Əslən qədim Gəncə torpağının övladı olan, türk ədəbiyyatını dərindən və ardıcıl öyrənən, təbliğ edən filologiya elmləri doktoru, professor, Tofiq Məlikli öz elmi fəaliyyətini əsasən yeni türk poeziyasına, onun görkəmli nümayəndələrinin öyrənilməsinə həsr etmişdir.
Tofiq Davud oğlu Məlikli 31 avqust 1942-ci ildə ziyalı ailəsində anadan olmuş, Bakının 132 saylı orta məktəbini bitirmiş, 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin türkologiya şöbəsində əyani təhsil almışdır. O, 1966-cı ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olmuş və 1969-cu ildə "XX əsrin 60-cı illərində türk poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Tofiq Məlikli 1969-cu ildən 1991-ci ilədək həmin İnstitutun ədəbiyyat şöbəsində kiçik, böyük, sonra isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. Burada SSRİ EA-nın akademiki Yevgeni Petroviç Çelışev (1921-2020), professorlar: Lev Zalmanoviç Eydlin (1910-1985), Tatyana Petrovna Qriqoryeva (1929-2014) və digər görkəmli şərqşünas alimlərlə işləmək ona şərqşünaslıq elminin elmi-nəzəri və təcrübi əsaslarını əxz etməyə imkan vermişdir. Tofiq Məliklinin özünün başqa bir etirafına diqqət yetirək: "Keçən əsrin 50-ci illərindən SSRİ EA-nın Şərqşünaslıq İnstitutunda işləyən həmyerlilərim - tanınmış şərqşünas alimlər: Əkbər Babayev (1924-1979), Rüstəm Əliyev (1929-1994), Qəzənfər Əliyev (1930-1984), Saleh Əliyev (1929-2006) də mənə çox böyük köməklik göstərmişdilər" (T.D.Melikli. Na volnax jizni. Biblioqrafiçeskaə kniqa. Sostavitelğ İlxam Badalbeyli. Moskva, 2007. S. 4. 87 s.)
Tofiq Məlikli 1976-1978-ci illərdə Türkiyədə Sovet səfirliyində işləmişdir. Alim Moskvaya qayıdandan sonra Türkiyədə topladığı materiallar əsasında "Nazim Hikmət və yeni türk poeziyası" adlı sanballı monoqrafiya üzərində xeyli müddət zəhmət çəkmiş və 1987-ci ildə Moskvadakı "Nauka" nəşriyyatında çap etdirmişdir. Paytaxtın elmi ictimaiyyəti kitabı maraqla qarşılamış və yüksək qiymətləndirmişdir. Azərbaycanlı tədqiqatçı bu əsərində türkologiya elmində ilk dəfə olaraq yeni türk poeziyasının mükəmməl və bütöv sistemini işləyib hazırlamışdır.
Tofiq Məlikli 1994-cü ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Yeni türk poeziyası: yaranması və inkişafı" mövzusunda doktorluq işi müdafiə etmişdir. Alim əsərində ilk dəfə XX əsr türk poeziyasının fərqli xüsusiyyətlərini geniş mədəniyyətlərarası kontekstdə müqayisəli təhlilə cəlb etmişdir. O, uzun müddət - 1995-ci ildən 2014-ci ilə qədər - Moskva Dövlət Linqvistika Universitetinin Şərq dilləri kafedrasının professoru, həmçinin həmin universitetin Türk dili və mədəniyyəti mərkəzinin direktoru olmuşdur.
Tofiq Məlikli, həmçinin 15-dən artıq kitab və monoqrafiyanın, 20-yə qədər tərcümə kitabının, türk ədəbiyyatına, xüsusilə, türk poeziyasına aid 200-dən çox elmi məqalənin müəllifidir. O, "Türk poeziyası 60-cı illər - 70-ci illərin əvvəlləri: əsas tendensiyalar və istiqamətlər" (T.D.Melikli. Tureükaə pogziə 60-x - naçala 70-x qodov: osnovnıe tendenüii i napravleniə. Monoqrafiə. Moskva, "Nauka", 1980. 116 s.) , "Türkiyə ədəbiyyatı: kökləri və budaqları" (T.D.Melikli. Literatura Turüii: korni i krona. Moskva, "Xudojestvennaə literatura", 1998. 159 s.), "Nazim Hikmət: poeziya və poetika" (T.D.Melikli. Nazım Xikmet: pogziə i pogtika. Monoqrafiə. Moskva, "Veçe", 2010. 207 s.), "Türkiyə ədəbiyyatı tarixi" (T.D.Melikli. İstoriə literaturı Turüii. Uçebnoe posobie. Moskva, "Rema", 2010. 265 s.) və digər monoqrafik tədqiqatlarını nəşr etdirmişdir.
