Türk bəyləri, milləti, eşidin! Türk millətinin birləşib bir ittifaqda dövlət yaratmasını bu daşlara həkk etdim!..
Bu, bir türk tarixi-mədəni kodu, Turan şifrəsidir. 680-745-ci illər arasında yaradılmış Göytürk imperiyasının ən qüdrətli xaqanı Bilgə xaqanın türklərin öz orijinal əlifbaları (runi hərfləri) ilə yazılmış, tarixdə "Orxon-Yenisey abidələri" kimi tanınan daş kitabələrə həkk edilmiş vəsiyyətindəndir. Ulu xaqanın bu vəsiyyəti zaman-zaman türk millətinin qan yaddaşında dünyanın böyük bir məkanında - Avrasiyanın "iç torpağı"nda qurulmuş "imperiyalar səltənəti"nə çevrilib, zaman-zaman unudulub, sonra yenidən "səpələnmişlərin bütövləşməsi" kimi tarix səhnəsinə çıxıb. Nəhayət, bu birlik şifrəsi XXI əsrdə türk millətinin özünüdərki kimi 7 müstəqil türk dövlətinin yaratdığı Türk Dövlətləri Birliyi şəklində qlobal dünya siyasətinin güclərindən biri olmaq əzmi kimi açılmaqdadır.
Türk tarixi və mədəniyyətinin mərhələləri, inkişaf xüsusiyyətləri, məna qatları ən müxtəlif baxış açılarından tədqiq və təhlil edilmişdir. "Tarix türklər üçün təkcə onların mövcud olduqları zaman deyil, həm də onların mənəvi bütövlüyü, qan yaddaşıdır", - deyə fəlsəfə doktoru, ictimai-siyasi xadim Cavanşir Feyziyev "Türk Dövlətləri Birliyi. Qlobal inteqrasiyanın türk modeli" əsərində türk ruhunun maddi-mənəvi irsinin şifrələrinə müasir elmi dünyagörüşünün, tarix və siyasi fəlsəfənin nailiyyətləri səviyyəsindən və geosiyasətin aktual tələblərinə cavab olaraq daha fərqli və orijinal açar təqdim edir. O bu dəyərli əsərində özü də "türklərin Bilgə xaqan tək müdrikləri onları həmişə özlərinin Bütöv tarixində bulunmağa səsləyib" - deyə ifadə etdiyi "indidən baxarkən keçmişi gələcək, gələcəyi keçmiş kimi görməli" olan müdrik obrazında çıxış edir. Zamanın dərinliklərindən günümüzə qədər uzanan, şaxələnən, qırılan, kəsilən, yenidən bərpa olunan, enən-yüksələn, daralan-genişlənən, "qovuşan-kəsişən" keçmişin içindən güclü bir enerji, canlı bir ruh kimi keçən tarixin bütövlüyünü təmin edən mənəvi-mədəni dəyərlərin, ənənələrin real, mifik, ezoterik məna qatlarında, şifrələrində bu günün, gələcəyin şəklini müəyyənləşdirmək - bir tarix filosofu, siyasət bilicisi kimi C.Feyziyevin bu əsərdə həllinə nail olduğu əsas vəzifələrdən biridir. O bu şifrələrdə türkçülük ideologiyasının, milli iradənin, müasir türkçülük şüurunun formalaşması, həyata tətbiqi və inkişaf perspektivlərini üzə çıxarır.
Tarixi proses daim şəraitin, məzmunun, biliklərin təzahürlərində fasiləsiz olaraq dəyişir, yeniləşir. İdrak daim sabit, zəruri, təkrarlanan ümumi əlaqələri - elmi qanunları yaratmağa can atırsa, konkret hadisələrin yalnız bir dəfə baş verdiyi təkrarsız, unikal tarixin müxtəlif zamanları əhatə edən mərhələləri arasında kəsilməzliyi, davamlılığı təmin edən əlaqə bağlarını necə müəyyənləşdirə bilər? Axı müəllifin qeyd etdiyi kimi, "dünya tarixində türklər qədər çox və çeşidli dövlət qurmuş bir başqa millətin olmadığı bu gün artıq hər kəsin qəbul etdiyi yəqinləşmiş bir gerçəkdir". O bu möhtəşəm tarixin baş verdiyi zaman və məkanları əhatə edən, haqqında yazılan yüzlərlə, minlərlə kitaba sığmayan bilik və məlumatları hansı elmi-nəzəri ilkələr, metodlar çərçivəsində təhlil edib "türk sivilizasiyasının bütün səviyyələrdə özünüdərk prosesini" bəşər sivilizasiyasının vahid inkişaf prosesi ilə necə uzlaşdırır, müasir qlobal tarixin perspektivində türk dünyasının rolunu necə müəyyənləşdirir?
