Əlifbanın dəyişdirilməsi mövzusu XX əsrin əvvəllərindən başlayaraq, dünyanın müxtəlif bölgələrindəki türk xalqlarının xüsusi önəm verdikləri və üzərində çalışdıqları bir məsələ idi. Ərəb hərflərinin öyrənilməsi zamanı qarşılaşılan çətinlik və öz milli dəyərlərimizi müdafiə etmək, adət-ənənələrimizə sahib çıxmaq üçün rus və ərəb əlifbasından istifadənin dayandırılması düşüncəsi bir sıra mütəfəkkirlərimizi düşündürür və eyni zamanda fəaliyyətə keçməyə vadar edirdi. Bu arzunun ən yüksək səviyyədəki təzahürünü biz Birinci Türkoloji Qurultayda görə bilərik. Yüz illiyi münasibətilə akademik mühitlərdə hörmətlə yad edilən sözügedən qurultay türk xalqlarının vahid kommunikasiya qurması və tarixini, ədəbiyyatını, etnoqrafiyasını və mədəniyyətini mühafizə etmək məqsədi daşıyırdı. Qurultayda bir sıra önəmli qərarlar alınsa da, Stalin rejiminin qəddarlığı qəbul edilən qərarların tətbiqinə maneə törədirdi. Qurultayda qəbul edilən və planı hazırlanmağa başlanılan ən önəmli və eyni zamanda Mustafa Kamalın da israrla üzərində durduğu nöqtə vahid əlifbanın tərtibinə yol açacaq, latın əlifbasına keçid layihəsi idi. Əslində, əlifbanın dəyişdirilməsi məsələsi daha əvvəllər də irəli çıxarılmış, bir sıra dövlət adamları və ziyalılar bu barədə düşünmüşdür. Məsələn, Ənvər Paşanın qeydlərində biz onun bu arzusunu həyata keçirmək üçün planlar hazırladığını görə bilərik. Digər tərəfdən, əlifbanın dəyişdirilməsi ilə bağlı yuxarıda sözügedən ziyalılardan da öncə, məhz Mirzə Fətəli Axundov-Axundzadə əlifbanın dəyişdirilməsi ilə bağlı bir layihə hazırlamışdır. Hətta o, layihəsini İstanbuldakı rus səfirliyinin köməyi ilə Osmanlı dövlətinin sultanına və baş vəzirinə də təqdim etmişdir.
Axundov-Axundzadə İran, Əfqanıstan kimi Şərq dövlətlərinin inkişafını ərəb ənənələrindən uzaqlaşaraq rus intizamını mənimsəməkdə görürdü. O, türklərin tərəqqi edə bilməməsini də müəyyən mənada ərəb mədəniyyətindən qopmamaqları ilə əlaqələndirirdi. Ərəb əlifbasının çətinliyi və hərəkələrin (sait işarələrinin) göstərilməməsi savadlılıq səviyyəsinin aşağı olmasına səbəb olur, nəticədə yetişən gənclik kifayət qədər bilik əldə edə bilmirdi.
Bu səbəbdən Axundzadə ərəb əlifbasının tərk edilərək latın əlifbasının qəbul edilməsinin zəruri olduğunu irəli sürmüşdü. Xüsusilə, Osmanlı dövlətinin inkişaf etməsi və əvvəlki qüdrətinə qovuşması üçün əhalinin təhsil səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayır, bunun üçün də əlifbanın dəyişdirilməsinin və ya təkmilləşdirilməsinin mühüm əhəmiyyət daşıdığını müdafiə edirdi. Onun fikrincə, Osmanlı yalnız elm və maarif sahəsində irəlilədiyi təqdirdə əvvəlki gücünü bərpa edə bilərdi. Bu məqsədlə Axundzadə əlifba islahatı ilə bağlı layihə hazırlamışdı. Layihəni hazırladıqdan sonra o, İstanbuldakı Rusiya səfirliyi vasitəsilə paytaxta gələrək layihəsini dövlət nümayəndələrinə təqdim etmək qərarına gəlmişdi.
İstanbulda baş vəzir Keçecizade Fuat Paşa ilə görüşən Mirzə Fətəli Axundzadə layihəsini əvvəlcə baş vəzirə, daha sonra isə "Makam-ı Saltanat"a (Sultan) və "Encümen-i Daniş"ə (Nazirlər Kabineti) təqdim etmişdir. Layihəsini müdafiə etsə də, nəticə etibarilə qəbul olunmamışdır. Axundzadə bunun səbəbini İstanbulda fəaliyyət göstərən İran səfiri Mirzə Hüseyn xanın müdaxiləsi ilə əlaqələndirmişdir. Bu məsələ ilə bağlı olaraq o, "Yeni Əlifba Haqqında Mənzumə" adlı şeirində İran səfiri ilə yanaşı, şəxsi mənafelərini güdən bəzi Osmanlı dövlət xadimlərini və bu halları görə bilməyən padşahı da tənqid etmişdir. Onun fikrincə, Osmanlı hökmdarı ətrafında dolaşaraq dövlətə və millətə fayda verməyən şəxsləri idarəçilikdən uzaqlaşdırmalı idi.

