Ötən ilin noyabrında əziz dostum, sevimli şairimiz Balaxan Qəribin 60 illik yubiley tədbirinə mən də dəvətli idim. Sazlı-sözlü, şən və musiqili keçən tədbirdə yubilyar məclis iştirakçılarına özünün yenicə çapdan çıxmış "Qorxar məndən günahlar" adlı şeirlər kitabını hədiyyə etdi.
Bu kitabı evdə hərdən taxçadan götürüb vərəqləyir, bir neçə şeiri oxuyub təzədən yerinə qoyurdum. Beləcə, Balaxanın indiyə qədər xəsisliklə yazdığı şeirlərinin hamısı ilə tanış olmaq imkanım yarandı və kitab haqda düşündüklərimi bir müddətə, necə deyərlər, dəmə qoydum. Onun poeziyasından yazmaq, az tirajla çıxan bu şeirlər kitabı haqda, heç olmasa, ədəbi cameədə müəyyən təəssürat yaratmaq qərarına gəldim.
Nəhayət, bu günlərdə kitabı başdan-ayağa və ayaqdan-başa bir daha oxuyaraq qələmə aldığım fikirlərimi bölüşmək qərarına gəldim.
Azərbaycanın söz səltənətində, poeziya aləmində bir qərib şair də var - Balaxan Qərib. Balaxan niyə qəribdi? Çünki ortalıqda tez-tez görünmür, yazdıqlarını xəsisliklə çap etdirir, şair, hətta şəxsi görüşlər üçün də çətin ələ gələn adama çevrilib.
Bütün bunlarla bərabər, Balaxan mənim üçün əksinə, rahat tapılan doğma bir insandı.
.jpeg)
Aramızda azacıq yaş fərqi olsa da, həmişə mənə elə gəlib ki, Balaxanla orta məktəbdə bir sinifdə oxumuşuq, uşaqlığımız bir kənddə keçib, əsgərliyimizi bir yerdə çəkmişik, hətta bir neçə il eyni zonda türmədə də olmuşuq. Onunla bir-birimizi bircə sözlə anlayır, uzaqdan bir işarə ilə başa düşürük.
Balaxan Qəribin poeziyası, əsasən, orijinal və riskli metaforalar üzərində bərqərardı. Yəni, hər bir şeirinin dayağı, cövhəri qeyri-adi bənzətmələrində, metaforalarındadı. Onun şeirlərində həm də poetik dilin saflığı, struktur nizam-intizamı var.
Balaxanın şeirləri gözlənilməz deyimlər, qəfil səhnələr, riskli döngələrlə zəngindi. Lakin o döngələr heç vaxt səni ümidsizliklə yükləyib neqativə bələmir. Onun ən kədərli şeirində belə, ümid cücərtisi, pozitiv enerji var. Bu niyə belədir? Cavabında deyə bilərəm ki, Balaxan özü naturaca həyatın ağırlığından qorxmayan, kədərə baş əyməyən, qəzavü-qədəri öz doğma taleyinin hədiyyəsi kimi qəbul edən bir şəxsiyyətdi. Bu xarakterdə olan adam, əlbəttə, ən kədərli şeirinə belə, bir işıq sızıntısı, bir ironiya qımışması qatır. Söhbəti uzatmadan, elə bu mövzuya onun bir şeirindən misal gətirirəm:
Tamam başqa rəngdə gəldi
Ömrümə bu yaz -
Qanım gecəsindən qara
Saçım gündüzündən bəyaz...
Diqqətlə baxsanız, görəcəksiniz ki, Balaxan bu misralarında heç də qocalıqdan şikayətçi deyil, əksinə, saçlarının bəyazını ömrünün naxışı, bəzəyi kimi əzizləməkdədi.
Onun poeziyasında elə məqamlar var, oxuyanda düşünürsən ki, olmaya, bu adam bu dünyaya bir neçə dəfə gəlib-gedib?!
Hərdən lap uzağa gedib düşürsən,
Orda aramırsan kim harda qalıb.