Bir elmi dünyagörüşü olaraq tarix fəlsəfəsinin inkişafı təfəkkürdə rasionallığın getdikcə artması ilə müşayiət olunur. Tarixi prosesin fəlsəfi refleksə tələbatı, xüsusilə də, böhranlı dövrlər, dönüş və sınma nöqtələrində mövcud ideal və prinsiplərin, dəyər və ənənələrin, təşəkkül tapmış nəzəri sxem və məqsədlərin əsaslı dəyişikliklərə uğradığı zamanlarda daha da artır. Həmin dövrün özünüdərki kimi tarix fəlsəfəsi elmin inkişafı və ictimai münasibətlərin xüsusiyyətlərindən asılı olaraq öz nəzəri prinsiplərini və dəyər mexanizmlərini işləyib hazırlayır. Bu zaman tarixin dərki prosesində bütün tarixi təcrübənin məcmusu, mədəni-mənəvi formaları öz ifadələrini tapır. Cavanşir Feyziyevin bu əsəri də məhz böyük tarixi kataklizmlərin yaşandığı, dünya nizamının yenidən qurulduğu bu dövrün tələbi ilə yazılan, tarixi təcrübənin ümumiləşdirilib rasional məcraya salındığı "tarixdən doğulan gələcəyin" konturlarını göstərən yol xəritəsinin elmi-fəlsəfi əsaslandırmasıdır. Bu əsaslandırma yalnız bir elmi idrak nəzəriyyəsi kimi deyil, həm də böyük bir millətin tarix və mədəniyyətindən əxz edilən həyati müdriklik, gerçəkliyin mənimsənilməsi və dəyişdirilməsi məqsədinin praktik-mənəvi üsulu kimi çıxış edir.
"Zamanın oxu bizi bu ideyanın reallaşmasına doğru aparır" - deyə əsər boyu tədqiqatçı-müəllif "əski türk boylarının etnik birliyinə ilk çağırışlarından başlamış, müasir dövrümüzdə özlərinin siyasi birliyini yaratmaq səylərinə qədər davam edən uzun və təlatümlü bir zamanı əhatə edən", "həmin təkamül prosesində getdikcə daha dolğun məzmun kəsb etmiş, daha zəngin təcrübə toplayaraq cilalanmış, yeni tarixi dövrün və ya dövrlərin reallıqlarını özündə əks etdirərək yad ideologiyalara qarşı müqavimət gücünü artırmış" türk dövlətçiliyinin genezisini və inkişaf tarixini, ümumtürk mədəniyyətinin fərqli bir sivilizasiya kimi təzahür və qatlarını, türk birliyi ideyasının təkamülünü tarixi prosesin dinamikasında araşdırır. Kitabın ilk yarısında türklərin möhtəşəm tarixini, mədəniyyətini əsərin ruhuna, məqsəd və məramına uyğun olaraq ən müxtəlif etibarlı qaynaqlara istinadən zəngin faktlar və məharətli ümumiləşdirmələrlə təqdim edən C.Feyziyev türk xalqlarının tarixinin nümunəsində əsrlərin təcrübəsindən süzülüb gələn belə bir qənaəti bir daha təsdiq edir: millətlərin yaşam haqları, "həqiqi mövcudluqları" onların tarixi prosesdə öz yerlərini, mövqelərini, gələcək perspektivlərini necə dərk edə bilmələrindən asılıdır.
