"İpək köynək" modelinə qeyri-səlis baxış (Bioqrafik-fəlsəfi esse) - İFTİXAR

 

Müasir Azərbaycan ədəbiyyatında öz üslubunu yaradan azsaylı söz adamlarından biri Mahirə Nağıqızının "İpək köynək"  hekayəsi özündə həyat-ömür fəlsəfəsinin çoxqatlı təsvirlərini canlandıran, insanı "olum-ölüm" gerçəkliyi ilə üz-üzə qoyan və bu gerçəklik daxilində vicdan meyarını unutmamaq məfkurəsinə yönəldən fundamental bədii hadisə həm də estetik-fəlsəfi fenomen kimi cəlbedicidir.

"Köynək" deyərkən, ilk növbədə, gözlərimin önündə hekayənin baş qəhrəmanı "Ana" canlanır.

Təbii ki, bu məqamda gözlərim önündə İkinci Dünya müharibəsi qurbanlarının övladlarını öz balalarından ayırmadan, eyni nəvaziş və şəfqətlə böyüdən, hətta öz köynəyindən keçirərək doğmalaşdıran ata nənəm - Güllər anam canlanır. Bundan daha duyğusal mənzərələrin 6 il əvvəl yaşadığımız taleyüklü məqamlarda, II Qarabağ müharibəsində də şahidi olan minlərlə insanlarımız üçün o anlar unudulmaz xatirəyə dönüb.

Bəlkə ona görədir ki, bir  il əvvəl Qırğızıstanda layiq görüldüyüm dünyaca dəyərli "Çingiz Aytmatov" medalının təqdimatı zamanı çıxışımı təhtəlşüurun hökmü ilə bu cür başlamışdım:"Bu gün mən bir qırğız anasının köynəyindən keçərək, qırğız övladı haqqını da qazandım!"

 

Məhz bu nöqtədən hekayədə təsvir olunan məqamlara yanaşaraq, o hissi bölüşməyi lazım bilirik ki, "İpək köynək" fenomeninin oxucuda yaratdığı duyğusal vəziyyət klassik, sərt sərhədlərlə işləyən məntiqin çərçivələrinə sığmır. Burada nə "tam doğma", nə də "tam yad" anlayışı əvvəlki müəyyənliyini qoruyur, əksinə, bütün münasibətlər keçidlərdə, aralıq çalarlarda mövcud olur. Bu baxımdan "ipək köynək" anlayışı qeyri-səlis məntiqin təbiətinə uyğun olaraq sabit deyil, dəyişkən və dərəcəvidir. O, eyni anda həm ana qucağı, həm sığınacaq, həm də yadın doğmaya çevrildiyi keçid məkanı kimi çıxış edir. Burada məna ikili qarşıdurmalarla deyil, yaxınlaşma və uzaqlaşma dərəcələri ilə formalaşır.

Əgər klassik məntiqdə doğmalıq və yadlıq bir-birini inkar edən iki qütb kimi mövcuddursa, "İpək köynək" modelində bu anlayışlar bir-birinə nüfuz edir, biri digərinin içində müəyyən paya sahib olur. Ana yalnız "öz övladına məxsus olan" varlıq kimi deyil, eyni zamanda yad körpəni də öz köynəyindən keçirərək ona doğmalıq qazandıran varlığın real obrazı olaraq təzahür edir. Bu isə artıq sərhədlərin pozulduğu, mənaların bir-birinə keçdiyi qeyri-səlis bir məkandır. Beləliklə, "ipək köynək" yalnız qoruyucu örtük deyil, həm də mənəvi identikliyin formalaşdığı dinamik model kimi meydana çıxır. Bu modeldə insanın "kimə məxsus olması" sualı qəti cavablarla yox, hisslərin, xatirələrin və münasibətlərin dəyişkən intensivliyi ilə müəyyən olunur. Bəlkə də elə buna görə indi haqqında söhbət açacağımız bu hekayədə "İpək köynəy"in içindən keçmək sadəcə bir fiziki hərəkətin təzahürü deyil, varlığın başqa bir mənəvi müstəviyə keçidi - yadlığın doğmalığa çevrildiyi incə və görünməz transformasiya aktına çevrilir.