Tofiq Məliklinin ədəbi yanaşması ədəbiyyatşünaslıq elminin fundamental qanunlarına əsaslanır. Mədəni və ədəbiyyatlararası varislik problemi onun monoqrafik tədqiqatlarında əksini tapmışdır. Hələ 1990-cı illərdə alim özünün elmi əsərlərində bir sıra konseptual müddəalar irəli sürmüş, XX əsr türk poeziyasındakı yeni şeir və sərbəst şeir kimi ədəbi hadisələrin mahiyyətini müəyyənləşdirməyə çalışmışdır. Nazim Hikmət (1902-1963), Orxan Vəli Kanık (1914-1950) və Fazıl Hüsnü Dağlarcanın (1914-2008) yaradıcılığını dünya ədəbi prosesinin geniş kontekstində tədqiq edərkən, alim belə bir qənaətə gəlir ki, yeni şeir - ölkənin mədəni həyatında böyük rol oynamış dərin milli hadisədir, bu istiqamətdə Avropa təsiri isə "həmişə nəticə etbarilə bu poeziyanın yaşam qabiliyyətini və milli xüsusiyyətlərini müəyyənləşdirən ənənənin süzgəcindən keçmişdir" (T.D.Melikli. Tureükaə pogziə 60-x - naçala 70-x qodov: osnovnıe tendenüii i napravleniə. Monoqrafiə. Moskva, "Nauka", 1980. 116 s.).
Professor Tofiq Məlikli XIX əsrin mədəni-tarixi prosesində əsası qoyulmuş yeni şeirin mənbələrini araşdırmış, Tofiq Fikrət (1868-1914), Mehmet Emin (1869-1944), Yəhya Kamal (1884-1958), Əhməd Həşim (1885-1933), Mehmet Akif (1873-1936) və başqa müqtədir türk şairlərinin yaradıcılıqlarından bəhs etmişdir.
Tofiq Məlikli dünya ədəbiyyatşünaslığında Hazim Hikmətin "milli ədəbiyyatın nailiyyətlərinə və dünya ədəbiyyatının təcrübəsinə əsaslanaraq türk ədəbiyyatı və mədəniyyətində poetik inqilab edən" (Tam je. S.15.) bir xadim kimi xarakteristikasını verən ilk alimlərdəndir. O, şairin mövzu və şeir formalarındakı, o cümlədən, poema janrının yenilənmə prinsiplərindəki novatorluğunun xüsusiyyətlərini çox doğru müəyyənləşdirmişdir. Tofiq Məlikli öz tədqiqatlarında Nazim Hikmətin tətbiq etdiyi poetik islahatların müqəddəratını onun ardıcıllarının yaradıcılığında izləmiş və XX əsr türk poeziyasının təkamülünün xronoloji xəttini müəyyənləşdirmişdir.
Təbii ki, Tofiq Məliklinin sovet dövründəki tədqiqatları sovet ədəbiyyatşünaslığının ideoloji təsirindən azad deyildi. O, Nazim Hikmət haqqında belə yazırdı: "proletar yazıçısı fikrini kollektivin, onun mütəşəkkillik və monolitliyinin tərifinə yönəltməlidir" (Tam je. S.17.); və ya "ictimai və şəxsi olanın inkar dialektikası, nəhayətdə, ictimai və fərdin sintezinə gəlib çıxır, bunun nəticəsində isə yeni tipli lirika öz inkişafında keyfiyyətcə daha yüksək səviyyəyə çatır" (Tam je. S.17.).
Lakin sonrakı dövrlərdə ədəbiyyatşünas öz tədqiqatlarını tendensiyalardan azad edərək Nazim Hikmətin türk kommunist partiyası ilə olduğu kimi, SSRİ-nin rəhbər şəxsləri ilə də münaqişələrini açıq-aşkar təsvir etmişdir: "şair əslində SSRİ-də vətənindəkindən daha sərbəst olmalı idi, ancaq burada da orqanların nəzarəti altında yaşamalı olmuşdu" (T.D.Melikli. Nazım Xikmet v Moskve (1951-1963 qodı). Moskva, 2010, jurnal "Drujba narodov", № 7. [Glektronnıy resurs]. Rejim dostupa: http://magazines.russ.ru/druzhba/2010/7/me18.html).