Milli özünüdərk yalnız hər bir millətin keçmişindən doğan, onun varlığının, birliyinin təməli olan bir irsin qorunub saxlanması yox, həm də onun tarixən əldə etdiyi dəyərlərin, ənənələrin, təcrübənin nəsildən-nəslə ötürülməsini təmin edən bu gününü, gələcək perspektivlərini müəyyənləşdirən dinamik bir vasitədir. C.Feyziyev bu vasitəni nəzəri-intellektual bilik çərçivəsində tədqiqat, təhlil, təsvir alətinə deyil, həm də onu əməli olaraq millətin, dövlətin fəaliyyət proqramını müəyyənləşdirəcək canlı, işlək bir funksiya alətinə çevirir. Kitabın ikinci yarısında türk dünyasının, türk sivilizasiyasının, tarixi-siyasi inkişafının məntiqi nəticəsi olaraq "Ümumdünya inteqrasiyası: prioritetlərin yenidən dəyərləndirilməsi" fonunda "türk xalqlarının milli-siyasi iradəsinin həyata keçirilə bilmək potensialını özündə daşıyan "Türk Dövlətləri Birliyinin strategiyası"nın fəlsəfi-siyasi şərhi təqdim olunur. "Tarixdən doğulan gələcək" bu günə çevrilir. Türk millətinin arzusu, məqsədi, idealı kimi türk tarixi və mədəniyyətinin içində saxlanan, nəsildən-nəslə ötürülən Turan şifrəsi C.Feyziyev qələmində yeni kontekstdə, yeni fəlsəfi-siyasi anlamda açılır. Bununla da, C.Feyziyev bu kitabda "Türk Birliyi ideyasının təkamülü" başlıqlı bölməsində təməli neçə minillik tarixə söykənən Orxon-Yenisey daş kitabələrində Bilgə xaqanın "Ey türk milləti, titrə, özünə dön!" vəsiyyəti ilə qoyulan, məğzini kökünə, qüdrətinə dayaqlanmaq ideyası və türkçülük ruhu təşkil edən klassik türk abidələrinin müəllifləri Mahmud Kaşğari, Yusif Balasaqunlu, Seyid Əhməd Yəsəvi, Fəzlullah Rəşidəddin, Əlişir Nəvai, Əbülqazi Bahadır xan, eləcə də, klassik türkçülük hərəkatının yaradıcıları, türkçülüyün böyük ideoloqları Mirzə Fətəli Axundzadə, Yusuf Akçura, Şeyx Cəmaləddin Əfqani, Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Ziya Göyalp, Zəki Vəlidi Toğan, Ayaz İshaki və başqalarının dəyərli irsini nəinki ləyaqətlə davam etdirir, ona müasir dövrün tarixi şərtlərinə, siyasi-iqtisadi xüsusiyyətlərinə müvafiq olaraq yeni fəlsəfi-ideoloji məzmun bəxş edir. Düz 100 il bundan əvvəl - 1926-cı ildə bütün türk dünyasının türkoloqlarının Bakıda keçirdikləri möhtəşəm, lakin sonrakı onillikdə əksər nümayəndələri məqsədli antitürk siyasəti nəticəsində "pantürkist" damğası altında dəhşətli repressiyaya məruz qalan, türk xalqlarının birinci qurultayından günümüzə qədər həmin repressiyanın davamı olaraq türkçülük hərəkatında, türkçülük ideologiyasının inkişafında yaradılmış boşluğun doldurulmasında C.Feyziyevin bu kitabı böyük əhəmiyyət kəsb edir. Əsərin türk tarixi və mədəniyyətinin xronoloji faktlarla dolu zənginliyini əks etdirən universallığı, ensiklopedik ruha malik olması, müasir tarixi-siyasi proseslərin dinamikasını geniş şəkildə əks etdirən fəlsəfi-siyasi yanaşma tərzi, məzmunca geniş, formaca yığcam ümumiləşdirilmələrə meyilli üslubu ilə məhz o boşluğun yaratdığı ehtiyacdan doğur - Bilgə Xaqanın daş kitabələrinin nümunəsi kimi keçmişin dərin laylarını özündə yaşadan, gələcəyə yönəlik belə bir kitaba olan ehtiyacdan. Yalnız kəskin senzura altında türk dili və mədəniyyətini yad məfkurələrin istiqamətləndirdiyi şəkildə inkişafına icazə verən türkçülüyün bir siyasi ideologiya və hərəkat kimi mövcud olması yasaq edilən bu 100 ilə yaxın boşluq və qaranlığı zamanın xarakter və inkişafına görə müəllifin "türk dünyası birliyini yaratmaq ideallarına xidmət edən bütün tarixi klassik ideologiyalarımızın sələfi" adlandırdığı Orxon-Yenisey abidələrinin yazıldığı illərdən geriyə - hun-türk imperiyasına uzanan minillik boşluq və qaranlığa bərabər saya bilərik...