İşin bir də o tərəfi var ki, özünəməxsus erudisiyası ilə ədəbi mühitdə özünə layiqli yer tutan Mahirə Nağıqızının "İpək köynək" əsəri ( "tarixi-bioqrafik esse-hekayə"si də demək mümkündür) ilə tanışlığım, ən əsası isə hekayəni oxuyarkən yaşadığım duyğusal hadisə təyyarə ilə Bakıdan İzmirə gedən zaman baş verirdi. Sizə qəribə gəlib-gəlməyəcəyini bilmirəm, hekayədə baş verən hadisələrin müəllifin inandırıcı üslubunun təhkiyəsində təqdimatını  yaşamaq, o yaşantılarla uşaqlığına dönmək, duyğusal xatirələrin işığında keçmişə boylanmaq öz məxsusi təzahürləri ilə oxucunun yaddaşına hopur, həmin səhnələri canlandırır.

Ona görə də bütün paralellərin qovşağında tən gələn mənzərə belə bir fikir formalaşdırır ki, "İpək köynək"də cərəyan edən hadisələrdə meydana çıxan "ipək" fenomeni, onun yaranma təcrübəsini bütün detalları ilə yaşamısan.

Məhz buna görədir ki, bütün duyğu və yaşantılarımla "İpək köynək"lə qol-boyun ola bildim.

Önümdə bir neçə saatlıq hava yolu...

Ayağımın yerdən qopduğu, havalı bir ovqatda - lirik-romantik, ən çox da ekzistensial bir ruhda - düşüncələrimlə çoxəhvallı hisslərin çarpışdığı bir məqam. Həm də, dediyim kimi, qarşımda istedadlı bir müəllifin özünəməxsus poetik ruh və üslubla ərsəyə gətirdiyi duyğulu hadisəni, uşaqlığın ən saf mehri ilə dünyaya baxan, bir ailədə baş versə də, onunla sərhədləri məhdudlaşmayan coğrafiyada çoxlarının bir həyat parçası olduğuna əmin olursan.

Bütün varlıq dünyamı sarmış, içimi kövrək notlara calayan bu yaradıcılıq ruhu ilə qarşı-qarşıya qalmaq, eyni anda həm çılğın, həm sakit, həm də rəngarəng bir əhval yaratmaqla məni təyyarənin kiçik pəncərəsindən yerə boylanmağa sövq edən hissin təsirini bütün ruhunda hiss edir, özünü "İpək köynək"də cərəyan edən hadisələr dünyasına inteqrasiya edirsən.

Göydən Yerə baxmaq və baxarkən hekayənin içində, onun məzmununda qaynaşan, yerdə cərəyan etmiş hadisələrin xatirəsi ilə üz-üzə qalmaq - bəzən məntiqin özünü belə bulanıqlaşdırır, onu durultmaq üçün isə beynin bütün hüceyrələrini hərəkətə gətirməyə vadar edir. Bu məqamda sanki təkcə mən yox, mənim timsalımda oxucu da həmin düşüncə prosesinə qoşulur.

Hekayədə nəql olunur ki, müəllif İzmirə enər-enməz, candanəsinə söz verdiyi ipək köynəyi almaq üçün şəhərin məşhur çarşısına səmt alır. Hadisələrin bütün axarı da məhz elə həmin andan etibarən yön dəyişir.

Mahirə Nağıqızının "İpək köynək" hekayəsi oxucunu həm şəxsi xatirələr, həm də real təcrübələrlə zənginləşdirir. Hekayə yalnız səfəri və o səfər çərçivəsindəki hansısa hadisəni təsvir etmir -  o, qeyri-xətti düşüncə və emosional rezonans vasitəsilə oxucuda dərin introspektiv təcrübə yaradır. Mətnin başlanğıcında təsvir edilən Egey mənzərəsi və otel otağının detallı təsviri, müəllifin daxili dünyasını simvolik olaraq işıqlandırır və bu işığın aydınlığında yazıçının təxəyyül dünyasında ekskurs üçün ipək materialın genezisinə aparan bədii-poetik bir cığır açılır. Həmin cığırla öz uşaqlığına varan hekayə qəhrəmanının bu vaxta qədər mürgüləyən xatirələri oyanır və bu oyanışın yaratdığı imkandan istifadə edərək doğma anasının əməyi ilə meydana gələn ipəyin nəinki hazırlanması prosesini, həmçinin ucqar bir kənddə o prosesin içində olan ailə üzvlərinin hər birinin daxili aləmində Azərbaycan insanının obrazını bir daha olduğu kimi görə bilirik.

