Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janra isə "Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?" sualından yol alır. Bu sual onu bütün zamanların böyük filosofu Hegellə mübahisəyə aparır. Yaşar Qarayev Qərb estetikinin məşhur "Dram sənəti" mühazirəsindən onun məlum mülahizəsinə ki, "Şərq dram doğurmağa qadir deyildi" etiraz edir, onunla razılaşmır.
Bu etirazında o, Qərbdən özü haqqında eşitdiyi hər xoşagəlməz sözə "qərəzli" damğası vurub bilgisizlikdə suçlayan qızğınbaşlı bir şərqli kimimi çıxış edir, yoxsa siz, biz yanaşmalarından uzaq, hər şeyə kənardan baxa bilən, yalnız həqiqəti arayan soyuqbaşlı bir alim kimimi? Əlbəttə, bu sualın cavabı Hegelin mülahizələrində və Yaşar Qarayevin arqumentlərində gizlənib.
Hegel nə demişdi? Hegel deyirdi ki, Şərq dram sənətinin inkişafına əzəldən yol verməmişdir. Səbəbini də belə izah edir ki, şəxsi müqəddərat duyğusu olmayan, fərdi azadlığa malik olmayan, öz taleyi və aqibəti uğrunda sərbəst şəkildə şəxsi cavabdehliyini arzulamayan şərqli tipi var. Və Hegelin sözlərindən belə çıxır ki, bu tip dramatik xarakter həddinə yüksələ bilməz.
Yaşar Qarayev isə Hegelə qarşı arqument gətirir ki: "Yüksək dərəcədə dramatik xarakterlərlə Şərqin öz ədəbi irsi - klassik epik və lirik poeziyası heç də az zəngin deyildir. "Şahnamə" və "Leyli və Məcnun", "Fərhadnamə" və "Xosrov və Şirin" kəskin ixtilaflı və gərgin tragik kolliziyalı əsərlərdir". Yaşar Qarayev Hegelə qarşı ayaqlarını yerə daha əmin basmaq üçün Şərqin yalnız poetik tarixinə deyil, həm də real tarixinə əl atır. "Nəhayət, Şərqin öz real ictimai tarixi böyük və faciəli hadisələr, yüksək dərəcədə tragik taleli insanlar, Babək, Nəsimi kimi qəhrəmanlarla həmişə zəngin olmuşdur".
Şərq poeziyasının (Hegel onu islam, yaxud da Məhəmməd poeziyası adlandırırdı) əzəmət və möhtəşəmliyindən söz açan Hegel bu janrda dramatik xarakterin, yaxud da tragik kolliziyanın yoxluğunu iddia etməmiş, əksinə, söyləmişdir ki, Şərqdə fərdi müstəqillik (dramatikləşmənin, yaxud da tragikləşmənin çıxış nöqtəsi - A.İ.) poeziyada özünü bariz şəkildə büruzə verir. Sadəcə, alman filosofu iddia edirdi ki, Şərqdə dramatikləşmə və tragikləşmənin əsası olan fərdi müstəqillik özünü dramda ifadə üçün hər cür təşəbbüslərə yabançıdır. Elə bu yabançılıqdan deyilmi ki, Yaşar Qarayevin dayandığı o kəskin ixtilaf və tragik kolliziyalar dramda deyil, "Şahnamə" və "Leyli və Məcnun", "Fərhadnamə" və "Xosrov və Şirin" kimi əsərlərdə, yəni ki, məhz poeziyada ifadə olunmuş və o ixtilaflar da, kolliziyalar da kəskinliyindən, yaxud da ki, dərinliyindən asılı olmayaraq, təbii ki, janrın götürdüyü yerə getmiş, şeirsəl xarakter və məzmun almışdır.
Qaldı ki, Yaşar Qarayevin ikinci istinad nöqtəsinə - real tarixə Hegel və yaxud da heç kim Şərq tarixinin faciəli hadisələrdən xali, tragik taleli insanlardan yoxsul olduğunu iddia etmir. Ancaq bütün məsələ bunda idi ki, bu insanlar dramatik səviyyəli qəhrəman həddinə yüksələ, yaxud da dram janrında ifadə oluna bilməmişdir. Hegel də bunu şərqlinin fitri təbiəti ilə izah edir.