Bir boşluq qəlbini elə doldurur,
Sevdiyin adam da kənarda qalır.
Bu boşluq ruhumu çəkib aparır,
Geriyə dönməyə həvəsin olmur.
Üz tutub gedirsən Tanrıya sarı,
Tanrıdan savayı heç kəsin olmur!
Mənə elə gəlir son zamanlar çağdaş poeziyamız orijinal bənzətmə, maraqlı metafora yoxsulluğu yaşayır. Lakin bu Qərib şairin şeirlərindəki maraqlı, zəngin metaforaları, hətta müxtəlif rənglərə də bölmək olar. Onun poeziyasında işlədilən bədii ifadə vasitələrini metaforalar adı altında bir neçə yerə bölmək mümkündü: metafizik metafora, haray metaforası, özünəironiya metaforası, təzad metaforası, sürreal metafora...
Məsələn, sürreal metafora ilə naxışlanmış bir bənd:
Çölümdə bahardı, içim qış dadır,
Havayı yeyilir, ömrüm boş dadır,
Qarışıq salmışam anlayışları -
Günləri keçirəm yol əvəzinə.
Günləri yol əvəzinə keçmək... bu mənzərəni sürrealist rəssamlar belə, çəkə bilməzdi, çünki bu cür düşüncələr yalnız sözün qüdrəti ilə yaranır.
Lakin şairin yaratdığı aşağıdakı sürreal mənzərəni sürrealist rəssam kətana köçürə bilər. Yəqin ki, bacadan çıxan ağ tüstünü ağ saqqal kimi çəkmək sürrealist rəssam üçün elə də çətin olmaz. Ancaq belə bir mənzərəni sözlə çəkmək də hər söz ustasının işi deyil:
Tüstü çəkir qara bulud
Saqqalı ağ bacalardan...
Aşağıda verilən nümunədəki bənzətməni isə metafizik metaforaya aid edirəm:
Batdı uzaqlarda gəncliyin səsi,
Külək gətirəydi onu bir əsim.
Elə bərk fırlandı bu Yer kürəsi -
O illər üstündə qala bilmədi.
Bənzətməyə baxın: Yer kürəsi elə sürətlə fırlandı ki (yəni ömür o qədər sürətlə keçdi ki), illər mərkəzdənqaçma təcili ilə uzaqlara səpələndi, "üstündə qala bilmədi".
Bu misralar isə şairin ironiya metaforasından bir örnəkdi:
Dedim, ağ günümə bir az ağ alım,
Dedilər, bu oğlan lap ağ eylədi!
Beləcə, Balaxan Qəribin poeziyası həyatla ölüm arasında çəkilmiş tarım kəndir üzərində nümayiş etdirilən bədii tryuklara bənzəyir. Dilimizin bütün sirlərinə vaqif olduğuna görə müəllif müxtəlif bədii tryuklar etməkdən qorxub çəkinmir. Bu yerdə, sözlərimə qüvvət olaraq, müəllifin təzad metaforası ilə işlədiyi şeirindən bir parçanı oxuyaq:
Biz gedirik, baş daşımız
Beşiyimiz yerindədi.
Heç nəyimiz olmasa da,
Hər şeyimiz yerindədi.
Dediyim kimi, şair həmişə pozitivə kökləyir, pozitivə dartır adamı. Nə də olmasa, dünyada ən ağır şey ölüm deyilmi? Ölümdür, bəli! Ancaq Balaxan Qərib təkcə bu şeiri ilə oxucusunu ölümün yanından gülə-gülə çıxardıb harasa, uzaqlara ötürür.
Aşağıdakı misralar isə haray metaforasında yazılıb:
Gözümün yolunu daş tutubdu, daş,
Gəlin, ürəyimi boşaldın mənim...
Aşağıda verəcəyim gəraylı bəndinə baxın. Şair burada bir uşağa, ola da bilsin, bir gəncə deyir ki, sən öz ömrünü, öz uşaqlığını, öz gəncliyini yaşa, mənim kimi qocaya qoşulma. Bu dörd sətirdə müəllif həm də necə bir saf adam olduğunu özü də bilmədən büruzə verir:
Addımını atma qoşa,
Girmə mənimlə yarışa.