Hekayədəki əsas simvol ipək və baramaqurdlarıdır. Baramaqurdlarının böyümə prosesi, ipək istehsalı, həyatın mərhələləri, zəhmət və nəticə arasındakı əlaqəni metaforik şəkildə əks etdirir. Uşaqlıq xatirələri ilə paralel təqdim olunan bu proses sensor detallarla zənginləşdirilmiş poetik təsvir kimi çıxış edir: qurdların yemlənməsi, yarpaqların hazırlanması və ipin toxunma mərhələləri yalnız bioloji fakt deyil, həm də həyat fəlsəfəsi ilə üzvi şəkildə birləşən bir məna qatıdır. Bir anlıq oxucu, insan ömrünün baramaqurdu ömrü ilə çarpazlaşdığı məqamlarda həyat və yaşam ehtiraslarının yalnız fizioloji deyil, həm də fəlsəfi mahiyyətini təsəvvür aparatında ölçüyə gətirmək məcburiyyətində qalır. Cəmisi qırx gün davam edən barama qurdu ömrünün mənası, həyata və təbiətə bəxş etdiyi ipək sapının həqiqəti ilə öz missiyasını tamamlayır və kəpənək ömrünə çevrilərək yeni həyatların başlanğıcını eskizləyir. Bununla da o, insan əməlləri ilə dəyərə çevrilən gerçəkliklərin mənalandırılması axınında, sanki bir cərəyan seli kimi, dünyanın köksündən keçib gedən ilğımvari zaman tablosuna öz obrazını həkk edir. Ana obrazı isə Mahirə xanımın hekayəsində insan fenomeninin ideal nümunəsi kimi canlandırılır; qayğı, məsuliyyət, yetişdiricilik və həyatın qoruyucusu kimi bədii və real detallarla təqdim olunur. Bu obraz həm etik model, həm də təbii dünya ilə insan davranışları arasında harmoniya simvolu kimi rəmzləşir. Bu süjet xəttində biz, düyüdən kiçik qara rəngli baramaqurdlarının hər gün tut yarpağı ilə bəslənən mərhələli inkişaf prosesini ana şəfqətinin yorulmaz və silsiləli ritmi ilə günbəgün nəticəyə doğru irəliləyən bir həyat tablosu kimi izləyirik. Bu təsvirlər sanki istedadlı bir rəssamın təmkinlə yaratdığı məşhur bir tablo effektini xatırladır.

Barama qurdlarının tut yarpağı üzərindəki mikroskopik hərəkətlərini xatırladıqca, nəzərlərim təyyarənin pəncərəsindən yer üzünə yönəlir və sanki mikroskopdan baxırmış kimi bir təəssürat yaranır. Təsəvvürümün ekranında Yerlə Göy arasında uçuşan bu mənzərədə baramalar yalnız yarpaqları deyil, sanki zamanın özünü də tükədirlər.

Düyüdən də kiçik olan qara rəngli baramaların böyüyərək öz təbii rənginə çatdığı ana qədərki bütün proseslər müəllif tərəfindən detallı şəkildə təsvir edildikcə, ananın əməyi ilə yanaşı, onun məhəbbəti və sevgi dolu hissləri də eyni incəliklə təqdim olunur. Bu təsvirlər elə bir səviyyədə verilir ki, oxucu həmin prosesin emosional dadını hiss etdikcə, ana mərhəmətinin təsir dairəsinə daxil olur.

Hekayənin strukturu qeyri-xətti zaman anlayışı üzərində qurulub. Keçmişdəki uşaqlıq xatirələri ilə indiki səfər təcrübəsi paralel şəkildə təqdim olunur. Səfər kontekstində "İpək köynək" olayı ilə bağlı təsəvvürdə ipəkqurduna göstərilən qayğının bu iki xəttin vəhdətində çoxşaxəli proseslər harmoniyasına çevrildiyi müşahidə edilir. Bu yanaşma oxucunu xronoloji ardıcıllığı pozmadan, daha dərin introspektiv düşüncə müstəvisinə yönəldir. Hekayənin qeyri-xətti məntiqi həm müəllifin təfəkkürünü, həm də oxucuda empatiya və əlaqə yaratmaq qabiliyyətini üzə çıxarır.

Hekayənin maraqlı cəhətlərindən biri də odur ki, ipək köynəyi almaq məqsədi ilə başlanan bu yol, hekayənin sonunda klassik məntiqin qapanmış nəticəsinə gətirib çıxarmır; əksinə, açıq məna fəzasına çevrilərək oxucunu sonsuz interpretasiya imkanları ilə üz-üzə qoyur. Bu məkan artıq konkret nəticənin deyil, düşüncənin və hissin sərbəst hərəkət etdiyi bir sahə kimi dərk olunur.