Beləliklə, professor Tofiq Məliklinin tədqiqatları tarixi və tipoloji yanaşmaların uyğunlaşması ilə, ədəbi hadisələri həm ədəbiyyat nəzəriyyəsi mövqeyindən, həm də tarixi-siyasi, ideoloji və bioqrafik kontekstə əsaslanaraq təhlil etmək cəhdi ilə seçilir. Qeyd etmək lazımdır ki, tarixilik özlüyündə sovet, o cümlədən, Azərbaycan ədəbiyyatşünaslığının səciyyəvi xüsusiyyəti idi.
Tofiq Məliklinin daha bir mühüm xidmətini xüsusi qeyd etmək istərdik. O, 1985-ci ildə Türkoloqların Sovet Komitəsi sədrinin müavini seçilmiş və uzun zaman alim türkoloqların beynəlxalq elmi əlaqələri ilə məşğul olmuşdur. Sovet İttifaqı dağılana qədər onun təşəbbüsü ilə bir çox beynəlxalq elmi tədbirlər təşkil olunmuşdur. Bu tədbirlərdə dünya türkoloqları müasir türkologiya elminin ən mühüm problemlərini birlikdə müzakirə edir və həllər tapmağa çalışırdılar. Məsələn, 1988-ci ildə Bakıda baş tutmuş və oğuz türklərinin unikal abidəsi "Kitabi-Dədə Qorqud"a həsr olunmuş ilk mötəbər Sovet-Türkiyə kollokviumu yada düşür. Bu elmi forumda ziqiymət dünya şedevrinin görkəmli biliciləri - Moskvadan azərbaycanlı professor Xalıq Koroğlu, türk professoru Bahəddin Ögel və dastanların ilk naşiri, misilsiz bilicisi, dünya şöhrətli əfsanəvi türkoloq Orxan Şaiq Gökyay ilk dəfə olaraq görüşmüşdülər. Professor Tofiq Məliklinin və Türkiyə tərəfdən olan həmsədr Osman Sərtkayanın rəhbərliyi ilə keçirilən növbəti kollokviumlar türkologiyanın ən mühüm problemlərinə - qədim türk-runik abidələri; türk ədəbi dilinin yaranması və inkişafı; türklərin folklor ənənələri və sair mövzulara həsr olunmuşdur.
Professor Tofiq Məliklinin gənclik illərindən başlamış, təbi gələndə lirik şeirlər yazması sirr deyildir. Alim-şair elmi əsərlərini doğma dilimizdə, türk və rus dillərində yazsa da, öz şeirlərini yalnız Azərbaycan dilində yazır. O, 1989-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür. Şair Tofiq Məlikli iki dəfə Rəsul Rza adına beynəlxalq poeziya mükafatı (2008, 2012) laureatıdır. Bir dəfə isə Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə adına poeziya (2013) mükafatına layiq görülüb. Uzun fasilə ilə olsa da, şairin iki şeir toplusu işıq üzü görüb: "Duyğuların ən gözəli", Bakı ,"Yazıçı", 1978. 31 s. və "Ayrılıq heykəli", Bakı, "Qanun", 2012. 148 səh. Bu kitablar onun uzunömürlü poetik axtarışlarının uğurlu nəticəsidir. Şairin şeirlərində fəlsəfi və məhəbbət lirikası ciddi yer tutur. O, verliərdən istifadə edərək formanı cəsarətlə sınaqdan keçirir. Folklor üçün əhəmiyyət kəsb edən təbiətlə paralellik aparma üsulu onun lirikasında məntiqi idrakın qeyri-məntiqi davamı kimi ziddiyyətli ümumiləşdirmələrə, gözlənilməz, təravətli və yeni poetik açıqlamalara gətirib çıxarır:
"Yağır yağış, yağır yağış
Həm yay, həm qış.
Yerdən göyə buxarlanan
Dönür yenə, hopur yerə.
Ömür kimi bu yağış da
Qalxır göyə, dönür yerə.
Həyat verir, ömür verir
Bitkilərə, çiçəklərə.
Elə bil insandır yağış
Ölümündən sonra belə,
Həyat verir yerə, göyə..."
