkret bir dövr, ictimai-siyasi mühit, ədəbi inkişaf, mədəni vəziyyət təzahürünü tapıb. Xaqaninin söz dühası və nəhəngliyini daha qabarıq təqdim etmək, onun mübarizliyi və qətiyyətini göstərmək üçün müəllif Xaqani kimi söz sənətkarını əzməyə çalışan, onu tez-tez cəzalandıran, ona kədər, acı verən, zülm edən saray mühitini təqdim edir. Buna görə də üçüncü fəsildən başlayaraq zalım və ədalətsiz saray mühiti ilə Xaqaninin qətiyyətli mübarizəsi öz əksini tapır. Xaqani Şirvanşah Mənuçöhrdən, onun oğlu Axsitandan gördüyü zülmü sakitcə qarşılamır, əksinə, bir şairin göstərə biləcəyi və aparacağı mübarizə forması ilə tam qətiyyət və mübarizə nümunəsi ortaya qoyur. Buna görə də əsər boyu oxucu zülmə və zalıma qarşı od püskürən, qəzəb yağdıran üsyankar şair ruhunu - zülmə boyun əymək istəməyən Xaqanini görə bilir. 

A.Yadigar Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasından 16 misranı da orijinaldan daxil etmişdir. Bu misralarda da Nizaminin saraylara olan nifrəti və şairlik üçün azadə fəaliyyət amalı diqqət kəsb etmişdir. Bu misraların ardınca söz ustadı Xaqaninin vaxtilə Xaqana mənsub olması ilə öyünərək hökmdarlara mədhiyyələr yazmasının peşmanlığına aid dərin təəssüf və xəcalətlik duyğuları etiraf edilib:

 

Mən ibrət güzgüsüyəm yüz-yüz şairə bu gün,

Xəcalətli qalmışam yazdığım sözlər üçün, - və s.

 

Asim Yadigar əsərdə çox sevdiyi və hörmət duyduğu Xaqani Şirvanini idealizə etmir, bəlkə də daha çox ictimai-ədəbi düşüncədə onun haqqındakı mövcud ziddiyyətli düşüncənin məzmunundan irəli gələrək onu bir şəxsiyyət olaraq izah etməyə, bütün ziddiyyətləri ilə ortaya qoymağa, yanlışı-doğrusu ilə və əlbəttə, yanlışlarını səbəblərilə təqdim etməyə çalışır. Müəllif müəyyən məqamda Xaqaninin sonralar nifrət və qəzəb duyduğu saraylara mədhiyyəçilik etməsini onun gənclik ehtirası və şöhrət həvəsilə bağlayırsa, əslində zalım olanın müəyyən vaxt mərhəmətli olduğuna inanması ilə əlaqələndirirsə, sonralar şairin bu mədhiyyəçiliyini zülmə, zalıma tabe olması, boyun əyməsilə əlaqələndirərək şair haqqında gerçək, inandırıcı bir obraz, təəssürat  yaratmaq istəyir. "Zəmanə mum eylədi, əydi çox üsyankarı",  "Əyilməyən poladı sındırırlar bir anda, Gör nə qədər dik başlar əyildi bu zamanada" kimi misralar, ümumiyyətlə Zaman və Şəxsiyyət, Şair və İctimai mühit  problemini daha çox qabardır. Bu cəhətdən hər iki obyekti tənqid zamanı qarşılıqlı münasibətlərə, real vəziyyətə nəzər salmanın vacibliyini ehtiva etmiş olur. Bu misralar həm də hər cür ziddiyyətli, mürəkkəb, hətta qəddar ictimai şəraitə və onunla münasibətdə olan insana - şəxsiyyətə obyektiv nəzər salmağı təlqin edir. Poemanın bu tərzi bizi təkcə Xaqani ilə zamanını deyil, ümumiləşdirmə sayəsində Vaqifi və Zamanını, Hüseyn Cavid və Zamanını, Səməd Vurğun və Zamanını və b. kimi oppozisiyalar daxilində aydın qavrayışa, düzgün ədəbi-ictimai təhlilə dəvət etmiş olur. Bu oppozisiyalar daxilində oxucunu dövrü qəddar və amansız olan bir şəraitdə şairinə obyektiv baxmağa dəvət etdiyi kimi, şairi yaltaq, qorxaq və mədhiyyəçi olan dövrə də doğru yanaşmağı təlqin etmiş olur.

Poemada taleyin Xaqaniyə qarşı acımasızlıqları da unudulmayıb. Giley-güzar, şikayət və kədər dolu şeirlərinin təsiri ilə müəllif şair Xaqaninin övladlarının (oğlu və qızının) itkisindən doğan sonsuz ata kədərini də bütün poetik qüvvətilə əks etdirib. Əsərdə müəllif xüsusi bədii zərurətlə Xaqani Şirvaninin dövrünün gənc və istedadlı şairi Nizami Gəncəvi və aralarında eşq münasibətləri yaşanmış Xaqanın bacısı İsmətəddinlə görüşlərini ayrıca fəsillər daxilində təqdim etmişdir.

Ümumiyyətlə, poema xaqanişünaslıq üçün xüsusi əhəmiyyəti olan bir əsər olaraq dəyərləndirilə bilər. Xaqani haqqında geniş təfərrüata yol vermədən onun sənətinin əsl məziyyəti və qüdrətini poetik ifadəyə çevirən şair Asim Yadigar sözü və şəxsiyyətilə zülm və istibdad dolu geniş ictimai qüvvələrə, hakimlərə və hakimiyyətə qarşı üsyankar etirazı və mübarizə ruhu əxz edən qəzəbilə döyüş açan mərdanə bir şairin obrazını yaratmışdır.

Çox oxunaqlılıq və maraq kəsb edən əsər XIII fəsil və Epiloqla bitirsə də, oxucunun qəlbində tamamlanmayan bir əsər təəssüratı yaradır. Əsər elə bir istedad və təblə, böyük həvəs və cuşla yaradılıb ki, oxucu əsərin nə zaman bitdiyinə təəccüb qalır və bu şirin, oxunaqlı əsərdən ayrılmaq istəmir. Ümumiyyətlə, ədəbi fikirdə özünə layiqli yer tutacaq bu poemaya müəllifin yenidən qayıtmaq və onu zənginləşdirmək ehtiyacını oxucuların maraq dairəsi və müraciətləri zərurət yaradacaqdır. Akademik Nizami Cəfərovun bu dəyərli poema haqda yazdığı fikirlər A.Yadigarın düşüncələrilə üst-üstə düşür...

Beləliklə, poema Xaqani kimi söz ustadına həsr olunmuş bədii əsərlər arasında bütün ədəbi-bədii məziyyətlərinə görə ləyaqətlə təmsil olunur. Bu lirik-epik poemanın geniş oxucu kütləsinin zövqünü oxşayacağına, maraq dairəsini yaxşı mənada istila edəcəyinə tam əminlik ifadə edə bilərik.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!