Hekayənin dili poetik ritm və sensor detal zənginliyi ilə seçilir. Bayatının mətndə yer alması, vizual və emosional təsvirlərin incəliyi oxucunu yalnız mətndə saxlamır, eyni zamanda onun hiss və düşüncə dünyasını aktivləşdirir. Hekayədəki hər bir detal - ulduzların parlaqlığı, baramaqurdlarının ipək toxuması, dənizin səsi - oxucuda həm estetik, həm də emosional rezonans yaradır.

"İpək köynək" hekayəsi oxucuya həyat, zəhmət, sevgi və məsuliyyətin dərin metaforik modelini təqdim edir. Bu modelin gücü müəllifin detalizmi, simvolizmi və xatirələrini müasir səfər təcrübəsi ilə üzvi şəkildə sintez etməsində təzahürünü tapır. Hekayə oxucunu yalnız izləməyə deyil, həm də düşünməyə, təhlil etməyə və hiss etməyə meyilləndirən bir sənət nümunəsidir.

Hekayə ilə tanışlıq mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Burada təsvir olunan hadisələr, yuxarıda da dediyim kimi, mənim uşaqlıq illərimdə yaşadıqlarımla dərin səviyyədə səsləşir. Ailədəki kiçik detallar xatirələrimlə, demək olar ki, üst-üstə düşür. Xüsusilə müəllifin anasının - anamızın - canlı təsvirində və onun işıqlı əməllərində öz valideynlərimin obrazı bütün aydınlığı ilə gözlərim önündə canlanır. Hər bir epizod yalnız xatirə deyil, həm də həyat dərsi kimi mənalandırılır. Hekayədəki münasibətlər, ailə daxilindəki rollar, sevgi və qarşılıqlı anlayış nümunələri oxucuya həm emosional, həm də düşüncəvi zənginlik qazandırır. Ən təsirli məqam isə hadisələrin təbii axınıdır - onlar məntiqli ardıcıllıqla inkişaf edir və heç bir süni müdaxilə təsiri bağışlamır.

Oxucu olaraq hər bir detal mənim üçün həm nostalji, həm də idrak mənbəyinə çevrilir. Ailə münasibətləri, uşaqlıq xatirələri və insan təbiəti bu hekayədə ustalıq və xüsusi incəliklə işlənmişdir.

Nəticə etibarilə, hekayə yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyə uzanan bir körpü funksiyasını daşıyır. Hər oxunuşda yeni təfəkkür qatları, yeni hisslər və yeni anlama səviyyələri açılır. Mahirənin qələmə aldığı hadisələr mənim üçün sadəcə oxunan mətn deyil - bu, yaddaşımın illərlə susmuş qatlarının sözə çevrilmiş etalonudur.

Mətnin subyektiv yaddaşla üst-üstə düşərək fərdi təcrübəni yenidən aktuallaşdırması məndə belə bir əminlik yaradır ki, müəllif öz hekayəsini yazır, mən isə öz həyatımı oxuyuram. Üstəlik, Dərələyəzin güllü-çiçəkli ormanlarından, eləcə də Naxçıvanıın bənzərsiz təbiətindən Qaraçöpə uzanan hava axınları, dədələrimin vaxtilə İrakli sarayından Naxçıvan xanına etibarlı mənbə olaraq məlumatlar ötürən dayaq nöqtəsi kimi Ordubadda qoyub Kaxetiyə gəldiyi yurd yerlərinin nəfəsini sanki yenidən ciyərlərimə qaytarır. Necə ki, davamlı olaraq ruhum durmadan dədələrimin yadigarı olan yurd yerlərimizə uçub gedir və dönür. Məncə, bu da qeyri-səlis bir bağlılıq mexanizmi kimi daim yaşayan və yenilənən bir həqiqətdir.

Bu anda, müəllifin - Mahirə xanımın duyğularının arealında barama qurdu - ipək böcəyi ömrü, insan fenomeni, ana fəlsəfəsi haçansa yazdığım bir yarpaq şeiri yaddaşımın səhifələrindən çəkib gətirir: 

"Mən bir ipək böcəyiyəm, ceviz qurduyam,

Dolaşıram bu dünyanın divarlarını..."

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!