Onun yazdıqları özü kimidi - Şövkət Horovlu-85 - Sərvaz HÜSEYNOĞLU

 

Xalq şairi Nəriman Həsənzadənin könül həmdəmi Sarasının dilindən qələmə aldıqlarıdı; yazır ki, bir qadın ömrünü girov qoymuşam / Bir şair ömrünü yaşatmaq üçün.

Bu unudulmaz misraların başqa, bir özgə deyim, ifadə tərzi də var: "Bir insan ömrünü girov qoymuşam / Bir şair ömrünü yaşatmaq üçün".

Nəriman müəllimin əlinə sağlıq, hər iki halda sənət, sənətkar yanğısının, fədakarlığının gerçək obrazını şəkilləndirib.

Və ən maraqlısı odur ki, hər dəfə bu səmimi misraları xatırlayanda gözlərim önünə bir xanım, bir ana və qadın ömrünü bir şair, nasir ömrünü yaşatmaq üçün girova çevirən Şövkət Zərin Horovlunun əziz siması gəlir. Çünki Şövkət xanım ana kimi anadı, dəyərli bir xanım əfəndidi və eyni zamanda da fədakar ana-qadın ömrünü bir yazıçı-şair ömrünü yaşatmaq üçün girov qoyanlardandır.

Sözün həqiqi mənasında!

Qibtə ediləcək yaşam tərzində!

Şövkət xanımın sözə, sənətə, ədəbiyyat camisinə olan vəfadarlığı, ömrün hər yaşında söz havasında qalması, sənətkar dözümü heyranedicidir. Məktəb kimidir. Ən gözəl olanı isə odur ki, onun poeziyaya, yazıçı missiyasına olan bağlılığı vətəndaş mövqeyinin ucalığından qaynaqlanır. Yaradıcılığı doğma yurd yerlərimizin, şanlı tariximizin danışan dili, dilmanc kimidir.

 

Bu fikirləri mən illər öncəsi Şövkət xanımın "Axırıncı gediş" romanı haqqında yazdığım geniş məqaləmdə də səmimiyyətlə qeyd etmişəm: "Axırıncı gediş" Ş.Z.Horovlunun "Tale yolu", "Oxunmamış zərf", "Arazdan gələn səs", "Əbədiyyətə qədər" və s. əsərlərindən sonra qələmə aldığı olduqca mükəmməl və irihəcmli ədəbi nümunədir. Eyni zamanda bu roman bütün məziyyətləri ilə, hər şeydən əvvəl, bir vətənpərvərlik, yenilməzlik, əhdə vəfa, ləyaqət dərsliyidir. Tarixi anladır, əsrin (və əsərlərin) o başını bu başına tikir. Yazıçı-sənətkar və vətəndaş mövqeyinin aydınlığını, hər cür azadlıq mücadiləsinin, özgürlük çabasının yanında olmaq, ola bilmək istəyini, qərarlığını ehtiva edir. Romanla tanışlıq boyunca Ş.Z.Horovlunun tarixə hədsiz bələdliliyinin, mövzuya aşinalığının heyranı olmaya bilmirsən. Yazıçının "Tale yolu" əsəri də bu mövqedən oxunur. Hər iki əsər bütün yönləri ilə bütöv bir tarix - etnoqrafiya vəqfinin illər boyu öz fəaliyyətində əldə edə biləcəyi bilgiləri tam olaraq özündə ehtiva edir.

Şövkət xanımın "Axırıncı gediş" əsəri də insanın azadlıq duyğularının, sədaqət hissinin sarsılmazlığı, böyük eşqin ölməzliyi ideyasını önə çıxarır. İnam və iman məfhumlarının qutsallığı düşüncəsi "Axırıncı gediş"in əsas ideyasını təşkil edir. Tarixin unudulmadığı, tarixin unutmadığı həqiqətlərinin aşkar, hər məqamda hiss olunan, görünən ifadələri cizgilənib "Axırıncı gediş"də.