C.Feyziyev rasionallığı yalnız onun klassik tipi olan məntiqi standartların, elmiliyin müəyyən idealları ilə uyğunluqda əsaslandırmanın ağla müvafiqliyinin, məqsədyönlülüyün təşkilinin ifadəsi deyil, təfəkkürün ierarxik strukturunu sındıran, yanaşmaların plüralizmini, elmlərin inteqrasiyası situasiyasını əks etdirən yeni rasionallıqdır. Müəllifin məqsədi ümumtürk tarixinin gəlib çatdığı hazırkı müasir mərhələdə yaranan Türk Dövlətləri Birliyinin sarsılmaz, əsaslandırılmış elmi-nəzəri bünövrəsini yaratmaqdır. Buna görə də o, dinamik proses olan tarixə statik, ehkamçı, milli eqoizmin ifadəsi olan önyarğılı, qərəzli baxışlardan uzaq qaçır, klassik, postklassik və neo-postklassik düşüncə sistemlərinin, məktəblərinin, müasir tarix fəlsəfəsi, politologiya, geosiyasət, sosiologiya, sosial psixologiya, etnoqrafiya, linqvistika, proqnostika və sair elmlərin sintezindən, son elmi nailiyyətlərin perspektivindən yanaşır.
C.Feyziyev tarixi dərk edən insan ağlının özünün tarixiliyini - mifik, dini dünyagörüşlərin, adət-ənənə, irrasional-intuitiv baxışlardan getdikcə daha da rassionallaşdığını təsdiq edir, lakin bu zaman rasionallığı yerdə qalan idrak mərhələlərindən ayırmır, əksinə, onun tarixi məzmununu arındırıb saxlamaqla sərhədlərini genişləndirir. Əsərdə tarixə klassik-fəlsəfi baxışlardan tutmuş, Qadamerin "hermenevtik", Rikkertin "aksioloji" - dəyərləndirici, Toynbinin "məhəlli sivilizasiyalar", Yaspersin "ekzistensialist", Haydeggerin "ontoloji", Derridanın "dekonstruktiv", Fukonun "arxetipik", eləcə də, digər filosofların baxışlarından süzülüb çıxmış duru, aydın bir mətnlə rastlaşırıq. Belə elmi silahlanma, nəzəri səfərbər olunma C.Feyziyevin təkcə bir tədqiqatçı, nəzəriyyəçi alim olaraq elmi obyektivlik naminə deyil, həm də onun bir vətəndaş, ictimai-siyasi xadim kimi məsuliyyəti, türk kimliyi ilə geosiyasi səhnədə "Avrasiya" uğrunda kimlərlə, hansı böyük güclərin təmsilçiləri ilə nəzəri savaşda olduğunun dərkindən doğur. O, Avrasiyanın inkişaf perspektivlərini öz "bölücü konfliktyaradıcı, ekspansionist" niyyətlərinə bağlayan, elmi anlayışları və nəzəri konstruksiyaları, sadəcə, subyektiv qarşılıqlı razılaşma məhsulu hesab edən konvensiolizmə, tarixi biliklərin nisbi olduğunu, keçmiş haqqında obyektiv, vahid həqiqətin olmadığını iddia edən tarixi relyativizmə türkçülük, türk birliyi ideyası daşıyıcılarından irs aldığı və inkişaf etdirdiyi obyektivliyi, plüalirizmi, kommunikativliyi, intersubyektivliyi qarşı qoyur. Yaspers yazırdı: "Həqiqət yalnız tam və qarşılıqlı açıqlıqda doğulur... Həqiqəti axtarmaq daim kommunikasiyaya hazır olmaq və bu hazırlığı başqalarından gözləmək deməkdir". C.Feyziyevin bu kitabının dəyəri bir çox başqa məziyyətləri ilə bərabər, müəllifin türk millətinin gələcək taleyi ilə bağlı son dərəcə mühüm Türk Dövlətləri Birliyi, Qlobal inteqrasiyanın türk modeli, Avrasiyanın inkişaf perspektivləri ilə bağlı proqram xarakterli düşüncə və tezislərini