Müasir Azərbaycan ədəbiyyatında dramaturgiya yalnız səhnə üçün yazılmış mətn deyil, həm də fəlsəfi və estetik düşüncənin xüsusi ifadə formasıdır. Bu baxımdan akademik və yazıçı Kamal Abdullanın "Unudulmaz seçmələr-3. Pyeslər" kitabı dramaturji təfəkkürün müxtəlif istiqamətlərini özündə birləşdirən mühüm ədəbi hadisə kimi diqqət çəkir. 512 səhifəlik bu toplu müəllifin dramaturji yaradıcılığının ideya-estetik xüsusiyyətlərini sistemli şəkildə təqdim edir. Kitab yalnız pyeslər toplusu kimi deyil, həm də müasir Azərbaycan dramaturgiyasının nəzəri və bədii inkişaf xəttini anlamaq üçün mühüm mətnlərdən biri kimi qiymətləndirilə bilər. Kamal Abdullanın dramaturgiyası ənənəvi realist səhnə modelindən fərqli olaraq, daha çox fəlsəfi və simvolik məkan yaradır. Onun pyeslərində hadisələr bəzən real məkan və zaman çərçivəsindən çıxaraq mifoloji və metafizik qatlara keçir. Bu xüsusiyyət onun yaradıcılığında mifopoetik təfəkkürün mühüm yer tutduğunu göstərir.
Məsələn, topluya daxil edilmiş "Kim dedi ki, Simurq quşu var imiş?!" əsərində mifoloji obraz olan Simurq yalnız folklor motivi kimi deyil, həm də insanın özünü axtarışı və mənəvi kamilliyə doğru hərəkətinin simvolu kimi təqdim edilir. Bu cür yanaşma müəllifin dramaturgiyasında mifin yalnız süjet elementi deyil, fəlsəfi ideyanın daşıyıcısı olduğunu göstərir. Kamal Abdullanın "Kim dedi ki, Simurq quşu var imiş?!" adlı fəlsəfi, psixoloji və sentimental dramı əsasında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi tərəfindən hazırlanmış "Simurq quşu" Bakıda, S.Vurğun adına Akademik Rus Dram Teatrının səhnəsində oynanılmışdır. Bəri başdan deyək ki, kollektiv müəllif ideyalarını dərindən mənimsəmiş, tamaşanın dramaturji mizan-tərəzisini yazıçının ideyalarının açılışı istiqamətində qurmuşdur.
Kamal Abdullanın pyeslərində diqqətçəkən digər cəhət tarix və mif arasında qurulan dialoqdur. "Beyrək" və "Şah İsmayıl, yaxud "Hamı səni sevənlər burdadır"" kimi əsərlərdə milli yaddaş və tarixi kimlik məsələləri dramaturji strukturun əsas komponentlərindən birinə çevrilir. Bu əsərlərdə tarix yalnız keçmiş hadisələrin xronikası kimi təqdim olunmur. Əksinə, dramaturq tarixi hadisələri müasir insanın mənəvi və psixoloji problemləri ilə əlaqələndirərək yeni semantik qat yaradır. Beləliklə, tarix və müasirlik arasında estetik körpü formalaşır.
Müəllifin dramaturgiyasının əsas xüsusiyyətlərindən biri də obrazların çoxqatlı psixoloji strukturudur. Kamal Abdullanın pyeslərində qəhrəmanlar yalnız konkret hadisələrin iştirakçısı deyil, həm də müəyyən ideyaların və fəlsəfi mövqelərin daşıyıcısı kimi çıxış edirlər.
Bu xüsusiyyət xüsusilə, "Ruh" və "Casus" kimi pyeslərdə daha aydın hiss olunur. Bu əsərlərdə insanın daxili dünyası, onun vicdanı, qorxuları və seçimləri dramaturji konfliktin əsas mənbəyinə çevrilir. Beləliklə, müəllif dramatik gərginliyi yalnız xarici hadisələr üzərində deyil, həm də insanın daxili psixoloji mübarizəsi üzərində qurur.
Onun pyeslərində postmodernizmin əsas xüsusiyyətləri - mətnlərarası əlaqələr, miflərin yenidən yozulması, ironik yanaşma və çoxqatlı məna strukturu aydın şəkildə görünür.
Postmodernizm çox vaxt ənənəvi mif və tarixi hadisələrin yenidən şərh edilməsi ilə xarakterizə olunur. Kamal Abdulla pyeslərində qədim türk mifləri, folklor elementləri və klassik mətnlərə müraciət edir, lakin onları müasir fəlsəfi kontekstdə təqdim edir. Kamal Abdullanın dramaturgiyasında hadisələr bəzən real və simvolik məkan arasında baş verir. Personajlar bəzən yalnız süjet qəhrəmanı deyil, həm də ideyanın və ya simvolun daşıyıcısı olur.
Postmodern dramaturgiyada ciddi mövzular belə ironik və paradoksal formada təqdim edilə bilər. Kamal Abdulla da pyeslərində bu üsuldan istifadə edərək, klassik düşüncə formalarını yenidən sorğulayır. Onun əsərlərində müəllif qəti olaraq nəticə və sonluq barədə məlumat vermir. Tamaşaçı və ya oxucu mətnin mənasını özü qurur. Bu da postmodern ədəbiyyatın əsas xüsusiyyətlərindən biridir.
Kamal Abdullanın əsərlərində qurduğu postmodern 3D labirint gerçəyin müxtəlif variantlarda simulyasiyaları ilə doludur. Kamal Abdulla labirinti iç-içə keçmiş 3D labirintlərdən ibarətdir. Ədib zehnimizdə yaratdığı simulyasiyalarla oxucunu çaşdırır. Onu fərqli fəzalarda var edib, yox edir. Gerçəklə qurğu ayırd edilmir.
Beləliklə, Kamal Abdullanın "Unudulmaz seçmələr-3. Pyeslər" kitabı müasir Azərbaycan dramaturgiyasının estetik və fəlsəfi axtarışlarını əks etdirən mühüm nəşrdir. Bu topluda müəllifin dramaturji düşüncəsinin əsas istiqamətləri - mifoloji təfəkkür, tarixi yaddaş, psixoloji dərinlik və estetik eksperiment aydın şəkildə görünür.
Kitab həm ədəbiyyatşünaslar, həm teatr tədqiqatçıları, həm də geniş oxucu auditoriyası üçün dramaturgiyanın yeni semantik imkanlarını göstərən dəyərli ədəbi mənbə kimi xüsusi maraq doğurur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