Şövkət xanımın son dövr poeziyamızın yaddaqalan, mükəmməl nümunələri olan (və yadda qalan) şeirləri nəsr yaradıcılığının davamı kimi oxunur. Onun şeirlərində qaçqın və köçkünlük dönəminin ağır, nisgilli yaşamının poetik ifadəsi var. Uzun illər Qarabağ işğalının kədərini yaşayan şair Zəfər günümüzün, böyük qalibiyyətimizin fərəhli yaşamını dərin şükranlıqla qələmə alır. Şövkət xanımın şeirlərində də sevən bir qəlbin əbədiyaşar etibarı, sədaqət duyğusu şahanə təsviri ilə cövlan edir. Bu misralar oxucu xəyalını ən pünhan, vergili, vəfalı və unudulmaz aləmlərə götürür - sonsuz köksötürmələri, təəssüfü ilə bir arada:

 

Xəyalda sənə bir heykəl düzəltdim,

Qoydum ümidlərim boy verən yerə.

Duyğum təzələndi, söz çiçəklədi,

Qaçdım bənövşələr hay verən yerə.

 

Şövkət xanım bütün yaradıcılığı boyunca milli şeirimizin ümumiləşdirici ənənələrinə sadiq qalıb. Poetik fikri şeirin texniki imkanlarının boyuna uyarlı şəkildə biçməyi bacarıb. Onun şeirlərini müdrik yanaşma reallıqları izləyir. Gənclik duyğularının ifadəsiylə müdriklik çağının haqq etdikləri uyarlı şəkildə bir araya gəlir. Uşaq ədəbiyyatımızın görkəmli simalarından biri olan İlyas Tapdığın təbirincə desək, təkcə "Bahar nəğmələri" adlı şeiri Şövkət xanımın poeziyada yerini təsdiqləyir. Və o, tanınmış şair Cavad Cavadlının yazdığı kimi, "poeziyanın bütün janrlarında yazan şairdi". Təbii ki, bənzərsiz, yaradıcılıq imkanları, mövzu seçimindəki həssaslıq və rəngarənglik bütün hallarda onun uğurunu təmin edir.

Filologiya elmləri doktoru Vaqif Yusifli haqlıdır ki, Şövkət Horovlu, ilk növbədə, qəmin poeziyasını yaradır, Vətən həsrətinin nəğmələrini oxuyur. Xalq şairi Qabilin zənnincə onun şeirləri olduqca gözəl poeziya nümunələridir.

Eyni zamanda o, "anadangəlmə şair doğulub. Şeirləri təbii istedadın ədəbiyyat səhnəsinə, poeziya dünyasına gətirdikləridi" (Qəzənfər Kazımov).

Və bu gerçəkliyi Şövkət xanım hamıdan gözəl ifadə edir ki: "Hərdən həlimləşir, hərdən sərtləşir, mənim şeirlərim özüm kimidir".

Bu baxımdan Ş.Horovlu özünün şair missiyasının, vətəndaş yaşamının yönünü kifayət qədər aydın şəkildə ifadə edə bilən sənətkardır. Özünün də yazdığı kimi:

 

İnsanın çəkilməz ağrılarına

İçindən xəlvəti ağlayır şair.

Özününkü sayır özgə qəmini,

Sevincini bölüb paylayar şair.

 

Şair sevgisində bütöv bir dünyanın gülə bilmək həqiqətini şeirin şirin dilinə ustalıqla çevirə bilir Şövkət xanım.

Müşahidə etdiyi hər bir predmet, ünsiyyətdə olduğu hər yeni reallıqlar ona çoxşaxəli, çoxbaxışlı mövzular verir. Təbii ki, bu mövzular içində əbədi eşqin, əhdə vəfanın xüsusi, seçilən yeri var. Hətta belə mövzuların poetik ifadəsi sanki özü axın edir, önə çıxır Şövkət xanımın yaradıcılıq aləminə. Sevgidən yazdırır Yazdıran ona:

 

Qırıq ömrü necə calayım, tikim?

Sonacan yaşamaq deyilmiş asan.

Sən orda yalqızsan, mən burda yalqız,

Qoy köçüm dünyana, darıxmayasan.