opponentləri ilə elmi-nəzəri mübahisə, müzakirə və dialoq fonunda təqdim etməsindədir. O çox yaxşı dərk edir ki, tarixin mifologiyalaşdırılması, keçmişin qeyri-elmi, təhrif olunmuş versiyaları ciddi mənfi sosial, mədəni, siyasi, geosiyasi nəticələr doğurur. Bu, cəmiyyətlərin qütbləşməsinə, tarixi yaddaşın pozulmasına, siyasi manipulyasiyalara, yalançı identikliyin formalaşmasına, tənqidi düşüncənin, rasionallığın itirilməsinə və nəticə etibarilə, xalqların, millətlərin eqolarını oxşayan böyük, cazibədar, lakin qeyri-real ideyaların ağılsız qurbanlar verilməsinə səbəb olduğu qanlı fəlakətlərə gətirib çıxarır. Biz buna xalqların dostluğu və qardaşlığı adına yalan və zorakılıq üzərində qurulmuş sovetlər imperiyasının çöküşündə və on illər boyu "böyük Ermənistan" xülyası qurmuş, torpaqlarımızı işğal edən qonşularımızın 44 günlük Vətən müharibəsindəki məğlubiyyətlərində şahid olduq.
Tarixi yazmaq, tarixi prosesi tarix fəlsəfəsi perspektivindən təhlil etmək, ayrı-ayrı dövrləri, hadisələri, xüsusi olanı, qismi olanı səciyyələndirməklə ümumi olanı dərk etmək tarixin özünü yaratmaq qədər mühümdür. Yaspers deyirdi ki, "tarix eyni vaxtda həm baş verən, həm də onun özünüdərki kimi, həm tarix, həm də tarix bilgisi kimi önümüzə gəlir". Tarixin bu ikili təzahürü arasındakı nisbət onun gedişinin istiqamətlərini müəyyənləşdirir. Yazılan tarix gerçək tarixə uyğun gəlməyəndə gələcək konfliktlərin əsası qoyulur. Bütün üzvi orqanizmlər kimi, tarix də öz təbii alqoritmlərində inkişafa meyillidir, öz məcrasında axmaq, öz yerinə oturmaq istəyir. Sağlam milli özünüdərk, elmi yanaşma tarixin sonrakı mütərəqqi inkişafı üçün, həqiqi dəyərlər sistemini yaratmaq üçün obyektiv həqiqətlərə can atır. Lakin tarixi proseslərdə formalaşdırılmış narrativlər əsaslandırılmış elmi həqiqətləri deyil, çox qərəzli, sterilizə edilmiş ön ayarlarla tarixi faktları təhrif edərək cari siyasi qayda-qanunları dəstəkləyən ideoloji mifləri təqdim edir. C.Feyziyev tarixin bu miflərdən xilas olması yollarından birini türk dövlətlərinin təkamül prosesinin ümumi mənzərəsini nəzərdən keçirərək onların arasındakı tarixi-siyasi münasibətlərin dinamikasının sarsılmaz bir qan yaddaşı ilə davam etdirilməsi həqiqətinin yeni dövr türklərin düşüncəsinə yatırtmaqda, türklərin bütün potensialları ilə tarixi prosesə cəlb olunmasında görür. O yazır: "Türk dövlətlərinin genezisi dünyanın siyasi mənzərəsində mahiyyətcə yeni fenomendir; bu fenomen tarixən sübut etmişdir ki, o, Qərbin və Şərqin dövlətçilik ənənələrinə yeni çalar - türk ruhu gətirmiş, bununla da, bəşəriyyətin siyasi təfəkkürünün inkişafına öz töhfəsini vermişdir... Bu ruh siyasi gerçəkliyin fasiləsiz dinamikliyini təmin etməyə istiqamətlənmişdir. Buna görə də o, dünyanın siyasi mənzərəsinin hərəkətverici qüvvələrindən biri kimi çıxış etmiş və etməkdədir. Bu da bəşər tarixinin təcrübəsi ilə təsdiq olunan bir həqiqətdir". "Türklər tarix yazmamış, tarix