.jpeg)
Layihəsi uğursuzluqla nəticələnsə də, Mirzə Fətəli Axundzadə sultana təqdim etdiyi Azərbaycan türkcəsində qələmə aldığı "Aldanmış Kəvakib" əsərinə görə dördüncü dərəcəli Məcidiyə Ordeni ilə təltif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Axundzadənin əlifba layihəsini ən çox dəstəkləyən şəxs Münif Paşa olmuşdur.
Bir məqamı vurğulamaq məqsədilə, Sultan Abdülazizin əmri ilə 19 sentyabr 1863-cü il tarixində Maliyyə Nazirliyinə yazılmış və Mirzə Fətəli Axundzadəyə təqdim olunması nəzərdə tutulan "Buyruldu-yi Ali" (Sultanın fərmanı) sənədini olduğu kimi burada qeyd etməyi zəruri hesab edirik:
"Maliye Nezaretine Buyruldu-yı Ali
Dağıstan meşahir-i fazılasından olub memalik-i Kafkasya hükümdarının elsine-i şarkiyye tercümanlığı hidmetinde bulunan ve geçende Dersaadet'e gelmiş olan Ahundzade Major Mirza Fethali'ye resm-i cedid hattına dair ihtira ve telif eylediği kitabdan dolayı dördüncü rütbeden bir kıta Mecidiye nişan-ı zişanı itası hususuna bi'l-istizan irade-i seniyye-i cenab-ı mülkdari müteallik ve şerefsudur buyrulmuş ve fi 22 Rebiülevvel sene 280 tarihinde canib-i teşrifattan ilmuhaberi verilmiş olmağla ber-muceb-i irade-i seniyye zikr olunan nişanın bi'l-imal Bab-ı Ali'ye irsali hususuna himmet buyuralar deyü
Fi 5 Rebiülahir sene 1280 ve fi 7 Eylül sene 279 Maliye Nezareti'ne buyruldu-yı Ali
Ahundzade Major Mirza'ya ihsan buyrulan nişan-ı zişanın imaline dair".
Axundzadənin dördüncü dərəcəli Məcidiyə Ordeni ilə təltif edilməsi ruslar tərəfindən Osmanlı dövlətinin bir rus məmuruna və ziyalısına nişan verdiyi kimi qəbul edilmiş və Çar idarəsi tərəfindən olduqca müsbət qarşılanmışdır. Axundzadənin Çar hökumətinə sadiq olduğu məlum bir həqiqət idi. Lakin həmin dövrdə o, Rusiyanın bir vilayəti olan Tiflisdə xidmət edirdi, Qafqaz Rus Qubernatorluğunda Şərq dilləri üzrə tərcüməçi vəzifəsində çalışırdı və rus vətəndaşı olmasına baxmayaraq, nişanın təqdim edilməsi üçün Maliyyə Nazirliyinə yazılmış "Buyruldu-yi Ali" sənədində soyadı rus vətəndaşlarının soyadlarında olan "-ov" əlavəsi ilə deyil, türk mənşəli şəxslərin soyadı formasında "-zade" əlavəsi ilə, yəni Axundzadə olaraq göstərilmişdir.
Həmçinin, "Buyruldu-yi Ali" sənədində Rusya sözünə yer verilməyib, onun əvəzinə "memalik-i Kafkas" (Qafqaz Dövləti) ifadəsi işlədilmişdir. Bu hallar Osmanlı dövlət rəsmilərinin qarşılarında bir rus məmurunu deyil, türk ziyalısını gördüklərini açıq şəkildə göstərir.
Həqiqətən də, Axundzadə türk dilində pyeslər yazaraq, türk dövlət xadimləri ilə fikir mübadiləsi apararaq və dövlətlərinin sosial inkişafını təmin etmək məqsədilə hazırladığı layihələrlə öz xalqına da sadiq olduğunu nümayiş etdirirdi.
O, ərəb mədəniyyətinin türklərin tərəqqisini ləngitdiyini və nəticədə dövrün nailiyyətlərindən faydalana bilmədiklərini vurğulamağa çalışırdı. Çar hökumətinə xidmət etməsi, 1854-cü ildə fars dilində yazdığı bir şeirdə müharibədə döyüşən rus əsgərlərin qəhrəmanlığını tərifləməsi, Sultan tərəfindən dördüncü dərəcəli Məcidiyə Ordeni ilə təltif edilməsinə heç bir maneə yaratmamışdır.
Türkiyə
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