 

Böyük bir sevginin əmanətiyəm,

Xəyal da arada azdırır məni.

Demişdim mən sənsiz şeir yazmaram,

Əllərimdən tutub sevgin yazdırır.

 

Bu misraları oxuduqca Xalq şairi Səməd Vurğunun unudulmaz deyimi düşür yadıma: "Qoca Şərq, qoca Şərq, qadın vəfası..."

Necə də uyarlı, necə də adbaad, necə də biri o birinə ayaq verən, biri o birinin davamını gətirən müşahidələr, fikir, düşüncə axınlarıdı:

 

Gözündə ovudub intizarını

Susub görüş yerin nə vaxtdan bəri.

İstədim üstünə sərəm qəlbimi -

Bir hovur isidə xatirələri.

 

Hardasa oxunur sevgi nəğməsi,

Bu səsə bir ürək ağlayam, doyam.

O nəğmə geriyə qayıda bir də,

Gözümü yolunda gözətçi qoyam.

 

Oxuyursan və əlbəəl bilirsən ki, səsin havasına "bir ürək ağlamaq" istəyi, fikrin bu biçimdə ifadəsi yalnız Şövkət Zərin Horovlu təbinə, qələminə məxsus bir deyim tərzidi. "Gözümü yolunda gözətçi qoyum" deyimi ona məxsusdu. "Qoy köçüm dünyana, darıxmayasan" fədakarlığı Şövkət xanımın könüldaşlıq möhürüdü. Sevən qəlbini sağalmaz itkisinin xatirələri üstünə sərmək istəklisidi Şövkət xanım; ta ki, o xatirələr aləmi, susqun gor evi bir az isinə, hərarət tapa, qəbir evində olmaqsa da rahatlana, nigaranlığı bitə!

Şövkət xanımın şair istəkləri, umacaqları olduqca insani, olduqca heyrətamiz, eyni dərəcədə də sadə və əlyetəndi:

 

Bir az sevgi verin mənə, insanlar,

Yalın ümidimə bələyim, bugün.

Mənə sevgi verin yəhərli dağlar,

Ruhuma sizlərdən gözəllik çəkim.

 

...Sevgindən azacıq mənə ver, dəniz,

Sevgisiz bu ömür, de, nəyə dəyər?

Dinləyib suların sevgi nağılın

Gizli pıçıldasın mənə ləpələr.

 

Şövkət xanım eyni istək və hərarətlə çiçəkli yamaclara, zərli dərələrə, doğma sahələrə xitab edir. Bu xitablara hər şeydən əvvəl doğma bir ərk hissi hakimdir. Hər misra xüsusi könüldaşlıq, heyranlıq duyğusu sərgiləyir. Bu səmimi duyğular şeirdən-şeirə ayaq açır, keçid edir. Bitmir, tükənmir. Bu bitməzlikdə, davamlılıqda əbədi yaşamaq, var olmaq, yenidən doğulmaq, yenidən sevib-sevilmək istəyi, çabası var. Məsələn, "On beş yaşın məktubu"nda olduğu kimi:

 

Qapına ünvansız məktub atalar,

İçində ox şəkli, həm ürək şəkli...

Biləsən yenə də səni sevən var -

Elə gəncliyində olduğun təki.

 

...Eyvana əyilən budaq sevinə,

Qəfil həzinləşib bir nəğmə ola.

Elə duyğulana yaşıl yarpaqlar -

Dünya başdan-başa sevgiylə dola.

 

Bu misralarda hər bir bəşər övladının əbədi könül istəyi süslənib. Hər kəsin arzusudu. Dünənimizin, bugünümüzün, sabahlarımızın bitməyən sevdası, könül istəyi belədi.

Dünya davam edəcək. Davam etdikcə də ömrün bütün çağlarında - on beşində də, otuz beşində də, yetmişində, yetmiş beşində də, səksənində də olduğu kimi, səksən beşində də və bütün zamanlarında da Şövkət xanımın bu istəkləri təzə-tər qalacaq, çiçəkləyəcək...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!