Yanımca gəlmə, ay uşaq,
Dünya o başdan başlayır.
Yəni, get öz həyatını, öz taleyini yaşa, ay uşaq! Mənə qoşulma, mən onsuz da pis-yaxşı, yaşa dolmuşam, sən gözəl yaşa! Həyatını o başdan, yeni abzasdan başlayaraq sonuna qədər gözəl yaşa! Bütün bu fikirlər bu misraların alt qatından bulaq suyu kimi sızaraq üzə çıxır...
Balaxanın şeirlərinin dərinliyində əsasən dünya deyilən bu ömrümüzün kədərinə qəribə bir ironiya var. Bayaq dediyim kəndirin üstündə tryuklar edən müəllif, əlbəttə, aşağıya (müvəqqəti həyata) baxıb xəfif kədərlə düşündüyü kimi, ironiya da edə bilir. Lakin, şair bütün şeirlərində həyatın gözəlliyini, yaşanmış və yaşanacaq hər bir məqamın, anın qiymətini bilirmiş kimi, həyatın hər yerindən həzz alırmış kimi mükəmməl görünür.
Balaxan Qəribin "Qorxar məndən günahlar" şeirlər kitabında ən az rast gəldiyim təbiət şeirləri oldu. Lakin kitabın hər varağına sanki bir sarı yarpağını göndərmiş "Payız" şeiri şairin təbiətə nə qədər bağlı olmasını tək canına sübut etmək gücündədi.
Meşə-meşə, yarpaq-yarpaq gəlirsən,
Çəmən-çəmən, çiçək-çiçək gəlirsən,
Xanım-xatın, gözəl-göyçək gəlirsən,
Gözəlliyin kədəri də gözəldi,
Qızıl saçlı sarışınım - payızım!
Şairin bahar melanxoliyası ilə dolu yağış şeirindən də bir epizodu oxucularla bölüşmək istərdim. Bu nisgilli yağışın nəm pıçıltıları altında yazılmış şeirin adı "Narın yağış"dı:
Niyə ağır-ağır yağır bu yağış,
Yolumu uzaqdı, yorulub nədi?!
Bu yağış təzədən evə qayıdan
Evdən küsüb getmiş gəlin kimidi...
Bu şeiri oxuyanda mən narın bir yağışın xəfif melodiyası altında bir kənd yağışını dinlədim və Balaxanın çəkdiyi epizodu film kimi izlədim. Kədərlidi, lakin küsüb getmiş gəlinin geri qayıtması gözəldi, ümidlidi...
Əlbəttə, balaca bir yazıda bir kitaba toplanmış şeirlərin hər biri haqda söz demək mümkün deyil. Odur ki, sözlərimi şairin öz daxili aləmi ilə dostluğu haqda yazdığı şeirlərdən nümunələrlə bitirmək istərdim. Balaxan bu şeiri ilə insanları darıxmamağa, heç kimi olmasa belə, hər insanı öz içindəki adamla dostluq etməyə çağırır.
Dərinliyinə
dünyanın ən gözəl qadınının belə,
baş vura bilmədiyi
qürurum, arım...
Ağıllı qocam,
ərköyün körpəm,
uçurumlar arası körpüm!
Ən etibarlı dostum,
vəfalı yarım -
İçim mənim!..
Şair başqa bir şeirində, tənha qalan insanın daxili məni ilə ünsiyyətinin formulunu, darıxmamağın psixoloji fəndini də öyrədir. Və tənhalıqdan azad olmaq reseptini, insanı özü ilə dostluğa səsləyən fikirlərini belə ifadə edir:
Ağlındakı adam səndən gedibsə,
Qəm yemə,
İçindəki adamlasan,
Heç də yalqız deyilsən!
Sonda, Balaxan Qəribə yeni yaradıcılıq uğurları, özündən küsməməyi və özü ilə həmişə dost qalmağı arzulayıram!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