yaratmışlar" deyimini şərh edərək müəllif qeyd edir ki, "Tarix türklər üçün təkcə onların mövcud olduğu zaman deyil, həm də onların mənəvi bütövlüyü, qan yaddaşıdır. Türklərin yazıya alınmayan tarixləri də yazıya alınan tarixləri qədər canlıdır... Onlar öz keçmişlərini, indilərini və gələcəklərini bir orqanik zaman tamlığında hiss edirlər". Əlbəttə, "türklər tarix yazmamış, tarix yaratmışlar" deyimi yuxarıda qeyd etdiyimiz kimi, türklərin yaratdıqları möhtəşəm tarixlə yazdıqları tarixin üst-üstə düşdüyünün, türk tarixi fəlsəfi-siyasi təfəkkürünün obyektiv həqiqətlərə sadiq qalmasının ifadəsidir. Türklər tarix yazıblar, tarix uydurmayıblar. "Tarix - anlamsız olana anlam verməkdir" - alman filosof və kulturoloqu Teodor Lessinq tarixin hər bir xalqın özünə bəraət vermək üçün yaratdığı miflərlə müşayiət edildiyini yazır. Doğrudanmı, tarix bir obyektiv həqiqət yox, heç bir məna kəsb etməyən hadisələr arasında bizim ağlımızın məntiqi əlaqələr quraraq yaratdığı bir konstruksiyadır? Absurd keçmişi nizamladığımız, xaotik hadisələri öz məntiqi anlayışlarımız, səbəb-nəticə əlaqələri ilə bir-birinə bağladığımız, quruluş verdiyimiz bir düşüncə məhsulu, yeni mif yaradıcılığıdırmı? İnsanlığın təfəkkür tarixi, həqiqətən də, bir çox tarixçilərin mənsub olduqları dövlətlərin tarixini milli eqoizm və başqalarına qarşı qərəzin ifadəsi olan mif yaradıcılığına döndərdiyinin şahididir. Xüsusilə, dünya tarixşünaslığında Nitsşenin qorxu, nifrət, kin və həsədin ifadəsi olan "ressentiment" - tarixi inciklik, gücsüzlərin güclü olanlara duyduğu dərin qısqanclıq və qəzəbin nəticəsi ilə oluşan, zəifliyin özünə bəraətvermə, özünü haqlı çıxarma mexanizmi türk tarixinə münasibətdə özünü çox bariz şəkildə göstərir. Tarix həqiqi faktların toplanıb, ümumiləşdirilib, aydınlaşdırılmasından özünüdərkə, əvvəlcədən düşünülmüş bir konstruksiyaya müvafiq olaraq faktların təhrif olunması, uydurulması isə milli eqoizmin proyeksiyası olan, insanlığın gerçək tarixindən qoparılan və kənardan sırınmış milli müstəsnalıq ideyalarından doğan nevrotik fantaziyalara çevrilir. Nə yazıq ki, uzun müddət türklərin varlıqları milli psixologiyalarında bu "ressentiment" anlayışı dərindən kök salmış belə "seçilmiş", "müstəsna", "ali" millətlərin əhatəsində olduğu kimi, yazılan tarixləri də onların əlində olub. Əlbəttə, subyektivliyi tarixdən tamamilə kənarlaşdırmaq mümkün deyil, çünki məsələ mövcud faktlarda yox, həmin faktlara yanaşma metodlarındadır. C.Feyziyev də bunu çox yaxşı dərk edir. Buna görə də o, tarixin, millətin bütövlüyünə və inkişafına təminat verən dəyər və ənənələri qoruyub saxlamaqla bərabər, tarixə və mədəniyyətə dəyişilməz ideyalar, əbədi dəyərlər, keçici olmayan ideallar sərgisi kimi baxmır, insanların, xalqların, nəsillərin azad ünsiyyət forması kimi, daim öz düşüncələrini aktuallaşdırmaq, yeni məna qatları yarada biləcək dialoq məkanı kimi baxır.
(Ardı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