Elə bu məqamda Yaşar Qarayev də sual edir: "Əgər Şərq adamının təbiəti fəci dramatik ehtirası, doğrudan da, rədd edirsə, onda, məsələn, nə üçün şərqli bir ərəb klassik Qərb faciəsində ən tragik və möhtəşəm təbiətli bir surətdir?" Əlbəttə, söhbət Otellodan gedir. Amma axı Otello da o dramatik, tragik ehtirası qazanmaq şansını şərqlilər yox, qərblilər arasında qazanmışdı. Niyə bunu Şərqdə qazanmamışdır? - sualına isə Hegel belə cavab vermişdir: Şərqdə "Vahid substansional qüvvə xəlq etdiyi hər cür varlığı qəti bir ardıcıllıqla özünə tabe etdirir və onun taleyini amansız bir dönüklüklə həll edir". Doğrudan da, tabeçiliyi qəbul edən, taleyinin təşəbbüsünü əlinə almayan, yaxud da almaq uğruna qalxışmayan insanın dramatik qəhrəman həddinə yüksəlmək potensialı da olmur. Yaşar Qarayevin isə "Niyə Otello Şərqdə o dramatik ehtirası qazanmamışdır?" sualına cavabı belədir. "Afrikalı Otello hələ Afrika faciəsinin qəhrəmanı deyildirsə, səbəb Otellonun "fitri təbiəti" deyil, Afrikada əsrlər boyu mövcud olmuş tarixi, siyasi və ədəbi-ictimai mühitdir". Amma bu cavabın özü yeni bir sual doğurur: Onda tarixi, siyasi, ədəbi-ictimai mühitin dəyişdiyi yeni dünyada bəs niyə Şərq dramı öz Otellosunu yarada bilmədi və yaxud da ki yarada bilmir?
O Otellonu əslində Yaşar Qarayev özü də bu polemika ilə yol aldığı dram araşdırmaçılığının bütün sonrakı dönəmlərində axtarmışdı. Ümumiyyətlə, Yaşar Qarayev qədər dramda səhnə stixiyası, dramatik ehtiras və vüsət axtaran ikinci tənqidçi nəinki ədəbi tənqiddə, heç teatr tənqidində də yox idi. Ona görə teatr tənqidini ayrıca vurğulayırıq ki, çünki ədəbi tənqidin məzmun, ideya, obraz kimi detalları mövzuya çevirib danışmaq alışqanlığı var, amma teatr tənqidi dramı dəyərləndirərkən tərəzinin gözünə onun səhnə stixiyasını, dramatikliyini çəki daşlarına çevirib qoymalıdır.
Keçən əsrin 80-ci illərində "Azərbaycan" jurnalının keçirdiyi, teatr xadimlərinin də qatıldığı "Teatr və dramaturgiya: problemlər, mülahizələr" adlı müzakirədə drama bu tələb və gözlənti ilə yanaşan yenə ən çox Yaşar Qarayev idi və o, narahatlıqla söyləyirdi: "Pyes yazmaq çox asan, hamının bacardığı bir işə çevrilir". Yaşar Qarayev onu asan bir işə çevirənləri ünvanlarına qədər göstərir. "Dramaturqların siyahısında rejissor, aktyor və redaktordan tutmuş, inzibati işçiyə, ali və orta məktəb müəlliminə qədər, hər cür peşə sahibinə rast gəlmək olur".
Ümumiyyətlə, dramaturq kim olmalıdır? Bəyəm başqa peşə sahibləri, eləcə də rejissor, aktyor və redaktor, inzibati işçi, ali və orta məktəb müəllimi dramaturq ola bilməzmi? Əlbəttə, olar. Dramaturq olmaq üçün xüsusi bir sertifikasiya yoxdur. Bunu Yaşar Qarayev də yaxşı bilirdi. Onda niyə belə demişdi? Çünki ortada dram olmayan, amma dram adına yazılan bir xeyli əsər vardı. Belə əsərlər istər-istəməz sual doğurur ki, bunun yazarı kimdir? Və bu suala Yaşar Qarayev ona görə - müəllim, aktyor, redaktor, inzibatçı, - deyə cavab verir ki, onlar bu pyesləri qələmə alarkən də elə müəllim, aktyor, redaktor, inzibatçı olaraq qalmışlar. Yaşar Qarayev isə dram araşdırmalarında yazarının peşəsi sorğulanmayacaq bir əsər axtarırdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
