Azərbaycan xalqı şair, söz adamı, sənət adamı ilə daima seçilib. Sözə mehrini salanlar, sözlə nəfəs alanlar ölkəsiyik. Bütün sahələrdə xarüqələrə imza atan, Vətən sevgisi, yurda bağlılıq, düşmənə amansız olan bu millətin mayasında sevgi durur. Elə bu yazımda da sadaladığım keyfiyyətləri özündə birləşdirən bir şairdən bəhs edəcəm.
Etdin məni eşqin dəlisi, çöllərə saldın,
Səhraları, ey gül, mənə məskən elədin sən...
Bu misralar tanınmış qəzəlxan şair Hüseyn Sözlünündür. Ömrünün 80-ci baharını qarşıladı. Bu 80 illik ömür, əlbəttə ki, mənalı bir ömür oldu. Həyatının ən mənalı anlarını Xəzər dənizində, dünyanın ayrı-ayrı sularında və əlbəttə ki, sözün, şeirin, nəğmənin əhatəsində keçirdi. Çoxlu sayda mahnı müəllifi, 10-dan çox şeir kitabının, iki divan müəllifi olan Hüseyn Sözlü sözün həqiqi mənasında söz adamıdır. Təsadüfi deyil ki, ədəbi təxəllüsünü də Sözlü götürüb.

Hüseyn Sözlü Azərbaycan Dövlət Dəniz Akademiyasının baş müəllimi kimi fəaliyyətini davam etdirir. O, həm də dərs dediyi fənnin kitab müəllifidir. AYB-nin üzvü, Rəsul Rza mükafatçısı, Elm və Təhsil Mərkəzinin filologiya üzrə fəxri professoru, Türk dünyası Araşdırmaları Akademiyasının "Qızıl ulduz" mükafatçısı və sair.
Bu adları sadalamaq olar. Lakin bütün bu adlardan qabaq, sadəcə, şair Hüseyn Sözlü. O, nə yazırsa, nədən yazırsa, ürəyini qoyur, hissini, duyğusunu, yaşadığını, müşahidə etdiyini qələmə alır.
Son dövr yaradıcılığı klassik şeir ənənəsinə müraciətləri ilə diqqət çəkən şair, artıq qəzəllərdən ibarət iki "Divan"ını da araya-ərsəyə gətirib, oxucuların ixtiyarına verib.
Oxucu diqqəti, mütəxəssis rəyləri imkan verir deyək ki, klassik janra müraciət etməsində ədəbi uğurlar onu izləməkdədir. Onun aşiqanə misraları oxucu qəlbinə yaxındır, yaddaşda qalandır. Qəzəllərindən birində deyir:
Sevdam bürüyüb misraları, sənlədir, ey gül,
Sən göz yaşımın hər giləsin eylədin ümman.
Bütün misralarında saf eşqin iztirab dolu yaşantıları var. Oxucu özünü o misralarda, beytlərdə görür. Qəzəllərinin, eləcə də digər janrda yazdığı şeirlərin lirika dolu aurasından kənarda qala bilmir.
Qəzəl janrına müraciət edən şairlərimiz var və həmişə də olub. Ədəbi cameəmizdə bu çətin, yüksək istedad, müşahidə, bilgi tələb edən janra, əlbəttə ki, müraciət edənlər az deyil. Lakin bu çoxluğun içərisində bir azlıq var ki, bu çoxluğun içərisində daima tanınıb, yeri olub, sevilib, oxunub. Həm şeirsevənlər, həm qiraət ustaları, həm də xanəndələr, müğənnilər tərəfindən müraciət olunub. Hüseyn Sözlü də bu azlardandır.
Onun yaradıcılığında sevgi daha çox nəzərə çarpır. Yuxarıda sitat olaraq göstərdiyimiz qəzəlin digər beytlərində olduğu kimi:
Etməzmi sevən aşiqini könlünə mehman?
Verməzmi ləbin aşiqinə eşq üçün ehsan?
Açmaz ürəyin kimsəyə divanə olanlar,
Əlbəttə, vüsaldır yenə eşq əhlinə dərman.
O, eşqində əmindi, qətiyyətlidir, ifadə tərzi aydındır, seçiləndir:
Məcnun olanın canı fəda olmalı eşqə,
İstə, verərəm canımı mən canına qurban.
Hüseyn Sözlünü çoxlarından fərqləndirən xüsusiyyətlərindən biri də onun yetərincə təvazökar olmasıdır. Həm dənizçi, həm idarə rəhbəri, həm pedaqoq, həm şair-bəstəçi kimi qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər heç vaxt özü tərəfindən gündəmə gətirilmədi. Bu hal onun yaradıcılığında da özünün təsdiqini tapır. Uzun illərin dostu, həmkarı kimi mütəmadi görüşlərimiz, fikir mübadiləsi apardığımız günlər olur. Bir dəfə söhətlərimizin birində, "siz ölkənin tanınan imza sahibisiz, həm də bəstəçi kimi də sayılır və tanınırsız. Sizin üçün hansı sahə - şairlik, yoxsa bəstəkarlıq daha doğmadır?", - deyə sual etdim.
Ani fikirdən sonra: "Bunu demək mənim üçün çətindir, çünki nə vaxt bəstəçi və nə vaxt şair olduğumu heç özüm də bilmirəm. Birdən görürsən ki, şeir yazdığım yerdə onun melodiyası qəlbimdə dolanır. Bəzən də tarın pərdələrində gəzişəndə hər hansı bir melodiyanın sözləri - şeiri yaranır. Ona görə də onların hər ikisi mənim üçün doğmadır. Mənim 10-dan çox kitabım işıq üzü görüb və yüzlərlə mahnıların müəllifiyəm", - dedi.
Onun yaradıcılığında dəniz mövzusu, dənizçi həyatı, dənizçi yaşamı, dənizçi sevgisi, torpağa, vətənə bağlılıq çox yüksək səviyyədə ifadə olunur.
Qələm dostumla ədəbiyyat haqqında, onun ədəbi cameədəki yeri, rolu haqda danışarkən əldə etdiyi uğurlardan söz açdım. Bir çox ədəbi ödüllərə layiq görülməsindən bəhs etdi, "bu çox sevindiricidir", - dedim. Bütün bu uğurlarda dənizçi xarakteri, dənizçi həyatının hər hansı rolu olub-olmadığını, soruşdum.
- Dəniz mənə çox şey verib, mən dənizdən çox öyrənmişəm. Belə düşünürəm ki, yazılmış mahnıları və kitablarımdakı misraları dəniz mənə pıçıldayıb, dəniz mənim ilham pərim olub. Dəniz mənə dünyanı tanıdıb, mərd və cəsur olmağı öyrədib. Aldığım ödüllər də dənizin bəhrəsidir. Ədəbiyyat və musiqi yaradıcılığıma görə ödüllərim var: Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm; Orta Asiya Yazarlar və Tarixçilər Birliyinin "Turan birliyi" medalı ilə təltif olunmuşam və Türk Dövlətləri Araşdırmalar Akademiyasının "Qızıl medal"ına layiq görülmüşəm. "Qızıl qələm" mükafatçısı və Prezident təqaüdü almışam, - dedi.
Hüseyn Sözlünün aprelin 15-də 80 yaşı tamam oldu. Daima yazıb-yaratmaq eşqi ilə yaşayır. Yeni şeirləri ilə yaradıcılığının işıqlı dövrünü yaşayır. Ona şəxsi həyatında, yaradıcılığında uğurlar arzulayıram, "çox yaşasın, xoş yaşasın" deyirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
