Özbəkistan Xalq şairi Siracəddin Səyyidin yaradıcılığı doğma vətəni Özbəkistanın hüdudlarından çox-çox uzaqlarda da məlum və məşhurdur. Görkəmli şairin fəal və peşəkar yaradıcılığa başladığı 80-ci illərin əvvəllərindən bəri - az qala 50 illik gərgin zəhmət və ədəbi-mənəvi axtarışları ərzində onlarla (50-yə yaxın) kitabları və müxtəlif səpkilərdəki poetik topluları nəşr olunmuşdur. Bir sıra Şərq və Qərb ölkələrində əsərləri çap olunan, kifayət dərəcədə tanınan və dəyərləndirilən sənətkarın qonşu və qardaş ölkələrlə yanaşı, uzaq və böyük məmləkətlərdə də əsərləri müxtəlif dillərdə səslənməkdədir. İndiyə kimi qardaş Özbəkistan şairinin dilimizə xeyli şeirləri çevrilmiş, müxtəlif populyar sayt və qəzetlərdə yayınlanmışdır. Böyük şairi xalqımızın poeziya sevərlərinə ilk dəfə tanıtmaqda bu sətirlərin müəllifinin və özbək-azər dillərində yazıb-yaradan tanınmış şairimiz Akif Azalpın zəhmətlərini ayrıca qeyd etməyə dəyər. Siracəddin Səyyidin ilk kitabı isə Azərbaycan dilində 2024-cü ildə nəşr olundu. "Vaxt heykəli" adlanan bu kitabda yer almış şeirlər və poemaları da ana dilimizə Akif Azalp və Yaşar Qasımbəyli çevirib. Artıq xeyli vaxtdır ki, oxucularımıza təqdim olunmuş kitabı özbək ədəbiyyatını ürəkdən sevənlər razılıq və məmnunluqla dəyərləndirirlər.
Haqqında söhbət açdığımız "Vaxt heykəli" (Bakı, 2024) kitabı təkcə görkəmli özbək şairinin yaradıcılığı haqqında oxucularımıza ətraflı bilgi və təsəvvür verməklə kifayətlənmir. Həm də hər iki qardaş və məsləkdaş sənət adamının - Siracəddin Səyyid və Akif Azalpın ədəbi-mənəvi ünsiyyətindən, sənətkar şəxsiyyətindən və yaradıcılıq yolundan söz açmağa münbit şərait yaradır.
Siracəddin Səyyidin 80-ci illərdə özbək poeziyasına gətirdiyi yeniliklər elmi-estetik fikir və mülahizələr diqqətəlayiqdir; Özbəkistan Xalq şairi və mənsub olduğu ədəbi nəslin ən istedadlı nümayəndələrindən biri Siracəddin Səyyidin yaradıcılığı məhz bu baxımdan çağdaş özbək ədəbiyyatının geniş miqyasda etiraf olunmuş və şöhrət qazanmış ciddi hadisələri sırasına daxildir. Müəllif bu mülahizələrini əsaslandırmaq üçün böyük rus şairi Andrey Voznesenskinin bir vaxtlar ciddi rezonans doğurmuş "Zaman sınağından çıxan şairlər" ("Trud" qəzeti, 15 aprel 2006-cı il) məqaləsindən aşağıdakı etiraflarını nəzərimizə çatdırır: "Siracəddin ilə mən 1987-ci ildə tanış olmuşam. Onda o, yeni və gənc poeziya ordusunun serjant rütbəsindəki cavan zabiti idi, ancaq onun zərif və yaraşıqlı gödəkçəsinin çiyinlərindən marşallıq nişanı parıldayan kimiydi. Daşkəndli şairlər zaman sınaqlarından halal və mərdanə keçə bildilər. Bu sözlər birbaşa Siracəddinin özünə də aiddir. O, indiyə qədər hələ də mənim xəyalımda həmin gözləri par-par yanan yeniyetmə kimi canlanır. Uşaqlara xas şəffaflıq və təravət, saflıq və səmimiyyət əsintisi olan bu şeirləri siz əziz oxuculara tövsiyə edərkən, onların Özbəkistanda yaşayıb-yaradan tanınmış rus şairi Aleksandr Faynberq tərəfindən yüksək məharət ilə tərcümə edildiyini vurğulamaq istəyirəm. Ustadları Abdulla Arif və Erkin Vahidovla birgə oturub-duran, onların məktəbindən dərs alan Siracəddin hal-hazırda başqa şairlərlə yanaşı, çağdaş özbək poeziyasının öz dəst-xətti və öz nəfəsinə malik görkəmli simalarından biridir...".
Özbəkistan Xalq şairi Siracəddin Səyyidin bütün yaradıcılığı boyu davam etmiş və dərinləşmiş təkrarsız səmimiyyət, cazibədar həyatilik onun ilk şeirlərindən başlayaraq özünü büruzə vermişdi. Müasirləri və qələm yoldaşları şair istedadının bu özünəməxsusluğunu hələ o vaxtlar müşahidə etmiş və yüksək dəyərləndirmişdilər. Bu xüsusiyyət onun hətta yeniyetməlik illərində qələmə aldığı və lirik "mən"in bilavasitə tərcümey-halı ilə sıx bağlı şeirlərini oxuyarkən daha qabarıq surətdə nəzərə çarpır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