(Tofiq Məlikli. Ayrılıq heykəli. Bakı, "Qanun", 2012. S.49. 148 səh.)
Şairin böyük qisim lirikasında mühüm yeri işıq rəmzi və göz işığı mövzusu tutur. Onun şeirlərində işıq metafizikası müəyyənlikdən qeyri-müəyyənliyə doğru açılır. "Dilim" şeirində bütün bunlar doğma Azərbaycan dili orbitində bir-birinə çulğaşır. Burada "görmə" müəyyənliyindən seçilməzliyə - "korluğa" qalxma mövzusu aydınca izlənilir. Sən demə, buradan "ürək qapılarının" açılması və Azərbaycan dilinin əsl "ana dili" mövqeyinə qalxması ilə bağlı olan həqiqi bəsirətə doğru yol açılırmış. Bizcə, şairin fəlsəfi poetik yozumu məhz bu yönümdən maraq doğurur, oxucuya doğma dilə sonsuz məhəbbət aşılayır:
"Kor olsaydım belə,
Xəyalımda çəkərdim sənin surətini.
Acılara, sevinclərə
Aça bilərdim qəlbimin qapılarını,
Görərdim günəşin doğuşunu,
Torpağın nəmli üzünü,
Aşıq Ələsgərin çeşmə başında sevdiyi gözəli...
Yalnız və yalnız sənin sayəndə
Anam,
Dilim"
(Tofiq Məlikov. Duyğuların ən gözəli. Bakı ,"Yazıçı", 1978. S. 10. 31 s.)
Moskvada yaşadığı uzun illər boyu Tofiq Məliklinin həyatında Azərbaycan mədəniyyəti ilə daimi əlaqə xüsusi yer tutmuşdur: "Mən 48 ildir ki, Moskvada yaşayıram, amma bütün bu illər ərzində vətənimlə bağlı olmuşam. Bu müddətdə Azərbaycanı xatırlamadığım bir gün belə olmayıb. Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə həmişə birbaşa əlaqələrim olub. Lakin Rusiya da mənim üçün doğma ölkədir. Mənim bir insan kimi, bir alim kimi formalaşmağım burada baş tutub. Mən çox şeyə görə Rusiyaya borcluyam" (Tofik Melikli: "Bez nauki net velikoy stranı" [Glektronnıy resurs]. Rejim dostupa: http://azcongress.info/stati-2012/141-vypusk-34-282-14-sentyabrya-2012-goda/7863-tofik-melikli-bez-nauki-net-velikoj-strany).
Tofik Məlikli hər zaman doğma mədəniyyətimizi həm bədii ədəbiyyat, həm də elm sahəsində digər mədəniyyətlərlə dialoqda görən, bu qarşılıqlı mənəvi əlaqələrin əhəmiyyətini dərindən dərk edən, dəyərləndirən alim-şairdir. Milli mədəniyyətə yaxından vaqif olmaq, onun özəlliklərini digər mədəniyyətlər kontekstində əhatəli tədqiqatlara cəlb etmək bir şair kimi onu daima doğma sözə daha diqqətlə yanaşmağa sövq etmişdir. Tofiq Məliklinin çoxillik yaradıcılığı Moskvadakı münbit bədii-elmi mühitdə doğma mədəniyyətimizin taleyinə laqeyd olmayan şair-ictimai xadim, şair-alimin fəaliyyətinə parlaq sübutdur.
Təəssüf ki (bəlkə də nə yaxşı ki!!!), alim-şair Tofiq Məlikli 2014-cü ildə, ahıl yaşlarında daimi yaşamaq üçün qəfildən doğma Bakıya köçdü. Ümumiyyətlə, paytaxtın ictimai-mədəni dairələrində onun köçü, ilk növbədə, Moskvadakı Azərbaycan ədəbi mühitinin əksər iştirakçıları arasında gözlənilməz bir hadisə kimi qarşılandı. Hazırda Azərbaycanın əməkdar elm xadimi (2013), professor, adlı-sanlı türkoloq, şair Tofiq Məlikli ömrünün tam yetkin çağlarını nikbin ruh yüksəkliyi və fəal yaradıcılıq əzmkarlığı ilə doğmaları arasında yaşayır, yazır-yaradır, gücü çatan qədər alimin ümdə vəzifəsi olan işi - xalqına xidmət missiyasını layiqincə yerinə yetirir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
